» » Azərbaycan-Amerika Alyansı Vaşinqtonda möhtəşəm ziyafət verdi

Azərbaycan-Amerika Alyansı Vaşinqtonda möhtəşəm ziyafət verdi

Bölmə: İqtisadiyyat
Azərbaycan-Amerika Alyansı Vaşinqtonda möhtəşəm ziyafət verdi“Bizim mədəniyyətimiz, bizim tariximiz əsrləri əhatə edir”.

Noyabrın 12-də ABŞ-ın paytaxtı Vaşinqton şəhərində bu ölkədə fəaliyyət göstərən Azərbaycan-Amerika Alyansının təşəbbüsü ilə 3-cü təntənəli ziyafət mərasimi baş tutdu.
Xalqinfo.az milli.az-a istinadən xəbər verir ki, Endryu Mellon Auditoriyasında keçirilən və 600-dən çox qonağın qatıldığı mərasimdə ABŞ Konqresinin nümayəndələri, bu ölkədə fəaliyyət göstərən diplomatik korpus, analitik mərkəzlər, akademik və işgüzar dairələrin təmsilçiləri iştirak ediblər.

Azərbaycan-Amerika Alyansının təşəbbüsü ilə keçirilən builki – “Azərbaycanın gözəlliyi və təbiət möcüzələri” adlı sayca 3-cü təntənəli ziyafət mərasimi Azərbaycanın təbiət və mədəniyyət gözəlliklərinin təbliğinə həsr olunub.

Mərasimi giriş sözü ilə açan Azərbaycan-Amerika Alyansının təsisçisi və rəhbəri Anar Məmmədov qonaqları salamlayaraq, onları təntənəli ziyafət mərasimində görməkdən şad olduğunu bildirib:

“Bakı və Vaşinqton iki böyük dostun – Azərbaycan və Amerikanın milli paytaxtlarıdır! Bizim mədəniyyətimiz, bizim tariximiz əsrləri əhatə edir və bizi bir-birimizdən böyük okean, iki qitənin ayırmasına baxmayaraq, ən yaxın qonşular kimi, özümüzə və bir-birimizə hörmət dəyərlərimiz eynidir”.

Daha sonra çıxış edən Azərbaycanın ABŞ-dakı Fövqəladə və Səlahiyyətli səfiri Elin Süleymanov qonaqları salamlayıb:

“Bu gün Azərbaycan-Amerika Alyansının təşkil etdiyi tədbirdə iştirak edən hörmətli qonaqlarımız Vətənimiz Azərbaycanın gözəlliyi və təbiət möcüzələri ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər”.

Mərasimdə çıxış edən ABŞ Konqresmeni, Azərbaycan-Amerika Alyansı İdarə Heyətinin sədri Den Berton Azərbaycan və ABŞ arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini bildirib.

Təntənəli ziyafət mərasimi çərçivəsində Azərbaycan mətbəxinin beş ənənəvi yeməyindən ibarət şam süfrəsi açılıb.

Azərbaycanın tanınmış incəsənət xadimləri qonaqlara unudulmaz hisslər bəxş ediblər.
Dövlət Rəqs Ansamblı Azərbaycanın möhtəşəm milli rəqslərini nümayiş etdirib.
Azərbaycanlı rəqqasların möhtəşəm çıxışı sürəkli alqışlarla müşayiət olunub.

Daha sonra isə tədbir iştirakçıları Azərbaycanın dahi muğam ustadı, Azərbaycanın xalq artisti Alim Qasımov və onun qızı Fərqanə Qasımovanın mükəmməl ifasından zövq alıb, Azərbaycan muğamının inciləri ilə tanış olublar.

Tədbir çərçivəsində səhnəyə çıxan Azərbaycanın əməkdar artistləri Tünzalə Ağayeva və Abbas Bağırov müasir Azərbaycan və Amerika mahnılarını ifa ediblər, Emil Əfrasiyab isə pianoda ənənəvi cazın bütün gözəlliklərini nümayiş etdirib.

Qonaqları rəqsə dəvət edən Natiq Ritm Qrupunun enerjili çıxışı da tədbir iştirakçılarını heyran edib.

Təntənəli ziyafət mərasimində ABŞ senatorları Riçard Burr, Mark Prayor, Çarlz Şummer, Mark Uorner, ABŞ Nümayəndələr palatasının üzvləri Cin Qrin, Korrin Braun, Stiv Koen, Maykl C. Fitspatrik, Marsiya Fac, Kori Qardner, Billi Lonq, Ceyms Moran, Pit Olsen, Donald M. Peyn, kiçik Loretta Sançes, Con Şimkus və ABŞ-ın digər mədəniyyət, biznes xadimləri, KİV rəhbərləri iştirak ediblər.

Tədbirdə çıxış edən amerikalı siyasi və ictimai xadimlər iki ölkənin qarşılıqlı əlaqələrinin inkişafının əhəmiyyətini vurğulayıblar.

Qeyd edək ki, Azərbaycan-Amerika Alyansı Anar Məmmədov tərəfindən təsis edilmiş qeyri-kommersiya təşkilatı olub, ABŞ-da fəaliyyət göstərir və bu ölkədə Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, təhsili, idmanı, iqtisadiyyatını təbliğ edir.

Alyans akademik müzakirələr, mədəni proqramlar və siyasi söhbətlər vasitəsilə Azərbaycanla Amerika arasında davamlı tərəfdaşlığın təşviqi ilə məşğul olan əsas təşkilata çevrilmək niyyətindədir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler