DataLife Engine > Köşə > Vicdan əzabı

Vicdan əzabı


20-05-2014, 11:47. Yerləşdirdi: Tural Vicdan əzabı


İnsan övladının ən mənfi cəhətlərindən biri də doğmalarının dəyərini onları itirdikdən sonra bilməsi və dərk etməsidir. Həyatda ikən bir xoş sözlə belə qəlblərini ələ ala bilmədiyimiz insanlar dünyadan köçərkən qəlbimizdə bir boşluq yaradırlar. Elə bir boşluq ki,vicdan əzabıyla dolu! Elə bir boşluq ki, məhz, onların doldura biləcəyi bir boşluq.Belə bir boşluq düşündükcə isə daha dərinliklərdə yeni mulahizə kəşf edirsən.Niyə insanlar bu qədər soyuqlaşıb,bir-birlərindən uzaqlaşırlar? Günü-gündən insanlıq hissini tərk edirlər ? Niyə doğmalarımızın qiymətini vaxtında bilmirik? Bilmirəm ,bu hər yerdə belədi, yoxsa təkcə bizim yaşadığımız məkanda? Məncə hər yerdə belədi. Elə, yazımın ilk ifadəsi də bu məntiqə əsaslanır.Qorxuram illər ötdükcə həmin ifadə bir çoxlarına üçüncü qrupa hazırlaşan abituriyentə Mendeliyev cədvəli ilə bağlı verilən bir sual kimi arzu olunmaz vəziyyət yarada.Məni bağışlayasınız gərək.Amma vəziyyət bunu göstərir.Bir də ölkəmizdə belə bir proses gedir.İnsan dünyasını dəyişdikdən sonra hörmətli və sevilən olur. Guya ki, sağlığında onu sevirmiş kimi, ”arxasınca danışmayın günahdı”, ”rəhmətlik yaxşı insan idi” və buna bənzər başqa sözlər deyirik.Deməklə də sanki, savab iş qazanırıq. Özümüzlə öyünürük. Kimə lazım bu gecikmiş sözlər? Kimə lazım sağlığında qınaq obyekti olub sonra da sevilmək? Kimə? Bəlkə sizə lazımdı??... Nə qədər gec deyil, doğmalarınıza vaxt ayırın,onları əzizləyin.İnanın ki, sonra gec olar.
Səhər telefonuma dayanmadan edilən zənglə oyandım.Yuxulu idim.Zəng vuranın kim olduğuna da baxmayıb yuxulu halda cavab verdim.Əmim oğlu idi. Hal xoş etdikdən sonra rayona getməyimi məsləhət bildi.Səbəbini soruşanda- nənən xəstələnib, dedi. Özüm də bilmədən: “rəhmətə gedib?” deyə soruşdum.Soruşdum, amma yox cavabını gözləyirdim.Təəssüf ki, o, yox demədi, hə dedi. Dedi və dayandı.Bəlkə də o, dayanmamışdı, davam edirdi.Sadəcə, mən eşidə bilmirdim.Elə bil bütün bədənim dondu. Beynimdə cingiltili bir səs sanki bədənimə işgəncə vermək istəyirdi.Gözlərimin yaşı qeyri-iradi olaraq soyuq üzümə yayıldı. İçimdə hislər bir-birləriylə mübarizə aparırdı.O mübarizə ki,əslində kimin qalib və ya məğlub olmasının o an bir əhəmiyyəti yox idi.Həmişə optimist olmağım bu dəfə işə yaramadı.Ölüm qarşısında heç nə işə yaramır, nəyinki mənim hisslərim.
Nənəmin ölümündən çox bədənimə iynə kimi batan əzab məni incidirdi.Vicdan əzabı!
İnstitumuzdan verilən tətillərdə doğma evimizə getmişdim.Hər dəfə gedəndə də anam kəndə getməyimi, nənəmlə-babamla görüşməyimi istəyirdi.-Yaşlı insanlardı, bü gün var, sabah yoxdular.Sağ ikən get görüş, deyirdi, onların da ürəyin şad elə.Bayramdı.Bayramların təbrik elə.və s.nələr, nələr.O nələr ki,indi xatirladıqca əzab cəkirəm.Amma bu o əzabdan deyil.Bu dəfə peşmançılıq əzabı idi.Hərçənd sonrakı peşmançılıq fayda verməz amma....
Əslində, mən də istəyirdim onlarla görüşmək. Niyə də istəməyim.İstəməməyim üçün bir səbəbim də yox idi.Həm də doğma kəndimizi görmək istəyirdim.Nə də olmasa bir ilə yaxın idi kəndimizə getmirdim. Darıxmışdım o yaşıllıqlar,meyvəli bağlar,qoyun quzunun səsi, doğma insanların üzü üçün. Enli arxların sağ, solunda başını yerə əyən nəhəng ağaclar.Amma mənə hələ də maraqlıdı, axı o ağacların meyvəsi yox idi.Amma sərin kölgələri var idi.Xatirimdədi o ağacların kölgəsində oturub ucsuz bucaqsız üfüqə boylanıb, xəyallara dalar,özümü kəşf etməyə cəhd edərdim, sonra da yaşayanlar bilər kənd həyatının fərqliliyini deyə, düşünərdim.
Darıxmışdım və ən çox da nənəmlə babam üçün.Axı nəvələr nənə-babalarını daha çox sevərlər.Nənələrimdən birini lap körpə vaxtımdan itirdiyimdən nənə sevgim məhz kənddəki nənəmə keçmişdi. Darıxmışdım onun məni əzizləməsi, uşaqkən mənə layla deməsi, şirin nağıl danışması üçün .Əslində onlarla görüşmək istəyəndə hər dəfə bir səbəb çıxır və mən onlara baş çəkə bilmirdim.Nə gizlədim sizdən? Içimdən bir hiss “onlar sağ, mən sağ, sonra görüşərəm” deyirdi.
İçimi didib tökən peşmançılıq və vicdan əzabı ilə dolu hisslər isə , sanki qətlimi istəyirdi.
Şəhərdən rayonumuza gedərkən yol boyu fikirləşirdim. Fikirlər isə məni o qədər uzaqlara apardı ki,özümü uşaqlığımdan valideyn, hətta baba olacağım vaxtda tapdım. Uşaqkən daha qayğıkeş, daha mehriban, daha yolagedən idim.Doğmalarımsız özümü düşünə bilmirdim. Onları bir parçam hiss edirdim.Böyüdükcə içimdə bir eqoistlik hissimi yarandı, yoxsa nə? bunu deyə bilmərəm.Amma bunda məni günahkar bilməyin.Çünki, mən çox sarsıntılar aldım.Mənim həyat fəlsəfəm başqa ikən, başqa həyat yaşadım.Mən hələ idealımdakı həyat tərzinə möhtacam.Və bəlkə də nə vaxtsa bu hislər ötüb keçər.Fəlsəfəmin dərinliklərində onu da düşündüm ki, görəsən bəs mən yaşlaşdıqca övladlarım mənə qarşı necə olacaq?
Fikirlərdən ayılanda artıq rayonumuza çatmışdım. On səkkiz ildə bu rayonda keçirdiyim həyatım gözümün önündə bir kitab kimi vərəqlənirdi.Lap uşaqlığımdan-baxçaya,orta məktəbə getdiyim gündən,tələbə kimi rayonumuzu tərk etdiyim vaxta qədər.
Avtomobil sonsuz yolu sürətlə getdikcə içimdəki hislər daha şiddətli, daha güclü olurdu. Kəndimizə yaxınlaşırdım. Bu kənddə də mənim çox xatirələrim olub. O xatirələr ki, heç vaxt silinməyəcək.Kəndimizin girişində salınmış qəbirəstanlıqda qazılmış qəbir yerini və qohumlarımdan bəzilərini görəndə bütün bədənim buza döndü.Heç olmasa sonuncu dəfə üzünü görəydim.Yollar elə bil qəsdimə dayanıb bitmək istəmirdi. Nəhayət, qara kəlağayı bağlanmış qapıdan özümü içəri atarkən gecikdiyimi hiss etdim.Gec idi.Artıq onu (mərhumə nənəmi) tabutda çiyinlərə qaldırdılar. Dizim tutulmuşdu sanki.Hərərkət edə bilmirdim.Nə də bir söz danışa bildim.Bütün ruhum sanki ölmüş, sadəcə cismim sağ idi. Yalnız beynimdə bir söz dolaşaraq, məni məhv edirdi:
“ Onlar sağ,mən sağ.Sonra gedib görüşərəm”

Odur ki, əziz oxucular! Siz də mənim kimi bu cür vicdan əzabı çəkmək istəmirsinizsə, öz doğmalarınıza və əzizlərinizə vaxtında dəyər verin və onların qədrini bilin.

Xəzər Abbasov Xalqinfo.az
Geri qayıt