» » Aİ ilə saziş Azərbaycan iqtisadiyyatına nələr vəd edir...

Aİ ilə saziş Azərbaycan iqtisadiyyatına nələr vəd edir...

Bölmə: İqtisadiyyat, BLOK XƏBƏR
Aİ ilə saziş Azərbaycan iqtisadiyyatına nələr vəd edir...




Ekspert: “Bu, sahibkarlar üçün yeni imkanlar açacaq, Ümumdünya Ticarət Təşkilatına üzvlük prosesini sürətləndirəcək”

Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında yeni əməkdaşlıq sazişi gələn ay imzalana bilər. Aprelin 4-də Brüsseldə tərəflər arasında keçirilən müzakirələrdən sonra Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali komissarı Federika Mogerini bildiriblər ki, saziş sənədinin 95 faizi razılaşdırılıb, 5 faizi isə qismən razılaşdırılıb. Aİ və Azərbaycan yeni saziş üzrə danışıqları başa çatdırır, danışıqlar yekun mərhələdədir və tezliklə başa çatacaq.

Qeyd edək ki, Avropa İttifaqı ilə tərəfdaşlıq sazişinin demək olar ki, bütün sahələri əhatə edəcəyi bildirilir. Bu sırada iqtisadi sahədə əməkdaşlıq məsələləri də var. Bu məsələlərdən biri kimi Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyünün qoyulduğu bildirilir. Saziş Azərbaycana iqtisadi baxımdan hansı dvidentlər gətirə bilər? Sualı cavablandıran iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirir ki, Avropa İttifaqı Azərbaycan üçün vacib tərəfdaşlardan biridir: “Azərbaycanın xarici ticarət dövriyyəsinin 40 faizindən yuxarısı Avropa Birliyinin payına düşür. Xüsusilə Azərbaycanın ixracatında Avropa Birliyi əsas tərəfdaşdır. Eyni zamanda Azərbaycan da Cənubi Qafqaz ölkələri ilə müayisədə Avropa Birliyi üçün vacib tərəfdaşlardan biri hesab olunur. Birliyin Cənubi Qafqaz ölkələri olan 15 milyard dollarlıq xarici ticarət dövriyyəsinin 75 faizi Azərbaycanın, qalan 25 faizi digər iki ölkənin payına düşür”.

Ekspertin fikrincə, sazişin imzalanması iqtisadi baxımdan da Azərbaycan üçün vacibdir: “İlk növbədə bu, Azərbaycan məhsullarının Avropa Birliyi bazarına ixracı üçün əlverişli şərait yaradacaq. İxrac prosesi asanlaşacaq, prosedurlar azalacaq. Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü də çox vacibdir. Xüsusilə də Avropa Birliyi ilə dərinləşmiş azad ticarət anlaşmasının imzalanması üçün Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olmasına ehtiyac var. Avropa Birliyi ilə tərəfdaşlıq sazişi Azərbaycan sahibkarları üçün yeni imkanlar açması baxımından da mühüm əhəmiyyət kəsb edir. Bundan əlavə, saziş imzalandıqdan sonra Azərbaycan Gürcüstan və Ukrayna kimi Avropa Birliyi ilə vizasız gediş-gəliş rejiminə keçə bilər. Bu isə sadə vətəndaşlarla yanaşı, sahibkarlar, iş adamları üçün də böyük üstünlük deməkdir”.

V.Bayramov deyir ki, artıq Belarus da ÜTT-yə üzvlük istiqamətində ciddi irəliləyişlər əldə edib: “Şərq Tərəfdaşlığı Proqramına üzv olan ölkələrdən yalnız Belarus və Azərbaycan Ümumdünya Ticarət Təşkilatının üzvü deyil. Gözlənilir ki, bu ilin dekabrında Belarus üzvlüyə qəbul olunsun. Bu baxımdan, Azərbaycanın bu təşkilata ən qısa zamanda üzv olması çox vacibdir. Bu, Azərbaycanın neft gəlirlərinin azalmağa başladığı 2014-cü ildən sonra daha da aktuallaşıb. Çünki Ümumdünya Ticarət Təşkilatına üzvlük yalnız daxili bazarın xarici məhsullar üçün açılması deyil, eyni zamanda Azərbaycan məhsullarının xarici bazarlara maneəsiz çıxarılması imkanlarının yaranması deməkdir. Nəzərə alsaq ki, ölkəmiz qeyri-neft ixracatının genişləndirilməsi yolunu tutub, görərik ki, Ümumdünya Ticarət Təşkilatına üzvlük bu prosesə ciddi təkan verə bilər. Buna görə də ümid edirik ki, Avropa Birliyi ilə tərəfdaşlıq sazişi ilə bərabər Ümumdünya Ticarət Təşkilatına üzvlük prosesi də yekunlaşacaq”.

Mərkəz rəhbərinin sözlərinə görə, Avropa Birliyi ilə saziş Azərbaycanın Avropadan daha böyük həcmdə texniki yardım almasına imkan verəcək: “Bu yardım çox sahələri əhatə edə bilər. Saziş eyni zamanda Azərbaycan iqtisadiyyatına Avropa kapitalının cəlbi imkanlarını artıracaq, idarəetmə sahəsində qabaqcıl təcrübəni mənimsəmək üçün şərait formalaşdıracaq”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler