DataLife Engine > Kriminal > İlqar Məmmədovla bağlı

İlqar Məmmədovla bağlı


26-09-2016, 20:48. Yerləşdirdi: sefa İlqar Məmmədovla bağlı
Avropa Şurası Nazirlər Komitəsi İlqar Məmmədov barədə Avropa İnsan Hüquqları Məhkəməsinin hökmünün Azərbaycan hakimiyyəti tərəfindən icra olunmamasından "dərindən narahatdır".

"Xalqİnfo" bildirir ki, bu barədə Komitənin daxili nazirlər müavinlərinin birgə bəyanatında deyilir.

Komitə bildirir ki, Azərbaycan hakimiyyəti hökmdə qeyd edilmiş qanun pozuntularının qarşısını almağa yönələn addımlar barədə heç bir məlumat verməyib.

Bəyanatda İlqar Məmmədovun həbsdə qalması ilə bağlı deyilir ki, Azərbaycan Konvensiyanın 46 maddəsinə əsasən məhkəmə qərarlarını icra etməyi üzərinə öhdəlik götürüb.

Azərbaycan hakimiyyətinin bu məsələyə dair susması Komitəni "dərindən narahat edir", bəyanatda deyilir .

Komitə İlqar Məmmədovun Ali Məhkəməyə təqdim edilmiş apellyasiya şikayətinin dərhal araşdırılmasına və bu prosesin müddəti barədə məlumat verməyə çağırıb.

Xaric İşlər Nazirliyi BBC Azərbaycancaya bəyənata hələlik rəsmi reaksiyası olmadığını bildirib.

REAL Hərəkatın lideri İlqar Məmmədov 2013-cü ildə İsmayıllıda baş verən etirazlardan sonra kütləvi iğtişaşlara çağırış və hakimiyyət nümayəndələrinə müqavimət göstərmək ittihamı ilə həbs olunub.

2014-cü ildə Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlqar Məmmədov 7 il müddətinə azadlıqdan məhrum edilib.

İlqar Məmmədov bütün ittihamları rədd edir və həbsinin siyasi sifariş olduğunu deyir.

2014-cü ildə Avropa Məhkəməsi İlqar Məmmədovun şikayətini təmin edərək ona 22 min avro məbləğində təzminatın ödənilməsi üzrə qərar çıxarmışdı. Məhkəmə həmçinin İlqar Məmmədovun dərhal azad olunmasını təmin edən addımlara çağırmışdı.

2013-cü ildə Avropa parlamenti Azərbaycan hakimiyyətini ReAL hərəkatının liderini azad etməyə səsləmişdi.

Azərbaycan Xarici İşlər Nazirliyi qətnamə ilə bağlı bəyanat verərək onu "qəbuledilməz" adlandırıb.
Geri qayıt