» » Keçmiş FHN əməkdaşına 8 il həbs cəzası verildi

Keçmiş FHN əməkdaşına 8 il həbs cəzası verildi

Bölmə: Kriminal
Keçmiş FHN əməkdaşına 8 il həbs cəzası verildi
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Fariz Məlikovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Xalqinfo.az virtualaz.org-a istinadən bildirir ki, prosesə hakim Fikrət Qəribov sədrlik edib.

İstintaqla müəyyən edilib ki, özünü Fövqəladə Hallar Nazirliyinin (FHN) vəzifəli şəxsi kimi təqdim edən Fariz Məlikov müxtəlif şəxsləri işə düzəltmək adı ilə aldadaraq onlara yalan vədlər verib. O, vətəndaşların külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunub.

Törətdiyi cinayət əməlinə görə F.Məlikova Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində Binəqədi rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxs qismində dindirilən Fariz Məlikov ifadəsində 2009-2015-ci illər ərzində Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyində müfəttiş vəzifəsində işlədiyini, 2015-ci ildə öz ərizəsi ilə işdən azad olunduğunu deyib. 2014-cü ilin iyun ayında tanışı Akim Məlikovun vasitəsilə Xaçmaz rayon sakini İlqar Xəlilov ona müraciət edərək qohumu Abumüslüm Əliyevin FHN-ə işə qəbul olunmaq istədiyini deyib, F.Məlikov da ona köməklik göstərəcəyinə və işə qəbul etdirəcəyinə söz verib. Bu məqsədlə ondan 10 min dollar pul alıb, həmin məbləği şəxsi ehtiyacları üçün istifadə edib.

Bakı şəhər sakini İlhami Bayramov, Hacıqabul rayon sakini Xaliq Rəcəbov, Qəzənfər Musayev, İxtiyar Nəsirov, Fəqan Əliyev, Mirəddin Talıbov, Tural Tarverdiyev, hətta əsgərlik yoldaşı Valeh Həsənov da eyni üsulla aldadılıb.

Ən maraqlısı odur ki, F.Məlikovun törətdiyi dələduzluq əməllərindən FHN-də işləyən həyat yoldaşı Aygün Məlikovanın da xəbəri olub. Ərinin tora saldığı şəxslərlə əlaqə saxlayan qadın işlədiyi nazirliyə şikayət olunmasın deyə onlara alınan məbləğin hamısını geri ödəniləcəyinə dair söz verib.

"FHN-də rütbəli şəxslə qohum olduğunu deyirdi"

Zərərçəkmiş Abumüslüm Əliyev ifadəsində ordudan tərxis olunduqdan sonra FHN-də işə düzəlmək istədiyini deyib. Həmin nazirliyə işə qəbul qaydaları ilə maraqlanıb, bu barədə yaxınları, həmçinin qohumu İlqar Xəlilovun da məlumatı olub. Günlərin birində isə İlqar Xəlilov ona FHN-də işləyən Fariz adlı şəxsin bu işdə ona kömək edə biləcəyini deyib. 2014-cü ilin iyun ayında "Nərimanov" metro stansiyasının yaxınlığında görüşüblər. Görüş zamanı Fariz FHN-də işlədyini, həmin qurumun yüksək rütbəli şəxsi ilə qohum olduğunu, həyat yoldaşı Aygünün də orada çalışdığını, işə qəbul məsələsinin ona həvalə olunduğunu bildirib:

"Fariz sənədlərin siyahısını təqdim etmək üçün işlədiyi binaya getmək lazım olduğunu dedi. Akim, İlqar və mən onunla Xətai stansiyasının yerləşən FHN-in müxtəlif qurumlarının yerləşdiyi idarəyə getdik. Onun xidməti otağını gördükdən sonra daha çox inam yarandı. Sənədləri toplayıb həmin ilin iyun ayının 11-də Farizlə görüşdüm və işə düzəlmək üçün 8 min manat verdim. Təxminən bir ay sonra əlavə olaraq 2 min manat da istədi. İlqarla birlikdə həmin məbləği də aparıb maşında Farizə verdim".

İşə düzələcəyinə ümid bağlayan A.Əliyev üç ay gözləsə də, F.Məlikovdan səs-soraq çıxmayıb. Telefon əlaqəsi saxladıqda F.Məlikov müxtəlif bəhanələr gətirərək yaxın zamanda işinin həll olunacağını söyləyib. Aldanıldığını görən A.Əliyev sonda Binəqədi Rayon Polis Şöbəsinə gedərək şikayət edib: "Vaxtı uzadırdı, gah Avropa Oyunları, gah Binəqədidə baş vermiş yanğın hadisəsi ilə bağlı müxtəlif səbəblər gətirirdi. Sonradan isə qəfil işlə bağlı Qəbələ rayonuna ezam olunduğunu, həkim komissiyası ilə arvadı Aygünün məşğul olacağını bildirdi".

"Pullarımı qaytarmasan, FHN-ə şikayət edəcəyəm"

Keçmiş FHN əməkdaşının toruna düşən İlhami Bayramov dəniz limanında işləsə də, əmək haqqı yüksək olan iş axtarıb. Bu axtarış ona 6 min manata başa gəlib: "Akim Məlikovun vasitəsilə Farizi tanımışam. Onunla görüşəndə özünü FHN əməkdaşı kimi təqdim etdi, vəsiqəsini göstərdi, ayda 600 manat əməkhaqqı, əlavə olaraq paket də alacağımı dedi. Bunun üçün 6 min manat istədi. Narahat olmamağı, həyat yoldaşının da ümumi şöbədə işlədiyini dedi. Hansısa səlahiyyətli şəxslə işə qəbulun həll olunacağını desə də, konkret ad çəkməmişdi. Sənədlərimi hazırladıqdan sonra məbləği aparıb verdim. İşə qəbulla bağlı xəbər çıxmadıqda dəfələrlə zəng vurduqda sənədlərin yoxlama mərhələsində olduğunu, hazırda araşıdırma aparıldığını, araşıdrma bitən kimi sənədlərin nazirliyə göndəriləcəyini və qısa müddətdə əmrin veriləcəyini deyirdi".

Zərərçəkmiş ifadəsində F.Məlikovun onu aldatdığını hiss etdikdə FHN-ə işə düzəlmək istəmədiyini bildirib və pullarını geri tələb edib. Əks halda, FHN-ə şikayət edəcəyini deyib. F.Məlikov ona pulu qaytaracağına söz verib. İ.Bayramov 2015-ci ilin sentyabr ayında Nərimanov RPİ-nin 18-ci PB-ə ərizə ilə müraciət edib. Həmin şikayətdən sonra A.Məlikova ona 1500 manat pul qaytarıb.

"MTN-də sənədlər yoxlanılacaq, sonra işə qəbul olunacaq"

Hərbi xidmətdən qayıdan oğluna iş axtaran Qəzənfər Musayev qaynı Elman Mehdiyevdən öyrənir ki, Fariz Məlikov adlı şəxs FHN-ə işə düzəltmək üçün ona köməklik göstərə bilər. Odur ki, qaynından telefon nömrəsini alaraq Farizlə əlaqə saxlayaraq görüşüb: "Farizlə Xətaidəki inzibati binada görüşdüm. Şöbə rəisi olduğunu, arvadının da, özünün də bu qurumda işlədiklərini söylədi. Oğlum Anarın FHN-ə müfəttiş kimi işə düzəlməsi üçün 7 min manat istədi, razılaşdıq. Bankdan kredit götürüb ona çatdırdım. Üç ay ərzində sənədlər MTN-də yoxlandıqdan sonra işə qəbulun həll olunacağını dedi. Hər dəfə işin gedişatı ilə maraqlananda vaxtı uzadırdı. Hətta bir müddət sonra sənədlərin MTN-dən gəldiyini, heç bir problem olmadığını, yaxın günlərdə həkim komissiyası olacağını söylədi. Bu minvalla 2015-ci ilin sonuna qədər müxtəlif bəhanələrlə vaxtı uzatdı".

İşin uzanmasından narahat olan Q.Musayev 2015-ci ilin sonunda Farizlə görüşmək üçün onun iş yerinə yollanıb. Lakin orada F.Məlikovun bir neçə ay əvvəl işdən azad olunduğunu öyrənib. Keçmiş FHN əməkdaşına zəng vurduqda "iş yerimi dəyişmişəm, Anarın işi ilə həyat yoldaşım məşğul olur, onunla əlaqə saxla" deyib. Bundan sonra Q.Musayevə işə qəbulun alınmadığı deyilib və məbləğin geri qaytarılacağına söz verilib. Amma heç bir ödəniş olmayıb. Belə olan təqdirdə isə Q.Musayev Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin "Qaynar Xətt"inə zəng vuraraq şikayət edib.

Zərərçəkmiş Valeh Həsənov ifadəsində Fariz Məlikovu hərbi xidmətdə olarkən tanıdığını, xidməti başa vurduqdan sonra da əlaqələri olduğunu göstərib: "Əsgərlikdən sonra Fariz FHN-də işə düzəlmişdi. 2015-ci ildə işlədiyim dərman şirkəti bağlandığına görə işsiz idim. Fariz bunu bilirdi, işlədiyi qurumda məni də işə düzəldəcəyinə söz vermişdi. Vəzifəli şəxslərlə əlaqələri vasitəsilə hər şeyi həll edəcəyini, bunun müqabilində həmin şəxsə 8 min manat pul veriləcəyini deyirdi. Amma konkret hər hansı şəxsin adını çəkmirdi. Bundan başqa həyat yoldaşı Aygünün də ümumi şöbənin işçisi kimi sənədlərə nəzərət edərək köməklik göstərəcəyini bildirmişdi. Onları ailəvi tanıdığıma görə etibar edərək razılaşdım. İlkin olaraq 3 min manat verdim".

Eyni ssenari üzrə işə "qəbul"la bağlı sənədlər toplanıb, yaxın günlərdə həkim komissiyası tərəfindən çağırılacağı deyilib. Amma çox keçməyib ki, F.Məlikov əsgər yoldaşına "işə qəbulun yekunlaşma mərhələsidir, qalan məbləği həmin şəxsə çatdırmaq lazımdır" deyib. V.Həsənov ona 3500 manat verə biləcəyini, yerdə qalanı isə işə düzələndən sonra verəcəyini söyləyib. 2015-ci ilin dekabr ayında 3500 manat pulu Farizə çatdırıb. Əsgərlik yoldaşı işə qəbul əmrinin yanvar-fevral ayında veriləcəyinə inandırılıb. Mart ayına kimi gözləyən V.Həsənov işin alınmayacağını görüncə Məlikovlarla görüşək onlardan pullarını geri tələb edib.

Məhkəmənin hökmü ilə F.Məlikov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler