DataLife Engine > Kriminal > Hacı İbrahim Nehrəmlinin qardaşı özünü təqsirli hesab etmədi

Hacı İbrahim Nehrəmlinin qardaşı özünü təqsirli hesab etmədi


5-12-2018, 16:01. Yerləşdirdi: Tural  Hacı İbrahim Nehrəmlinin qardaşı özünü təqsirli hesab etmədi


Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq, vergidən yayınma, qanunsuz sahibkarlıq, vəzifə saxtakarlığı və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olun Hacı İbrahim Nehrəmlinin qardaşı - iş adamı Sahib İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Virtualaz.org-un xəbərinə görə, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.


Təqsirləndirilən S.İbrahimov ona elan olunan ittihamlarla özünü təqsirli bilməyib.

Prosesdə zərərçəkmiş qismində dindirilən Mərdan Vəliyev ifadəsində 2013-cü ildə "STS" şirkətindən mənzil almaq üçün 105 min 270 manat məbləğində müqavilə bağladığını, mənzilin sonradan başqasına satıldığını bildirib: “Evə köçmək istəyəndə məlum oldu ki, mənzil başqasına satılıb. Başqa mərtəbədən ev təklif etdilər, razılaşmadım, şikayət etdim, mənzili qaytardılar. Təqsirləndirilən şəxsə qarşı şikayət və tələbim yoxdur”.

Zərərçəkmiş şəxs həmçinin ifadəsində S.İbrahimovu tanımadığını, müqaviləni mərhum Məzahir Cəfərovla bağladığını məhkəməyə bildirib.



Zərərçəkmiş Etibar Allahverdiyevin nümayəndəsi Xaqani İmanov onun Rusiyada olduğunu, işləri ilə əlaqədar məhkəməyə gələ bilmədiyini, E.Allahverdiyevin “STS” şirkətindən mənzil almaq üçün S.İbrahimova müraciət etdiyini bildirib: "Sahib İbrahimov Xətai rayonunda inşa edilən binadan iki mənzilin boş olduğunu deyib. İki mənzil üçün 162 min 400 dollar pul istənilib. Məbləğ şirkətin kaasasına ödənilib. Ancaq hələ də mənzil verilməyib. S.İbrahimov mənzili qaytaracağına söz versə də, bu günə qədər əməl etməyib".

Zərərçəkmiş nümayəndəsi dəymiş zərərin ödənilməsini tələb edib və ötən prosesdə mülki iddianı məhkəməyə təqdim etdiyini xatırladıb.

Təqsirləndirilən S.İbrahimov isə zərərçəkmiş Etibar Allahverdiyevi heç vaxt görmədiyini, onu tanımadığını deyib. S.İbrahimovun vəkili zərərçəkmiş şəxsin məhkəməyə çağırılıb dindirilməsini istəyib.

Proses dekabrın 12-dək təxirə salınıb.

Qeyd edək ki, S.İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov və iş adamı Hacı İbrahim Nehrəmlinin qardaşıdır.

O, 52 nəfərə 2 milyon manat "atmaq"da ittiham olunur, istintaq zamanı həmin şəxslərin pulunu qaytarıb.

S.İbrahimov istintaqın ilk mərhələsində həbs olunsa da, daha sonra ev dustaqlığına buraxılıb.
Geri qayıt