DataLife Engine > İqtisadiyyat, BLOK XƏBƏR, MANŞET > Mərkəzi Bankdan şok manat qərarı

Mərkəzi Bankdan şok manat qərarı


17-02-2015, 10:43. Yerləşdirdi: Tural Mərkəzi Bankdan şok manat qərarı
Mərkəzi Bankdan şok manat qərarı
Milli valyutanın dollardan asılılığından imtina edildi; ekspertlər bildirirlər ki, hökumətin bu addımı manatın ucuzlaşmasını şərtləndirəcək...
Azərbaycan manatı dollardan asılılıqdan imtina edib. Bildirilir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti fevralın 16-dan etibarən məzənnə siyasətində ikitərəfli məzənnənin hədəflənməsindən valyuta səbəti dəyərinin hədəflənməsinə keçid barədə qərar qəbul edib. AMB-dən APA-ya verilən məlumata görə, məzənnə siyasətinin ABŞ dolları və avronun daxil olduğu iki valyutalı səbət mexanizmi əsasında həyata keçirilməsi məqsədəuyğun hesab edilib.

“Bu zaman müəyyən olunmuş dəhliz çərçivəsində valyuta bazarında Mərkəzi Bankın iştirakı davam edəcək. Tətbiq edilən yeni əməliyyat çərçivəsi iqtisadi subyektlərin tədricən adaptasiyasına şərait yaratmaqla, eyni zamanda məzənnə siyasətinin çevikliyini və makroiqtisadi effektivliyini təmin edəcək”, - deyə məlumatda vurğulanır.

Həmçinin AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov “Financial Times” qəzetinə müsahibəsində bildirib ki, Azərbaycan Mərkəzi Bankı manatın dollardan asılılığını azaldacaq. “Büdcə və pul-kredit siyasətinə düzəlişlər etmək həddən artıq vacibdir. Biz hesab edirik ki, daha da çevik məzənnə siyasətinə keçməliyik”, - deyə E. Rüstəmov bildirib.

Bununla belə, E. Rüstəmov Azərbaycanın nə vaxt manatın dollardan faktiki asılılığından imtina edəcəyinə dair suala cavab verməyib. Baş bankir qeyd edib ki, valyutanın dəyərdən düşməsi tədricən baş verə bilər və Mərkəzi Bank “bu məsələdə əhalinin maraqlarını nəzərə alacaq”. AMB rəhbəri deyib ki, Mərkəzi Bank məzənnə siyasətində ikitərəfli məzənnənin hədəflənməsindən valyuta səbəti dəyərinin hədəflənməsinə keçir. Məzənnə siyasətinin dollar və avronun daxil olduğu iki valyutalı səbət mexanizmi əsasında həyata keçirilməsi məqsədəuyğun hesab edilib: “Burada avronun payı 20-30 faiz, inflyasiya ilə bağlı oriyentir isə 5-7 faiz təşkil edəcək”.



E.Rüstəmov onu da qeyd edib ki, 2015-ci il ən çətin illərdən biridir: “Bu ildə əsas məqsəd iqtisadiyyatın diversifikasiyası, yeni inkişaf modelinə keçmək və xammaldan asılılığın azaldılmasıdır”. Sədr bildirib ki, cari ilin əvvəlindən Mərkəzi Bank manatın məzənnəsinin saxlanması məqsədilə 1 milyard dollar həcmində vəsait xərcləyib.

Ekspertlər isə bu qərarı manatın ucuzlaşması qərarı hesab edirlər. İqtisadçı Samir Əliyevin sözlərinə görə, bivalyuta səbəti manatın ucuzlaşması deməkdir: “Mərkəzi Bankın məzənnə siyasətində valyuta səbəti dəyərinin hədəflənməsinə keçid barədə qərarını bircə cümlə ilə belə ifadə etmək olar: hökuməti manatın yumşaq ucuzlaşdırılmasına start verdi. Əslində bu addım gözlənilən idi. Çünki baş verən proseslər manatı ciddi təzyiq altında saxlayırdı. Mərkəzi Bank iki ayda manatın saxlanmasına 2,3 milyard dollar sərf edirdi. Bu isə valyuta ehtiyatının 15 faizinə bərabər idi. Mərkəzi Bank 2 yoldan birini seçməli idi: ya manatı kəskin ucuzlaşdırmaq, təxminən 20-30 faiz, ya da tədricən ucuzlaşdırmaq yolunu tutmalı idi.

Göründüyü kimi, ikinci yol seçildi. Çünki qeyri-neft sektorunun inkişafının prioritet elan edildiyi bir zamanda manatın devalvasiyası ehtimalı yüksək idi. Bu gün artıq manat dollara nəzərən 0,05 faiz ucuzlaşıb. Bu ucuzlaşma avronun dünya bazarlarında dollara münasibətindən asılı olaraq davam edəcək.



Manatın məzənnəsinin bivalyuta səbəti əsasında müəyyənləşdirilməsi mexanizmi bizdə mövcud olub və ondan 2011-ci ildə imtina edilib. Həmin səbət 90/10 nisbəti əsasında dollar-avrodan ibarət idi. İndi səbətdə dollar və avronun payı haqqında məlumat verilməsə də, ehtimal etmək olar ki, ilkin dövür üçün əvvəlki səviyyədə saxlanılıb. Sonrakı dövrlərdə xarici ticarət dövriyyəsinin avrozonanın xüsusi çəkisindən asılı olaraq avronun payı artırıla bilər. Hər bir halda bivalyuta səbəti manatın ucuzlaşmasını şərtləndirəcək".



Ekspert Pərviz Heydərov isə qeyd edir ki, manatın məzənnəsini Mərkəzi Bank nəzərə alanda indiyədək yalnız ABŞ dollarını əsas götürürdü: “Bundan sonra onun avroya görə kursu ayrıca olaraq nəzərə alınacaq. Buna manatın kursunu müəyyənləşdirməkdə bivalyuta səbəti deyilir. Manatın məzənnəsini müəyyənləşdirməkdə bivalyuta səbətindən 2008-ci ildən istifadə edilirdi. Amma Mərkəzi Bank 2011-cü il yanvarın 10-dan manatın məzənnəsini müəyyənləşdirməkdə bivalyuta səbətindən manat və ABŞ dollarının nəzərə alınması siyasətinə keçmişdi. Söhbət hələ devalvasiyadan getmir. Sadəcə olaraq, dövlət başçısı ”Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın 1-ci ilinin yekunlarına dair bu ayın əvvəlində keçirilən konfransda demişdi ki, avronun manata nəzərən çox da ucuzlamasına yol vermək olmaz. Bu da o demək idi ki, Mərkəzi Bank 2011-ci il yanvarın 10-dan manatın məzənnəsini müəyyənləşdirməkdə bivalyuta səbətindən manat və ABŞ dollarının nəzərə alınması siyasətinə keçidi ləğv etməlidir. Məsələnin mahiyyəti bundan ibarətdir. Manatın ucuzlaşmağı qəpiklərlə ifadə olunacaq".



Məsələ ilə bağlı iqtisadçı Vuqar Bayramov isə atvxeber.az-a açıqlamasında bildirib ki, manatın məzənnəsi dollara birbaşa müəyyən edilmişdi və Mərkəzi Bank yalnız dollara birbaşa, avroya isə çarpaz olaraq məzənnə hesablayırdı: “Bu, o deməkdir ki, əgər avro dollara nisbətən 5 faiz dəyəri itirirdisə, manat da 5 faiz dəyər itirirdi. Əgər avro dollara nisbətən dəyər qazanırdısa, avtomatik manat da bu qazancı əldə edirdi”. Qeyd edək ki, bundan sonra avro ilə də birbaşa məzənnə müəyyənləşəcək. Həm də dünya bazarında da, bu iki pulun məzənnələri tərəddüd etməkdədir. İqtisadçı deyir ki, bu addım manatın dollardan birbaşa asılılığını aradan qaldıracaq: “Manatın məzənnəsi səbət prinsipi ilə hər iki valyutaya görə müəyyən ediləcək. Bu innovativ bir adımdır. Daha əvvəlki kimi manatın məzənnəsi xarici valyutaya görə düşməyəcək”.
musavat.com
Geri qayıt