» » Azərbaycanlılar niyə bir-birlərinə badalaq vururlar? -

Azərbaycanlılar niyə bir-birlərinə badalaq vururlar? - Ziyalılardan Çingiz Abdullayevə CAVAB

Bölmə: KİTAB ALƏMİ
Azərbaycanlılar niyə bir-birlərinə badalaq vururlar? -

Xalq yazıçısı Çingiz Abdullayev son yazısında vacib bir detala toxunub: “Azərbaycanlılar bir-birinin arxasında dayanmır, istər futbolda, istər həyatda, istər siyasətdə, istər iqtisadiyyatda və istərsə də yaradıcılıqda. Lakin badalaq gəlməyi... Bəlkə, mən doğru demirəm? Məsələn, gürcülər bir-birinin arxasında dayanmağı bacarır, elə ermənilər də, yəhudilər ümumiyyətlə tam bacarır. Bəs biz ?..”.

Çingiz Abdullayevin dediyi kimi, niyə biz gürcülər, ermənilər, yəhudilər kimi ola bilmirik?.Onlardakı arxa çıxmaq, bir olmaq bacarığı, dar məqamlarda birləşmək kimi keyfiyyət nə üçün bizdə yoxdur?


Modern.az-ın mövzu ilə əlaqəli müraciət etdiyi ziyalı kəsim nümayəndələri maraqlı fikirlər irəli sürüblər.


Professor Qulu Məhərrəmlinin fikrincə, azərbaycanlıların hansısa məsələ ətrafında birləşə bilməməsinin əsas səbəbi budur:

“Gürcülərdə birləşmə ənənəsi var, bu, gözümüzün qabağındadır. Yəhudilərdə bu məsələ daha qədimdir. Düşdükləri tarixi şərait, qoyulan ümumi məqsədə doğru getmək üsulu, birləşmə texnologiyaları, ümumi məqsəd üçün çalışmaları - bunlar istər-istəməz tarixin müxtəlif mürəkkəb anlarına yaddaşda ciddi iz qoyub. Azərbaycanlılar da birləşə bilir. Məsələn, meydan hərəkatlarında bunu gördük. Amma bu nə idi- bu, emosional birləşmə idi. Söhbət ağıllı, düşünülmüş, həyat tərzinə çevrilən və həyati zərurət olan birlikdən gedir. İşıqlı məqsədlər üçün olan birlikdən gedir. Şərait çox zaman azərbaycanlıların birləşməyinə mane olub.

Bilərəkdən müdaxilə olunur və birlik parçalanır. Yəhudilərin birliyi daşlaşıb, bunu artıq pozmaq mümkün deyil. Çünki bu, beyinə yazılıb, ana bu birliyi tərbiyə və təlqin edib, ana xətti ilə keçib. Azərbaycanda isə zaman-zaman bu birləşməyə mane olan ciddi faktorlar var. İndi də elədir, xaricdə, diasporalarda da bu cürdü. Bu çatışmazlığı əslində, milli psixologiyanın elementi yox, sadəcə, şəraitin çatışmazlığı hesab edirəm”.

Televiziya və mətbuatda kəskin çıxışları ilə seçilən tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudovun məsələyə münasibəti konkret olub. Onun fikrincə, hər hansı cəmiyyətdə insanlar bir-birinə arxa olması, birlik göstərməsi üçün əvvəlcə həmin cəmiyyətin özü formalaşmalıdır:

“Sualın çox uzun cavabı var. Amma mən qısa ifadə edim: cəmiyyətdə birliyin olması üçün birinci gərək, o cəmiyyətin özünü yaradasan, formalaşdırasan. Bizdə hələ cəmiyyət formalaşmayıb, oğul. Yerdə qalan bütün problemlər bundan sonra gəlir”.

“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli məsələyə ictimai-sosial aspektdən deyil, sırf milli-tarixi, siyasi yöndən yanaşaraq, azərbaycanlıların lazımı məqamlarda birləşə bilməmək fikrini qəbul etməyib:

“Mən elə düşünmürəm. Azərbaycan xalqının birləşmə probleminin olması fikrini bölüşmürəm. Ən azı son 100 ilə yaxın müddətdə Güney və Qüzey Azərbaycanda millətin milli qalxınma prosesləri baş verib. Millətin birliyi və mübarizəsinin nəticəsi olaraq Güneydə Azadıstan, Azərbaycan milli hökuməti, Şimalda isə Azərbaycan Demokratik Cumhuriyyəti, ən sonuncu isə çağdaş Azərbaycan Respublikasının qurulması prosesini nümunə göstərə bilərik. Sadəcə 200 ildən çoxdur ki, dünyada çeşidli güclər türk millətini, onların dövlət quruluşlarını hədəfə almışlar. Bunun da bir sıra tarixi kökləri vardır. Ən əsası uzun zaman türk etnosunun xaçlılarla tarixi ədavəti və əhəmiyyətli coğrafiyada Osmanlı və Səfəvilər imperiyalarının mövcudluğu və İslam faktoru ilə bağlıdır. Çox güclər fərqindədir ki, türk milləti birləşərsə nəinki bölgədə, bütövlükdə dünyada yeni vəziyyət yarana, yeni, iddialı güc mərkəzi yarana bilər. Mövcud əsas güc mərkəzləri bundan maraqlı deyillər. Eyni zamanda düşmənlər anlayırlar ki, Şimali Azərbaycan milli dövlət quruculuğunu uğurla apara bilsə, Azərbaycanın bütövləşməsi məsələsi həyata vəsiqə qazanacaq və Azərbaycan qüdrətli dövlət olaraq Orta Şərq və Avroasiya məkanında onların maraqlarına uyğun olmayan mərkəzə çevriləcək. Türk dünyasının birliyinin açarı isə Azərbaycandadır. Azərbaycan Mərkəzi Asiya ilə Avropanı, Anadolunu birləşdirən unikal körpüdür. Həm də, bu körpünün qurulmasını və möhkəmlənməsini istəmirlər. İddialı iki qonşumuzun-Rusiya və İranın maraqları bu məsələdə üst-üstə düşür. Bütün mexanizmlər millətin daha rasional, yaradıcı güc olma əmsalını zədələməklə məşğuldurlar. Çağdaş zamanımızda naqisliklərin arxasında duran mərkəzlərin də həmin qüvvələr olduğu qənaətindəyəm. Hesab edirəm ki, istər cənubda, istərsə də burada millətin ciddi ruhani toparlanma prosesi gedir. Sovetlər dönəmində tam istismar olunmuş toplum kimi təqdim olunan Azərbaycan xalqı ən qısa zamanda toparlana bildi, bir milyonu meydana yığıla, eyni idealları hayqıra bildi. Hesab edirəm ki, bütün repressiv davranış və pressinqlərə baxmayaraq, millətimiz anında toparlana və milli dövlətini qoruya və istədiyini qura biləcəkdir. Yəhudilər və gürcüləri azsaylı və mühafizəkar millət olaraq sistemləri mövcuddur. II dünya müharibəsi məşəqqətindən başqa nə yəhudilər, nə də gürcülər aqressiv mənəvi repressiyaya məruz qaldılar və sistemləri də az zədə alıb”.


BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler