DataLife Engine > Köşə > Müasir Azərbaycanın gənclər siyasəti Ümummilli Liderin adı ilə bağlıdır

Müasir Azərbaycanın gənclər siyasəti Ümummilli Liderin adı ilə bağlıdır


12-07-2014, 12:06. Yerləşdirdi: Tural Müasir Azərbaycanın gənclər siyasəti Ümummilli Liderin adı ilə bağlıdır
Ulu öndər Heydər Əliyev gənclərin sosimun inkişafında rolunu artırmaq, paytaxt və regionlarda yaşayan gənclərin ölkə miqyasında cərəyan edən proseslərdə iştirakını və məsuliyyətini yüksəltmək məqsədilə institusional reformalara da start verdi. «Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir» - deyən Ümummilli lider 1994-cü ildə Gənclər və İdman Nazirliyinin əsasını qoydu. Bu siyasi dövlət institutu qısa vaxtda gənclər siyasətinin əsas konturlarını müəyyənləşdirdi və reallaşdırmağa başladı.

Gənclərə etibar edən Ulu öndər onlarla ünsiyyətin tərəfdarı idi və mütəmadi görüşlər keçirməklə, onların düşüncəsini, fikirlərini və təkliflərini öyrənir, müvafiq addımlar atırdı. Elə gənclərlə bu cür ünsiyyətin qurulması üçün ilk dəfə Ümummilli lider Heydər Əliyev 1995-ci ildə gənclərin forumunun keçirilməsi haqqında təklif irəli sürdü və bundan sonra 1996-cı ildən başlayaraq, forumlar təşkil edildi.

Məhz, I Gənclər Forumundan sonra bu sahədə atılan addımların sayı dəfələrlə artdı və 1997-ci ildə imzalanan sərəncamla fevralın 2-i Azərbaycan Gənclər Günü elan edildi. İki il sonra isə keçirilmiş gənclərin II forumu, həmçinin, imzalanmış «Dövlət gənclər siyasəti haqqında», «Bədən tərbiyəsi və idman haqqında», «Gənc istedadlar üçün təqaüdlərin təsis edilməsi haqqında» fərmanlar, sərəncamlar, eyni zamanda, qəbul edilmiş «Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında», «Gənc ailə», «Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hislərinin yüksəldilməsi haqqında», «İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən Dövlət Proqramı», «Ordudan təxris olunmuş gənclərin məşğulluğu», «Gənclər siyasəti haqqında» proqramlar, qanunlar Azərbaycan gəncliyinin inkişafı yolunda çox mühüm faktora çevrildi. Verilmiş qərarlar isə gənclərin intellektual, kreativ və mütəşəkkil qüvvə kimi formalaşmasına, mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərin həllinə, faydalı məşğulluğun təmin edilməsinin imkan yaratdı.

Görülən tədbirlərin nəticəsində sağlam və vətənpərvər ruhda yetişən Azərbaycan gəncləri milli-mənəvi dəyərlərin qorunmasında, elmi, intellektual potensialın reallaşdırılmasında əhəmiyyətli rol oynamağa, dövlət institutlarında təmsil olunmağa başladı, dövlət müstəqilliyinin keşiyində duran vahid qüvvə kimi formalaşdılar. Sözügedən proses çərçivəsində müxtəlif ictimai birliklər yaradaraq, ölkəmizi xarici arenada da təmsil etməyə başlayan gənclərin inkişafı keyfiyyətcə yeni mərhələyə qədəm qoydu.

Prezident İlham Əliyev qərarları ilə Ulu öndərin gənclər siyasətinə sadiqliyini təsdiq edir

2003-cü ildən sonra isə Azərbaycanda gənclər siyasəti daha da şaxələnərək, yeni verilmiş qərarların fonunda mahiyyətcə yeni mərhələyə yüksəldi. «Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram» - deyən Prezident İlham Əliyev qərarları ilə Ulu öndər Heydər Əliyevin gənclər siyasətinə sadiqliyini təsdiq etdi. Məhz, 2005-ci ildə «Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009) təsdiq edilməsi haqqında» imzalanmış sərəncam gənclərə olan dövlət qayğısının davamı idi. «Neft gəlirlərini insan kapitalına» çevirən Prezident İlham Əliyev bu işdə də gənclərin üzərinə böyük məsuliyyət qoydu və «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı»nı təsdiqlədi. Həmçinin, 2007-ci ilin ölkədə «Gənclər ili» elan edilməsilə Prezident İlham Əliyev gənclərin inkişafına nə qədər böyük önəm verdiyini ortaya qoymuş oldu. Hətta, 2011-ci ildə «Azərbaycan gəncliyi 2011-2015-ci illərdə» Dövlət Proqramının qəbul edilməsilə dövlətimizin başçısının «Bugünkü gənc sabah ölkəmizi idarə edəcək» tezisindən doğan gənclərə etimad və münasibətin əyani təzahürü oldu. Bunlarla yanaşı, gənclərin hərtərəfli inkişafı üçün Gənclər Mərkəzinin, Gənclər Fondunun və Gənclər Evinin yaradılması, gənc ailələrin dəstəklənməsi, ipoteka şərtlərinin sadələşdirilməsi və s. gəncliyin daha həvəslə çalışmasına və dövlətçiliyin müdafiəsində fəal iştirakına əlavə stimul verdi.

Eyni zamanda, Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın da gəncələrə xüsusi qayğısı qeyd olunmalıdır. Məhz, birinci xanımın sədrliyilə Bakıda «Gənclərin məşğulluq sammiti»nin keçirilməsi həmin diqqətin əyani isbatıdır.

Təkzibolunmaz faktdır ki, gənclərimizin həm Azərbaycanda, həm də xaricdə dəstəklənməsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın da xüsusi rolu var. Elə «Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı» çoxşaxəli fəaliyyətilə gənclərimizi milli maraqların qorunması məqsədi ətrafında sıx birləşdirir və Azərbaycan haqqında həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırır.

Göründüyü kimi, yürüdülən gənclər siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri cəmiyyətin inkişafında fəal sosial təbəqə kimi demokratikləşmə prosesində fəal iştirak edir, mədəniyyət, incəsənət, iqtisadiyyat və digər sahələrdə nailiyyətlər qazanır, dövlətçiliyin möhkəmləndirilməsi prosesində yaxından iştirak edirlər.

Eyni fikirləri Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının gənclərinə də aid etmək olar. YAP-ın sıralarında yer alan bütün gənclər əsasən, ölkənin ictimai-siyasi həyatında aktiv iştirak edir və sabitliyin, dinamik inkişafın qorunub saxlanılmasında mühüm rol oynayırlar.

Bir sözlə, bu gün hərtərəfli dövlət qayğısı ilə əhatələnmiş Azərbaycan gəncliyi Heydər Əliyev ideyalarına sadiqdir və biz gənclər bundan sonra da dövlətimizin parlaq gələcəyi naminə, Vətənimizin inkişafı üçün böyük səylə çalışacaq, anti-Azərbaycançı şəbəkələrin dəstəyilə ölkədə sabitliyi pozmağa cəhd göstərən radikalların çağırışlarını qətiyyətlə rədd edəcək və arxalandığımız Prezident İlham Əliyevin göstərdiyi etimadı doğruldacağıq
BEYNƏLXALQ HEYDƏR ƏLİYEV DÜSÜNCƏ MƏRKƏZİNİN GƏNCLƏR TƏSKİLATİNİN SƏDRİ NİCAT MUSTAFAYEV
Geri qayıt