» » Səni təkidlə bura gətirməsəydim ...

Səni təkidlə bura gətirməsəydim ...

Bölmə: Köşə
Səni təkidlə bura gətirməsəydim ...Ağababa Ibrahimov

Olmuşlardan.

Bazar günü idi. 2007-ci ilin avqust ayının sonuncu bazarı. Həftənin yorğunluğunu canımdan çıxarırdım. Günortaya yaxın xanımım deyinməyə başladı: "A kişi, nə qədər yatmaq olar, uşaqların məktəb ləvazimatlarını almamışıq, bir-iki günə məktəb başlayır, qalx, geyin, gedək bazarlığımızı edək, sonra gəl nə qədər yatırsan, yat". Könülsüz-könülsüz ayağa durub əynimi geyinib, yaxşı, ay arvad, hara deyirsən, gedək, dedim. 

Evdən çıxanda məsləhət belə oldu ki, "AMAY" ticarət mərkəzinə gedək. Elə də etdik. Bazarlıq edə-edə dükanları gəzirdik. Növbəti böyük bir dükana girəndə, ixtiyarsız olaraq, bax gördüyüm səkkiz yaşındakı qız odur, uşaq arabasındakı körpə də yəqin ki, hələ bir yaşı tamam olmamış qardaşıdır. Xatırlayırsan, o vaxt sənə danışanda sən də inanmırdın. Xanımım yenə də təəccüblə bir mənə baxdı, bir də o ailəyə, amma heç nə demədi. Dükanda bir o ailə idi, bir də bizim ailə. Ətrafımıza göz gəzdirəndə dükanın girəcəyində tanışım Səidi gördüm. Salamlaşdıq. Orda nə yaxşı durduğunu soruşdum. O, başı ilə həmin ailəni göstərib, "... ailəsidir bazarlığa gəliblər," dedi.

Daha heç bir şəkk-şübhəm qalmamışdı. Yuxum çin olmuşdu. Həm sevincimdən, həm də təəccübümdən bilmirdim nə edim... Xəyalım məni üç il geriyə apardı. Qızın atasının o zaman təəccüblə dediyi "Sən axı bizim ailəni heç vaxt görməmisən" sözlərini xatırladım. Öz-özümə gülümsəyərək pıçıldadım, "bəli, doğru deyirsən, görməmişəm, amma göstərən göstərib". Həqiqətən də görməmişdim, bu günə qədər. Reallıq isə göz qabağındaydı.

Özümdən qeyri-ixtiyari xəyalən təkrarən geriyə, o illərə döndüm.

...2004-cü ilin yazı bizi xoş xəbərlərlə sevindirmədi. Dostlarımızdan biri dünyasını cavan yaşında dəyişmişdi. Yas yerindən ayrılıb evə gəldim. Kefim yox idi demək də düzgün deyildi, amma heç nəyə həvəsim də yox idi. Ailəmizin xırda-para qayğıları ilə könülsüz məşğul olurdum. Xanımımın suallarına da könülsüz cavab verirdim. Səbrli olduğundan dərinə getmirdi. O günləri rahatsız olurdum, heç televizora da baxa bilmirdim. Bir müddət belə keçdi. Bir axşam evə gəldim. Heç nəyə həvəsim yox idi. Birbaşa yataq otağına keçdim. Yatağıma uzansam da, yuxuya gedə bilmirdim. Bir xeyli yerimdə eşələndim. Səhərə yaxın yuxuya gedə bildim. Nə qədər yatdığımı deyə bilmərəm, amma oyananda düşüncələrim şəffaf idi. Dünənki Ağabbadan əsər-əlamət yox idi. Ruhumda rahatlıq vardı. Yenidən uzansam da yuxuya gedə bilmədim. Düşüb həyətdə gəzişdim, olayları təkrar götür-qoy etdim. Reallıqla yaşadığım arasında qalmışdım. Xanımım oyananda onunla bölüşümmü, yoxsa, ... nə isə, qəti qərar verə də bilmirdim. Beləcə liftlə evə qalxdım. Hamı oyanmışdı. Bazar günü olduğu üçün mənim erkən durmağım evdəkilərin marağına səbəb olmuşdu. Adətən bazar günləri çox yataram. Kimsə sual vermədi. Sakitcə səhər yeməyimizi yedik. Uşqalar otaqlarına keçəndən sonra mən gördüklərimi xanımıma danışdım. O belə hallarımın olduğuna bir növ adət etmişdi deyə bircə sual verdi: 

- Nə etmək istəyirsən?

- Mənə verilən tapşırıqları yerinə yetirəcəyəm. 

Bir qədər pul götürüb evdən çıxdım. Adətən mən iş dalınca tək getməyi sevmədiyimdən, bir-bir dostlarıma zəng etməyə başladım. Nəhayət dostlarımın birinin, necə deyərlər, mənim üçün boş vaxtı oldu. Ondan evlərinin yanına düşməyini xahiş etdim. Yol boyu hadisəni ona da danışdım. O sadəcə məni dinləyib:

- Allah köməyin olsun, qohumların olmayan adamlar üçün bunu edirsən. Özlərinin xəbərləri varmı? 

- Yox, özlərinə deməmişəm, inşallah sonra onlara da danışaram. İndi desəm, fikirləşərlər ki, yaltaqlanıram. Bir də ki, kimin kimlə qohum olduğunu bilmək çətindir. Bəlkə də onlarla bizim neçə yüz il bindan əvvəldən qohumluq əlaqələrimiz var, özümüz xəbərsizik, nə bilmək olar.

Bibiheybət məscidinin yanında maşını saxlayıb,məscidə girmədən birbaşa pilləkənlərlə yuxarı qalxdıq. Pilləkənləri qalxa-qalxa dostuma danışdım ki, bəs bilirsənmi, ilk dəfə mən bura gənc vaxtlarımda, səksəninci illərdə, may ayının gözəl bir günündə, bax, o dağın üstündən enib gəlmişəm. Onda bu yerləri gəzdikcə ruhum sanki öz dağlarımızı gəzirdi, özümü kəndimizdəki kimi hiss edirdim. Buranın belə sərt eniş olduğunu o zaman hiss etməmişdim. O zaman bu məscid də hələ bərpa edilməmişdi.

Qalxdıqca hər ikimiz tövşüyürdük. Dağın döşündəki tikiliyə çatanda dayanıb bir az nəfəsimizi dərdik. Girişə qapı qoyub, qıfıllamışdılar. Günbəzşəkilli tikilinin ətrafına fırlandıq, tikilinin üstünə dırmanıb, bacadan içəriyə baxdıq. Sonra yenidən girişə tərəf gəlib, bir daha içərini gözdən keçirtdik. Mən üzümü ona tutaraq:

- Əgər yaddaşım məni aldatmırsa, burda qəbir olmamalıdır. Bura səhv etmirəmsə ya namazgah, ya da sadəcə, ibadət yeridir.

Dəmir qapının aralıqlarından yerdə nəzir pullar görünürdü- o vədənin yüz manatı, beş yüz manatı, min manatı, qəpiklər və bir dənə də 5 manantlıq ABŞ dolları...

Nə isə, bu ayrı bir mövzudur. Tikilinin ətrafındakı hərəkətlərimiz məscidin adamlarının diqqətini cəlb etməyə bilməzdi. Tezliklə pilləkənlə sürətlə bizə tərəf gələn bir kişini gördük. Hər ikimiz eyni vaxtda "deyəsən bizdən şübhələniblər" dedik və güldük. Təxminən 40 yaşlarında arıq bir kişi bizə yaxınlaşdı. Salamlaşdıq. Biz içəri girmək istədiyimizi bildirdik. O, “icazə almalısınız” dedi. Mən o dövrün bir ədəd on min manatlığını qapı deşiyindən içəri atdım və birini də da ona uzatdım:

-Bu da sənin gedib-gəlmək əziyyətin, xahiş edirəm, açarı gətirin içəriyə girə bilək. Mənim üçün bu çox vacibdir. 

O heç nə demədən pulu alıb cibinə qoydu və eyni cəldliklə pilləkənlərlə aşağı düşdü. Görünür pilləkənlərdən tez-tez istifadə edir. Bir azdan yanında başqa bir işçi ilə yuxarı qalxdılar. Əvvəlcə qapını açıb, orda olan pulları torbaya yığdılar, torbanın ağzını bağlayıb möhürlədilər, sonra isə bizə içəri girməyə icazə verdilər. Biz içəri girdik. Həqiqətən də burda qəbir yoxdu. Onlara niyyətimizi bildirib, qəbrin yerini soruşduq. Qəbrin aşağıda məscidin zirzəmisində olduğunu dedilər. Birlikdə aşağı düşdük. Mən qəbri görməkdə israrlı olduğumu bildirdim. Bura məhz qəbri ziyarət etmək üçün gəldiyimizi dedim. Onlar içəri keçib kiminləsə məsləhətləşəndən sonra bizə yaxınlaşıb, açarın məscidin mollasında olduğunu, həmin gün də bazar günü olduğundan mollanın işdə olamdığını dedilər. Kefim pozulsa da, heç nə demədim. İçəri keçib ibadət daşları olan otaqda əyləşdik. Dincimizi alandan sonra dostuma dedim: 

- Əgər qəbir zirzəmidədirsə, gəl məscidin başına fırlanaq, mənim məqsədim qurban kəsdirməkdir, pulu məscidin başına fırlayıb, gedib qurbanlığı alıb kəsdirib paylatmalıyam, mənə verilən tapşırıq budur. Eəl də etdim. Məscidə bxanlar nədən söhbət getdiyini bilmədiklərindən, sadəcə olaraq bizi izləyirdilər. Geri qayıdanda qardaşım Azadı arayıb pulu ona verdim. Xahiş etdim ki, bu pula bir yaxşı iki illik toğlu alsın. Vəziyyəti ona anladıb tapşırdım ki, bu qurbanlıq ətindən nəbada nə özü, nə də qohum-əqrabamızdan kimsə yeməsin. Bunu ona təkrar-təkrar tapşırandan sonra ayrıldıq. 

Evə gəldim. Özümü çox rahat hiss edirdim. Üstümdən sanki nəhəng bir dağ götürülmüşdü.

Günlər bir-birini əvəz edirdi. Qohumlarımdan biri o ailə ilə işləyirdi. Onun yanına, iş yerinə getmişdim. Söhbət bu ailədən düşdü. Mən daha onlar üçün heç bir qorxunun olmadığını dedim və hər şeyi olduğu kimi ona danışdım. O bir az kinayə ilə gülümsəyərək danışdıqlarımın bəzi məqamlarının səhv olduğunu bildirdi. Mən incimədim, sadəcə dedim ki, axı mən onlardan nəsə istəməyə gəlməmişəm, sadəcə söhbət düşdü deyə, danışdım. Qohumum çox ağıllı adamdır, birdən sanki yuxudan ayılan kimi oldu. Məndən hadisəni təkrar ona nağıl etməyimi xahiş elədi. Mən yuxuda gördüklərimi ona danışandan sonra o bildirdi ki, mənə inanır, amma həmin adamın oğlu yoxdur, qızının əlamətləri də düz gəlmir. Birincisi qızın üzündə xala bənzər qızılı ləkələr yoxdur, ikincisi isə qızın beş yaşı var. Mən yenə də sakitcə dedim ki, mən yuxuda gördüyümü deyirəm. O bu söhbəti onun özünə danışmağımı məsləhət bildi. Oturub çay içirdik. Bu dəmdə onun gəldiyini xəbər verdilər. Mən yuxarı çıxıb, onunla görüşdüm, hal-əhvallaşdıq, işlə bağlı müəyyən söhbətlərimiz bitəndən sonra mən yuxumu və yuxu ilə bağlı etdiklərimi ona danışdım. Həm də bildirdim ki, mən uşağın üzündə xala bənzər qızılı ləkələr görmüşdüm, amma qohumum deyir ki, onun üzündə xal yoxdur. Əvvəldən axıradək söhbətimi xüsusi maraqla dinləyən dostum, bu yerdə təəccübünü gizlədə bilmədi.

-Mənim ailəm heç vaxt Bakıda olmayıb, sən onları necə görə bilərsən? Mənim bir qızım var. İkincisi də həqiqətən bu yay qızımın üzündə gün vurması nəticəsində qızılı ləkələr yaranıb. Bunları sən hardan bilirsən? 

- Mən yuxuda gördüyümü sizə danışdım. Səkkiz yaşında bir qız, uşaq arabasında bir yaşın içində bir oğlan. Sizə danışmağımdan əsas məqsədim isə ailənizin TANRI tərəfindən hifz olunduğunu sizə bildirməkdir. 

- Qurbanı kəsdin. 

- Hə, qardaşım kəsdirib, mənə deyilən və mənim ona dediyim qaydada paylayıb. O sakitcə mənə təşəkkürünü bildirsə də, söhbətin onu tutduğu aydın hiss olunurdu. Mən sağollaşıb ondan ayrıldım. Küçədə gedə-gedə bir daha o günü xəyalımdan keçirib gülümsədim. Kefim həqiqətən əla idi, axı TANRI elçisini hər adam görə bilmir...

"Kənd evi. Günortadır. Həyətdə palaz sərili. Hər yer təmiz, səliqəli. Palazın üstündə süfrə açılıb, ətrafında mütəkkələr, döşəkçələr. Həyətdə iki ailədən qadınlar və çoxlu uşaq var. Qadınlar qədimlərdə olduğu kimi büzməli tuman geyiniblər. Bir qismi ayaq üstə söhbət edir, bir qismi palazın üstə döşəkçədə oturub yastıqlara söykəniblər. Darvazadan içəri girəndə sağ tərəfdə samovar qaynayır. Hava işıqlı olsa da Günəş işığından çox ağ işığa bənzər parlaqlıq var. Həyətin sol tərəfində səkkiz yaşında sarışın, uzun saçlı qız uşağı, onun yanında uşaq arabasında körpə oğlan uşağı. Qızın üzündə qızılı rəngdə xalabənzər qızılı çillər. Hamıda bir rahatçılıq var"...

İlahi varlıq bunları mənə göstərəndən sonra, tapşırıqlarını verməyə başlayır.

"Gedib Bibiheybət məscidində o qəbri ziyarət edərsən". Mən başımı tərpətməklə “hə” deyirəm. O iki qardaşa qada qurbanı kəsdirərsən. Mən yenə başımı tərpədib “hə” deyirəm. O qurbanlıqdan özün yeməzsən. Razılaşıram. Qohum-əqrabanızdan da kimsə o ətdən yeməsin. Yenə razılaşıram". ...

Bu zaman yuxudan ayıldım. Gözlərim ilk olaraq Tanrının göndərdiyi ilahi varlığı axtardı, amma görə bilmədim. Tərin içindəydim. Amma sakit idim, yorğunluğum, əzginliyim da keçmişdi. Məndən başqa hamı şirin yuxudaydı. Uzansam da daha yuxuya gedə bilmədim...

... Xanımım təəccüblə bir onlara, bir mənə baxıb, özünəməxsus sakitliklə dedi, "Əgər səni mən təkidlə evdən çıxardıb bura gətirməsəydim, deyərdim ki, hamısını quraşdırıbsan”.

Belləcə bu hadisədən düz üç il sonra başqalarının nağıl kimi qəbul elədikləri gördüyüm yuxum həm doğru oldu, həm də Tanrım onu real həyatda qarşıma çıxartdı... 

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler