» » Hardan-hara... -

Hardan-hara... - Hekayə

Bölmə: Köşə
Hardan-hara...  -
Ağababa İbrahimov

"Həkimlərin səhvindən dünyasını dəyişmiş soydaşlarımıza rəhmət diləyirəm".

Təyinatımı Azərbaycanın cənub bölgəsinə, gözəl Astaramıza almışdım. Əmrimi alan günü də yola düşdük. Köhnə-təzə tanışlarımı axtardım, aradım... deməyəsən kifayət qədər çənublu dostlarım varmış. Astaraya işləməyə getməyimi kimsəyə bildirmədim. Düşündüm ki, xəbər tutduqca könlü istəyən məni arayacaqdır. Günlər keçir, bəziləri zəng edir, bəziləri Astarada yaşayan qohumlarını mənim yanıma göndərirdilər.

İşə başlayandan bir-iki ay sonra Astaraya gələn qohumum Vəli özünün biznes ortağı olan Arif adlı astaralı bir iş adamı ilə məni tanış etdi. Yaxşı adamdır, səmimidir, dostları üçün əlindən gələni əsirgəməz.

Tez-tez Arifin ofisinə gedərdim, bəzən məsləhət üçün, bəzən sadəcə samovar çayı içməyə. Ora gələnlərin çoxu yerlilər olardı, məndən başqa. Ona görə də ofis sahibi hər dəfə məni təzə gələnlərə təqdim edərdi. Sual verməz, təzə tanışlarımın kimliklərini soruşmazdım, bir sözlə artıq maraq nümayiş etdirməz, hadisələrin sonrakı gedişatlarını zamana buraxardım. Amma mənimlə tanış etmək istədiyi bu dəfəki adamın adını bilməsəm də bir neçə gün öncə sırf təsadüfdən epizodik tanış olmuşdum. İkinci dəfə onun dostunun, dəqiq deyə bilmərəm, bəlkə də qohumunun ofisində məni gördüyü üçün mənimlə bir az səmimi görüşdü. Tanış olduq, adı Nadir idi. İlk baxışdan soyuq adam təsiri bağışlasa da, söhbətcil kişi imiş. Adını eşidən kimi yadıma hərbçi dostum Şaiqlə telefon danışığım düşdü. Astaraya gəlişımdən xəbər tutan kimi o mənə zəng edib təbrik edəndən sonra bildirdi ki, yaxın vaxtlarda gəlib məni Nadir adlı qudası ilə tanış edəcək. Qismətdən o gələnədək onun qudası ilə tanış olmuşdum. Bu o olmalıydı. Zəndimi dəqiqləşdirmək üçün Şaiqi soruşdum. Qudamdır, dedi.
Adətən Arifin yanında müxtəlif peşə sahibləri olardı. Amma keçmiş polis zabiti, hal-hazırda istefada olan İlyas adlı bir nəfəri orda tez-tez görərdim. Möhkəm dostdurlar. Mənə hörmətlə yanaşar, çətinliklərim olanda dəstək olardı. Təmkinli, səbirli və sadə kişidir. Bölgənin psixologiyasını gözəl bilir, vəzifədə olanları, vaxtilə vəzifədə olmuş, hal-hazırda da nüfuz sahibi olan insanları yaxşı tanıyır. O da çox təmənnasız insandır.

Məclislərdəki bir neçə dəfəki söhbətlərimizdən sonra Nadirlə səmimi münasibətlər yaranırdı. Qudası ilə dost olduğumu biləndən sonra isə həmişə mənimlə qəlb sohbətləri edərdi. Bəzən söhbətimiz çox uzun çəkərdi. Onun həyatında baş vermiş və indi də davam etməkdə olan maraqlı və dramatik hadisələr bəlkə də bir neçə insanın həyatındakı hadisələrdən qat-qat çoxdur. Təmənnasız insandır, şöhrət xatirinə nəsə etməz. O da bizneslə məşğuldur.

Bir gün Arif, İlyas, Mübariz, Nadir və mən çay içə-içə aranı dağa, dağı arana aparıb-gətirir, deyib-gülürdük. Mübariz hakimdir. Hakim olsa da sadəliyinə, səmimiyyətinə görə ona hörmətlə yanaşırdım. O olanda məclis daha da maraqlı keçirdi. Sözsüz ki, ondan və İlyasdan hüquqi məsləhətlərimizi də almaq fürsətindən bol-bol yararlanardıq. İnsafən o hətta yorğun olsa belə suallarımızı səbrlə, ətraflı cavablandırırdı. Hərdən zarafatla, ay Mübariz, vallah sən heç hakimə oxşamırsan, hakimlər özlərini elə dartırlar ki, sanki Allahdırlar, deyərdim. O isə özünəməxsus tərzdə gülümsəyər, bir növ mən də beləyəm də, deyərdi.

Azan vaxtı gələndə, o biri tərəfdən səsgücləndirici ilə azan verməyə başladılar. Səs çox yüksək idi, deyim ki, heç toylarda belə səsgücləndiricilərdən istifadə etmirlər. Azan səsi sərhəddən neçə kilometrlərlə içərilərdə eşidilir. Kimsə gileylənməyə başladı. "Ay canım, belə hündürdən də azan verərlər? İndi hamının telefonunda azan vaxtları qeyd olunub, namaz qılan namazını vaxtında qılacaq, day bu həngamə kimə gərəkdir? Evlərdə körpə uşaq, xəstə var belə də olmaz axı". Hamı münasibətini bildirməyə başladı. Mən zarafata saldım, yəqin onlar özlərini bizdən yaxşı müsəlman sayırlar, ona görədir, dedim. Yenə də hərə bir fikir söyləyəndən sonra əvvəlki dövrləri yada salmağa başladıq. Söhbətin bu yerində o mənə adımla müraciət edərək öz həyat tarixçəsindən birini danışmağa başladı...

Ağabba, mən yeyib-içən kişiyəm. Cavanlığım da belə keçib. Rayonumuzun xeyir-şərinə həmişə yaramışam, camaatımıza gücüm çatan yardımları etmişəm, əl tutmuşam, amma bunları şöhrət üçün etməmişəm. Allaha inananam, amma bu namaz-filan mənlik deyil.

Bu azan o dövrdə başıma gəlmiş hadisələri yadıma saldı. Gənc idim, sovetlərin dağılan vaxtıydı, laçın bir gənc, altımda 06 jiquli, sözümün dalı da kəsirdi, qabağı da. Yaxşı da pul qazanırdım. Düzdür orta təhsilliyəm, amma tale həmişə üzümə gülüb, bəxtimdən hansı işə girişmişəm, ürəyim istəyən qədər qazanc əldə edə bilmişəm. Dünya vecimə olmayıb. Hərdən uğurlarımın səbəbini cəsarətli olmağımda görürəm. Sovetlərin vaxtında hüquq-mühafizə orqanları illə münasibətim əlaydı. Nadirin yaşının əllini keçməsinə baxmayaraq üzdən indi də cavan və gümrah görünür. Çay süfrəsində söhbətimizin bu mövzuya necə gəlib çıxdığını deyə bilmərəm, amma söhbətimiz çox səmimi ruhda davam etməyə başladı.

Yeyib-içməyimdən də qalmırdım. Hər gün evə gecə saat 2-3-də qayıdardım. Bu vecsiz həyat tərzim məndən qisasını almağa başladı. Bədənimdə ağrılar əmələ gəlmişdi. İlk vaxtlar əhəmiyyət verməsəm də ağrılarım getdikcə daha da dözülməz olurdu. Məcbur qalıb həkimlərə müraciət etməli oldum. Rayon həkimləri bir neçə ay məni müalicə demək mümkünsə, müalicə etməyə cəhd eləsələr də nəticəsiz oldu. Qohumlarımın təkidi ilə Bakıya getməli oldum. Pul çətinliyim yoxdu, aylarla Bakıda qala bilərdim. Rayonumuzdan olan və "dağ boyda ad-san" çıxarmış yerlimizin birinin yanına getdim, məni müalicə etməsini xahiş etdim. O bir neçə gün analizlərimi yoxlayandan sonra mənə "diaqnoz" qoydu. Hə, hörmətini də artıqlaması ilə eləmişdim. O mənə nə desə yaxşıdır?

Bu yerdə mən onun bir növ sualına cavab verirmiş kimi, həm də görünüşündən sağlam təsiri bağışladığı üçün cəsarətlə dedim:

Nə deməliydi ki, yəqin deyib heç nəyin yoxdur.

O yüngülcə təbəssüm nümayiş etdirsə də üzündə o dövrün acılarının təzahürünü sezdim. Başını bulayaraq və o həkimi öz ləhcəsində yamsılayaraq mənə baxa-baxa həkimsayağı dedi: "Görürəm yaxşı uğlansan, pulun da var, daha bizlik bir iş yoxdur. Qayıt rayona, ürəyin istəyənlərdən doyunca ye-iç, kef elə".

Mənim təəccüblə ona baxdığımı görüb ciddiləşdi. Hə də, elə bil insan həyatı deyil, belə də, sıradan bir söhbət edirmiş kimi həkim üzümə baxa- baxa təkrarladı: "Uzağı səkkiz ay ömrün qalıb, get pulun da var, ye, iç, kef elə.

Çaşıb qalmışdım, necə yəni səkkiz ay ömrüm qalıb, bu nə danışır? Həkim isə gic-gic danışırdı, belə ye, belə iç, amma qəbirsanlığa yaxın ol, daha nə bilim nə...

"Həkim" (həkim ha, deməyəsən insanlıqda bunun yeri yoxmuş, adamın da üzünə öləcəksən deməzlər axı) də ki, respublika ilə bir "ad" "qazanmışdı" deyə nəsə soruşmağa cəsarət eləmədim.

Xəstəxanadan çıxdıq. Qardaşım da mənimlə idi. Həkimin sözləri onu da yaman sarsıtmışdı, rəngi- ruhu elə vəziyyətdə idi ki, mən özümü unudub, ürəyimdə kaş qardaşıma heç nə olmayaydı, deyərək üzümdə nikbin əhval yaratmağa cəhd edə-edə, "Əşşi, nə olar-olar, səhərdən acam, gedək bir az nahar edək" deyib, ərklə qardaşımın qoluna girdim. Yemək nədi, boğazımızdan su da keçmədi. Axtarıb, arayıb daha bir "adlı-sanlı" yerlimiz olan həkim tapdıq. Bizi xoş-beşlə qarşıladı, o birisindən fərqli olaraq, hansı kənddən, kimlərdən olduğumuzu soruşdu. Mən dedim ki, həkim astaralıyam, imkanımız da yaxşıdır, ağrılarım var, xahiş edirəm, bax gör məni müalicə edə bilərsinizmi ?

Analizlərin nəticələrini ona verdim. Həkim baxandan sonra zəndlə mənə baxdı, baxışlarından xəstə olub-olmadığımı yox, həqiqətən imkanımızın olub-olmadığını dəqiqləşdimək istədiyini anladım. Sakitcə cibimdən biq dəstə 100 dollarlıqları çıxardıb onun stolunun üstünə atdım və həkim, əgər mənim müalicəm varsa, elə, yoxdursa bu pullar da halalın olsun, mən çıxıb gedim.

Həkim cəld dollarları stolunun siyirməsinə qoyub, əlbəttə var, on günə, uzağı 15 günə səni müalicə edəcəyəm, olacaqsan anadangəlmə, dedi.

Mənim bəlalarım bundan sonra başladı. Yenidən analizlər verdim. Əvvəlki analizlərimlə müqayisə edəndə burda qiymətlərin iki-üç dəfə baha olduğunun fərqinə vardım. Daha doğrusu qardaşım gizlincə mənə deyəndə, mən dedim ki, bəlkə bunlar daha dəqiq analizlər aparırlar, ona görədir. Sağalmaq ümidi və həkimin xətrinə dəyməsin deyə susduq.

Nadir çayından bir qurtum içib söhbətinə davam elədi. O dövrdə hələm-hələm adamlarda o qədər pul yox idi. Mən isə işimi qurmuşdum, yetərincə qazancım olurdu. Narkotiklərdən uzağam, onunla qazanılan pul haram pullardır, indiyədək kimsəni xoşbəxt etməyib. Mən sadə yolla, özü də halal pul qazanırdım, kimsə də bilmirdi ki, necə qazanıram. Nə isə... bu başqa bir söhbətinmövzusudur. Hə nə başını ağrıdım, xəstəxanada mənə qulluq edənlərin hamısına artıqlaması ilə hörmət edirdim. Dərmanlara gündə beş yüz dollar, elə gün olurdu ki, min dollar pul verirdim, ... qızıl iynələr, qızıl tozu, gümüş tozu tərkibli iynə-dərmanlar aldırırdı mənim bu "savadlı" yerlim. Qısası günə ən azı o dövrün bizim pulumuzla beş-altı milyon manat pulum gedirdi.

Bir neçə gündən sonra ağrılarım azalmaq əvəzinə daha da artmağa , bədənimin müxtəlif yerlərində şişlər əmələ gəlməyə başladı. Qardaşım evli idi, işini də atmışdı. Bakıdan bazarlıq edib ailəsinə göndərirdi. Gecə-gündüz başıma dolanır, hərdən ağladığını da duyurdum. Mən özümü nə qədər nikbin aparsam da onun üzündəki kərəd dəyişmirdi.

Hər gün analizlər verirdim. Növbəti dəfə analiz verəndə, analizlərə baxan kişi həkim sərt ifadələrlə məni acıladı: " Cavan oğlan, sən bizi bezdirdin axı, nə qədər analiz vermək olar? Görürsən ki heç bir dəyişiklik yoxdur"!

Mən sakit və soyuqqanlı halda dedim ki, elə mən də onu bilmək istəyirəm. Bu qədər bahalı iynə-dərman aldırırsınız, bilmək istəyirəm görüm müalicənin xeyri olacaq, yoxsa, yox? Bir də ki, sən niyə narahat olursan, hər dəfə analiz verəndə sənin hörmətini edirəm.

Bunu deyib, cibimdən bir yüz dollarlıq çıxarıb ona uzatdım: "Əgər azdırsa, bunu da al, mənim analizlərim haqqında düzünü de, müalicəmdə irəlilləyiş olacaq, yoxsa yox?

Həkim vicdanli adam imiş, üzündəki kobudluq yox oldu. Pulu qəbul etmədi, əlimi geri itələdi. Mənə oturmağı təklif etdi. Mən əyləşdim, o isə üzümə baxa-baxa fikrə getmişdi, tərəddüddə idi. Görünür ciddi qərar qəbul etməyə çalışırdı. Birdən o cəld ayağa qalxıb qapıya tərəf getdi. Qapını açıb dəhlizə baxdı, kimsənin olmadığına əmin olandan sonra geri qayıdıb qapını kip örtdü və üzünü mənə tutub əmr edirmiş kimi, nə qədər sağsan çıx qaç bu xəstəxanadan!, dedi.

Eşitdiklərim məni çaşdırmışdı. Nə baş verdiyini anlamağa çalışırdım. Mən də onun kimi dəhlizə çıxdım, dəhlizdə kimsə yox idi. Geri qayıdıb, hara qaçım, niyə qaçım?, deyə soruşdum.

Həkim daha da sərt bir tonla, "Hara qaçırsan-qaç, amma burda qalası olsan, onlar səni sağ buraxmayacaqlar. Burdan sənin meyidin çıxacaq. Burda aparılan müalicə sənin xəstəliyini sağaltmayacaq"

Eşitdiklərimdən bütün bədənim keyləşmişdi. Bu nə danışır, necə yəni, ..., belə çıxır ki, bir aydır mənə mənasız yerə bu qədər iynə vurublar? İxtiyarsız deşik-deşik olmuş qollarıma baxdım.

"Əgər həkim bilsə ki, bunları mən sizə demişəm, məni işdən qovacaq, amma mən də insanam, gəncsən, gözüm görə-görə sənin ölümünə biganə baxa bilmərəm. Adamlarını çağır, bir bəhanə ilə xəstəxanadan çıx".

Sual dolu baxışlarımı həkimin üzünə zilləmişdim. İlk dəfə idi ki, gücsüzlüyümü tam gücü ilə hiss edirdim.

O soyumuş çayından bir qurtum alıb söhbətinə davam eləməyə başladı.

Ağabba, ciddi sözümdür, zəif adam deyildim, məni bu hala salan "yerilm", "məşhur həkimin" xəyanəti idi.

O isə əmr edirmiş kimi deyirdi: "Həkim sənin pulunu görüb, müalicə adı ilə pulların qurtaranadək sənin qanını soracaq, yazıqsan qaç burdan".

Onun nə dediyinin daha fərqinə varmadım.
Aldanmışdım, aldadılmışdım, yerli bilib pənah gətirdiyim tərəfindən alçaqcasına aldadılmışdım. Əlimdəki yüz dollarlığı onun stolunun üstünə qoyub palatama qayıtdım. Özümü təhqir olunmuş kimi hiss edirdim.

Yormayım sizi, xəstəxanadan çıxmazdan öncə gedib onu tapdım. Məndən niyə getdiyimi soruşanda daha özümü saxlaya bilmədim, qışqıra -qışqıra onun üstünə tərəf yeriyərək: " Hələ utanmırsan soruşursan da. Sənə həkim deyənin atasına ..."

Qardaşım qolumdan tutub məni güclə otaqdan bayıra çıxartdı.

Qardaş, ona söz deməyimizin mənası yoxdur, qanını qaraltma, lənət olsun, gəl gedək, insan olsaydı elə etməzdi.

Beləcə xəstəxananı tərk edib, yenidən rayona qayıtdıq. Xəstəliyimin sorağı Astaraya yayılmışdı. Həkimlikdən başı çıxan-çıxmayan yanıma gəlir, məsləhətlərini verirdilər. Aillə yas içində, dost-tanışlar qəmgin, mən də ki, çarəsiz. Rayonda nə qədər həkim vardı-diplomlu, diplomsuz, hamısı ilə məsləhətləşirdik. Nəhayət müharibə dövründə feldşer işləmiş bir təqaüdçü mənə Türkmənistanda bir rayon adını verdi, düzdür, rayonun adı indi yadımdan çıxıb, o rayonun qumunun müalicə əhəmiyyətindən danışdı və mənə məsləhət gördü ki, gedib o quma girim, yəni dedi ki, dərin bir çala qazıb məni sinəmədək bir həftə hər gün o quma basdırsalar, sağala bilərəm.

Ölmək-ölməkdir, day xırıldamaq nə deməkdir, deyib bu həkimin məsləhəti ilə Türkmənistana, sehrli qumdan kömək diləmək ümidi ilə yola hazırlaşmağa başladım. Bir də ki, bu kişi məndən o Bakıdakı yerlilərim kimi pul istəmirdi, gedib-gəlməyim də elə bir məsrəf tutmurdu. Mən Türkmənistana getməyəhazırlaşanda maraqlandım, dedilər orda orta aylıq əməkhaqqı yeddi-on dollar idi, həm də ucuzluqdu.

Hazırlıqlarım bir neçə gün çəkdi. Maşının bardaçok deyilən sandığını pulla doldurdum. Soyuducusuna da qara ikra doldurdum, maşınımın arxasını isə əlimə keçən və ürəyim istədiyi ərzaqlarla, içkilərlə doldurub Bakıya işlərimin dalınca getmək adı ilə evdən çıxdım. Bərə ilə Xəzərin o tayına keçdim. Ağabba nə başını ağrıdım, kimsədən qorxum yox, Tanrım deyib gedirəm, sağalmağa ümidim olmasa da rayon həkiminin məsləhətilə quma düşməyə gedirəm. İlk dəfə idi Türkmənistana gedirdim. Ümumiyyətlə Azərbaycandan kənara çıxmamışdım, maşınım Rusiya nömrəsilə olsa da heç Rusiyada da olmaşışdım. 06 qırmızı rəngli jiquli, cavan adam, tanımadığım yerlər, yolu tutub qumsal yerlərdən keçərək Aşxabada doğru gedirdim. Orda milisdə (polis) Rauf adlı bir yerlimiz işləyirdi, ona ümid edirdim. Bura gələndə ona çox hörmətlər etmişdim. Münasibətimiz yaxşı olduğundan mənə kömək edəcəyindən əmin idim. Hava çox isti idi. Böyrümə beş-altı pivə qoymuşdum, suzadıqca içirdim. Gnorta idi, Aşxabada çathaçatda yolun sağ tərəfində böyük məscid tikintisi uzaqdan diqqətimi çəkdi. Ora çatanda maşınımı saxlayıb məscid tikənlərə yaxınlaşdım, böyüklərini soruşdum. Tikintiyə nəzarət edən adamı mənə göstərdilər. Yaxınlaşdım, rusca xoşbeş-onbeşdən sonra məramımı bildirdim, dedim ki, tikintiyə mən də kömək etmək istəyirəm. Mənə diqqətlə qulaq asandan sonra mənim bu xoş niyyətimdən razı qaldığını dilə gətirib bir neçə dəfə mənə təşəkkür elədi və onun kimsədən nəsə qəbul etməyə ixtiyarı olmadığını bildirəndən sonra dedi ki,əgər kömək etmək istəyirsə, gərək beş-altı kilometr geri qayıdam, sonra sağa dönəm, orada bir aul (kənd) var, aulda Şıxı əkəni tapıb ianəmi ona verə bilərəm. Tikintinin böyüyü Şıxı əkədir.

Başlamışdım, işimi axıra çatdırmalıydım, bu mənim xasiyyətimdir, işimi yarımçıq qoymağı sevmirəm. Yol bir yandan, isti bir yandan, xəstəliyim də bir yandan məni halsız eləmişdi. Elə düşünmə ha, xəstə olduğuma görə, yaxud Tanrıdan imdad üçün edirdim. Yox, mən belə işlərdən uzağam, sadəcə orda iki yüzə qədər insanın yayın istisində, qızmar Günəş altında necə həvəslə işlədiyini görəndə mən də öz tərəfimdən yardım etmək istədim. Bir də ki, bu heç də mənim birinci yardımım deyildi. Hətta rayonumuzda tanışlarım ev tikəndə belə onlara da müxtəlim köməklər etmişəm.

Nə qədər yorğun olsam da geri qayıtmaq qərarına gəldim, türkmən qardaşımın dediyi kimi etdim, aula girəndə bir evin ətrafında çoxlu maşın olduğunu görüb, yəqin buradır deyərək maşını bir kənarda saxladım. Bir gənc samovardan çay süzərək evə daxil oldu. Başımı uzadıb içəriyə baxdım. Təxminən iyrmiyə yaxın yaşlı kişilər səliqə ilə iki tərəfdən bardaş qurub oturmuşdular, hamısının da başında qaragül dərisindən iri türkmən papağı. Başda isə bir nəfər əyləşmişdi ki, hamı ona müraciət edirdi. Öz-özümə düşündüm: yəqin Sıxı əkə budur.

Gənc məni diqqətlə süzüb, rusca kim olduğumu soruşdu. Mən Şıxı əkə ilə görüşmək istədiyimi bildirdim. O isə Şıxı əkənin ağsaqqalları dinlədiyini bildirib, gözləməyimi xahiş etdi. Qızmar günəş altında nə qədər gözləmək olardı axı, kölgələnməyə bir ağac da yoxdu. Mən heç vaxt heç kimin qapısında gözləməmişəm, sovetlərin vaxtında mənim üzümə bütün qapılar açıq olub. Hətta məhkəmə gedəndə belə zala girib sözümü demişəm. Gənc növbəti dəfə içəri çay aparanda, ona qapını örtməyə imkan vermədim, bu dəfə içəri girib qapının ağzında dayanıb Şıxı əkəyə tərəf boylandım. Onun iti baxışları vardı. Çay gətirənlə türkmən dilində nəsə danışanadan sonra əli ilə məni içəri dəvət elədi. Mən irəli keçib salam verdim, sonra isə kənardan bir yer seçib onlar kimi bardaş qurub əyləşdim. Şıxı əkə işlərini qurtarandan sonra onlarla sağollaşıb məni yanına çağırdı. Mən ona lap yaxın oturandan sonra o diqqətlə məni süzüb ciddi görkəmlə rusca mənə müraciət etdi:

Buyur eşidirəm səni. De görüm sən kimsən?

Mən özümü təqdim etdim, bura gəlməyimin səbəbini dedim. O kimisə çağırıb hansısa dəftəri gətirməyini tağşırdı. O sakit səslə danışsa da tapşırıqlarını "baş üstə" ilə və cəld yerinə yetirirdilər. Həmin adam yekə bir dəftər gətirdi, zarafat etmirəm, bəlkə də dəftərin uzunluğu bir metr, eni əlli-altmış santimetr olardı. Sonradan öyrəndim ki, Türkmənistanda belə dəftərlər çoxdur, hamısı da nəsildən nəsilə ötürülür. Yəni gələcə nəsillər əcdadlarının xeyirxah işlərini bu kitablardan öyrənirlər.

Dəftərin yarısından çoxu yazılı idi. Məndən ad-familyamı soruşub həmin o xeyriyyə dəftərinə yazdı. Mən bir yüzdollarlıq çıxardıb yazana uzatdım. O "nə qədər" soruşanda mən "hamısını" deyə cavab verdim. Bunu eşidən Şıxı əkənin yenidən zəndlə mənə baxdığını hiss edirdim. O qarşısındakı çaydan bir qurtum içib məni yenidən sorğu-suala tutdu:

Yaxşı, baxıram çox gəncsən, de görüm xəstəliyin nədir? Belə çətin bir zamanda kimə ümid edib buralara gəlmisən? Heç olmasa Türkmənistanda tanıdığın kimsə varmı?

Hə, Aşxabadda bir nəfər yerlimiz milisdə işləyir, onunla yaxşı münasibətim var, onu tapaçağam, xahiş edəcəyəm mənə kömək eləsin.

Adı nədir?

Rauf, milis zabitidir.
O yenə də kimisə çağırdı, göstəriş verdi ki, Aslanbəyə zəng edib soruşsunlar ki, belə bir adam var, yoxsa yox?

Bu Şıxı da söz sahibiydi ha. Tapşırıqları da qeyd-şərtsiz və cəld yerinə yetirilirdi. Onu gizlincə diqqətlə süzdüm. Öz-özümə, yəqin kəndin ağsaqqalıdır, deyə düşündüm. Sakit adam idi. Geyimi də sadə. Bir azdan ona məruzə elədilər ki, bəs mən deyən adam həqiqətən Türkmənistan Daxili İşlər Nazirliyində işləyir və Aslanbəyin də rəisidir. Şıxı kişi aynen əvvəlki tərzdədedi ki, lap yaxşı, Aslanbəyə deyin onu da götürsün, acmışam axşam yeməyinə evə gəlsinlər.

Mən bir az təəccüblə ona yenidən nəzər saldım. Bu dəfə, yəqin burda ağsaqqallara xüsusi hörmət vardır, deyə düşündüm. Onun sərt və ciddi səsi məni diksindirdi.

Cavan oğlan, bəlkə sənin müalicənlə mən özüm məşğul olam. Bir-iki saat vaxtımız var, bir də ki, ...müalicə alandan sonra istəsən gedib o quma da düşərsən.

Sonuncu cümləni deyib yüngülcə gülümsədi, məndən cavab gözləmədən auldan bayıra çıxdı. Mən də onun dalınca çıxdım.

Sənin maşınındır?

Bəli.

Onda gəl sənin maşınınla gedək.
Maşına əyləşdik, şəhərə çatanadək heç birimiz danışmadıq. O yorğunluqdan mürgüləyirdi, mən isə müalicəmin necə olacağı haqda düşünür, Şıxı kişinin məni necə müalicə elətdirəcəyini heç cür ağlıma yerləşdirə bilmirdim. Kənd adamı, təzəcə tanış olmuşuq, mənim kim olduğumu da əməlli-başlı bilmir.

Şəhərin girəcəyində iki yol polisi dayanmışdı. Onlara çatanda fitləyib mənim maşınımı durdurdular. Maşını saxladım, mühərriki söndürdüm və yerə düşdüm. Onlar mənə yox maşına tərəf getdilər. Maşının başına dolana-dolana rusca suallar verməyə başladılar.

Hardansan, kimsən, hardan gəlib , hara gedirsən, niyə nömrən rus nömrəsidir? Diskləri hardan almısan, milliyyətin nədir...?

Mən sakit-sakit onların suallarını cavablandırırdım. Zabit əyilib maşının içinə baxanda sanki onu ildırım vurdu. Cəld dikəlib Şıxı əkəyə məruzə eləməyə başladı:

Polis zabiti filankəs, ....heç bir hadisə baş verməmişdir, ...

Şıxı kişi onu dinləyəndən sonra ona da əmr edirmiş kimi: Get xəttə çıx, de ki bu nömrəli maşın iki ay Türkmənistanda qonaqdır. Özün də bizi Mamed Axmedoviçin yanınadək müşayiət elə.

Zabit baş üstə deyib geri çəkildi. Şıxı kişi mənə əli ilə işarə elədi ki, otur gedək. Aşxabadın mərkəzində bir binanın qarşısında dayandıq. zabitlər sıra ilə durub Şıxı kişinin maşından düşməsini gözləyirdilər. Binanın lövhəsindən Türkmənistanın Səhiyyə Nazirliyinin binası olduğunu anladım. Şıxı kişi qabaqda, mən də analizlər qoltuğumda onun ardınca binaya daxil olduq. Nazirin qəbul otağına daxil olan kimi katibə cəld ayağa qalxıb Şıxı kişini salamladı. Şıxı kişi Mamed Axmedoviçin yerində olub-olmadığını soruşdu. Katibənin hə , yanında adamlar var deməsinə belə əhəmiyyət vermədən qapını açıb içəri girdi, mən də onun dalınca. Nazir Şıxı kişini görən kimi söhbəti dayandırıb ayağa qalxdı, otaqdakılar da cəld qalxıb kabineti tərk elədilər. Onlar görüşüb söhbət eləməyə başladılar, mən isə qapı ağzından kabineti seyr edirdim. Kabinet də nə böüklükdə, yalan olmasın uzunluğu əlli metr, bəlkə də çox. Bir azdan Şıxı kişi məni yanına çağırdı.

Mamed Axmedoviç, xahiş edirəm, bu gəncin sənədlərinə bax, tapşır onunla ciddi məşğul olsunlar.

Nazir mənim gətirdiyim analizləri diqqətlə öyrənəndən sonra, sual və təəccüblə soruşdu: "Doğrudanmı səni ... həkim müalicə edib? Diaqnozu da o qoyub?"

Mənim cavabımı gözləmədən katibəsinə onu Azərbaycanın səhiyyə naziri ilə calaşdırmağını tapşırdı. Telefon danışığından nazirlərin çox isti münasibətləri olduğunu anladım.

Qısası Mamed Axmedoviç həmkarına iradını bildirirdi. ... Mənim tələbə dostuma nə olub? Analizlərə baxdım, o orda nə oyun çıxarıb? Yaxşı ki, bu cavan oğlan hələ sağdır, və s. və ilaxır... Sonra işçilərindən kiməsə tapşırıqlar verəndən sonra qalxıb bizə yaxınlaşdı və üzünü Şıxı kişiyə tutaraq:

Narahat olmayın, bunun müalicəsi bir həftəyə, uzağı on günə bitəcək, dedi. Əlindəki balaca kağız parçasını mənə uzadaraq, nə lazım olsa birbaşa mənə zəng edərsən, daha Şıxı kişiyə əziyyət vermə, dedi.

Nazir bizi qəbul otağınadək yola saldı. Şıxı kişigilə gəldik. Evi o qədər də böyük deyildi. Qonaq otağına keçdik. Mən orda qaldım, Şıxı kişi isə o bir otağa keçdi. Raufla bir gənc mən olan otağa daxil oldu. Salamlaşma rus dilində oldu. Sevincək Raufa tərəf bir-iki addım atıb, çoxdan görüşmürdük deyə onunla qucaqlaşıb görüşmək istədim. Rauf əlini irəli uzadıb mənimlə elə rəsmi görüşdü ki, görüşməsəydi ondan yaxşıydı. Pərt olsam da səsimi çıxartmadım. Bu dəmdə Şıxı kişi biz olan otağa daxil oldu. Onu görən kimi Rauf cəld ayağa qalxıb ona hərbi salam verərək özünü təqdim etdi. Mən isə təəccüblə gah Şıxı kişiyə, gah da Raufa baxırdım, amma heç nə anlamırdım. Nələr olduğunu da kimsə yox idi ki, ondan soruşam. Tanıdığım bir Rauf idi, o da burda özünü yad kimi aparırdı. Şıxı kişi ona yaxınlaşıb əl verdi və xoşgəldin edəndən sonra hamımızı süfrəyə dəvət elədi.

Süfrə kasıb süfrəsi olmasa da dövlətli süfrəsi də deyildi. Rauf mənimlə yanaşı oturası oldu. Şıxı kişinin başı telefonla danışmağa qarışanda Rauf cəld mənə tərəf əyilib, sən bunu hardan tanıyırsan, deyə soruşdu. Şıxı kişi bizə tərəf baxdığından mən səsimi çıxartmadım. Şam yeməyindən sonra Şıxı kişi mənim Raufla getməyimə razılıq verdi və tapşırdı ki, sabah tezdən mütləq səhiyyə naziri deyən yerdə olum.

Çölə çəxan kimi Rauf məni qucaqladı. Hal-əhvaldan sonra bizimkiləri bir-bir soruşmağa başladı. Sualları da ki, yağış kimi yağdırırdı. Niyə xəstələnmisən, həkimlər nə deyirlər, ... Gedə-gedə onun sözünü kəsib bu dəfə mən soruşası oldum.

Rauf, de görüm bu adam kimdir, nəçidir?
Rauf ixtiyarsız yerindəcə donub qaldı. Bir müddət təəccüblə üzümə baxaraq dilləndi:

Məni ələ salmısan, onu mənimlə sən indicə tanış etmədin, özün də məndən onun kimliyini soruşursan? Mən onun kim olduğunu bilirəm, amma ilk dəfədir onunla görüşdüm, özü də harda, deyərək yenidən üzümə baxaraq gülümsədi. İndi sən mənə de görüm ay Nadir, hardan-hara, sən hara, Şıxı kişi hara, onu hardan tanıyırsan, kim sizi tanış edib?

Qısaca başıma gələnləri ona danışdım. Səhiyyə nazirinin mənə müalicə yazdığını, sabah 10-da hansı xəstəxanada olmalı olduğumu dedim.

Bilirsən Şıxı əkə kimdir? Cavabımı gözləmədən, Türkmənistanın baş prokurorudur, Prezidentin də ən yaxın adamlarından biridr, dedi.

Paufgilə gəldik. Səhərisi günü məni o xəstəxanaya apardı. Heç xəstəxanada yatmağıma ehtiyac qalmadı. Xüsusi təchiz edilmiş bir təcili yardım maşını gəlirdi, iki həkim maşından iri çamadana oxşar aparatları gətirir, mənim bədənimin müxtəlif yerlərinə qoşurdular, damarlarımı göy (bənövşşəyi) şüalarla işıqlandırırdılar, Bir-ki də həb verirdilər. Həqiqətən də bir həftəyə özümü yaxşı hiss etməyə başladım, on gündən sonra daha ağrılarım olmurdu, kefim də ki, gündən-günə yaxşılaşırdı. Evə xəbər göndərmişdim ki, yaxşıyam, işlərimi qurtaran kimi gələcəyəm. Evdəkilər mənim Rusiyada olduğumu zənn edirdilər. Beləcə Raufla Türkmənistanı gəzir, yeyib-içir, acılarımın keyfini çıxarırdım. Bir gün Rauf mənə dedi ki, Aşxabadın polis rəisi ağır vəziyyətdədir, deyirlər bu gün-sabahlıqdır, yaxşı kişidir, böyük hörmət sahibidir, möhkəm də dostuq, gəl gedək ona baş çəkək. Yolda onun necə professional bir polis işçisi olmağından danışdı.

Xəstəxanaya yaxınlaşanda gözlərimə inanmadım, ətraf üstündə yanıb-sönən işıqları olan polis maşınları ilə əhatələnmişdi. Həyətdə isə maşın saxlamağa yer yoxdu. İkinci mərtəbəyə qalxdıq. İçəridə bir neçə adam vardı, geyimlərindən və həkimlərin onlara göstərdiyi diqqətdən onların vəzifəli olduqları bilinirdi. Onlar gedəndən sonra Rauf dostu ilə zarafat etməyə başladı. Zatafat əsnasında ondan xəstəliyini soruşdu. Məlum oldu ki, onun burnundakı kapilyar damarlardan biri partlayıb, qanını quruda bilmirlər. Bu əsnada mən onların söhbətlərinə müdaxilə etdim.

Qardaşım, sən nə təhər polissən, deyirlər əla polissən, amma məncə heç yaxşı polis deyilsən!

Söz hər ikisini yaman tutdu. Raufun rəngi qaçdı, mənə təəccüblə baxa-baxa Mamed, tanış ol, Nadir mənim qohumumdur, Bakıdan iki həftədir bura gəlib.

Mən özümü o yerə qoymadım, yenə də üzümü xəstəyə tutub daha inamla sözümə davam etdim.

Sənin bu qədər dostun var, qalmısan bapbalaca bir damarın əlində. Mənim təhsilim yoxdur, savadım da bir o qədər deyil, amma sizin yanınıza gələndə xəstəxananın ətrafındakı insanları gördüm, anladım ki, hörmətiniz böyükdür.

Onların hər ikisi pərt olsalar da mənim nə demək istədiyimi dərk etməyə çalışırdılar. Üzümü Raufa tutub sözümə davam etdim.

Söhbətinizdən anladım ki, dostunun burnunda bir kapilyar damar partlayıb. Sən icazə ver mən dostunu mülicə etdirim.

Onlar söz tapa bilmirdilər deməyə. Çaşqın-çaşqın mənə baxırdılar. Mən telefon aparatı istədim, cəld gətirdilər. Türkmənistanın səhiyyə nazirinə zəng elədim.

Salam, Mamed Axmedoviç,... Mənəm Nadirdir, Şıxı əkənin dostu..... Mamed Axmedoviç sizdən çox xahiş edirəm, mənim yaxın adamım xəstələnib, burnunun qanı qurumur, tapşırasınız o aparatları bir saatlığa şəhər xəstəxanasına gətirsinlər, onun burnunun qanını qurudaq....

Təşəkkür edirəm.
Telefonu qapadan kimi Rauf soruşdu:

Kimə zəng elədin?

Səhiyyə nazirinə.

Kimə!? Səhiyyə nazirinə!? Birbaşa ona zəng elədin? Sən onu hardan tanıyırsan? O nə dedi?

Məndən cavab gözləmədən sualları yağdırırdı. Mən ona sakit olmağını xahiş elədim. Dedim ki, görərsən uzağı yarım saata maşın gələcək, onda Mamedin burnundan qanaxma da dayanacaq. Mamedin odası ikinci mərtəbədə idi. Mən özümdən razı halda pəncərə qarşısında oturub xəstəxananın həyətinə baxırdım. Kimsə danışmırdı. Dediyim kimi tanıdığım təcili yardım maşını həyətdə görünən kimi Raufa dedim ki, polislləri göndər aşağıda iki çamadan var həkimlərə kömək eləsinlər, gətirsinlər bura. Elə də etdilər. Gələn həkimlər beş dəqiqə ərzində qanaxmanı durdurdular, Mamedə bir iynə də vurub getdilər. Hamı təəccüblə mənə baxırdı. Rauf isə bu dəfə sevincindən qanad axtarırdı uçmağa. Təsəvvür et də, mən özümü necə hiss edərəm o vəziyyətdə, özümdən razı, necə deyərlər, qəhrəman...

Mən Astaraya qalib kimi qayıtdım. Evimizdə toy-bayram idi. Qonaqların ardı-arası kəsilmək bilmirdi.

Xəstələndiyim vaxtdan iki il olardı keçmişdi. Yenə də iş başındaydım. Hər gün qardaşıma baş çəkər, onunla əhvallaşandan sonra evə gedərdim. Bir gün böyük qardaşım Qadir qaynanasının bibisinə qırx verildiyini mənə eşitdirdi. Bilirdi ki, bu yas-filan mənlik deyil. Amma yenə də mənim iştirak etməyimi məsləhət gördü. Mən zarafatla, əlbəttə, qohumdur, mütləq getməliyik deyib gülümsədim və onun üzünə baxdım. O da gülümsədi, heç vaxt zarafatından qalmırsan, dedi.

Yas yeri kəndin o başında idi. Çadıra girəndə sağ tərəfdə məni "müalicə" eləmiş "adlı-sanlı" yerlilərimizi gördüm, kefim pozulsa da özümü görməməzliyə vurub onlara tərəf baxmadan irəli keçdim. Onların yanından keçəndə mənə səkkiz ay ömrüm qaldığı diaqnozunu qoymuş həkimin, "Bu Nadirdir? soruşduğunu, o birisinin isə hə, dediyini eşitdim. Qardaşım qolumdan tutdu. Mən onun üzünə baxdım, o isə başı ilə məclisin yuxarı başına keçməyimə işarə etdi. Qardaşım qolumdan tutmaqla mənə cavab vermə deyirdi...

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler