» » “Arvadım erməni olduğuna görə məni...” - MTN işi

“Arvadım erməni olduğuna görə məni...” - MTN işi

Bölmə: Kriminal, BLOK XƏBƏR, MANŞET
“Arvadım erməni olduğuna görə məni...” - MTN işi
Bu gün Sabunçu rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrlik etdiyi prosesdə 8-ci kilometr bazarının keçmiş sahibi Çingiz Əsədov ifadə verib.

Əsədov bildirib ki, bazarı ilk dəfə o yaradıb:

"Daha sonra qardaşım adam öldürdü, problemlər, sıxıntılar yaranmağa başladı. Həmin vaxt Cəfər Seyidovgil bazarı onlara icarəyə verməyimi təklif etdilər, razılaşdıq. Bir ilin pulunu aldım, ikinci ilin pulunu istəyəndə isə dedilər bazarı səndən almışıq. Mən məhkəməyə müraciət etdim, lehimə qərar verildi. Cəfərgil keçmiş nazir Fərhad Əliyevin adından istifadə edirdilər deyə, heç kimi saymırdılar. Məhkəmə qərarından sonra icraçılar gəlib onları bazardan çıxartdılar. Bundan sonra Fərhad Əliyevin qardaşı Rafiq Əliyev bazara gəlib məni söydü. Mən ona cavab qaytaranda Fərhad Əliyev işarə etdi, Cəfərgil məni döydülər. Sonra məni bazardan qovub, qardaşımı da oğurladılar. Bakı Şəhər Baş Polis İdarəsinə şikayət etdim. Yarım saat sonra Cəfər mənə zəng edib dedi ki, polis bizə heç nə edə bilməz. Dedi ki, sən bazarı və 600 min manat verməlisən. Gördüm polis də kömək edə bilmir, bacarmayacam, məcbur olub bazarı Cəfərgilə verdim. 2005-ci ildə Fərhadgil tutulanda MTN-ə gedib şikayət etdim. Mənim arvadım erməni olduğuna görə Cəfərgil təzyiq edirdilər. Gördüm daha bazarı işlədə bilmirəm, buna görə bazarı Akif Çovdarov və Hilal Əsədovun qayınatasına satdım. Hər ay da mənə pul verirlər".

Daha sonra general Hilal Əsədovun həyat yoldaşı Nüşabə Əsədova da məhkəmədə ifadə verib. O, istintaqa verdiyi ifadəni təsdiq etdiyini deyib.

Nüşabə Əsədova ibtidai istintaqa verdiyi ifadəsində bildirib ki, 2005-ci ilin sonu, 2006-cı ilin əvvəllərində atası Ənvər Məmmədov "Vasmoy" bazarını almaq istəyib:

"Bazarın satılmasını atama ərim Hilal Əsədov dedi. Pulu az idi. Hilal evdən 80 min dolları götürüb, atama verdi. Atam bazarın yarısını alaraq, öz adına rəsmiləşdirdi. Bazarın digər hissəsini isə Elşən Hüseynov almışdı".

Nüşabə Əsədova ifadəsində qeyd edib ki, bazarı atası sonradan ona bağışlayıb:

"Bazarın kimdən alınıb, necə sənədləşməsindən xəbərsizəm. Bu barədə nə Hilal, nə də atam mənə bir şey deyib. Bazar mənim adıma keçən zaman sənədlər gətirildi, onlara qol çəkdim. Ümumiyyətlə, bazarın neçəyə alındığını, nə vaxt, kimdən alındığını bilmirəm. Atam bazarı 2012-ci ildə adıma keçirib. Bazarın 50 faizi mənim adımdaydı. Qalan 50 faiz isə Akif Çovdarovun qızı Aida Çovdarovanın adınadır. Bazarın sahiblərinin mən və Aida olmasına baxmayaraq, ora Elşən Hüseynov rəhbərlik edirdi".

Generalın həyat yoldaşı istintaqa ifadəsində bazarın keçmiş sahiblərini tanımadığını deyib:

"Hilalın xidməti işi bağlı ondan heç nə soruşmurdum. Onun işi ilə bağlı kimlərlə əlaqədə olduğu, ümumiyyətlə nə iş gördüyünü bilmirəm. Bazarın alınması da atamın təşəbbüsü olub. Sadəcə, biz ona maddi yardım eləmişik. Mən heç zaman o bazarı görməmişəm. Sonradan bilmişəm ki, bazarda pay sahibi Aida Çovdarovadır və Elşən Hüseynov bazardakı 50 faizlik payını ona verib".

Növbəti proses iyunun 7-də davam edəcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler