» » Əfqanıstan Qızılbaşları Azərbaycandan kömək istəyir

Əfqanıstan Qızılbaşları Azərbaycandan kömək istəyir

Bölmə: KİTAB ALƏMİ, GÜNDƏM
Əfqanıstan Qızılbaşları Azərbaycandan kömək istəyir
Əfqanıstan çoxmillətli bir ölkədir və bunlardan biri də Qızılbaşlardır. Qızılbaşlar Nadir Şah Avşar tərəfindən Əfqanıstana gətiriliblər və miladi 18-ci yüzildən başlayaraq Əfqanıstanda yurd salıblar. Nadir Şah Avşar iyirmi min nəfər Şahsevən, Cavanşir, Bəxtiyari, Bayat, Rikay və Şiraz ilə Xaf əhalisini silahlı və ailələri ilə birlikdə fəth etdiyi yerləri saxlamaq üçün bu ölkəyə gətirdi.

Qızılbaşlar çeşidli bölgələrdə, o cümlədən Herat, Qəndəhar, Qəznə, Kabul və başqa yerlərdə məskunlaşdılar. Nadir Şah Avşar ölkənin önəmli işlərini, millətin məsələlərinin yoluna qoyulmasını və dövlət qurumlarının idarəsini Qızılbaşlara tapşırır və Kabuldan Hindistana getməmişdən qabaq yolları qorumaq üçün qoşunundan bir bölümünü Bala Hisar qalasında və Bağ-i Dövlətxanada və həmçinin Kabulun Beyni Hisar bölgəsində qoyur. Bu bölüklərdə Nadir Şah Avşarın ordusunun logistika və arxa cəbhə xidmətlərini yerinə yetirən qismi də var idi və bu qoşunlara Azərbaycan Türkcəsində “Çandavul” deyilirdi. İndiki Avşar-Nanakçi, Avşar-Təpə və Çandavul sakinləri bu əsgərlərin qalıqlarıdır.

Kabulun Çandavul məhəlləsində yerləşən ilk elat Cavanşirlər idi və Qacarlı, Quyuq, Mahmudlu, Ləngərli adları ilə tanınırdılar. Cavanşirlər Qızılbaşların bir tayfasıdır (Cavanşir eli) və buraya gəlməmişdən qabaq Azərbaycanın Qarabağ bölgəsində yaşayırdılar. Bundan savayı, Kabul Qızılbaşlarının bir başqa qismi Şahsevənlərdir, bunlar xalq arasında Şahsəmənd olaraq bilinirlər. Bunların hər biri ayrı-ayrı məhəllələrdə Sipah Mənsurlar, Şahsəməndlər, Kəbirlilər, Lorlar, Xafilər və b. adlarla bilinirlər, eləcə də Puştunlar arasında yaşayan Qızılbaşlar da var, onlar Farsivan adlanırlar. Kabulda Qızılbaşların yeddi tayfasından başqa özlərinə məxsus ayrı özəl bölümləri də var: Çandavullular, Cavanşirlilər, Muradxanlılar, Şahsəməndlər, Avşarlar və b.

Rus Petruşevski Qızılbaşlar haqqında geniş açıqlamasında belə yazıb: 15-ci yüzildə çoxu Kiçik Asiya və Azərbaycandan olan və dilləri Azərbaycan Türkcəsi olan köçəri Türk tayfaları Əfqanıstana köçürüldülər. Qızılbaşlar igid, qorxmaz və savaşçı xalq idilər və hakimiyyətə ortaq olduqları üçün təcavüzkarlarla qorxmadan savaşırdılar və buna görə o dövrün hakimləri Qızılbaşların dəstəyini almağa məcbur idilər, beləliklə onları, mal və mənsəb imtiyazları verməklə, ölkənin idarə olunmasında istifadə edirdilər. Teymur Şah hesab-kitab və maliyyə işlərini Qızılbaş camaatına vermişdi, çünki, Əfqanıstanda onlardan savayı bu işləri görə biləcək başqa adam yox idi.


Qızılbaşlar [hicri-qəməri] 1161-ci ildən 1337-ci ilədək 177 il boyunca mülk və millətə, dövlətə, qoşuna və rəiyyətə dəyərli xidmətlər göstərmişlər. Əmir Əbdürrəhman Xanın hakimiyyətinin başlanğıcınadək bütün məmurlar və zabitlər, möhtərəm vəzifələrin sahibi və rifah, rahatlıq içində idilər. Adı çəkilən əmirin dövründə bütün Əfqanlar yazmağı və işi öyrəndilər və yavaş-yavaş Qızılbaşları işdən qovdular. Onlar bu ölkə hökmdarlarının basqı və zülmünə görə qırağa qoyuldular. Bu əzilən Qızılbaşlar fərqli soydan olan topluluqlar ilə fərqli təbii və sosial şərtlərdə yaşadılar. Bu şərtlər sonucunda bunlar əsas irqi fərqlərinin çoxunu itirmişlər və sosial, maddi, coğrafi və müxtəlif siyasi şəraitlərin təsiri altında Əfqanıstan vətəndaşlığı vəsiqələrini alanda kimliklərini yaşadıqları məhəlləyə görə qeyd etdirmək məcburiyyətində qalmışlar. Bu üzdən də bizim xalqımız haqqında bəlli və etibarlı bir qaynağımız yoxdur. Hələ ki, insanlar bu ölkədə Qızılbaş adlı bir xalqın olduğunu bilmirlər. Bu nədənlər və motivasiya bizim kimlik mübarizəsinə başlamağımıza səbəb oldu, çünki kimlik mübarizəsi əhalinin çoxluğundan ya azlığından asılı olmayaraq önəmlidir.

Bugünkü Əfqanıstan toplumunda əksəriyyət həmişə azlıqlara qarşı siyasi ayrı-seçkilik edir. Nəticədə, effektiv və davamlı fəaliyyətə başladıq və fəaliyyətimizi daha geniş əks etdirmək üçün internetdə yaratdığımız veb səhifədən istifadə edirik. Bu səhifə “Qızılbaş Cümhuriyyəti” adı altında işləyir. Ancaq bu yetərli deyil. Biz unudulmuş Qızılbaş mədəniyyətinin canlandırılmasına yönəlmiş tədbirləri artırmaq istəyirik. Bu baxımdan, bizimlə soy, kök və boy baxımından bir olan nəcib və şərəfli Azərbaycan xalqından və hökumətindən əməkdaşlıq istəyirik. Azərbaycan əhalisindən və hökumətindən Azərbaycan Türkcəsini və mədəniyyətini canlandırmaq üçün Əfqanıstan Qızılbaşlarına bir məktəb açmağı xahiş edirik. Əfqanıstan Qızılbaşlarına, mədəniyyətimizi və bilgimizi daha yaxşı yaymaq üçün kursların və təqaüdlərin verilməsini uyğun görürük. Biz bu məsələdə Azərbaycan əhalisindən və hökumətindən bizə bu yazılan məsələlərdə şərait yaratmaları üçün kömək istəyirik.
Çoxsaylı araşdırmalara görə, Əfqanıstanın çeşidli yerlərində yaşayan Qızılbaşların hamısı Azərbaycanlıdırlar. Ona görə də Azərbaycanın nəcib və şərəfli Qızılbaş xalqının və Azərbaycan Cümhuriyyəti hökuməyinin geniş və hərtərəfli dəstəyini gözləyirik.


Nəsrətullah Müdəssir Qızılbaş
Kabul, Əfqanıstan.
Hicri-şəmsi 1396-cı il [miladi 2017]

Əfqanıstan Qızılbaşları Azərbaycandan kömək istəyir
Əfqanıstan Qızılbaşları Azərbaycandan kömək istəyir

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler