» » Məhkəməyə 4,2 milyonluq qəbz təqdim olundu - Rabitə işi

Məhkəməyə 4,2 milyonluq qəbz təqdim olundu - Rabitə işi

Bölmə: Kriminal, BLOK XƏBƏR, MANŞET
Məhkəməyə 4,2 milyonluq qəbz təqdim olundu - Rabitə işi
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov, Aztelekom MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, Birliyin sabiq baş mühasibi Anar Mustafayev, AzİnTelekom MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, Azərpoçt MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, Optik Rabitə, Tikinti və Quraşdırma MMC-nin baş mühasibi Səhrab Hümbətov, Rabitə Mülki Tikinti MMC-nin direktoru Emin Məmmədov, Aztelekom MMC-nin baş mühasibi Oqtay Rüstəmov, Təmir-Təchizat Servis MMC-nin direktoru Bayram Vəliyev və Optik Qurğular İdarəsinin sabiq rəisi Namazalı Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Xalqinfo.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə Vidadi Zeynalovun vəkili Bəylər Məmişov çıxış edib.

O, bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsə qarşı elan olunan ittiham məhkəmə istintaqı zamanı sübuta yetirilməyib.

Vəkil qeyd edib ki, Vidadi Zeynalovun vəzifə səlahiyyətində nazirliyin maliyyə məsələlərinə nəzarət olmayıb: "Yəni bu baxımdan ona qarşı dövlət əmlakını mənimsəmə ittihamının verilməsi absurddur. Çünki dövlət əmlakının onun sərəncamına verilməsi qeyri-mümkün idi. Nazirliyin aparat rəhbəri olan Vidadi Zeynalov maddi-məsul şəxs olmayıb. Məhkəmə istintaqı zamanı da istintaq orqanın irəli sürdüyü ittihamların Vidadi Zeynalova aidiyyatı olmadığı sübuta yetirilib".

Vəkilin sözlərinə görə, təqsirləndirilən digər şəxslər və şahidlər məhkəmədə verdikləri ifadələrində Vidadi Zeynalov tərəfindən hər hansı qanunsuz göstəriş verilmədiyini deyiblər: "Digər tərəfdən, Vidadi Zeynalovun müəyyən insanlara paket formasında əmək haqqı verməsi birbaşa rəhbərliyin göstərişi ilə olub. Yəni, onun yerinə kim olsaydı, rəhbər şəxsin əmrini yerinə yetirərdi. Burada da məsuliyyəti Vidadi Zeynalov yox, rəhbər şəxs daşıyır. Bu baxımdan mən hüquaqlarını müdafiə etdiyim şəxs barəsində bəraət hökmünün çıxarılmasını istəyirəm".

Bəylər Məmişov Vidadi Zeynalov tərəfindən dövlətə vurulan ziyandan 4 milyon 200 min manatın ödənildiyi barədə qəbzi hakimlər kollegiyasına təqdim edib.

Vidadi Zeynalovun digər vəkili Elxan Süleymanlı isə çıxışında hüquqlarını müdafiə etdiyi şəxsə bəraət verilməsini istəyib. Onun sözlərinə görə, istintaq materiallarında "P.L.Z" MMC və "Fərid-R" çoxsahəli istehsalat firmalarının Vidadi Zeynalovun himayəsi altında fəaliyyət göstərməsini sübut edən dəlillər yoxdur: "Vidadi Zeynalov məhkəmədə də həmin müəssisələrin ona münasib şəxslərə məxsusluğunu inkar etmədi. Amma bu o demək deyil ki, həmin müəssisə rəhbərlərinin Vidadi Zeynalovla yaxınlığı günah və təqsir hesab edilməli, Vidadi Zeynalovdan qanunsuz hesablamalar tələb edilməlidir".

Beytulla Hüseynovun vəkili Vilayət Nadirov isə çıxışında qeyd edib ki, Beytulla Hüseynov vurulmuş ziyanı tam ödəyib və buna görə, o, azadlığa buraxılmalıdır.

Növbəti proses iyulun 5-də davam edəcək.

Qeyd edək ki, dövlət ittihamçısı Vidadi Zeynalovun 14 il, Beytulla Hüseynovun 15 il, Anar Mustafayevin 8 il, Qəmbər Bəybalayevin 10 il, Emin Məmmədovla Namazalı Məmmədovun hər birinə 12 il müddətinə azadlıqdan məhrumetmə cəzası istəyib.

Digər təqsirləndirilən Məhəmməd Məmmədov, Cəfər Cəfərov, Səhrab Hümbətov, Bayram Vəliyev və Oqtay Rüstəmovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsini tətbiq olunmasını, onlara şərti cəza verilməsini tələb edib.

Prokuror bildirib ki, təqsirləndirilən şəxslərə məxsus üzərinə həbs qoyulmuş əmlakların dövlətə dəymiş ziyan ödənilməsinə yönəldilməsi təmin edilsin.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler