» » “Mən İlham Əliyevin çörəyini yeyirəm” – Millət vəkili

“Mən İlham Əliyevin çörəyini yeyirəm” – Millət vəkili

Bölmə: MANŞET
“Mən İlham Əliyevin çörəyini yeyirəm” – Millət vəkili qafqazinfo millət vəkili Qalib Salahzadənin “Yeni Müsavat”a verdiyi müsahibəni təqdim edir:

- Qalib bəy, parlamentdəki çıxışınızda bildirdiniz ki, artıq bələdiyyələrə seçiləcək şəxslər, hətta sədrlərin adları bəllidir. Hesab olunur ki, hakim partiyanın üzvünün belə bir bəyanat verməsi seçkilərin beynəlxalq səviyyədə tanınmasına da problem yarada bilər. Bu arqumentlərlə bağlı nə düşünürsünüz?

- Mən heç vaxt iqtidarın əleyhinə söz demərəm. Bunu bütün Bakı əhalisi bilir ki, mən iqtidarın bir nömrəli adamıyam. İqtidar əleyhinə heç bir söhbət ola bilməz, mən də o fikirdə olan adam deyiləm. Bunu qəzetinizdə belə də yazın, qoy başqa jurnalistlərə də aydın olsun ki, bu adam özünü ən azı iqtidarın bir nömrəli adamı hesab edir, vəssalam-şüttəmam.

- Ola bilərmi ki, sizin vaxtilə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı ilə konfliktiniz, Bilgəhə icra nümayəndəsinin təyinatı ətrafında yaranan qalmaqal öz sözünü deyib və parlamentdə açıq şəkildə bəyanat verməyinizə səbəb olub?

- Heç bir problem yoxdur. Nə rayon rəhbərliyi ilə problem var, nə də digərləri ilə. Bəzi məsələlər var, amma...Bir də deyirəm, mən özümü iqtidarın bir nömrəli adamı hesab edirəm. Mən heç vaxt nə iqtidarın əleyhinə gedənəm, nə də bir kəlmə söz deyənəm. Jurnalistlər belə yazıb, mən nə deyə bilərəm?

- Siz dediniz ki, bələdiyyəyə seçiləcək adamların adları bəllidir. Onlar kimlərdir, yaxud kimlərin adamlarıdır?

- O tamam başqa mövzudur, ancaq mənlik deyil. Mən onlara toxunan deyiləm. Onu dönə-dönə qeyd edirəm ki, heç vaxt mən bu iqtidarın əleyhinə ola bilmərəm. Mən YAP-ın üzvüyəm, Sabunçu rayonundan seçilmiş deputatıyam, YAP mənə etimad göstərib, nə edirəmsə də, yalnız dövlətə xidmət edirəm. Başqa məqsədim yoxdur, ola da bilməz.

- Amma hesab olunur ki, siz kadr mövzusuna toxunmaqla həm də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin fikirlərinə münasibət ifadə eləmisiz. Bu, belədirmi?

- Mən kiməm ki, Ramiz Mehdiyev kimi hörmətli akademikin fikirlərinə münasibət bildirim? Ramiz Mehdiyev ağsaqqal adamdır. Özü də iqtidarın sütunlarından biridir. Mən başımdan böyük danışıb o boyda kişinin adını çəkə bilmərəm. Mən kiməm ki? Yox ki, yox. Mən Ramiz Mehdiyevi ağsaqqal kimi tanıyan adamam. Bu, jurnalistlərin uydurmasıdır. İqtidar əleyhinə söz demək mənə nə yaraşmaz, nə də... Mən iqtidarın, Heydər Əliyevin çörəyini yeyən adamam. İndi də İlham Əliyevin çörəyini yeyirəm, mən nə haqla danışa bilərəm.

- Özünüz də çıxışınızın sonunda dediniz ki, düzdür, mən sərt danışdım, amma düz dedim...

- Bəli, mən dedim ki, cəsarətli danışdım, ancaq düz danışdım.

- Amma həmkarlarınız Arif Rəhimzadə və Siyavuş Novruzov sizə irad tutdular ki, bələdiyyələr haqda belə danışmaq olmaz.

- Mən həm Arif Rəhimzadənin, həm də Siyavuş Novruzovun fikirləri ilə razıyam. Elə ona görə o kəlməni işlətdim ki, mən cəsarətli danışdım, amma düzünü danışdım.

- Elə jurnalistlər də bunu yazıb, mətbuatın burda bir günahı yoxdur.

- (Gülür) Jurnalistlərin günahı yoxdur. Amma mən dönə-dönə deyirəm ki, ağsaqqalım Ramiz Mehdiyevin əleyhinə söz demərəm. Mən heç onun fikirlərini oxumamışam da. Onun əleyhinə heç nə deyən deyiləm, demərəm də.

- Ramiz Mehdiyev demişdi ki, ölkədə kadr çatışmazlığı var...

- Ramiz müəllim nə deyirsə, düz deyir.

- Təlatüm yaradan çıxışınıza Şeyxin münasibəti necə oldu, qınamadı ki, sizi?

- Şeyx mənim işlərimə heç vaxt qarışmır. Şeyxin öz sahəsi var, dini rəhbərdir. Mən kiməm ki, Şeyxlə belə məsələləri müzakirə edim? Görürəm ki, məni respublika əhəmiyyətli bir ulduz eləmisiniz e. (gülür) Şeyxin nəyinə lazımdır belə-belə şeylər.

- Hətta iddialar var ki, Şeyx və siz hakimiyyətdəki hansısa qrupa qarşı eyni mövqedən çıxış edirsiniz.

- Hakimiyyət daxilində nə ola bilər? Şeyxin hörmətli adamlarla yaxın münasibəti var. Vallah məni elə şeylərə qatırsınız ki. Belə məsələlər mənə aid deyil.

- Şeyxin ehsan süfrələrinə qarşı çıxması və deyilənə görə, sonda qalib gəlməsi ətrafında da müzakirələr aparılır.

- Şeyx iqtidarın ən yaxın adamıdır, dini rəhbərdir. Görün məni hara aparıb çıxarmısınız. Az qalır məni Fransa prezidenti ilə bir eləyəsiniz. (gülür) Bu məsələlər mənlik deyil.

- Amma siz də Bakıda kifayət qədər tanınan adamsınız, hətta deyilənlərə görə, bəzi çevrələrdə avtoritet sayılırsınız...

- Qardaş, mən kiməm? Ölkənin rəhbəri, prezidenti var. Belə şeylər mənim nəyimə lazımdır. Mənim yeganə məqsədim Azərbaycan dövlətinə, cənab prezidentə və YAP-a xidmət etməkdir. Adamlar var ki, bir gün iqtidar, o biri gün müxalifət olur. Yox, mən bu dünyaya bir sifətdə gəlmişəm, bir sifətlə də gedəcəyəm. Mənim bir partiyam var, YAP - Heydər Əliyevin partiyası.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler