DataLife Engine > İqtisadiyyat > Azərbaycan bankları kredit verilməsini dayandırdı

Azərbaycan bankları kredit verilməsini dayandırdı


21-02-2015, 12:33. Yerləşdirdi: Tural Azərbaycan bankları kredit verilməsini dayandırdı
Azərbaycanda bankların bir qismi kredit verilməsini dayandırıb.

Axar.az bir neçə gün öncə Azərbaycanda bankların kredit vermək üçün manat tapmaqda çətinlik çəkdiklərini yazmışdı. Artıq bu yazılanlar öz təsdiqini tapmağa başlayıb.

Fins.az-ın bank sektorunda apardığı araşdırmaya görə, “Accessbank”, “Amrahbank”, “Azər-Türk Bank”, “Bank of Baku”, “Bank BTB”, “Bank Respublika”, “Bank Standard”, “Dəmirbank”, “Xalq Bank”, “Muğanbank”, “Rabitəbank”, “Bank Technique”, “Unibank” kimi banklar artıq kreditləri yalnız dollarla verməyə başlayıblar. Bəzi banklar isə həm manat, həm də dollarla kredit verirlər.

“Azərbaycan Kredit Bankı”, “Bank of Azerbaijan”, “Bank Silk Vey”, “Caspian Development Bank”, “Dekabank”, “Eurobank”, “Kredobank”, “Qafqaz İnkişaf Bankı”, “Nikoil Bank”, Pakistan Milli Bankının Bakı filialı, “Yunayted Kredit Bank” və “Zaminbank” kimi banklar isə ümumiyyətlə hər iki valyuta ilə kredit verilməsini dayandırıblar.

Banklar manatdan imtina etmələrini milli valyutanın dəyərdən düşməsi ilə əlaqələndirirlər.

İqtisadçı ekspert Samir Əliyev isə Axar.az-a açıqlamasında bankların manatdan imtina etmələrinin əsl səbəbini belə izah edib:

“Mərkəzi Bankın ikivalyutalı səbət mexanizminə keçməsində bazarda manat qıtlığının yaranmasının müəyyən payı var. Hazırda Azərbaycanda banklar manat qıtlığından əziyyət çəkir və kredit vermək üçün manat çox azdır. Məhz buna görə, banklar son dövrlərdə kreditləri yalnız dollarla verirlər”.

Qeyd edək ki, Mərkəzi Bank fevralın 16-da məzənnə siyasətinin ABŞ dolları və avronun daxil olduğu ikivalyutalı səbət mexanizmi əsasında həyata keçirilməsi barədə qərar qəbul edib.

Geri qayıt