DataLife Engine > Kriminal > Bakının məşhur saatsazına 10 min dollar “atıb”lar

Bakının məşhur saatsazına 10 min dollar “atıb”lar


27-05-2019, 16:03. Yerləşdirdi: Tural Bakının məşhur saatsazına 10 min dollar “atıb”lar




Hacı Fətəliyev baş prokurorla daxili işlər nazirindən kömək istədi
Məşhurların dostu, tanınmış saatsaz Hacı Fətəliyev dələduzluqla üz-üzə qalıb. O deyir ki, uzaq qohumu ondan 10 min dollar pulu manata çevirmək adı ilə alıb və kələk gəlib.

Məşhur saatsızın sözlərinə görə, pulu ondan alan Elxan Məmmədov adlı şəxsdir: “Elxan uzaq qohumumdur, illərdir ki, Sumqayıtda dollar alveri ilə məşğuldur. Mən də lazım olanda pulu ona xırdalatdırır, ondan dollar alırdım. 2018-ci il aprelin 17-də ona 10 min dollar pul verdim. Mehman adlı tanışım da yanımızda idi. Sumqayıt şəhərində ev almışam. Orada ustalar işləyir. 10 min dollar pulu aparıb Elxan Məmmədova verdim ki, manata çevirsin, ustaların pulunu verə bilim. Bu adam qanuni dollar dəyişən deyil. Onu 15 ildir tanıyıram. Ona inamım vardı. Vaxt olub ki, maşınımı 16 minə satmışam, aparıb pulu Elxana vermişəm, dollara çevirib. Pulu vermişəm, 1 həftə sonra deyib, gəl apar. Aramızda inam vardı. 10 min dolları da Elxana verəndə heç bilməzdim ki, başıma belə oyun açar”.

Tanınmış saatsaz deyir ki, Elxan Məmmədov 10 min dolları ondan alanda deyib ki, manat yoxdur, pul qalsın, 3 gün sonra gəlib pulunu apara bilər: “Pulu alanda dedi ki, sənin əlin yüngüldür, sən pul verəndə çörək qazanırıq. Başımın altına yastıq qoydu. Hər dəfə pulu istəyəndə dedi ki, manat yoxdur, 2-3 günə verəcəyəm. Beləcə, 1 ay keçdi, Elxan dedi ki, yanımda Anar adlı şərikim var, o pulu götürüb qaçıb. Elxana dedim ki, mən pulu Anara yox, sənə vermişəm. Mən ona pulu verəndə Mehman da yanımızda olub. Pulu ona dəmiryol vağzalında vermişəm. Ona dedim ki, bu nə oyundur başıma açırsan. Cavab verdi ki, Anar qaçıb Gürcüstana, 1-2 həftəyə qayıdıb gələr. 2 həftədən çox keçmişdi, xəbər aldım ki, Anar qayıdıb, pul atdığı adamlarla görüşür. Mənə də dedilər ki, gəl. Getdim ki, Anar adamlarla danışır, növbə mənə çatanda Anara dedim ki, mənim pulum necə olacaq. Dedi ki, bizə 1 ay vaxt ver, mən Elxanla məsləhətləşim. Sən pulu Elxana vermisən, mənə verməmisən, 1 ay gözlə, pulunu Elxan verəcək. 1 ay da keçdi, pulu vermədilər”.

Saatsaz Hacı Fətəliyev deyir ki, məsələdən oğlunun dostu Fuad xəbər tutandan sonra deyib ki, polisə şikayət etmək lazımdır: “Fuadın 3-cü bölmədə Fərid adlı tanışı vardı, demişdi ki, gedib ona yaxınlaşsın, pulu alıb qaytaracaq. Fəridlə telefonda danışdım, kənarda görüşdük. Dedi, bir ərizə yazmaq lazımdır ki, pulu Elxana borc vermisən, bizə də çağırıb sorğu-sual etmək üçün əsas yaransın. Fəridə dedim ki, mən borc verməmişəm, dolları manata çevirmək üçün vermişəm axı, dedi ki, pulunu istəyirsənsə, belə yaz. 10 günə pulunu alıb verəcəyik”.

Saatsazın sözlərinə görə, 4 ay sonra Fərid ona deyib ki, mülki iş olduğu üçün məsələ məhkəmə müstəvisində həll edilməlidir: “Məni Sumqayıt prokurorluğunda Feyzulla adlı şəxsin yanına da aparırdı. Onun yanında da deyirdi ki, bu iş 5 dəqiqəyə həll olunan iş deyil. Ona görə də Fəridlə üzülüşdüm. Başqa bir tanışın vasitəsi ilə prokurorluqda Samir adlı işçi ilə görüşdük. O da Feyzulla ilə görüşdü, gəlib dedi ki, sənin işini mülki iş kimi sənədləşdiriblər. Fəridə verdiklərimi də geri aldım”.

Saatsaz Hacı deyir ki, 1-ci polis bölməsinə müracət edib: “Orada rəisə əlimdə olan sübutları təqdim etdim. Mən Anar Gürcüstandan qayıdıb gələndən sonra onunla görüşəndə səsini gizli yazmışdım, videosunu çəkmişdim. Həmin videoda Anar deyir ki, sən mənə pul verməmisən, pulu Elxana vermisən. Mənə 1 gün sonra zəng edib dedilər ki, ərizə yaz, sənə qarşı dələduzluq edilib, məni də, şahidi də dindirdilər. Amma 2 gün sonra zəng edib dedilər ki, bu iş mülki məsələdir, biz baxa bilmərik”.

Saatsaz Hacı növbəti dəfə Sumqayıt prokuroru ilə görüşüb: “Məni hörmətlə qəbul etdi, Sərdar İmanov məni dinlədi, dedi ki, gərək indiyə kimi mənim yanıma gələydin. Məndən ərizə alıb sənədləşdirdilər. 1 ay 15 gün heç bir cavab gəlmədi. 1 həftə əvvəl Sumqayıt prokurorluğuna gedib prokurorun köməkçisi Pərviz müəllimlə görüşdüm. Müstəntiqlə danışdı, dedi ki, işə Elxanla bağlı hissədə xitam verilib. Anar da mənim üzümə dayanır ki, guya pulu məndən faizlə alıb. Ayda mənə guya 500 manat faiz verib. Allahsız danışdı, mənə şər atdı. İşi Elxansız göndəriblər məhkəməyə. Mənim şikayətimi əsassız olaraq Anarın üstünə yönləndirirlər. Anar məndən başqa 5-6 nəfərə pul “atıb”. Ona görə də işi onun üstünə yönləndirirlər. Anar üçün onsuz də fərq eləmir, 5 nəfərə qarşı dələduzluğa görə həbsə alınır, ya 6 nəfərə görə. Anar işi üzərinə çəkməklə Elxanı məsuliyyətdən kənar saxlamaq istəyir. Ona görə də baş prokuror Zakir Qaralova, daxili işlər naziri Ramil Usubova müraciət edirəm, xahiş edirəm bu işi obyektiv araşdırsınlar. Mənə qarşı dələduzluq edənlər məsuliyyətə cəlb olunsun, mənim pullarımı geri qaytarsınlar”.

P.S. Yazıda adı hallanan hər kəsi dinləməyə hazırıq.
Geri qayıt