» » “Ağ qızıl” yığımı -

“Ağ qızıl” yığımı - ölkəmiz nə qədər qazanacaq...

Bölmə: İqtisadiyyat
“Ağ qızıl” yığımı -
Natiq Cəfərli: “Pambığın qiyməti dünya bazarında dəyişkən olduğu üçün...”

Azərbaycanda sentyabrın 20-dək pambıq tədarükü 14 min 988,88 ton təşkil edib. Dövlət Statistika Komitəsindən mətbuata verilən məlumata görə, pambıq tədarükünə görə Saatlı rayonu birinci yerdədir. Rayonun fermerləri tarlalardan 3617,60 ton məhsul yığıblar. Sabirabadda 2128,03 ton, Biləsuvarda 1481,23 ton, Beyləqanda 1143,50 ton, Neftçalada 912,50 ton pambıq tədarük olunub.

Qeyd edək ki, ölkə üzrə cari ildə ötən illə müqayisədə 2,7 dəfə çox - 136 min 413,2 hektar çiyid səpilib. Bu il ən çox pambıq Saatlıda əkilib (17220 hektar). Sonrakı yerlərdə İmişli (15641,5 hektar), Sabirabad (15055 hektar), Biləsuvar (11351,8 hektar) və Neftçala rayonları (11111 hektar) gəlir. Qeyri neft sektoru kimi pambıqçılığın, yəni ağ qızılın inkişafının iqtisadiyyata da güclü təkan verəcəyi bildirilirdi. Pambıqçılığın inkişafı həm də rayonlarda işsizliyin qismən aradan qalxması deməkdir. Hətta pambığın “Made in Azərbaycan” adı ilə digər ölkələrə də ixracı mümkün olacağı bildirilirdi. Pambığı digər məhsullardan fərqləndirən əsas cəhət onun rəqabət üstünlüyünə malik olması və hər zaman alıcısının tapılmasıdır. Pambıq elə bir bitkidir ki, onu hər ölkədə istehsal etmək olmur. Azərbaycanda pambıqçılığın inkişafını zəruri edən cəhətlərdən biri də onun istehsalı üçün ölkəmizdə əlverişli iqlim şəraitinin mövcudluğudur.

Maraqlıdır, pambıqçılığın inkişafı doğrudan da iqtisadiyyata müsbət mənada təkan ola bilərmi? Ağ qızılın dünya ölkələrinə ixracı və “Made in Azərbaycan” adı ilə tanınması mümkündürmü?

“Ağ qızıl” yığımı -

İqtisadçı ekspert Natiq Cəfərli pambıqçılığın Azərbaycan iqtisadiyyatına müsbət mənada hansısa bir təsirinin olmadığını dedi: “Pambıqla ”Made in Azərbaycan" brendi arasında heç bir əlaqə ola bilməz. Çünki bu xammaldır. Xammal materialı kimi onun dünya birjalarında qiyməti müəyyənləşdirilir və bundan sonra alıcı və satıcı arasında keyfiyyətə uyğun qiymətləndirmə aparılır, müqavilə bağlanılır. Qiymətləndirmə əla növdən başlayır, 3-cü sorta qədər aparılır. Azərbaycanda əla növ pambıq təəssüflər olsun ki, hələ istehsal etmək və yetişdirmək problemdir. Bizim yetişdirdiyimiz pambıq əsasən birinci və ikinci növə aid olur. Bu pambığın qiyməti də dünya bazarında dəyişkən qiymətlərdir. Qiymətlər müəyyənləşdirildikdən sonra müqavilələrlə ölkədən çıxarılır və yaxud da ölkə ərazisində emal olunur. Aşırı şəkildə ümidlənmək ki, pambıq sahəsi Azərbaycanda ciddi şəkildə iqtisadiyyatımıza təsir göstərəcək və neftdən azalan gəlirlərin əvəzləyicisinə çevriləcək, açığı, bir qədər şişirdilmiş gözləntilərdir. Çünki hələ biz hədəf qoymuşuq ki, 2018-ci ildə 200 min tona yaxın pambıq istehsal edilməlidir. Xatırladım ki, 2004-cü ildə artıq Azərbaycan 196 min ton pambıq istehsal edirdi. Sonuncu ən böyük nəticə 2004-cü ildə oldu. Amma bunun Azərbaycan iqtisadiyyatına 2004-cü ildə ciddi bir təsiri olmadı. Bu gün də heç bir iqtisadi analizdə tapmaq mümkün deyil ki, 2004-cü ildə nəticələrin yaxşı olmasında pambığın mühüm rolu olub. Ən yaxşı halda, biz gələn il 200 min ton pambıq yığsaq belə, 2004-cü ilin göstəricilərini təkrarlamış olacağıq. Yəni bu ciddi bir nailiyyət sayılmayacaq. Bundan başqa, ən çox pambıq yığan postsovet ölkələrindən birincisi Özbəkistandır. Özbəkistanda ildə 3 milyon tona yaxın pambıq yığılır və əsasən dünya bazarlarına çıxarılır. Bu 3 milyon ton pambığın Özbəkistan büdcəsinə birbaşa verdiyi məbləğ cəmi 1,2 milyard dollardır. Yəni 200 min ton pambıq hara, 3 milyon ton pambıq hara? Biz ən yaxşı halda gələn 200 milyon ton pambıq yığmağı planlaşdırırıq. Pambıq daha çox əl əməyindən istifadə olunaraq toplanır ki, bu da yanlış yanaşmadır. Pambığın gəlirliliyini artırmaq üçün əksinə, bütün dünyada əl əməyindən imtina olunub, sırf texniki nailiyyətlərlə həm əkin, həm də yığım işləri həyata keçirilir. Bu da rentabelliyi yüksəldir, gəlirliliyi artırır".

İqtisadçı ekspert Azərbaycanda buna sosial layihə, yeni iş yerlərinin yaranması kimi də baxıldığını, bunun da rentabelliyin və gəlirliliyin aşağı düşməsinə səbəb olacağını bildirdi: “Tək bir fakt deyim ki, ABŞ dünyada ən çox pambıq istehsal edən, yığan ölkələrdən biridir. Bu ölkədə 15 hektar pambıq sahəsinə bir işçi düşür. Azərbaycanda isə son hesablamalara görə, təqribən 10 hektara 24-25 işçi düşür. Yəni əl əməyinin artıq olması, yeni texnika və texnologiyalardan istifadə olunmaması bu sahədə rentabelliyi və gəlirliliyi azaldacaq amillərdən biridir. Mən düşünmürəm ki, pambıqçılıqla bağlı çox ciddi, aşırı ümidlər və gözləntilər formalaşdırmaq lazımdır. Amma bu sahə təbii ki, Azərbaycanda inkişaf etdirilməlidir. Bu sahənin həm müəyyən gəlirliliyi var, həm də kənd yerlərində iş yerlərinin yaranmasında rol oynaya bilər”.(musavat.com)

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler