DataLife Engine > Kriminal, BLOK XƏBƏR, MANŞET > Azərbaycan Beynəlxalq Bankının sabiq filial müdiri məhkəmədə dindirilib:qanunsuz kreditlər necə verilib?

Azərbaycan Beynəlxalq Bankının sabiq filial müdiri məhkəmədə dindirilib:qanunsuz kreditlər necə verilib?


17-11-2017, 18:06. Yerləşdirdi: sefa Azərbaycan Beynəlxalq Bankının sabiq filial müdiri məhkəmədə dindirilib:qanunsuz kreditlər necə verilib?
Azərbaycan Beynəlxalq Bankının (ASC) vəzifəli şəxslərinin məhkəməsi davam etdirilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən bank əməkdaşlarının məhkəməsi davam etdirilib.

Onlardan biri "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Şamaxı filialının müdir müavini olmuş Əlisultan Məmmədovdur. Bankın daha 3 əməkdaşı Ramin Səməndərov, Kifayət Səmədova, Hacalı Cavadov da təqsirləndirilən şəxslərdir.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesdə şahid qismində Sahibpaşa Əliabbasov ifadə verib. O, həmin ərəfədə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin "Şamaxı" filialının müdiri vəzifəsində çalışdığını deyib.O, qeyd edib ki, rəhbərlik etdiyi ərəfədə filialda kreditlər qanuni şəkildə verilib. S.Əliabbasov problemli kreditlərlə bağlı istintaqda da bir neçə dəfə ifadə verdiyini söyləyib.

O, deyib ki, rəhbərlik etdiyi ərəfədə ayrı-ayrı şəxslərin adına kreditlər ayrılması və həmin pulların mənimsənilməsi hadisəsindən xəbəri olmayıb: "Heç bir şikayət və narazılıq yox idi. 2008-ci ildən 2014-cü ilə qədər filiala rəhbərlik etmişəm. Həmin kreditlər normal qaydalarda ayrılıb. Əgər mən onların problemli kredit olduğunu bilsəydim, iş bu vəziyyətə gəlib çıxmazdı".

S.Əliabbasov rəhbər olduğu halda ondan xəbərsiz qanunsuz olaraq kreditlərin necə ayrılması ilə bağlı da suala cavab verib. Söyləyib ki, həmin probemli kreditlər qayda-qanunla verildiyindən baş verənlərdən xəbərsiz olub: "Kreditlər ayrılanda sənədlərin hamısı qaydasında olub. Bir müddət də vaxtında ödənişlər edilib. Kreditlərlə bağlı mənə hər hansı müraciət edilməyib. Narazılıq, şikayət olmadığından heç nədən xəbərim olmayıb".

Şahid hazırda tutduğu vəzifədən öz ərizəsi ilə azad edildiyini söyləyib.

Məhkəmədə adına 3 min manata qədər kreditlər ayrılmış şəxslər də ifadə verib. Şahid qismində tanınan və məhkəmənin çağırışlarına məhəl qoymayan şəxslər barəsində məcburi gətirilmə qərarı çıxarılıb.

Vətəndaşlara dəymiş zərərin ödənilib-ödənilməməsi ilə bağlı suala cavab verən Əlisultan Məmmədov deyib ki, hazırda maddi imkanı olmadığından zərərin qalan hissəsini ödəyə bilmir: "Bankdan alacağım var. Maaşımın qalan hissəsi verilmir. Alacaqlarım da var. Amma ala bilmədiyim üçün zərərin qalan hissəsini hələlik ödəyə bilmirəm".

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilirlər. Onlar barəsində həbs-qətimkan tədbiri seçilməyib.
Geri qayıt