» » Yeni ili bölgələrdə qeyd etmək 8 min manatadək bahalaşıb

Yeni ili bölgələrdə qeyd etmək 8 min manatadək bahalaşıb

Bölmə: İqtisadiyyat, BLOK XƏBƏR, MANŞET
Yeni ili bölgələrdə qeyd etmək 8 min manatadək bahalaşıb
Hotellərdə yer sifariş edən əsasən yerli turistlərdir

2018-ci ilin gəlişinə artıq 25 gün qalıb və insanlar Yeni il hazırlıqlarına başlayıblar. Nəzərə alsaq ki, Yeni il ərəfəsində dekabrın 31-dən yanvarın 5-dək qeyri-iş günləridir, hər kəs bu fürsəti dəyərləndirmək, bayram günlərini yaddaqalan keçirmək istəyir. Bir qisim insanlar Yeni ili evlərində qeyd etsə də, ölkədaxili müxtəlif məkanlara, bölgələrə və ya ölkə xaricinə üz tutanlar da az deyil. Yeni ili evdən kənarda daha yadda qalan keçirmək istəyənlər artıq bu günü harada daha maraqlı və sərfəli keçirmək olar axtarışına çıxıblar. Biz də Yeni ilin ölkə daxilində səfalı bölgələrdə neçəyə başa gələcəyini öyrənmək üçün kiçik bir araşdırma apardıq. Məlum oldu ki, Yeni ili evdən kənarda keçirmək istəyənlər əllərini ciblərinin dərinliyinə salmalı olacaqlar. Çünki qiymətlər artıq “ceyran belinə” qalxıb.

Əgər siz 31 dekabrdan 2 yanvaradək nəzərdə tutulan, xırda incəliklərinə qədər düşünülmüş bayram paketlərindən yararlanaraq Yeni ili Qubada “Rixos” hotelində keçirmək istəyirsinizsə, bu sizə ən azı 1999 manata, ən çoxu isə 7999 manata başa gələcək. Qiymətlər 3 gün 2 nəfər üçün nəzərdə tutulub. Qeyd edək ki, bu qiymətlərə qidalanma, Wi-Fi xidmətinə ödənişsiz qoşulma, hotelin əlavə xidmətlərindən istifadə: (hovuz, sauna, türk hamamı və fitnes zal), daxildi. 2 yaşadək uşaqlar üçün ödəniş tələb edilmir. 2-6 yaşlı uşaqlara əlavə çarpayı üçün 50 AZN, 6-12 yaşlı uşaqlara 100 AZN, 12 yaşdan böyük şəxslər üçün 150 AZN ödəniş tələb olunur. Qeyd edək ki, qiymət 1 gün üçün nəzərdə tutulub. Qiymətə qidalanma, şou proqram, Wi-Fi xidməti, otelin əlavə xidmətlərindən (hovuz, sauna, türk hamamı, fitness zalı və kanat yolundan) istifadə daxildir.

“Şahdağ Quba Hotel & SPA”da isə 31 dekabr 3 yanvaradək Yeni ili keçirmək istəyənlər üçün bu hoteldə tutduğunuz otağın qiyməti pəncərə mənzərəsinin dağa və ya parka baxmasından asılı olaraq 898 və 1098 manat arasında dəyişəcək. Qeyd edək ki, qiymətə yalnızca Yeni il gecəsi şam yeməyi, hoteldə gecələmə (3 gecə, 4 gün), 3 dəfə səhər yeməyi, internetdən pulsuz istifadə, Fitness və SPA xidmətləri daxildir. Yeni il konsertinə girmək üçünsə, bir nəfər üçün 200 manat verib bilet almalısınız. Biletin qiymətinə qala-gecəsində iştirak və şam yeməyi daxildir.

Yeni ili bölgələrdə qeyd etmək 8 min manatadək bahalaşıb

Yeni ili Qusar “Olimpik hoteli”nin meşə içindəki kotteclərində qeyd etmək isə “Quba Rixos” hotelə nisbətən ucuz başa gəlir. Təbii ki, yenə bu qiymət hər kəsin cibinə uyğun deyil. “Aristokrat Travel”in təklifinə görə, 31 dekabrdan 3 yanvaradək 3 gecə 4 gün nəzərdə tutulan qiymətlər 1 nəfər üçün 299 manat, 2 nəfərə 598 manat nəzərdə tutulur. Bura qidalanma (səhər və axşam yeməyi), Yeni il Qala Gecəsi, Yeni il menyusu, DJ şou, atəşfəşanlıq, unudulmaz anlar, “Şaxta baba və Qar qız”dan hədiyyələr daxildir. Yanvarın 1-i səhər yeməyinə hər kəsə xaş qonaqlığı, futbol meydançası, voleybol meydançası, bilyard salonu, tennis zalı, fitnes mərkəzi, hər gün Şahdağ qış turizm mərkəzinə pulsuz gediş daxildir. 6 yaşadək uşaqlar üçün bunlar pulsuzdur.

Qəbələ “Qafqaz Yeddi Gozel Resort Hotel”də möhtəşəm Yeni il Qala Gecəsi təşkil ediləcək. Gecədə iştirak etmək 1 nəfər üçün 120 manat civarında nəzərdə tutulub.

0-3 yaş arası uşaqlar üçün oturacaq götürməmək şərti ilə pulsuzdur, 3-6 yaş arası uşaqlar üçün 70% endirim,

6-12 yaş arası uşaqlar isə 50% endirimlə olacaq.

Qeyd edək ki, hazırda sadaladığımız ölkədaxili hotellərin çoxunda artıq yerlər tutulub.

Yeni ili bölgələrdə qeyd etmək 8 min manatadək bahalaşıb

“Fly Travel” şirkətinin rəhbəri Mamed Əliyev hətta indidən Novruz bayramı ərəfəsi üçün xarici ölkələrə təyyarə biletlərinin bahalaşdığını dedi: “Yeni ili ölkəmizdə qeyd etməyə xaricdən gələnlər var. Onlar daha çox paytaxtda, şəhər hotellərində qalırlar. Ölkəmizə daha çox İrandan gəlirlər. Ruslar da gəlib, amma azdır. Ərəblərin gəlməsini gözləyirik. Bölgələrdən isə daha çox Quba, Qusar və Şamaxıya üz tuturlar. İndi siz bu bölgələrdə yer rezerv etmək istəsəniz, tapa bilməyəcəksiniz, çünki yerlərin hamısı tutulub. Bu bölgələrdə hotellərdə yer alanlar xaricilərdən çox yerli turistlərdir. Misal üçün, biz hazırda ”Novxanı Spring Hotel"ə 31 dekabr-1 yanvar tarixlərində şou proqram, Qala gecəsi, yeyib içmək hamısı bir yerdə 2 nəfər üçün 500 manat nəzərdə tutulmuş bir paket təklif edirik. Azərbaycandan xarici ölkələrə də getmək istəyənlər çoxdur. Onlar Yeni ili daha çox Avropa ölkələrində keçirmək istəyirlər. Amma burada viza verilmir deyə çox adam istəsə də, gedə bilmir. Hazırda bizim camaat daha çox İstanbul və Dubaya gedir. Oradakı qiymətlərlə buradakından dəfələrlə ucuzdur. Sadəcə olaraq, ora bilet çox pul aparır. Bizimkilər Yeni il qabağı 300 manatlıq bileti 800 manata satırlar. İndidən Novruz bayramına görə o dövr üçün uçuşların qiyməti bahalaşıb. Biletsiz götürsək bizim yerli hotellər xarici ölkələrin hotelindən bahadır".

Maraqlıdır, hər bayram qabağı müxtəlif istirahət mərkəzlərinin qiymətinin bu cür bahalaşmasının gerçək səbəbi nədir?

İqtisadçı ekspert Vüqar Bayramov bildirdi ki, bunun əsas səbəbi istirahət obyektlərinin, xüsusən də Yeni ildə istirahət təklif edən obyektlərin sayının az olması ilə bağlıdır: “Digər xarici ölkələrdə qiymətlərin tənzimlənməsi, hətta bəzi ölkələrdə daha çox müştəri cəlb etmək üçün xüsusi kampaniyalarla qiymətlərin aşağı salınması birbaşa rəqabət mühiti ilə bağlıdır. Rəqabət də təbii ki, bilavasitə bu sektorda çalışan şirkətlərin sayının çox olması nəticəsində yarana bilər. Ölkəmizdə qiymətlərin yüksək olması və hər il Yeni il ərəfəsində, o cümlədən Novruz bayramı ərəfəsində daha yüksək qiymətə xidmətlərin təklif edilməsi rəqabətin yüksək olmaması ilə bağlıdır. Rəqabətin gücləndirilməsinə ehtiyac var. Xüsusən də Yeni il üçün daha münasib olan rayonlarımızda istirahət guşələrinin sayını artırmaq mümkün olsa, rəqabət yaranar və qiymətlər tənzimlənər. İndiki məqamda qiymətləri tənzimləməyin yeganə yolu rəqabətin müdafiə olunması və daha çox turizm obyektlərinin inşaatına nail olmaqdır. Qiymətlər baha olsa da, həmin xidmətdən istifadə edənlərin sayı çoxdur. Bizim ötən ildə apardığımız monitorinqlər göstərir ki, turizm obyektlərində demək olar ki, hətta yer tapmaq problemi olur. Bu da birbaşa turizm obyektlərinin sayının az olması ilə bağlıdır. Buna görə də tələbat artan kimi qiymətlər də artır. Turizm obyektlərinin sayı artırılmalıdır ki, insanların hamısı Yeni ili sərfəli qiymətə bu istirahət mərkəzlərində keçirə bilsin. İnzibati yolla bunu tənzimləmək çox çətindir. Digər ölkələrdə olduğu kimi bizdə də rəqabətin dəstəklənməsi və bu tip xidmət göstərən obyektləri artırılması yolu ilə qiymətləri aşağı salmaq olar. Çox təəssüf ki, hələlik biz turizm obyektlərinin qiymətlərində yalnız artım müşahidə edirik”.

Maraqlıdır, siyasilərdən kimlər Yeni ili harada keçirəcək? Onlar bu cür baha qiymətlərlə harasa getməyi düşünürmü?

Ümid Partiyasının sədri İqbal Ağazadə Yeni ili evdə, ailəsi ilə birlikdə qeyd edəcəyini bildirdi.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev isə Yeni İli ailəsi ilə birlikdə Azərbaycanda keçirəcəyini dedi: “İmkan olduqca Ordubada gedirəm. Oranın yaxşı qışı olur. Yəqin ki, yenə də adətimə əməl edəcəyəm və Ordubada gedəcəm”.

ADP sədri Sərdar Cəlaloğlu isə Yeni ili qeyd etmədiyini dedi: “Yanvarın 1-i şeytan təqviminin bir ilidir. Sonradan onu guya İsa peyğəmbərin anadan olması, il dəyişməsi kimi qəbul etdilər. Bizə görə il mart ayında dəyişilir. Yanvarın 1-i isə şeytanın anadan olduğu gün olduğuna görə onu satanistlər insanlara bayram kimi keçirdirlər. Amma bu bayram deyil. Ona görə də mən Yeni ili bayram kimi qəbul etmirəm və keçirmirəm”./Yeni müsavat

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler