» » Ailələrin dağılmasına səbəb səbrsizlik, dözümsüzlükdür-Müsahibə

Ailələrin dağılmasına səbəb səbrsizlik, dözümsüzlükdür-Müsahibə

Bölmə: MANŞET
Ailələrin dağılmasına səbəb səbrsizlik, dözümsüzlükdür-Müsahibə
Əziz gənclər! heç vaxt balaca bir problemə görə ailənizi dağıtmayın!..
Xalqinfo.az xəbər portalı olaraq, milli və mənəvi ruhlu ziyalılarlarla görüşlərimizi davam etdiririk. Son dövrlər internet məkanında baş verən mənəvi problemlərdən, sonu olmayan sevgi macəralarından, kriminal hadisələrdən çıxış yolları haqqında danışacağıq. Gənclərimizə internetdən səmərəli istifadə etmə yollarına diqqət çəkəcəyik. Ailə mühitinin möhkəmliyindən, qarşılıqlı hörmətin vacibliyindən söhbət açacağıq. Milli qürur, milli düşüncə, milli dəyərlərimizin gənclərimizə faydalı tərəflərindən bəhs edəcəyik. Bütün bunlarla tanış olmaq istəsəniz, çöx hörmətli ziyalımız, etnoqraf alim, mənəviyyat carçısı, tarix üzrə fəlsəfə doktoru Xəzər rayonu Şağan qəsəbə icra nümayəndəsi Təvəkkül müəllimlə səmimi müsahibəni izləyin!
Təvəkkül müəllimlə milli və mənəvi dəyərlərimizin təbliği yönümlü müsahibəni sizlərə təqdim edirik.
Təvəkkül müəllim, bilirik ki, çox hörmətli bir ziyalı kimi sizin təqdimata ehtiyacınız yoxdur, sizi yeni tanımaq istəyən izləyicilərə qısa tərcümeyhalınızdan danışasınız!

Mən keçmiş Əzizbəyov indiki Xəzər rayonu Şağan kəndində dünyaya göz açmışam, təhsilimi də burada almışam.Uşaqlıq illərim bu kənddə keçib və 20 ildən çoxdur ki, kəndə rəhbərlik edirəm. Ona görə də bu qəsəbə mənə çox doğma və əzizdir. 1970-ci ilin ortalarında Universitetin tarix fakültəsinə daxil olmuşam. Oranı bitirdikdən sonra Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda Arxeologiya və Etnoqrafiya sektorunda elmi işçi kimi fəaliyyətə başlamışam və hal-hazırda da orada fəaliyyətimi davam etdirirəm. Bu günə qədər 40-a yaxın əsərin müəllifiyəm. İcra strukturuna gəlişim isə təsadüf nəticəsində olub. 1993-cü il idi, mənə xəbər gəldi ki, sizi Şağan kəndinə icra nümayəndəsi təyin ediblər. Sözün düzü, çox təəccübləndim.Adətən çox insanlar vəzifə üçün cənfəşanlıq edirlər. Amma məni dövlət özü bu vəzifəyə məsləhət bilmişdi. Fəaliyyətim dövründə etimadı doğrultmaq üçün qəsəbə sakinləri ilə münasibətləri elə qurdum ki, göstərilən etimadı doğrultdum. Çox şükürlər olsun ki, qəsəbə sakinləri ilə aramızda pərdəli münasibət , səmimiyyət və bir-birimizə hörmət var. Nümayəndəlik olaraq, çalışırıq ki, qarşıya çıxan problemləri imkanlarımız daxilində tez həll edək ki, qəsəbədə yaşayan sakinlərimiz də bizdən narazı qalmasınlar...
Təvvəkül müəllim, son dövrlər internet məkanında milli və mənəvi düşüncəni korlayan hallara çox yol verilir və bunun nəticəsində də virtual sevgi münasibətləri, boşanma halları, kriminal hadisələr və s.baş verir. Bir etnoqraf alim, ziyalı kimi son dərəcə acınacaqlı olan bu məsələyə münasibətiniz necədir?

Siz bu sualda tam haqlısınız . İnternet artıq sərhəd tanımır, indi hər bir ailədə kompüter və internetdən istifadə edilir. Məsələ orasındadır ki, inernet yaxşı məqsədlər üçün dahi mütəxəsislər tərəfindən ixtira edilib. Əfsuslar olsun ki, bəzi insanlar internet vasitələrindən pis niyyətlərini həyata keçirmək üçün istifadə edir. İnternetin səmərəli tərəfindən danışsaq müsbət tərəfləri kifayət qədər çoxdur. Təəssüflər olsun ki, bəzi gənclər ineternetdən mənəviyyatı aşağılayan mənfi halları daha tez qəbul edir. Elə bunun nəticəsində də xoşagəlməz sevgi münasibətləri və kriminal hallar baş verir. Bəzi gənclər internetin səmərəliliyini deyil, pis tərəfini seçərək özünü və başqa gəncləri də o istiqamətə yönləndirir. Çox istərdim ki, aparıcı internet portalları, televiziya, radio və bütün KİV-lər, ziyalılarımız müasir informasiya texnologiyalarından xüsusilə internet və sosial şəbəkələrdən istifadə zamanı gənclərin internet resurslarından düzgün və səmərəli istifadə edilməsi baxımından təbliğat aparılsın və gənclər yaxşılığa və inkişafa doğru istiqamətləndirilsin. Çox təəssüflər olsun ki, bəzi mətbuat orqanları mənəvi boşluğa səbəb olan qərbin yabanı dəyərlərini şişirdərək qızışdırıcı mövqedə dururlar. Ona görə də, gərək mətbuat orqanları qızışdırıcı yox, milli və mənəvi vətənpərvərlik ruhunun artırılmasında maarifləndirici mövqedə dayansın. Düşünürəm ki, ziyalılar cəmiyyətin yetkin təbəqəsi olduğu üçün belə məsələlərdə biganəlik etməməlidir. Ziyalıların sözü əksər gənclərdə Quran ayəsi kimi qəbul edilir. Ancaq ziyalı da ədalətli və haqlı mövqe tutmalıdır ki, gənclər də onların öyüd-nəsihətlərini qəbul etsin. Sizə təşəkkür edirəm ki, Xalqinfo.az xəbər Portalı olaraq ziyalı fikrinə, məsləhət və tövsiyyəsinə önəm verirsiniz. Sözün əsl mənasında vətənpərvərliyin, patriotizimin ən böyük nümunəsi də elə budur. Mən sizə fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram...
Bir etnoqraf kimi, milli və mənəvi şüurun formalaşmasında ailənin və cəmiyyətin rolunu necə qiymətləndirirsiniz?

Sualınızda ailənin milli və mənəvi şüurda rolu məsələsinə toxunmağınız tam yerinə düşür. Doğrudan da, milli və mənəvi şüur əvvəl ailədən başlamalıdır. Ailə əvəzsiz bir ocaqdır. Nəzərə alsaq hər bir övlad ən azından 18 yaşa qədər bir ailədə böyüyür. İlkin milli və mənəvi tərbiyəni də doğulduğu ailədən gör-götür edir. Hər bir insanın dünya görüşünün və milli- mənəvi şüurunun formalaşmasında 70-80% ailələrin rolu böyükdür. Azərbaycan xalqının milli adət və ənənələri, milli və mənəvi dəyərlərində yaxşı cəhətlər daha çoxdur. Bu gün bu adət və ənənələrimiz yaşadılmalı və gələcək nəslə ötürülməlidir. Misal olaraq deyim ki, böyüyə hörmət. İctimai nəqliyyat vasitələrində çox təssüflər olsun ki, bəzi gənclər tərəfindən yaşlı nəslə qarşı diqqətsizliklə rastlaşırıq. Yaşlı insanların qarşısında bəzi gənclər mənəviyatımıza yad olan, mərifətimizə uyğun olmayan xoşagəlməz hərəkətlər edirlər. Hətta bir deyim də vardır ki, “Su kiçiyin, yol böyüyündür”. Böyüklə kiçik arasındakı hörmət elə ən yüksək mənəviyyat nümunəsidir. Bütövlükdə mənəviyyatımızın inkişafına təkan verən milli və mənəvi dəyərlərimizin qorunub saxlanması olduqca vacibdir. Hər bir xalqın həyatında milli və mənəvi dəyərlərin yaşaması həmin xalqın milli mövcudluğunu təsdiq edir. Tam səmimi deyim ki, mənim ailə ocağımda mənə edilən hörmət olmasa pərakəndəlik hökm sürər. Bu mənada ailədə ilk növbədə həyat yoldaşım mənə hörmət edir, sonra övladlarım. Bilirsiniz, insan ailəsində olan çətinliklərə səbrlə , təmkinlə sinə gəlməlidir. Şor yesə belə halal yeməlidir ki, mənəviyyatına yağ kimi yayılsın. Bu mənada çox razıyam ailəmin özəlliyindən... Əgər bir ailənin özəlliyi varsa, o gec-tez qonşulara da təsir edir, məhz bunun fonunda da hər kəs özəlliyə doğru can atır. Beləliklə, xalqın özəlliyi formalaşır , nəticədə də dövlətimiz milli və mənəvi cəhətədən inkişaf edir. Xalqın özəlliyi onun adət və ənənələrindədir. Azərbaycanı Novruzsuz təsəvvür etmək mümkün deyil. Milli adətlər üzərində qurulmuş toy və yas mərasimləri o qədər dəyərlidir ki, mədəniyyətimiz bu adət və ənənələrin qorunub saxlanmasını vacib bilib yaşatmalıdır. Hər bir insan öz əməlinə görə Tanrı tərəfindən qiymətləndirilir. Mən bir bəndə olaraq yaxşı əməl sahibi olmaqla Tanrının sevimli bəndəsi olmağa çalışıram. Şərt o deyil ki, namaz qılasan. Namaz vacibdir,dinimizin bizə verdiyi ən böyük itaət formasıdır. Ancaq deyərdim ki, dinimizin ən vacib şərtlərindən biri də insanın düzgün əqidəli olmasıdır. İnsan birinci növbədə ailəsinə, xalqına ,dövlətinə vicdanlı və əqidəli yanaşmalıdır. İslam pis yolda olan insanları, düz yola çəkmək üçün nazil oldu. Ona görə də insana töhmət gətirən vərdişlərdən uzaq olmaq lazımdır. Gənclərimizə tövsiyyə edirəm, əziz gənclər! Ailənizi necə sevirsinizsə, dövlətimizi və vətənimizi də o cür sevin və göz-bəbəyiniz kimi qoruyun! Vətənimizi sevməliyik, torpağımızı azad etməliyik, qeyrətli olmalıyıq, ancaq təkcə sözdə yox, əməlimizdə də...
Təvəkkül müəllim, son vaxtlar toy mərasimlərində bəhsə-bəhslik hökm sürür, necə deyərlər “qonşu-qonşuya baxıb, özünü oda yaxar” kimi, sizcə bəhsə-bəhs bizə lazımdırmı, xoşbəxtlik bundadırmı?

Bilirsiniz, ailədə təlim-tərbiyə, əxlaqi münasibətlər necə qurulursa, xoşbəxtlik də onun üzərində formalaşır. Burada fərq etməz ya dəbdəbəli şadlıq, ya da ucuz və baha başa gələn palatka toyu. Bunlar xoşbəxtlik məsələsində əsas deyil. Sadəcə qohumlar, belə deyək qudalar arasında imkanlar elə müəyyənləşməlidir ki, sonradan bankdan kredit götürüb şadlığa ödəməsinlər. Necə deyərlər, yorğanına bax ayağını uzat. Ən böyük nümunə ata və anadır.Ailənin möhkəmliyi və davamlılığı övladların xoşbəxt olmalarında böyük təsirə malikdir. Övladlar valideynlərin gələcəkdəki eynisidir, təkrarıdır. Tərbiyə əvvəldən elə qurulmalıdır ki, xoşbəxtlik düsturu da onun üzərində qurulsun. Məsələn, bizdə evdə oğlumun 27 yaşı var, hələ indiyədək yanımda köynək dəyişməyib. Mən evə girdikdə hər biri ayağa qalxıb yer verir. Hər bir insan ilk növbədə ailəsində və doğma ocağında rahatlıq tapmalıdır. Ailədə kişinin həyat yoldaşı elə bir xoş əhval yaratmalıdır ki, ailədə mehribançılıq olsun, nizam- intizam yaransın və böyük –kiçik yeri bilinsin. Xoşbəxtliyin açarı ailə mədəniyyətindədir.
Boşanma hallarının sayı getdikcə artır. Xoşagəlməz hal da olsa, gənclər dözümsüzlükdən və ən xırda səbəblərdən ailələrini dağıdırlar. Birdə görürsən qısqanclıq və yaxud açıq-saçıq geyimə görə ailələr dağılır. Bir ziyalı kimi problemdən çıxış yolunu nədə görürsünüz?
Çox qəribədir ki, yabanı müasirliklə bağlı hər yerdə danışılır, həyəcan təbili çalınır. Təəssüflər olsun ki, azalmaq əvəzinə daha da artır. Müqəddəs Qurani Şərifdə deyilir - Biz paltarı, geyimi abır-həya üçün verdik. İnsanın bədənində elə əzalar var ki, o örtülməlidir. İnsan örtülməli olan yerlərini örtməlidir. Bəzən mətbuat vasitəsi ilə açıq-saçıqlığa meylli olan gənc xanımlara tövsiyyə edirəm ki, bədənin açıqlığı tibbi nöqteyi nəzərdən gələcək ana olmağınızda çox ciddi problemlərə yol açacaq. Hətta analıq taxtından məhrum olarsınız. Özümüz deyirik, özümüz də eşidirik. Soyunmaq heç də gözəllik deyil, abır - həyanı itirmək deməkdir.Biz Dədə-babalarımızdan görmüşük ki, toy günündə gəlin başını aşağa əyər, bəy də böyükdən utanar. Ancaq indi toyda ən çox oynayan da elə bəylə gəlindir. Bu müasir dövrdür deyənlər gəlin-bəyi xoşagəlməzliyə yuvarladırlar. Bu bir bəladır ki, son dövrlərdə boşanma halları ən xırda səbəblərdən baş verir. Mənə el şənliklərində söz veriləndə deyirəm ki, mənim balalarım sizə bu keçməkeşli həyat yolunda səbr, dözüm arzulayıram. Yeni qurulan ailə mütləq səbrli olmalıdır ki, qurduğu ailə əbədi olsun. Qadın evin möhkəmliyində böyük qüvvədir. Qadın deyingən olanda ailədə mütləq heç nədən söz-söhbət düşür. Elə belə deyilməyib ki, “qadın yıxan ev min ilə də tikilməz”. Ona görə də qadın zərif cins olmaqla yanaşı, həm də ailənin idarəçisidir. Bunu tam səmimiyyətlə deyirəm ki, ailələrin dağılmasının əsas səbəbi səbrsizlik, dözümsüzlükdür.Misal üçün kişi evə gələn kimi qadın- niyə filan şeyi almamısan deyərək, hal-əhval soruşmadan ən xırda problemi, qlobal problemə çevirir ki, bunun da sonunda ailə münasibətləri pozulur. Ailədə tərəflərdən biri od, o biri su olsa heç vaxt ailə dağılmaz. Bir az da qadınların tərəfini tutaq ki, bəzi kişilərdə də xoşagəlməz adət var. Niyə köynəyimi ütüləməmisən, yeməyi niyə vaxtında hazırlamamısan deyərək məsələnin kökünə varmadan qışqıraraq xanımını hədələyən, əl zərbəsi endirən kişilər də vardır ki, ailə münasibətlərinin pozulmasına səbəb olurlar.Bəzən münasibətlər məhkəmə çərçivəsinə çatır ki, nəticədə filankəs boşandı ilə yekunlaşır.Qızını ərə verən, oğlunu evləndirən istər qadın, istərsə də kişi evdən çıxartdığı övladına ilk növbədə səbrli-təmkinli olmağı və ailə quracağı şəxslə mehriban olmağı,bir-birlərini başa düşməyi tövsiyyə etməlidir. Nənələrimiz qız evdən çıxanda qızın cibinə daş qoyardı. Bunun simvolik mənası belə idi. Daşdan səs sıxsa da, səndən səs çıxmasın. Bu cür ailə möhkəmliyini saxlayan adət və ənənələrimiz yenilənməli, gənclərimizin xoşbəxt ailə həyatında istifadə edilməlidir. Gənclərə bir etnoqraf ziyalı kimi üzümü tutub deyirəm. Əziz gənclər, ailə qurarkən, ailənizə və xasiyyətinizə uyğun birisi ilə ailə həyatı qurun. Əgər ailə qurmusunuzsa səbrli və dözümlü olun.Heç vaxt balaca bir problemə görə ailənizi dağıtmayın. Yaşımızdan dolayı yaxşı bildiklərimizi sizlərdən əsirgəmirik. Bu bizim vətəndaşlıq borcumuzdur. Xoşbəxt ailələrimizin artması ümidi ilə sizə, Xalqinfo kollektivinə təşəkkürlər...
P.S. Biz də dəyərli vaxtınızı bizə ayırıb milli mənəvi, vətənpərvərlik ruhlu maarifləndirici müsahibəyə görə minnətdarıq.
Zamin zeynal
Ailələrin dağılmasına səbəb səbrsizlik, dözümsüzlükdür-Müsahibə
Ailələrin dağılmasına səbəb səbrsizlik, dözümsüzlükdür-Müsahibə
Ailələrin dağılmasına səbəb səbrsizlik, dözümsüzlükdür-Müsahibə
Ailələrin dağılmasına səbəb səbrsizlik, dözümsüzlükdür-Müsahibə
Ailələrin dağılmasına səbəb səbrsizlik, dözümsüzlükdür-Müsahibə

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler