» » “Yəqin ki, prezident bu məsələyə diqqət edəcək” - Nümayəndəlik institutunun ləğvi pisləndi

“Yəqin ki, prezident bu məsələyə diqqət edəcək” - Nümayəndəlik institutunun ləğvi pisləndi

Bölmə: MANŞET, GÜNDƏM
“Yəqin ki, prezident bu məsələyə diqqət edəcək” - Nümayəndəlik institutunun ləğvi pisləndi
“Nümayəndəlik institutunun ləğvi ədalətin bərpa edilməsi prosesinə heç də pozitiv təsir göstərməyəcək. Bu tələsik atılmış bir addımdır. Çünki adambaşına düşən vəkillərin sayına görə Azərbaycan Avropa ölkələri arasında ən aşağı yerdədir. Belə olan halda nümayəndəlik institutu insanların hüquqi yardımla təmin edilməsinə imkan verir”.

Xalqinfo.az-ın məlumatına görə, bunu Modern.az-a açıqlamasında “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev deyib.

O bildirib ki, Azərbaycanda il ərzində inzibati və mülki işlərin sayı 300 mini keçir.

“Hətta bəzi hallarda daha çox olur. Belə olan halda necə keyfiyyətli hüquqi yardım göstərmək olacaq? Azərbaycanda vəkillərin sayı buna imkan verəcəkmi? Nümayəndəlik institutunun ləğvi insanların hüquqi yardımla təmin olunmasına mane olacaq. Həmçinin, hüquqi yardımla bağlı monopoliyanın yaranmasına gətirib çıxaracaq. Bizdə Vəkillər Kollegiyası vətəndaşı bir vəkillə təmin edə bilər. Vəkillər Kollegiyasının özü də monopollaşdırılmış institutdur. Əgər nümayəndəlik institutunun ləğv edilməsində hüquqi yardımdan söhbət gedirdisə, heç olmasa hüquqşünaslar üçün imkanlar yaradılmalıydı. Məhkəmələrdə nümayəndəlik institutunun olması vacibdir. Çünki elə məsələlər var ki, kimya və digər sahələr üzrə mütəxəssis mənim nümayəndəm ola bilər. Nümayəndəlik institutunun ləğvi bir növ iradə azadlığına qarşıdır. Belə olmaz axı. Ümid edirəm ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna edilmiş dəyişikliklər yenidən müzakirəyə çıxarılacaq. Yəqin ki, cənab prezident də bu məsələlərə diqqət yetirəcək. Qanuna başqa bir formatda dəyişikliklər edilməsinin şahidi olacağıq”.

Hüquqşünas qeyd edib ki, nümayəndəlik institutunun ləğvi bir çox insanların iş yerlərini itirməsinə gətirib çıxaracaq.

“Məsələnin nə hüquqi, nə iqtisadi, nə də mövcud vəziyyətlə bağlı tərəfi öyrənilməyib. Bu qanunvericilik təşəbbüsü ilə çıxış edən subyekt araşdırma apardı ki, nümayəndəlik institutunun ləğvi hansı nəticələrə yol açacaq? Onların bununla bağlı araşdırmaları, sorğuları varmı? Yoxdur! Nümayəndəlik institutunun çox önəmlidir”.

Ə.Nuriyev bildirib ki, Azərbaycanda cəmi 934 vəkil var.

“Regionlardakı vəkillərin sayı isə 250-dən bir az artıq ola bilər. Hətta bəzi rayonlarda vəkil yoxdur. Nümayəndəlik institutunun ləğv edilməsilə insanların xərcləri bir az da artacaq. Həmçinin, Azərbaycanda pulsuz hüquqi yardımla bağlı qanun yoxdur. Əgər yenidən bu qanuna baxılmazsa, biz onun xoş olmayan nəticələrini görəcəyik”.

Qeyd edək ki, dəyişikliyin 2018-ci il yanvarın 1-dən qüvvəyə minəcəyi gözlənilir. Xatırladaq ki, dəyişiklik layihələri Ali Məhkəmənin sədri (Ramiz Rzayev) tərəfindən Milli Məclisə daxil olub. Mülki Prosessual və İnzibati Xətalar məcəllələrinə, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişikliklər parlamentdə təsdiqlənib.

Dəyişikliklərdə mülki və inzibati məhkəmə proseslərində nümayəndələrin iştirakına qadağa qoyulması, bu prosesdə yalnız Vəkillər Kollegiyanın üzvlərinin iştirakı təklif olunub. Sənədə əsasən, fiziki şəxslərə yalnız yaxın qohumlarının məhkəmələrində qanuni nümayəndə kimi iştirak etmələrinə icazə verilir. Dəyişiklikdə bir sıra məhkəmə çəkişmələrində nümayəndəlik institutunun daha peşəkar-vəkillik institutu ilə əvəzlənməsi nəzərdə tutulur, vəkillik institutunun daha da gücləndirilməsi təklif edilir. Həmçinin, kassasiya instansiyasında, yəni, Ali Məhkəmədə işlərə baxılan zaman nümayəndənin iştirakına yol verilməyəcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler