» » “Ded Xasanın qatilləri tapılmayanadək çox başlar gedəcək”

“Ded Xasanın qatilləri tapılmayanadək çox başlar gedəcək”

Bölmə: Kriminal
“Ded Xasanın qatilləri tapılmayanadək çox başlar gedəcək”Məşhur kriminalist “oğru dünyasında” yaşanan yeni hadisələr barədə “bizim yol”a ilginc məlumatlar açıqladı
Dmitriy Verşinin: “Aslan Usoyanın qətlinin sifarişçisi kimi Rövşən Lənkəranskinin göstərilməsi yanlışdır, çünki...”


“Köhnə “qanuni oğrular”la yenilər arasında toqquşma gedir və həbsdən çıxan köhnələr qısa zamanda aradan götürülür”

Ded Xasan - bu ad artıq kriminal aləmlə maraqlanmayan insanlara da məlumdur. Əsl adı Aslan Usoyan olan bu insan kiminsə onu bəyənib-bəyənmədiyindən asılı olmayaraq, təkcə Rusiya deyil, ümumiyyətlə dünya kriminal aləmi tarixinin böyük bir hissəsidir. O da danılmazdır ki, kriminal aləmi araşdıran istənilən araşdırmaçı məhz onun dövrünün üstündən keçə bilməyəcək və bu insanın Rusiya və keçmiş SSRİ məkanında hansı rol oynamasından danışacaq. Ded Xasanın ölümü də onun həyatının bir çox mərhələləri kimi əsl hadisə idi. Onun ölümü ilə bağlı Rusiya mətbuatı müxtəlif versiyalar üzərində dayanır. Onlardan ən çox hallandırılan "Ded Xasanı Rövşən Lənkəranskinin sifarişi ilə, onun dairəsindən kimsə öldürüb" versiyasıdır. Ded Xasanla Rövşən arasında konfliktin uzun tarixçəsi var. Yazırdılar ki, vaxtıyla Ded Xasan Rövşən Lənkəranskini "qanuni oğru" tacından məhrum edib və onunla müharibəyə başlayıb. Bu xəbər yayılandan qısa bir müddət sonra Ded Xasanın ölüm xəbəri yayıldı.

Beləliklə, "bizimyol.info" əməkdaşı Ded Xasanın ölümündən sonra kriminal aləmdə yaranan yeni situasiya, onun ölümü ilə bağlı versiyalar, Rövşən Lənkəranski və digər ardıcıllarının bu münaqişədə iştirakı kimi məsələlərə, kriminalistika və mütəşəkkil cinayətkarlıq üzrə ekspert, məşhur rusiyalı araşdırmaçı Dmitriy Verşininlə birgə aydınlıq gətirməyə çalışıb.

- Dmitriy, Ded Xasanın ölümündən sonra Rusiya kriminal aləmində nə kimi dəyişikliklər baş verib?

- Çoxlarının proqnozlaşdırmasından fərqli olaraq, situasiya nəzarətdən çıxmayıb. Ara-sıra vaxtıyla Ded Xasanla yaxın münasibətdə olan insanlar haqqında yeni xəbərlər ortaya çıxır. Elə bu yaxınlarda "oğru aləminə" daha bir itki üz verdi. Yəni söhbət ölümdən getmir. Hüquq-mühafizə orqanları Sankt-Peterburqdan "qanuni oğru" Qoqa Piterskini deportasiya etdi.

Uzun müddət idi ki, Rusiya bu personajla vidalaşa bilmirdi. Elə Qoqinin özü də Neva çayı sahilində yaşayan əhaliyə qarışmışdı. 1998-ci ildə Qoqi Canelidze həbsxanaya düşmüşdü. Amma buna baxmayaraq, "oğru tacını" saxlaya bilmədi. "Oğru aləminə" zidd hərəkətlərinə görə, onu özününkülər "devirdilər". 2004-cü ildə, o, azadlığa havadarlarsız, titulsuz çıxdı. Azadlığa çıxana qədər onun azadlıqda olan bütün "xaç ataları" müxtəlif səbəblərdən öldürülmüşdü. Qoqini "oğru dünyasına" qaytaran isə rus mafiyasının kralı Ded Xasan oldu. 2008-ci ilin dekabrında o, Qoqinin ailəyə qayıtmasına razılıq verdi.

İkinci dəfə Qoqi içəri 2009-cu ildə oğurluq üstündə düşdü. İki il oturduqdan sonra onu həbsxanadan birbaşa Nejqorod məhkəməsinə gətirdilər və ölkədən çıxarılması barədə qərar verdilər. Məlum deyil ki, hansı səbəbdən, amma maraqlıdır ki, bu qərarı Canelidze özü könüllü şəkildə icra etməliydi. Məhkəmədən sonra hakimlər onu "söz verdiyinə" görə zaldan buraxdılar. Qoqi doğma Çxaltuboya deyil, Sankt-Peterburqa getdi.

2014-cü ilin yayına qədər Qoqi polisdən qaça bilirdi. Amma problem bu deyildi. Bir çox "qanuni oğrular" onun qayıdışını şübhə altına alır və Qoqinin "onu tanımayanlar öləndən sonra "oğru tacını" qaytarmasını" düzgün hesab etmirdilər.

Əvvəllər də bu barədə danışılırdı, amma Ded Xasanın ölümündən sonra bu tipli ittihamlar daha da bərkdən səslənməyə başladı. İş o yerə gəldi ki, martda Moskva restoranlarının birində bir "qanuni oğrunun" mühafizəçiləri Canelidzeni onun öz qonaqlarının gözü qarşısında döydülər. "Qanuni oğru" xəstəxanaya düşdü. Bu uzun bir əhvalatdır, amma fakt faktlığında qalır: Ded Xasanın ölümündən sonra Rusiya "oğru dünyası" hələ ki, yeni kral axtarışındadır.

- Sizcə, nüfuzuna görə Ded Xasanı kim əvəzləyə bilər?

- Bunu sizə nə mən, nə də bir başqa birisi dəqiq deyə bilməz. Müxtəlif versiyalar var, amma hər bir iddiaçı avtoritetin öz zəif yerləri var. Məncə Usoyan özünə varis seçib, sadəcə yəqin ki, bu varis onun qohumlarından biridir. Ağıllı adam olan Ded Xasan bilirdi ki, əgər ona iki dəfə sui-qəsd edilibsə, deməli varis barədə fikirləşmək lazımdır. Amma onun seçdiyi adamın kimliyindən asılı olmayaraq, cinayət aləmi tərəfindən də birmənalı qəbul edilməsi labüddür. "Oğru qanunlarına" görə krallığa iddia edən şəxsin avtoriteti bu yolun "xaç atalarının" əksəriyyəti tərəfindən qəbul edilməlidir.

Hal-hazırda "qanuni oğruların" fəaliyyət arealı kifayət qədər genişdir. Bu sıraya həm bank fəaliyyəti, həm də neft, silah və sair sahələr daxildir. Silah və qızıl biznesini nəzarətə almaq uğrunda savaşa "qanuni oğrular" o qədər də qoşulmur - onların fikrincə, bu sahələrə havadarlıq Federal Təhlükəsizlik Xidmətinə məxsusdur.

"Qanuni oğruların" çoxu tikinti biznesində fəaliyyət göstərirlər. Rusiyadakı biznes sahələri hüquq-mühafizə orqanları və "oğru aləmi" arasında tam olaraq bölünüb və tərəflər bir-birinin sahəsinə girməməyə çalışırlar. 90-cı illərdən üzü bəri "oğru dünyası" yalnız kosmetik dəyişikliyə uğrayıb. Bu dünya əvvəlki qaydaları ilə yaşayır. Odur ki, Ded Xasanın ölümündən sonra onun qruplaşmasının üzvləri bununla barışmayacaq və əvvəlki kimi güclü olduqlarını göstərmək üçün əllərindən gələni edəcəklər. Adətən belə hallar yeni müharibə ilə müşayiət olunur. Odur ki, hələ Ded Xasanın kim tərəfindən sifariş edilərək aradan götürülməsi məsələsinə tam aydınlıq gələnə qədər çox başlar gedəcək. Varisin kimliyi barədə danışmaq isə hələ tezdir.

- Ola bilərmi ki, Ded Xasanın yerini məhz onun ölümünün baş sifarişçisi kimi hallandırılan Rövşən Lənkəranski tutsun?

- Məncə yox. Rövşən Lənkəranski fərdi, tək oyunçudur. Ded Xasanın ölümünü məhz Rövşənin sifariş etməsini iddia edənlər, məncə, axmaqlıq edirlər. Rövşən hamı ilə əlaqələri olan avtoritetli şəxsdir və Ded Xasan da onun himayədarlarından biri idi.

Rövşənin Ded Xasanın ölümündə əli olmamasını dolayısı yolla başqa bir fakt da təsdiq edir: Ded Xasan kimi Rövşən də köhnə oğru qaydalarının tərəfdarıdır. Deyilənə görə, məhz buna görə də vaxtıyla Ded Xasan 35 yaşlı avtoritetin Rusiya, yəni köhnə dünya oğrularının Azərbaycan üzrə "smotryaşiy" (nümayəndəsi) olmasına yardım etmişdi. Rövşən də onların adından yerli avtoritetləri idarə edirdi.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hesab edirlər ki, Ded Xasanın ölümü məhz gürcü "qanuni oğru" Tariyel Oniannin (Taro) ötürməsi ilə baş verib. Versiyaya görə, o, qeyri-qanuni qazanılan pulların yuyulması üçün mövcud olan kanalları Ded Xasanla bölüşmək istəmirmiş. Odur ki, əvvəlcə Taro Usoyanın yaxın dostu olan "Yaponçikin" məhvinə nail oldu ki, "qocaya" yaxınlaşsın. Özü də Ded Xasanın ölümünü öz tərəfdarlarına sifariş verən zaman Taro özü içəridə idi.

- Rusiya kriminal biznesində azərbaycanlı "vor"ların payı nə qədərdir?

- Bu pay yayılan məlumatlardan daha çoxdur. Mənim yadıma 2003-cü ildə "Moskovskiy komsomolets"qəzetində yazılan bir məqalə düşdü. "Qanuni oğrunun" koronasiyası "sxodka"larda baş verir. Bu "sxodka"lara isə yalnız öz sözünü demiş, avtoritetli insanlar cəlb edilir. O zaman mənim azərbaycanlıların iştirakı ilə keçirilən bir "sxodka" barədə məlumatım vardı. Zənnimcə, elə o "sxodkada" indiyə qədər davam edən çeçen və azərbaycanlı "qanuni oğrular" arasında müharibənin fundamenti qoyuldu.

Azərbaycanlı "qanuni oğruların" problemi yarandı - köhnə qanunların tərəfdarı olan bu insanlar yeni dövrdə kimlərinsə ənənələri dəyişməsi cəhdlərinə qarşı çıxdılar. Uzun müddət "surok" çəkən köhnələr azadlıqda gənclər tərəfindən layiqincə qarşılanırlar. Amma "zon" və azadlıq olduqca fərqli anlayışlardır. "Zon"da qanun sayılan məsələlər azadlığa çıxanlar tərəfindən burada da həyata keçirilməyə başlayır. Köhnələr gənclərin bizneslə məşğul olmalarını, daş-qaş içərisində yaşamağa alışdıqlarını başa düşə bilmirlər. Odur ki, köhnə "qanuni oğrularla" yenilər arasında konfliktlərin mövcudluğu qaçılmazdır. Odur ki, biz tez-tez kriminal xronikada həbsdən çıxan köhnə "qanuni oğruların" az müddət sonra öldürülməsi barədə məlumatlarla rastlaşırıq.

Qanlı qarşıdurmaların qurbanları böyük ehtiramla dəfn edilir, onların məzarları üzərində təntənəli sözlər deyilir, ideyalı "vor"lar xatırlanır. Və bundan sonra yenilər yenidən öyrəşdikləri dəbdəbəli həyat tərzinə qayıdırlar. O həyat tərzinə ki, 10 il əvvəl buna görə nəinki "taclarını", hətta həyatlarını belə itirə bilərdilər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler