» » Tələbələri qəzaya salan sürücüdən - Dəhşəti etiraflar

Tələbələri qəzaya salan sürücüdən - Dəhşəti etiraflar

Bölmə: Kriminal, BLOK XƏBƏR, MANŞET
Tələbələri qəzaya salan sürücüdən - Dəhşəti etiraflar
Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Xalqinfo.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə mərhum tələbələrdən birinin valideyni Xatirə Nəsibova çıxış edib.

O deyib ki, vəkillə təmin olunmaq üçün Vəkillər Kollegiyasına müraciət etsə də, onlardan qəbz tələb olunub: "Bizə dedilər ki, məhkəmədən kağız gətirin". Hakim bildirib ki, vəkillə müqavilə bağlamaq zərərçəkmiş şəxslərin hüquqi varislərinin şəxsi işləridir: "Burada məhkəmənin edəcəyi bir şey yoxdu. Sizə verilən bildirişlə özünüzə vəkil tuta bilərsiz".

Daha sonra iki valideyn qəza nəticəsində dəyən ziyanla bağlı mülki iddia qaldırıblar. Namiq Hüseynov iddianın qəbul edilməsinə etiraz etmədiyini deyib: "Amma mənim pul ödəmək imkanım yoxdur".

Xatirə Nəsibova deyib ki, Namiq Hüseynov bu iş üzrə həbs olunan sonuncu şəxsdir: "Yük maşını 2 saata ordan boşaldılmalı idi. Nəqliyyatnı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları kamerada həmin maşını görüblər, yol polisi işçiləri də həmin maşını görüb heç bir tədbir görməyiblər. Yük maşınının sürücüsü və həmin məsul şəxslər məhkəməyə çağırılıb dindirilməlidir".

Hakim bildirib ki, əlavə şahidlərin dindirilməsi barədə vəsatət əsas şahidlər dindirildikdən sonra məhkəməyə təqdim edilə bilər. Daha sonra digər mərhumların da valideynləri təqsirləndirilən şəxsə qarşı mülki iddia qaldırıblar. Hakim bütün mülki iddiaları icraata götürüb və məhkəmə istintaqı dövründə araşdırılacağını deyib.

Bundan sonra dövlət ittihamçısı ittiham aktını elan edib.

Daha sonra ifadə verən Namiq Hüseynov özünü təqsirli bilib. O, hadisə barədə ifadə verərək bildirib ki, martın 9-u səhər saat 8-ə qalmış tələbəri götürmək üçün "20 Yanvar" dairəsinə gəlib: "Uşaqlar maşına doluşdular, söhbət edirdik. Mən özümü günahkar sayıram, özümü müdafiə etmək fikrim yox idi. Ömrümün sonuna kimi vicdan əzabı çəkəcəyəm, mənə ömürlük cəza da verilsə... Çünki mən o uşaqlarla ailə kimi olmuşam. Sadəcə ehtiyatsızlıq ucbatından oldu. Əvvəl Biləcəridən düşəndə, sonra da Xırdalan qəbiristanlığının yanında "xolostoy" sürətlə düşdük. Deyib-gülə gedirdik. Rozanın toyu olacaqdı, o barədə danışırdıq, lağ-lağa edirdik.

Bir anlıq beynim tormozlaşdı, heç nə görmədim, heç nə eşitmədim. Sanki lal-kar kor idim. Qabaqda oturan uşaqlardan Abbas qışqırdı: Namiq əmi! Sanki yuxudan oyandım. Gördüm ki, birinci kubikin üstünə çıxmışam, ikinciyə çıxmamaq üçün tez sükanı burdum, sükan qırıldı. Bircə onu edə bildim ki, maşını "ZİL"in arxasından çıxartdım. Özüm qapını sındırıb çıxdım, sonra da şüşələri sındırıb yaralıları çıxartmağa başladım.

Bircə Çinarə maşında ölmüşdü. Rozanı çıxartdım, nəfəs alırdı. Lalənin bircə başında qara ləkə vardı. Rəşadla İbrahim mənim ən yaxın dostlarım, qardaşlarım idi. İbrahimgildən xəbərim olmadı. Siz valideynsiz, mənə ölüm cəzası verilsə də, razıyam. Mən vicdanım qarşısında əzab çəkirəm. Onlar nur kimi uşaqlar idi".

Valideynlər deyib ki, uşaqlar Namiqə yavaş sürməyi yalvarsalar da, o buna əməl etməyib.

Namiq Hüseynov sürətlə hərəkət etmədiyini deyib: "Hər şey kameraya da düşüb, mənim müdafiəyə, müdafiəçiyə ehtiyacım yoxdu. Bu hadisə ehtiyatsızlıqdan baş verdi, o uşaqlarla qərəzliliyim olsaydı onlara dayılıq etməzdim. Məsələn, İbrahim pis adamlara qoşulmuşdu, onunla çayxanada oturub söhbət etdim, onu başa saldım".

Namiq Hüseynov 15-20 ildir sürücülük etdiyini deyib: "Mən maşını təzə təmir etdirmişdim, reysə çıxanda saz idi. Maşın mənim adıma deyildi, öz maşınımı 3 ay əvvəl satmışdım. Bu maşının da sığortası olmadığı üçün etibarnamə ala bilməmişdim, buna görə etibarnaməm yox idi. Maşında 17 oturacaq var idi, qanunla 14 nəfər götürə bilərdim, amma uşaqlar çox idi, ona görə artıq sərnişin götürdüm. Tələbə çox idi, uşaqlar gəlib deyirdilər ayaqüstə gedək, deyirdim olmaz, amma məcbur olub mindirirdim. Qəza vaxtı maşında 26 tələbə var idi, sıx-sıx oturmuşdular. Sürətim 90-100 km/saat arası idi".

Mərhum İbrahim Nəsibovun anası Xatirə Nəsibovanın sözlərinə görə, oğlunun çirkin yola düşməsi barədə Namiq Hüseynovun dedikləri yalandır: "Mənim uşağımın adını çəkməsin. Türmədə özünü asıb öldürsün".

Mərhum Lalənin atası deyib ki, necə ola bilər, "xolostoy" hərəkətdə ötmə əməliyyatı edib: "Görüntülərdə də var". Namiq Hüseynov ötmə etmədiyini deyib: "Görüntülərdə çox şey ola bilər".

Rəşad Canıyevin anası İlhamə Canıyev deyib ki, Namiq Hüseynov gecə qarajda olanda qəza zamanı görüntüyə düşən yaşıl "Ford"un sürücüsü ilə mərc gəlib: "Ona deyib ki, sabah səndən gec çıxıb, daha tez çatacağam. Onunla yarışıblar".

Namiq Hüseynov mərc gəlmədiyini deyib.

Daha sonra Xatirə Nəsibova sərbəst ifadə verərək deyib ki, oğlu İbrahim hər gün atası ilə birgə gedirmiş: "Həmin gün 9 mart olduğundan atası elə bilib ki, tətildir. İbrahimi oyatmadan çıxıb gedib. Mən İbrahimi oyatdım ki, gecikirsən dur taksiylə get. İbrahim dedi, çatsam Qazellə gedəcəm. Soruşdum kimdi, dedi, bizi həmişə aparan Namiqlə gedəcəm, o bərk sürür, taksidən tez çatır. Bir qədər sonra İbrahimə zəng etdim açmadı, votsapa yazdım ki, "İbo, hardasan?" cavab yazmadı. Mən də yatdım, sonra yoldaşım zəng edib dedi ki, uşaqları aparan Qazel qəzaya düşüb, İbrahimi xəstəxanaya aparırlar. Sonra gedib xəstəxanada İbrahimin öldüyünü bildim".

Xatirə Nəsibova deyib ki, qəza zamanı ərazidə xidmət aparan yol polisi işçilərinin də məsuliyyətə cəlb olunmasını tələb edirlər: "Çünki daş yüklü maşın gecədən orada dayanıb, bəlkə onun içində bomba var idi. O maşının yükü boşaldılmalı, maşın ərazidən götürülməli idi. Buna da yol polisi nəzarət etməlidir".

Roza Muradovanın atası Eynulla Muradov ifadə verərək deyib ki, Namiq yüksək sürətlə sürdüyü üçün son 1 həftədə qızı onun maşınına minməyib: "Həmin gün Namiq gəlib qızıma deyib ki, bağışla, daha bərk sürməyəcəm, məcburən qızımı maşına mindirib".

Eynulla Muradov deyib ki, qızının dəfninə 22 min manat xərc çəkib: "Bununla bağlı da mülki iddia vermişəm, pulun ödənilməsini tələb edirəm".

Növbəti proses iyulun 4-nə davam edəcək.

İttihama görə, bu ilin martın 9-da Abşeron rayonu ərazisində Sumqayıt şəhər sakini Namiq Hüseynovun idarə etdiyi “Ford” markalı mikroavtobus yolun hərəkət hissəsində dayanmış həmyerlisi Elvin Şəmistanlıya məxsus “ZİL” markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb.

Nəticədə mikroavtobusda olan sərnişinlərdən 5 nəfər ölüb, müxtəlif dərəcəli bədən xəsarətləri alan 18 nəfər Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına, 3 nəfər isə Bakı şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Belə ki, ölənlər Sumqayıt Dövlət Universitetinin Fizika və Elektroenergetika fakültəsinin 3-cü kurs tələbələri İbrahim Quliyev, İbrahim Nəsibov, Rəşad Canıyev, Roza Muradova, Lalə Nəsirzadə və Çinarə Quliyevadır.

Hadisədən sonra aparılan araşdırmalar nəticəsində mikroavtobusun sürücüsü Namiq Hüseynov həbs edilib.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler