» » Erməni diversantın məhkəməsi başlandı

Erməni diversantın məhkəməsi başlandı

Bölmə: Kriminal
Erməni diversantın məhkəməsi başlandı





Nikol Paşinyan kəlbəcərli girovlarla erməni diversantların dəyişdirilməsi haqda danışdı
Ermənistanın Tavuş vilayətində yerləşən Berdavan şəhərinin sakinləri noyabrın 18-də yolu bağlayaraq, hakimiyyətdən 4 aydan bəri Azərbaycanda saxlanılan 34 yaşlı Karen Kazaryanın geri qaytarılmasını tələb ediblər. Etirazçılarla Tavuş vilayətinin qubernatoru Vahe Kalumyan danışıqlar aparıb. O, insanları sakitləşdirərək izah etməyə çalışıb ki, hakimiyyət Kazaryanın geri qaytarılması üçün səylərini əsirgəmir. K. Kazaryanın anası deyib ki, onların etiraz aksiyası keçirməkdən başqa çarəsi yoxdur.

Noyabrın 19-da isə Berdavan sakinləri Gürcüstana gedən yolu bir neçə saat bağlı saxlayıblar. Habelə İrəvanda baş nazirin iqamətgahı qarşısında aksiya keçiriblər.

Xatırladaq ki, diversant Karen Kazaryan bu il iyulun 15-də Azərbaycan tərəfinə keçərkən saxlanılıb. Noyabrın 20-də isə Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə erməni diversant Karen Kazaryan işi üzərində baxış iclası keçirilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Kəramət Əliyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkən Nazim Hadiyev dindirilib. N.Hadiyev K.Kazaryanın hazırda sahibi olduğu bazarda partlayış etmək istədiyi barədə o, tutulduqdan sonra eşitdiyini deyib: “Bu bazar sovet dövründə Qazax rayonunda mərkəzi bazar kimi fəaliyyət göstərib. Hazırda orada 44 obyekt var və hər gün səhər saat 05.00-dan 18.00-a qədər fəaliyyət göstərir. Mərkəzi küçədə olan bazarda 250 nəfərə yaxın şəxs satışla məşğuldur. Oraya gündəlik 1000 nəfərdən çox alıcı gəlir. Əgər orada terror aktı törədilsəydi, xeyli sayda insan həlak olar, külli miqdarda maddi ziyan da dəyərdi. Ona görə xahiş edirəm ki, bu terrorçuya layiq olduğu cəzanı verərdiniz”.

N.Hadiyev dindirmə zamanı onu da bildirib ki, həmin bazar sovetlər dövründə ermənilərin daha çox gəldiyi məkanlardan olub: “Onlar oranı yaxşı tanıdıqlarından partlayış törətmək üçün əlverişli məkan sayıblar”.

erməni diversantın məhkəməsi ile ilgili görsel sonucu

Sonra hakimin qərarı ilə məhkəmə prosesi 27 noyabr tarixinə təyin edilib.

Məhkəmə prosesində kəlbəcərli girovlar Dilqəm Əsgərovun və Şahbaz Quliyevin azad olunması üçün beynəlxalq təşkilatlarda hüquq müdafiəçisi olaraq iş aparan Demokratiya və İnsan Hüquqları Mərkəzinin sədri Əhməd Şahidov da iştirak edib.

Ə.Şahidovun “Yeni Müsavat”a verdiyi məlumata görə, ilk məhkəmə baxışı iclası çox yükəsk səviyyədə, Avropa standartları səviyyəsində, açıq şəkildə həyata keçirilib: “Azərbaycan hökuməti Karen Kazaryanı pulsuz vəkillə təmin edib. Onun üçün iki erməni dili və bir rus dili tərcüməçisi ayrılmışdı. Azərbaycan tərəfi bir humanist jest olaraq Karen Kazaryanı məhkəmə zalına əli qandallı yox, əlləri açıq şəkildə gətirilməsini təmin etmişdi. Məhkəmə media və ictimaiyyət üçün açıq keçirildi.

Baxış iclası başlayanda hakim Karen Kazaryana hüquqlarını izah elədi. Kazaryanın psixoloji durumu çox yaxşı vəziyyətdə idi, heç nədən şikayəti yox idi. Bütün məlumatları erməni dilində qəbul edirdi və başa düşdüyünü bildirdi. Sonra dövlət ittihamçısı ittiham aktını oxudu. O ittihamlar sübuta yetirilsə, Karen Kazaryanı 20 ilə yaxın azadlıqdan məhrumetmə cəzası gözləyir".

Karen Kazaryanın yaxınlarının və həmkəndlilərinin onun azad edilməsi tələbi ilə keçirdikləri aksiyalar baş nazir Nikol Paşinyanı qəzəbləndirib. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Paşinyan noyabrın 20-də keçirdiyi mətbuat konfransında Kazaryanın məsələsi haqda danışıb. Deyib ki, Kazaryanın qohumlarının onunla görüşmək istədiyi haqda məlumat alıb. Və tapşırıb ki, bu görüşü təşki etsinlər. Paşinyan deyib ki, bu aksiyaların səbəbini anlamır: “Mənim arvadım iki dəfə Kazaryanın ailəsinə baş çəkib. Məsələ heç vaxt diqqətdən kənarda olmayıb. Lakin bu günlərdə keçirilən aksiyalar sual doğurur-bu aksiyalar kimə qarşı yönəlib? Əgər Azərbaycana qarşı yönəlibsə o zaman yolu bağlamaq nəyə lazım idi, hansı ki, Azərbaycanın strateji hədəflərindən biri bu yolun bağlanmasıdır. Əgər bizə qarşı yönəlibsə, və hesab edirlərsə ki, problemə lazımi diqqət ayırmırıq, o zaman xatırladıram ki, arvadım iki dəfə ailəyə baş çəkib. Elə presedent olubmu ki, bu cür situasiyaya düşən ailəyə belə diqqət ayrılsın? Əgər söhbət ondan gedirsə ki, Ermənistan səyləri artırmalıdır, o zaman başa düşmək lazımdır ki, proses Ermənistanın maraqlarına cavab verəcəkmi? Yaxud tələb etmək olarmı ki, məsələ istənilən qiymətə həll edilsin və ictimaiyyətin buna necə yanaşacağı əhəmiyyət daşımasın? Bunlar sadə məsələlər deyil”.

N.Paşinyan xatırladıb ki, Azərbaycanda daha bir Ermənistan vətəndaşı saxlanılır-Zaven Karapetyan. Amma ona görə heç kim yolu bağlamır. “Niyə ona görə yolu bağlamırlar? Ona görə ki, yetimdir? Bu məntiqə söykənirik?”-o sual edib.

erməni diversantın məhkəməsi ile ilgili görsel sonucu

Paşinyan qeyd edib ki, Azərbaycan tərəfi əsir və girovların “hamının hamıya” prinsipi ilə dəyişdirilməsini təklif edib. “Biz buna getməliyikmi? Bəs biz öldürülənlərin ailəsindən soruşmuşuq?”- o, Dağlıq Qarabağda girov saxlanılan Azərbaycan vətəndaşı Dilqəm Əsgərovu və Şahbaz Quliyevi xatırladaraq bildirib.

“Belə çıxır ki, Azərbaycana iki Ramil Səfərov da qaytaraq? Kazaryanlar ailəsinin faciəsini başa düşürəm və anlayışla qarşılayıram. Amma birbaşa deyirəm-Gürcüstana gedən yolu bağlamaq mənə aydın deyil. Yəni nəsə edə bilərdik və bunu etməmişik?”-Paşinyan deyib.

Xatırladaq ki, bu günlərdə Azərbaycanın Əsir, Girov və İtkin Düşmüş şəxslərin axtarışı üzrə Dövlət Komissiyasının sədri Mədət Quliyev Ermənistana əsir və girovların “hamının hamıya” prinsipi ilə dəyişdirilməsini təklif edib. Lakin Ermənistan tərəfi əvvəlcə bu təklifə məhəl qoymamağa çalışıb, daha sonra Azərbaycan tərəfinin onlara belə təklif vermədiyini bildirib. Nəhayət, deyiblər ki, Dağlıq Qarabağda girov saxlanılan Azərbaycan vətəndaşlarını heç bir halda dəyişmək fikrində deyillər. N.Paşinyanın mətbuat konfransında dediklərindən də belə görünür ki, Ermənistan hakimiyyəti girovların dəyişdirilməsi məsələsində konstruktiv mövqedən, beynəlxalq humanizm prinsiplərindən uzaqdırlar.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler