» » İşçisini zorlamaqla ittiham olunan redaktorun qətlinin-

İşçisini zorlamaqla ittiham olunan redaktorun qətlinin- Sirri

Bölmə: Kriminal, BLOK XƏBƏR
İşçisini zorlamaqla ittiham olunan redaktorun qətlinin-
Aprelin 26-da Bakıda yaşayış binası yanıb. Suraxanı rayonunda yanan birmərtəbəli binadan yanğınsöndürənlər kişi cəsədi aşkar ediblər. Tapılan cəsədin 1989-cu il təvəllüdlü Sadiq Arazxan oğlu Soltanova məxsus olduğu bildirilir. O da məlum olub ki, mərhum indiyədək adı çoxlarına məlum olmayan “Mizan-tərəzi” qəzetinin baş redaktoru imiş. Bu hadisəni daha çox diqqətə gətirən qəzetin qadın işçisinin bir neçə gün əvvəl zorlama şikayəti ilə bağlı polis bölməsinə şikayət etməsidir.


Xatırlayırsınızsa, təxminən on gün əvvəl-aprelin 19-da mediada qadın jurnalistin baş redaktoru tərəfindən zorlanması barədə məlumat yayılmışdı. Vesti.az-a Binəqədi Rayon Polis İdarəsindən bildirilmişdi ki, 5-ci bölməyə 28 yaşlı Sevinc Rəhmanova (ad etik səbəblərdən dəyişdirilib -red.) müraciət edərək aprelin 10-da Ziya Bünyadov prospektində yerləşən “M...” qəzetinin 25 yaşlı baş redaktoru tərəfindən zorlandığını bildirib.

S. Rəhmanova şikayət ərizəsində həmin qəzetdə işlədiyini və elə qəzet redaksiyasında zorlandığını qeyd edib. Polis idarəsindən verilən məlumata görə, hələlik baş redaktorun günahkar olduğu sübut edilməyib. Bundan başqa, müstəntiq niyə qızın məhz 9 gündən sonra müraciət etdiyini araşdırır. Zorlama faktının sübut olunmasının çətin olduğu bildirilir. Çünki iddia olunan cinayət hadisəsindən 9 gün keçib. Məlumatda bildirilirdi ki, sözügedən qəzetin, zərərçəkənin və təqsirləndirilənin adı bəllidir.

Teleqraf.com hüquq-mühafizə orqanlarına istinadən isə bildirib ki, zorlama hadisəsi “Mizan-tərəzi” qəzetinin redaksiyasında baş verib. Aprelin 18-də Binəqədi Rayon Polis İdarəsinin 5-ci bölməsinə müraciət edən 25 yaşlı xanım jurnalist zorlandığını bildirib. O, işlədiyi redaksiyanın baş redaktoru Azər Əliyev tərəfindən zorlandığını deyib. “İddia olunur ki, baş verən hadisə redaksiyada xanımla qəzet rəhbərliyi arasında olan narazılıqdan doğan münasibətlərdən qaynaqlanan şər-böhtan da ola bilər. Baş verən hadisələr aparılacaq təhqiqat araşdırmasının sonunda məlum olacaq” deyə, sayt yazıb.

Ancaq qəzetin adı açıqlanandan bir neçə gün sonra Suraxanı rayonunun Bülbülə qəsəbəsində yanan evdəki meyitin də “Mizan-tərəzi” qəzetinin baş redaktoruna aid olduğu məlum olub, ancaq ad fərqlidir. Ölən şəxsin Azər Əliyev yox, Sadiq Soltanov olduğu bildirilir.

Mətbuatda hadisə ilə bağlı müxtəlif məlumatlar yayılıb və versiyalar səsləndirilib. Bunlardan ən çox diqqətçəkəni isə evin və baş redaktorun qəsdən yandırılması versiyasıdır. ANS xəbər verib ki, Ağdam sakini Sadiq Soltanovun üzərinə benzin tökərək od vurulduğu müəyyən olunub. Onun cəsədi artıq doğulduğu Üçoğlan kəndinə aparılaraq torpağa basdırılıb. Polis hazırda 22 yaşlı gəncin hansı səbəbdən və kim tərəfindən qətlə yetirildiyini araşdırır.

Musavat.com məsələ ilə bağlı hüquq-mühafizə orqanları ilə əlaqə saxlamağa çalışıb və dəqiqləşdirmə aparıb. Binəqədi rayon Polis İdarəsinin bir neçə inspektoru danışmaqdan imtina etsə də, idarənin 5-ci bölməsindən baş redaktorun adını bildiriblər: “Şikayət ”Mizan-tərəzi" adlı qəzetin baş redaktoru Sadiq Soltanovdan edilib. Xəbərlərdə Azər Əliyevin adının keçməsi yanlışdır". Həmçinin bildirildi ki, faktla bağlı Binəqədi Rayon Prokurorluğunda istintaq aparılır. Prokurorluqdan isə bu barədə hər hansı məlumat vermədilər.

Ehtimal edilən qətl hadisənin törədildiyi əraziyə nəzarət edən Suraxanı rayon Polis İdarəsindən isə bildirildi ki, S.Soltanov yanan evdə müvəqqəti yaşayırmış, ev başqasının adınadır. İş isə müstəntiq Şamil Şəmmədliyə həvalə olunub. İdarənin 31-ci bölməsindən verilən məlumata görə, iş artıq Suraxanı Prokurorluğuna verilib və araşdırma aparılır.

ANS-in Qarabağ bürosunun müxbirinin məlumatına görə, Sadiq Soltanovun qardaşı Namiq Soltanov hadisənin baş vermə səbəblərinin onlara məlum olmadığını bildirib: “Bildiyim odur ki, artıq ölüb. Nədən olduğunu hüquq-mühafizə orqanları araşdırır”.

S.Soltanov ailəli olub. Azyaşlı uşağı var.

Ekspertlər isə hadisə ətrafında bir neçə versiya irəli sürürlər. Onların fikrincə, evin bədbəxt hadisə nəticəsində yanmadığı dəqiqdir. Yəni evin yandırılması məlum zorlama hadisəsindən qaynaqlanır. Ehtimal edilir ki, yanğın zorlandığı bildirilən qadının yaxınlarından biri, yaxud bir neçəsi tərəfindən törədilə bilər. Amma bu barədə son sözü istintaq deməlidir. Ev yandırıldığından, əl izlərinin qalması ehtimalı yoxdur və görünür, yanğın törədən şəxs bunu nəzərə alıb. Bildirilir ki, hadisədən sonra daha çox həmin qadının yaxınları da istintaqın diqqət mərkəzinə düşüblər.

Ehtimallardan biri isə həmin şəxsin yazdığı, yaxud hansısa faktla bağlı yazacağını təhdid etdiyi şəxs tərəfindən öldürülməsidir. Hərçənd, həmin qəzeti köşklərdən də tapa bilmədik. Reket qəzetlərin ayrı-ayrı məmurlardan şantaj yolu ilə pul tələb etdiyi sirr deyil. Hətta bununla bağlı Mətbuat Şurasının uzun bir siyahısı da var. Bu səbəbdən də baş redaktorun yandırılması ilə bağlı müəmmalar çoxdur.

Yeri gəlmişkən, “Mizan-tərəzi” qəzeti barədə bir neçə mənbədən dəqiqləşdirmə aparsaq da, nə qəzeti, nə də baş redaktoru tanıyan olmadı. Onun adına Mətbuat Şurasının reket jurnalistlərin “qara siyahısı”nda da rast gəlmədik. Öyrəndik ki, heç Mətbuat Şurasında bu qəzet barədə məlumat yoxdur. Qurumun icraçı direktoru Rəhim Hüseynov bildirdi ki, indiyə kimi həmin qəzetdən onlara heç bir şikayət gəlməyib və qəzetin adı “qara siyahı”da da yoxdur. Onun sözlərinə görə, ölkədə çap edilən qəzetlər bir nüsxələrini onlara gətirməli olsalar da, bəziləri buna əməl etmirlər və bu səbəbdən qurum həmin qəzetdən tamamilə xəbərsizdir: “Belə bir qəzetin olub-olmadığı barədə heç bir məlumatımız yoxdur. Fəaliyyəti barədə bir şey deyə bilməyəcəm”.

Musavat.com

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler