» » Neftin qiyməti düşür... -

Neftin qiyməti düşür... - Bəs vətəndaş nə itirir?

Bölmə: İqtisadiyyat
Neftin qiyməti düşür... -Dünya bazarında neftin qiyməti son üç ayda 112 dollardan 68 dollara düşərək 2008-ci ildə yaşanan qlobal maliyyə böhranını belə arxada qoydu.

Qiymətin sürətli olaraq aşağı düşməsinin səbəbləri və nəticələri haqqında çoxlu rəylər verilib. Bu səbəblərin bir çoxunda Qərbin Rusiyaya neft və qaz qiymətləri üzərindən iqtisadi sanksiyalar tətbiq etmə məqsədinin olduğu ifadə edilib. Səbəblərdən biri isə Səudiyyə Ərəbistanın özünəməxsus siyasət yürütməsidir. Bundan əlavə, Orta Şərqdə son xaos ortamında məzhəb savaşının kəskinləşdiyi bir dönəmdə Səudiyyə Ərəbistanı neftin qiymətlərini artırdı. Bununla da bir növ “bu oyunda enerji kartımla mən də varam” demiş oldu.

Hər gün 700 min dollar itiririk

Dünyada neft üzərindən həyata keçirilən bu savaşın iqtisadiyyata nə kimi təsirləri olacağı barədə məlumatlar mütəmadi olaraq yazılmaqdadır.

Bəs bu qiymət düşməsinin büdcəsinin əsas hissəsi neftdən asılı olan ölkələrin əhalisinə təsirləri necə olacaq? Məsələn, bizim ölkəmizdə büdcənin 70 faizi dolayı və birbaşa neftdən asılıdır. İxracın 95 faizdən çoxunu isə neft və qaz məhsulları təşkil edir. Bu məhsulların ucuzlaşması büdcənin icrası ilə bağlı problem yarada bilər. Azərbaycan gün ərzində təxminən 700 min barrel neft hasil edir. Bu o deməkdir ki, neftin qiymətinin hər bir dollar ucuzlaşması Azərbaycan üçün 700 min dollar itki deməkdir.

qafqazinfo neftin qiymətinin sürətli olaraq aşağı düşməsinin əhalinin büdcəsinə necə təsir edəcəyini araşdırıb.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban sadə dildə fikirlərini oxuculara açıqlayıb.

Azərbaycanda neft dəyərini itirib

Ekspertin sözlərinə görə, Azərbaycan bu gün o zamanını yaşayır ki, cari ilin iyulu ilə müqayisədə neftin orta qiyməti artıq dəyərini 32% itirib: “Bunun təsirləri ilk növbədə özünü Neft Fonduna gələn mənfəət neftinin dəyərində göstərir. Hələ ki, Azərbaycanda bunu nə Dövlət Neft Fondu, nə də əhali öz üzərində hiss etmir. 2014-cu ilin 9 ayının yekunlarına görə, Neft Fonduna mənfəət neftinin və qazın satışından 9 947,8 milyon manat vəsait daxil olmuşdusa, ötən ilin yanvar-sentyabrında bu rəqəm 9 766,8 milyon manat olub. Bu isə ondan irəli gəlib ki, iyun ayında Azərbaycan neftinin orta ixrac qiyməti çox yüksək olub, yəni 115 dollara yaxın. Belə vəziyyət Neft Fonduna gələn gəlirlərin artım səviyyəsinə təsir edib”.

Gəlirlər azalmağa başlayıb

İ. Şaban bildirib ki, sentyabr ayından gəlirlər azalmağa başlayıb. Mənim hesablamalarıma görə, noyabr ayında gəlirlik səviyyəsi avqust ayı ilə müqayisədə 1 milyardı ötüb: “Bu isə onunla bağlı olub ki, həm neftin qiyməti avqust ayı ilə müqayisədə 25%-dən çox ucuzlaşıb, həm də "Azəri-Çıraq-Günəşli" yataqlarındakı ən iri platforma - "Mərkəzi Azəri" 27 gün modernizasiya işləri ilə əlaqədar hasilatını dayandırıb”.

Qiymət düşməsinin əhaliyə təsirləri nədən ibarətdir?

Neftçi ekspert hələ ki, hər hansı ciddi təsirlərin yaşandığını vurğulamayıb:

“Çünki bu hadisələr elə bir böyük zaman kəsiyində olmayıb ki, əhali bundan əziyyət çəksin. Həm də Azərbaycan iqtisadiyyatının strukturu elədir ki, neft gəlirləri Neft Fondunda toplanır, oradan isə əsasən büdcə və layihələr vasitəsilə əhaliyə çatdırılır. Burada isə hələ ki, hökumətin heç bir "tormozlayıcı mexanizm" işə saldığını müşahidə etmirik.

İnfrastruktur layihələri, tikinti işləri əvvəlki ilin ikinci yarısında öz tempində davam etdirilir, büdcədən maliyyələşən qruplar vaxtlı-vaxtında əmək haqlarını alırlar”.

Rusiyada çalışan azərbaycanlı miqrantlara isə təsiri var...

Onun sözlərinə görə, müəyyən qədər bazarda Rusiyada çalışan azərbaycanlı miqrantların göndərdikləri vəsaitlərin dəyərinin azalması müşahidə olunur: “Bu da Rusiya iqtisadiyyatında yaşanan böhran nəticəsində rublun 40%-ə yaxın öz dəyərini itirməsidir. Bunun nəticəsində bazarlarda alıcılıq qabiliyyətinin bir qədər səngiməsi var ki, bununla da qiymətlərin artımı müşahidə edilmir. Çox güman ki, bu faktor rol oynayıb”.

Proqnozlar nədən ibarətdir? Təşvişə əsas varmı?

Ekspert qeyd edib ki, gələn ilin büdcəsində xərclər daha da artıb: ”Hökumət bu xərcləri neftin qiymətindən asılı olmayaraq Neft Fondundan ödəmək niyyətində olduğunu ortaya qoyub. Bunu büdcə müzakirələri zamanı maliyyə naziri Samir Şərifov qeyd etmişdi. Onun sözlərindən belə nəticəyə gəlmək olar ki, hətta neftin orta ixrac qiyməti 60 dollara düşənə qədər hökumət büdcədə hər hansı ixtisarlar aparmaq niyyətində deyil. Bu baxımdan əhalinin təşvişi üçün elə bir əsas yoxdur. Çünki bizim iqtisadiyyatın strukturunda əsas yeri büdcə xərcləmələri tutur, onun da gəlirinin yarısından çoxunu stabil olaraq Neft Fondundan olan transfertlər təşkil edir”.

Ehtiyatdan xərcləyirik, özü də…

“Neft Fondundan transfertlərin çoxalmasının mənfi təsirləri ondan ibarətdir ki, ehtiyatdan xərcləyirik. Özü də bu xərcləməni nəzərdə tutduğumuzdan çox edirik. Axı heç kəs proqnoz etməmişdi ki, neft bir ilin içində birdən-birə 115 dollara da qalxacaq və bugünkü kimi 68 dollara da düşəcək və bəlli deyil ki, ili hansı qiymətlə başa vuracağıq. Düzdür, 2008-ci ildə biz daha dramatik vəziyyətlə qarşılaşmışdıq. Ancaq hazırkı vəziyyətimizin o zamankından bir fərqi var. O zaman neft hasilatımız artan xətt üzrə inkişaf edirdi, indi isə azalan...

O zaman Azərbaycan neft sənayesində bütün iri layihələrini başa vurmuşdu və elə bir kapital xərci yox idi. İndi isə həm ölkə daxilində, həm də ölkə xaricində meqa layihələr həyata keçirir. Bunların maliyyələşdirilməsində də Neft Fondu birbaşa və dolayısı ilə iştirak edir. Bu baxımdan əgər yaxın 5 ildə dünya bazarında neftin qiyməti orta hesabla 80 dollar olarsa, Neft Fonduna təqribən 55 milyarddan çox vəsait daxil olacağı gözlənilir. Ancaq həmin illərdə Neft Fondundan nə qədər vəsait xərclənməsinin planlaşdırılması prezidentin qərarından asılı olacaq”, - deyə ekspert əlavə edib.

Ekspertin şərhlərindən aydın olur ki, hələ ki, əhalinin təşvişə düşməsinə ciddi əsas yoxdur. Ən azı, yaxın günlər üçün. Amma neftin qiymətinin düşməsi bundan sonra da davam edərsə, bu o deməkdir ki, biz gələcək üçün yığılmış olan ehtiyat pulumuzu xərcləməkdə davam edəcəyik. Aydındır ki, belə bir vəziyyətin xalqın gələcəkdə yaşayışına təsir edəcəyi qaçılmaz olacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler