» » Əmlak bazarında nələr olacaq? -

Əmlak bazarında nələr olacaq? - YENİLƏNİB

Bölmə: İqtisadiyyat
Əmlak bazarında nələr olacaq? - Mənzillərin ucuzlaşacağı proqnozlaşdırılır
Azərbaycanda daşınmaz əmlakla bağlı əməliyyatların sayı kəskin artıb. Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatına görə, yanvar-oktyabr aylarında ölkədə 168 min daşınmaz əmlak qeydiyyata alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,4% artıqdır. Fins.az komitənin xəbərlərinə istinadən məlumat verir ki, Azərbaycanda əhalinin torpaq sahələrinə marağı kəskin artmaqdadır. Belə ki, ölkədə daşınmaz əmlakla aparılan əməliyyatların yarısı - 79 mini torpaq sahələrinin payına düşür. Ötən ilin eyni dövrü ilə müqayisədə torpaq sahələrinin qeydiyyatı 37% yüksəlib.

Qeydiyyatı aparılan əmlaklardan 34,4 mini fərdi yaşayış və bağ evi, 46,6 mini mənzil, 3,9 mini qeyri-yaşayış binası, təqribən 3 mini qeyri-yaşayış sahəsi, 50-si çoxmərtəbəli yaşayış binası olub. Ötən illə müqayisədə fərdi yaşayış və bağ evlərinin qeydiyyatı 15%, çoxmərtəbəli yaşayış binalarının qeydiyyatı isə 43% artıb.

Bu ilin ilk 10 ayında 47,3 min daşınmaz əmlak ilkin qeydiyyata alınıb. Bu ötən ilin eyni dövrünə nisbətən 19% artıqdır. İlk dəfə sənədləşdirilən əmlakların növlərinə gəlincə, bu il 14,6 min fərdi ev, 10,7 min mənzil, 19,3 min torpaq sahəsi, 20 çoxmərtəbəli yaşayış binası sənədləşdirilib.

Əmlak bazarında regionların payı sürətlə artır. İlk 10 ayda əmlakla əməliyyatların təqribən 70%-i regionların payına düşüb. Fərdi yaşayış evi, torpaq sahələri, qeyri-yaşayış binaları və əmlak kompleksləri üzrə əməliyyatların böyük hissəsi, çoxillik əkmələrlə əməliyyatların isə hamısı regionlarda aparılır. Bu dövrdə qeydiyyatdan keçən 50 çoxmərtəbəli binadan 39-u regionlardadır.
Əmlakla əməliyyatların artımının əsas səbəbi ölkədəki iqtisadi aktivlik, daşınmaz əmlakın biznes proseslərə getdikcə daha aktiv cəlb edilməsidir. Bundan başqa, aparılan maarifləndirmə tədbirləri nəticəsində ölkə vətəndaşları əmlakın qeydiyyatının vacibliyini və gətirdiyi faydaları hiss etməyə başlayıb. Əmlakla əməliyyatların artmasının digər səbəbi ƏMDK tərəfindən daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlərin səviyyəsinin yüksəldilməsi olub. Belə ki, ƏMDK-da qeydiyyat prosesində operativlik artıb, qeydiyyat müddəti azalıb, geniş tətbiq edilən elektron xidmətlər (məsələn məhdudiyyət arayışlarının onlayn verilməsi) isə qeydiyyat prosesindəki bəzi prosedurları ümumiyyətlə aradan qaldırıb.

Bu arada neftin qiymətinin azalmasının evlərin uculaşmasına səbəb olacağı ilə bağlı proqnozlar açıqlanıb. İqtisadi Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun sözlərinə görə, 2014-cü ilin geridə qalan ayları Bakının və eləcə də ölkənin mənzil bazarında öz spesifikliyi ilə yadda qalıb: “İli əvvəlindəki sürətli qiymət artımları daha sonra azalma, payıza doğru isə stabilləşmə və son ayda isə durğunluq ilə müşahidə edildi. Bununla belə, bu ilin qarşıdakı ay yarımında durğunluğun davam edəcəyi və 2015-ci ilin ilk aylarından başlayaraq isə əmlak bazarında tələbin azalacağı proqnozlaşdırılır. Tələbin azalmasına baxmayaraq, ötən ay və eləcə də noyabrın geridə qalan günlərində hələlik qiymət azalması qeydə alınmadı. Amma dünya bazarındakı son dəyişikliklərin Bakının mənzil bazarında təsirsiz ötüşməyəcəyi gözlənilir. Digər tərəfdən, əmlak bazarındakı son 2 ildəki qiymət artımları heç də iqtisadi səbəblər ilə əlaqələndirilmir. Əksinə, ötənilki qiymət artımlarında iqtisadi faktorlardan daha çox süni və eləcə də psixoloji amillər rol oynayırdı”.

Ekspert qeyd edir ki, artıq əmlak bazarındakı “köpüklər” partlamaq ərəfəsindədir. Bu isə mənzil bazarında yenidən qiymət azalmalarında özünü ehtiva edə bilər: “Əvvəla, neftin dünya bazar qiymətində azalmalar davam edərsə bu əmlak bazarında tələbatın azalmasına və qiymətlərin aşağı düşməsinə səbəb olacaq. Neft ölkəsi olan Azərbaycanda dövriyyədə olan pulun həcmi eyni zamanda qara qızılın dünya bazar qiyməti ilə sıx bağlıdır. İxracımızın 94 faizinin neft və neft məhsullarından ibarət olduğunu nəzərə alsaq, bu zaman enerji sektorunun digər sferalar ilə əlaqəsini müəyyənləşdirmək çətin olmaz. Dünya bazarında neftin qiymət azalmaları büdcədən müdafiə olunmayan bir sıra xərclərə sekvest tətbiq edilməsinə gətirib çıxara bilər ki, bu da eyni zamanda özəl xərcləmələrə təsir göstərəcək. Digər tərəfdən, psixoloji olaraq strateji məhsulların dünya bazar qiymət aşağı düşən zaman əmlaka olan tələbatın azalması müşahidə edilir. Eyni zamanda neftin dünya bazar qiymətinin kəskin azalması bəzən və təəssüf ki, adətən qlobal böhranlara işarə kimi yozulur”.

Ekspertin fikrincə, Rusiya iqtisadiyyatında müşahidə edilən durğunluq şimal qonşumuzda yaşayan azərbaycanlıların da maliyyə vəziyyətinə mənfi təsir göstərir. V.Bayramovun sözlərinə görə, 2014-cü ildə Rusiyada yaşayan azərbaycanlıların ölkəmizə göndərdikləri pulların məbləğinin ən azı 30 faizə yaxın azalacağı gözlənilir: “Monitorinq və empirik sorğular göstərir ki, mənzil bazarına tələbatın təxminən 1/3-i MDB-də, xüsusən də Rusiyada yaşayan azərbaycanlıların payına düşür. Biznesi zəifləyən həmyerlilərimiz artıq paytaxtın mənzil bazarında ciddi tələb formalaşdıra bilmirlər. Başqa tərəfdən, Rusiyada yaşayan və bizneslə məşğul olan azərbaycanlıların böyük əksəriyyətinin Bakıda mənzili var. Hətta Rusiyada yaşayan həmyerlimizin bir qismi Bakıda 1 deyil daha çox mənzilə sahibdir. Həmyerlilərimizin biznesinin zəifləməsi onların Bakıdakı mənzillərini satışa çıxarmasına və təklifin artmasına səbəb ola bilər”.

Digər bir tərəfdən Bakının mənzil bazarındakı qiymətlər artıq tavana dirəndiyi üçün yeni qiymət yüksəlişləri üçün real zəmin yoxdur. Ekspert bildirir ki, son 2 ildə paytaxtın mənzil bazarında müşahidə edilən qiymət artımları Bakını regionun ən bahalı şəhərlərindən birinə çevrilib. Bu isə mənzil bazarında psixoloji təzyiq formalaşdırıb: “Paytaxtda infrastrukturunun genişləndirilməsi ilə bağlı aparılan söküntülər mənzil bazarına böyük həcmdə vəsaitin daxil olmasına gətirib çıxarmır. Kompensasiyaların böyük qismi Bakı ətrafı qəsəbələrdə evlərin və ya torpaqların alınmasına yönəldilir. Digər tərəfdən, bu pullar daha çox təkrar mənzil bazarında tələbə təsir göstərir”.

Beləliklə, Rusiyadakı durğunluq və neftin dünya bazar qiymətindəki kəskin azalmalar davam edərsə, Bakının mənzil bazarında qiymət azalmalarının olacağını proqnozlaşdırmaq çətin olmaz. Deməli, paytaxtın əmlak bazarı yeni dəyişikliklər ilə üz-üzədir.(kaspi.az)

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler