DataLife Engine > İqtisadiyyat, BLOK XƏBƏR, MANŞET > Fərman 10 min dollardan çox kreditə bu halda aiddir

Fərman 10 min dollardan çox kreditə bu halda aiddir


1-03-2019, 10:24. Yerləşdirdi: sefa Fərman 10 min dollardan çox kreditə bu halda aiddir
Fərmanda söhbət qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 min dollaradək xarici valyutada olan əsas kredit borclarından gedir.

Xalqinfo.az xəbər verir ki, bu sözləri Prezidentin fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı fərmanını dəyərləndirən iqtisadçı Qalib Toğrul deyib. O bildirib ki, kompensasiyalar 1 yanvar 2012-ci ildən 28 fevral 2019-cu ilə kimi bağlanmış kredit müqavilələri üzrə maksimum 10 min dollaradək olan və ödəniş müddəti keçmiş əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsinə tətbiq ediləcək:

“Tutaq ki, fiziki şəxs 1 yanvar 2012-ci ildə 50 min dollarlıq kredit götürüb və onu hissə-hissə ödəyib, 21 fevral 2015-ci il tarixinə kreditin əsas məbləğinin qalığı 9 900 dollar olub. Bu halda həmin kredit müqaviləsi üzrə kreditin əsas məbləği fərmanın əhatə dairəsinə daxildir. Fərman 50 min dollarlıq kreditin 9 900 dollarlıq əsas məbləğinə şamil olunacaq. Yaxud da məsələn, 15 mart 2014-cü ildə fiziki şəxs 15 min dollarlıq kredit götürüb, 21 fevral 2015-ci il tarixinə kreditin əsas məbləği üzrə borc 10.100 dollardır. Bu halda həmin kredit müqaviləsinə fərmanın nəzərdə tutduğu kompensasiyalar şamil edilməyəcək. Çünki fərmanda söhbət kredit müqavilələrinin dəyərindən deyil, qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 min dollardək xarici valyutada olan əsas kredit borclarından gedir”.

İqtisadçı qeyd edib ki, kompensasiyanın verilməsi üçün ilk növbədə 10 min dollaradək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndiriləcək:

“Birincisi, 2015-ci il fevralın 21-nə xarici valyutada olan əsas kredit borcuna münasibətdə 1 dollara 0,25 manat (0,15 ABŞ dolları) olacaq. Tutaq ki, fiziki şəxslə 1 mart 2014-cü ildə bağlanmış 20 min dollarlıq kredit müqaviləsi üzrə əsas kredit borcunun qalıq məbləği 21 fevral 2015-ci il tarixinə 5 min dollar təşkil edib. Bu zaman həmin 5 min dollara görə 750 dollar (5000 x 0,15) kompensasiya hesablanacaq. İkincisi, 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə - 1 dollara 0,6 manat (0,35 ABŞ dolları) olacaq. Tutaq ki, fiziki şəxslə 24 fevral 2015-ci ildə bağlanmış 13 min dollarlıq kredit müqaviləsi üzrə əsas kredit borcunun qalıq məbləği 21 dekabr 2015-ci il tarixinə 9 min dollar təşkil edib. Bu zaman həmin 9 min dollara görə 3 150 dollar (9 000 x 0.35) kompensasiya hesablanacaq. Üçüncüsü, 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə bu fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi olacaq. Bu halda göstərilən tarixlərə əsas kredit borcunun qalıq məbləğinə kompensasiyalar yuxarıdakı misallarda verilən qaydada ayrıca hesablanaraq cəmlənəcək. Ola bilər ki, fiziki şəxs iki haldan birinə uyğun gəlsin. Məsələn, ola bilsin ki, hansısa fiziki şəxsin əsas kredit məbləği 21 fevral 2015-ci il tarixinə 10 300 dollar olsun, ancaq 21 dekabr 2015-ci il tarixinə 9 min dollar olsun. Bu halda birinci kompensasiya halı (1 ABŞ dollarına 0,25 manat) həmin fiziki şəxsə şamil olunmayacaq, lakin 3-cü halı əsas götürərək, 2015-ci il dekabrın 21-nə həmin fiziki şəxsin əsas kredit məbləğinə (0,6 manat) kompensasiya tətbiq olunacaq”.

Q.Toğrul deyib ki, digər mühüm bir məsələ xarici valyutada olan əsas kredit borclarının məbləğinin müəyyənləşdirilməsidir:

“Heç bir bankdan ayrı-ayrılıqda məlumatlar alınmayacaq. Kompensasiyaların verilməsi üçün məlumatlar Mərkəzləşdirilmiş Kredit Reyestrindən əldə olunacaq. Bu, nə üçün vacibdir? Ola bilər ki, bir fiziki şəxsin bir neçə bankda problemli dollar krediti olsun. Bu zaman MKR-nin məlumatları əsasında fərmanda qeyd olunan tarixlərə əsas kredit borclarının məbləğləri cəmlənəcək. Əgər cəmi məbləğ 10 min dollardan yuxarı olarsa, həmin fiziki şəxsə kompensasiya verilməyəcək”.

İqtisadçının sözlərinə görə, kompensasiyalar maksimum 3 ay müddətində ödəniləcək:

“Fərmana görə, ilk növbədə son iki devalvasiyadan zərər görmüş bankların ziyanı ödəniləcək. Fərmanda nəzərdə tutulur ki, kompensasiyalar fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldiləcək, yerdə qalan məbləğ isə həmin fiziki şəxslərə veriləcək. Ancaq bir fiziki şəxsə ödəniləcək kompensasiyanın ümumi məbləği 5000 dolların manat ekvivalentindən çox olmamalıdır”.

Ekspert bildirib ki, dövlət ödəniş müddəti keçmiş 10 min dollaradək kreditin devalvasiyalar nəticəsində artan hissəsini ödədikdən sonra yerdə qalan məbləğin və 17 min manatadək milli valyutada olan problemli kreditlərin taleyilə bağlı da tədbirlər planlaşdırıb:

“Fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının daha əlverişli şərtlər çərçivəsində ödənilməsi məqsədilə onlara banklar tərəfindən imkan yaradılacaq. Bu zaman illik faiz dərəcəsi 1 faiz, müddət isə 5 il müəyyənləşdiriləcək”.

İqtisadçı qeyd edib ki, ən vacib məsələlərdən biri də faizlərdir:

“Fərmanda banklara tapşırılır ki, faizlər və dəbbə pulu (cərimə, penya) silinsin. Bu məsələ ilə bağlı 2 qrup tədbirlər nəzərdə tutulub. Banklara tapşırılıb ki, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, 1 ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər. Belə anlaşılır ki, kompensasiya tətbiq olunan kredit məbləğlərinin faizlərinə münasibətdə fərqli yanaşma olacaq. Maliyyə Bazarlarına Nəzarət Palatası Mərkəzi Bankla birlikdə fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini hazırlamaqla yanaşı, həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri də müəyyən edəcək. Hər iki məsələ 15 gün müddətində dəqiqləşəcək”.
Geri qayıt