» » Neftimiz 57 dollara qalxdı:


Neftimiz 57 dollara qalxdı: Proqnozlar sevinməyə əsas verirmi?

Bölmə: İqtisadiyyat
Neftimiz 57 dollara qalxdı:
Natiq Cəfərli: “Qış aylarında qiymət yenidən 45-55 dollar koridoruna qayıdacaq”

Dünya birjalarında neft yenidən bahalaşıb. İCE London birjasında “Brent” markalı neft 0,76 faiz artaraq bareli 54,25 dollar olub. “WTI” markalı neftin oktyabr fyuçersi isə 0,29 faiz bahalaşaraq bareli 48,21 dollardan satılıb.

“AzəriLayt” markalı neftin bir barelinin qiyməti isə 1,04 dollar bahalaşaraq 56,90 dollar olub. Neftimizin bu qədər bahalaşması sevindirici hal olsa da, ekspertlər qiymətlərin bundan sonrakı dövrdə kəskin artmayacağını proqnoz edirlər.

“Yeni Müsavat”a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli dünya birjalarındakı bu qiymət artımının fundamental səbəblərə dayanmadığını qeyd etdi: “Neftin bahalaşmasının səbəbi nə qədər qəribə səslənsə də, hava şəraitidir. ABŞ-da baş verən iki dəhşətli qasırğadan biri neftlə zəngin bölgəyə, neft hasilatının çox olduğu bölgəyə təsadüf etdi. Amerika şirkətləri öz işçilərinin böyük bir hissəsini platformalardan geri çəkdilər və istehsalat 12 faiz azaldı. Bu da neft bazarlarına psixoloji olaraq pozitiv təsir göstərdi. Artıq qasırğanın gücü zəifləyib, getdikcə daha da zəifləməkdədir. Bu həftə ərzində qasırğanın neftin qiymətinə təsiri minimum enməyə başlayacaq. Ötən gün Bakı vaxtilə Amerikada neft bazarı ilə bağlı növbəti statistik məlumatlar açıqlandı. Bu məlumatlar neft qiymətlərinə yön verən əsas amilə çevriləcək”.

Ekspertin sözlərinə görə, hazırki artımın digər səbəbi Beynəlxalq Energetika Agentliyinin yaydığı yeni hesabatdır: “Mən də bu hesabatla tanış oldum. Burada proqnoz edilir ki, gələn il dünyada neft istehlakı artacaq. Bundan əvvəlki hesabatda gələn il dünyada gündəlik olaraq 95 milyon barel neft istehlakı gözlənilirdi. Agentlik proqnozlarını dəyişdirərək, 1,2 milyon barel artırdı. Gələn il üçün dünyadakı gündəlik neft istehlakı proqnozları 97 milyon barelə yaxınlaşdı. Gündəlik neft istehsalı proqnozları da 98-100 milyon barel civarında dəyişir. Bu proqnoz neft bazarlarına pozitiv təsir edən amillərdən birinə çevrilir. Neft bazarı çox həssas bir bazar olduğundan günlük xəbər axını qioymətlərə ciddi təsir edir. Bu bazar hava xəbərlərindən tutmuş, siyasi fiqurların bəyanatlarına qədər hər şeyə çox ciddi reaksiya verir. Lakin sonda yenidən fundamental səbəblərinə geri dönür, qiymətlər də iqtisadi səbəblərdən asılı olaraq dəyişməyə başlayır. Yaxın bir həftədə qasırğanın zəifləməsi ilə yanaşı, Kanadada neft hasilatı ilə bağlı veriləcək hesabat neftin qiymətini tənzimləyəcək”.

Natiq Cəfərli hesab edir ki, neft bazarında kəskin qiymət artımı gözləmək əbəsdir: “Çünki dünyada çox ciddi alternativ enerji layihələri var və bunlar çox böyük sürətlə həyata keçirilir. 5 il öncə belə bir proqnoz səsləndirilmişdi ki, 2017-ci ildə dünyanın avtomobil parkında elektriklə işləyən avtomobillərin sayı 2 faizdən çox olmayacaq. Sonuncu rəqəmlər isə göstərir ki, artıq bu rəqəm 7 faizi keçib. Gələn il artıq bu rəqəmin 10 faizi keçəcəyi gözlənilir. Çox böyük sürətlə alternativ enerji layihələri həyata keçirilir. Neftin qiyməti artdıqca Amerikada hasilatın da artdığını nəzərə alsaq qiymətin çox artması gözlənilmir. Amerikanın neftlə zəngin bölgələri bazara çox operativ reaksiya verir. Artıq iki həftə ərzində iki yeni buruğun qazılıb, istehsala başlanması gözlənilir. Qiymət artdıqca yeni buruqlar qazılır və hasilat artır. Hasilat artdıqca yenidən qiymətə mənfi təsir göstərir və aşağı düşməsinə səbəb olur. Amerikada son 1 ildə hasilat 900 min barel artıb, 8,6 milyon bareldən 9,5 milyon barelə çatıb. Çox güman ki, ilin sonuna 10 milyon bareli keçəcək. 2018-ci il proqnozlarına görə isə, 11 milyon barelə çatacaq və Amerikanın hasilata görə Rusiya ilə Səudiyyəni ötmə ehtimalı var. Bu proqnozları nəzərə alsaq, dünya neft bazarında ciddi dəyişiklik gözlənilmir. Orta və uzunmüddətli dövrdə neftin kəskin bahalaşmasını gözləmək əbəsdir. Ən optimist proqnozlara görə neftin optimal qiymət koridoru 45-55 dollar arası olacaq. Qış fəsli yaxınlaşdıqca, Amerika və Avropada şəxsi avtomobillərdən istifadə xeyli dərəcədə azalır. Bunun müqabilində neftin qimyətinin 45 dollara kimi aşağı düşməsini gözləmək olar. Son illərin qrafiki də onu sübut edir ki, son 9 ildə yanvar-fevral aylarında neft qiymətlərinin kəskin enməsi müşahidə olunur. Bu tendensiyanı da nəzərə alsaq, hesab edirəm ki, qiymət yenidən 45-55 koridoruna qayıdacaq”.

Ekspertin sözlərinə görə, indiki şəraitdə neft nə qədər baha olarsa, Azərbaycan üçün bir o qədər üstünlükdür: “Bu çox aydın bir gözləntidir. Ötən ilə nisbətən qiymətlərdə xeyli artım var. Azərbaycan iqtisadiyyatının keçənilki göstəricilərinin zəifləməsi də neftin ucuzlaşmasının nəticəsi idi. Ötən ilki qiymətlə müqayisədə indi Azərbaycan nefti 15 dollar daha baha satılır. Azərbaycanda digər bir məqam da var ki, hasilat azalmaqda davam edir. Getdikcə hasilatın daha kəskin şəkildə azalması gözlənilir. Bu gün BP və Azərbaycan arasında yeni müqavilə imzalanacaq. Söhbət hasilatı ən azından indiki səviyyədə saxlamaqdan gedir. Bu müqavilənin işə düşməsi də 2-3 il zaman alacaq. Bu müddət ərzində Azərbaycan neftinin hasilatı daha da azalqacaq. Qiymət artsa belə, hasilatın düşməsi gəlirlərə mənfi təsir göstərir. Yaxın bir neçə ildə nə neftdə kəskin qiymət artımı, nə də Azərbaycanda bundan dolayı iqtisadi inkişaf gözlənilir. Çox təəssüf ki, hələ də hökumət neftin qiymətinin artması üzərində siyasət qurmağa çalışırlar. Halbuki Azərbaycan nefti çoxdan unutmalı, qeyi-neft sektorunun inkişafı üçün şərait yaradılmasına çalışmalı idi. Təəssüf ki, bu sahədə addımlar çox ləng gedir. İqtisadi sahədə atılan addımlar, idarəetmədə yaranan əngəllərə dirənərək ciddi effekt vermir”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler