» » Mağazalarda qiymətlərə süni "endirim" tətbiq olunur

Mağazalarda qiymətlərə süni "endirim" tətbiq olunur

Bölmə: İqtisadiyyat
Mağazalarda qiymətlərə süni "endirim" tətbiq olunur

Dünya bazarında bu zinət əşyası ucuzlaşsa da, bizdə əks proses gedir
Qızıl həmişə insanın yüksək mövqeyinin simvolu olub və onu daşıyanlara seçilmək hissi bəxş edib. Qızıl hakimiyyətdir. Tarixdə bir çox müharibələr məhz bu hakimiyyətə çatmaq üçün baş verib. Biz onu hər gün görürük, gəzdirməyi sevirik. O, zənginliyin meyarıdır, zəhmətimizin, itirdiyimiz gücün ekvivalentidir. Qızıl insanın enerjisini artırır, ona güc verir, həyatda daha aktiv mövqeyə can atmağa stimullaşdırır, ona şəxsiyyət olduğunu xatırladır. Görünür, ona görədir ki, bütün dinlər bu metalı məbədlərində saxlamağı xoşlayırlar. İnsanı kütlənin içərisində seçilməyə sövq edən bu impulsu əsasən müsəlmanlar daha çox sevir.

Qızılın yalnız bir neqativ təsiri var - insanı özündən daha çox bu ucuz, sarı metalı sevməyə, onu toplamağa məcbur edir. Müalicəvi tərəfi isə odur ki, qızıl insanın ürək-damar sisteminin işinə müsbət təsir edir, psixoloji durumunu canlandırır, qərar qəbul etməkdə kömək edir. Hipertoniyadan əziyyət çəkənlər və aqressivliyə meylli psixikası zəif olanlara qızıl gəzdirmək zərərlidir.

Qızılın əsasən iki növü var - ağ və qırmızı. Bu iki növ qızıl təkcə zahiri görünüş və rənglərinə görə deyil, həm də insan orqanizminə təsiri ilə fərqlənir. Onlar insana müxtəlif enerji verir. Qırmızı qızıl daha aktiv funksiyanı üzərinə götürüb və kişilərə xas sayılır, ağ qızıl daha sakit enerji ötürür, zərifdir və qadınlara xasdır. Qırmızı qızıl insanı hərəkətə itələyir, ağ qızıl isə hər şeyi düşünməyə, dərk etməyə məcbur edir. Qızılın istənilən rəngini almaq üçün ona gümüşdən başqa mis, nikel və digər metallar əlavə edirlər. Avropada qızılın tərkibinə eyni həcmdə gümüş və mis qatırlar. Bu əlavələr insanın daxili və xarici görünüşündə harmoniya yaradır. Lakin Rusiya və Türkiyədə qızıla mis daha çox qatılır ki, bu da insanın enerji sərfiyyatına gətirib çıxarır.

Brilliantlar ölkəyə necə keçirilir?

Dünya bazarında neftin qiymətinin aşağı düşməsi ilə bu qiymətli metal da ucuzlaşır. Vəziyyətin bizə necə təsir etdiyini araşdırmaq məqsədilə Mərkəzi Univermaqda bir müşahidə apardım. Deyə bilərəm ki, adətən dünya bazarında əsas məhsulların qiymət artımı ölkədəki qiymətlərə təsirini dərhal göstərdiyi halda, ucuzlaşma Azərbaycan bazarına təsirsiz qalır. Yəni biz qiymət artımına meylliyik, amma ucuzlaşdırmaq adı gələndə kimsə bunu xoşluqla eləmir.

Zinət əşyaları satıcısı Sona Mürsəlova qızılın qramının 43-45 dollar arasında dəyişdiyini dedi. Bütün məhsullar "izdeliye", yəni hazır məmulat kimi alındığından, qiymət ucuzlaşmasının da dükanlara təsiri yoxdur. Deyirlər ki, onsuz da qızıl mağazalarında məhsullara endirim edirlər, bunun isə dünya bazarı ilə bir bağlılığı yoxdur, onu sadəcə külçə şəklində alanlar fərqini hiss edər. "Lom", yəni qırıntı halında isə 30 dollar civarındadır. Amma satışda yoxdur. 1.55 karatlıq "Samora" firmasının 750 əyarlı boyunbağı dəstinin qiyməti ilə maraqlandım - 3500 manat. "Avropanın gözü" məmulatının "privoznoy", yəni gətirilmə olduğunu dedi. Soruşdum haradan gətirilib, dedi Dubaydandır. "Avropanın gözü" hara, Dubay hara? Dedi, qızılı "İtalyanski"dir, amma güman ki, Dubayda hazırlanıb.

Daşlarla maraqlandım, məlum oldu ki, çox vaxt zinət əşyalarının daşları ayrıca gətirilir, burada qoyulur: "Daşla birlikdə gələndə xeyli rüsum verilir, belə gətiriləndə ucuz olur". Daşların necə gətirildiyini soruşdum, dedi "keçirirlər, bunun yolu var, xanım, sənə mal lazımdır, yoxsa...?". Dedim "ikisi də, mal lazımdır, amma qaçaqmal yox, həm də alacağım məmulatın mənşəyini bilmək istəyirəm". Dedi, "Belçika daşlarıdır, gələrsiz, qiyməti yenə də danışarıq". Adi 21 qramlıq daş qızıl sırğalar 1050 manat idi, qramı 50 manatdan düşür. Bu məmulatlar "şişirdilmiş", içiboş qızıllardır ki, çox vaxt da böyük və cəlbedici görünsünlər deyə xanımlar onlara meyl edirlər. Bilmirəm, bu zövqsüzlükdür, yoxsa gözə çarpmaq istəyi, amma belə qızılları gəzdirənlər də az deyil. Satıcı dedi ki, məmulatın içi dolu olsa, 100 qrama çatar və qiyməti də 5 dəfə baha.

Mərkəzi Univermaqda müxtəlif qiymətli daşlar, xüsusilə brilliant işləməli məmulatlar üstünlük təşkil edir. Odur ki, qiymətlər də kifayət qədər yüksəkdir. Bəzi bölmələr var ki, orada yalnız qızıl məmulatları satılır. Ən çox alıcı da məhz bu bölmələrdə olur. Brilliant daşlarla işlənmiş məmulatlarla maraqlananlar çox deyil. Ümumiyyətlə, əvvəllər qızıl mağazalarında adam əlindən tərpənmək olmurdu. İndi isə alıcılıq qabiliyyəti olduqca aşağıdır. Satıcılar da bundan şikayətçidir. Alıcılar çətin qərar verir, çox seçim etməli olurlar, bahalıq ucbatından pullarını çölə atmaq istəmirlər. Satıcı Əziz dedi ki, hazırda onların qiymətində endirim yoxdur, bəlkə yeni partiya mal gətirdikləri zaman 2-3 dollar fərq ola bilər. O da söylədi ki, bəzi zinət əşyalarının qaşları burada qoyulur. Müsahibimin sözlərinə görə, son zamanlar ağ qızıla meyl artsa da, üstünlük yenə də qabaritli məmulatlaradır. Dükanında ən bahalı məhsul 24 min manatlıq 15 karat boyunbağı idi.

"G" color brilliantın adı var, sertifikatı isə başqa yerdədir

Deyirlər, qadının ən yaxın dostu brilliantdır. Onu bəlkə də sevməyən qadın yoxdur, əsl brilliantı isə tanımayanlar çoxdur. Satıcı xanımın 4500 manata dediyi "Favorite" firmasının ağ qızıldan boyunbağı dəstinin qiymətini bölmənin sahibi Aqil azaltmaq əvəzinə 1000 manat da artırdı. Dedi ki, satıcı səhv hesablayıb. Söylədiklərinə görə məhsulları İtaliya, Dubay, Hong-Kongdan gətirirlər. Brilliant daşın parametrləri ilə maraqlandım, "G" color olduğunu dedilər.
Ümumiyyətlə, brilliantın ekspert qiymətləndirilməsi "4 C" sistemi ilə aparılır - ingiliscədən carat (çəki), color (rəng), clarity (saflıq) və cut (təraşlama). Brilliantın keyfiyyətini təyin edən meyarlar bunlardır. Onun rənginin qiymətləndirmə şkalası isə D-dən başlayıb "Z"də bitməklə 23 hərflə ifadə olunur. Ən yaxşı daşlar tamamilə rəngsiz olanlar sayılır ki, onlar "D", "E", "F" hərfləri ilə fərqləndirilir. Ekspertlər keyfiyyəti və qiymətinə görə G-I qrupunu məsləhət görürlər.

Paralel bölmədə satıcı xanım əlində telefonla məşğul olsa da, söhbətimizi eşitmişdi, üzünə sarkazmqarışıq bir ifadə qondu: "Haradadır "G" color, burada "G" color brilliant yoxdur, sertifikatını soruşun, baxın görün orada dedikləri yazılırmı". Belə də elədim, mağazanın sahibinə məmulatın sertifikatıyla maraqlandığımı dedim. Cavab verdi ki, sertifikat indi dükanda yoxdur, ofisdədir, mən boyunbağını almağa gələndə göstərər. Səmimiyyətinə inanmadım. Düşünürəm ki, malın sertifikatı yanında olmalıdır, hansısa ofisdə yox. Əziz də demişdi ki, baha olduğundan bazarda "G" color daş demək olar yoxdur. Həmin parametrdə 1.45 karatlıq sırğa göstərib, qiymətinin 7500 manat olduğunu söyləmişdi. Ölkənin zinət əşyaları bazarında təmiz daşlara az rast gəlindiyi barədə zərgər tanışlarımdan eşitmişdim. Deyirdilər ki, qiymətli daşlar əsasən imitasiya olunur. Odur ki, satdığınız zaman ona heç kim müştəri çıxmır, yalnız qızıl üçün pul verirlər. O ki, qaldı qızılın mənşəyinə, bazarda heç də iddia olunduğu kimi hər addımbaşı İtaliya qızılı satılmır, danışdıqlarımın çoxu Dubayın adını çəkirdi.

"Qızıl ucuzlaşmayıb, bahalanıb"

Satıcılarla söhbətdən bəlli oldu ki, əslində onların çoxu hansı daşın daha keyfiyyətli olduğunu bilmirlər. Zənnimcə, əsl daşları görmədikləri üçün alıcı sualına da lazımi cavab vermək çətin olur. Maraqlıdır ki, zinət əşyalarının şəklini çəkməyə icazə verilmir, guya kimsə surətini çıxara bilərmiş. O məhsulun şəklini çəkməyə izin verməzlər ki, o eksklüziv əl işi olsun, təkrarı olmasın. Univermaqda demək olar, eksklüziv zinət əşyası görmədim. İnsanın zövqünü oxşaya biləcək qiymətli əşya çox azdır, əsasən fabrik malıdır, kimsə oturub ona gözünün qarasını verməyib. Satışda əsasən eyni məmulat olduğu halda xoşladığı üzüyün şəklini nişanlanacağı oğlana göndərmək istədiyini deyən xanıma da izn verilmədi. Hesab edirəm ki, bunu Avropada öyrəniblər, amma onu da soruşmağı unudublar ki, hansı malın şəkli çəkilməz.

Avropada gümüş daha çox sevilir. Bu kimyəvi element sağlamlıq üçün lazımlıdır. Gümüş mikrobları öldürür. Oxuduğuma görə, xalis gümüşdə zəhərin təsiri zəifləyir. Vaxtilə gümüş qızıla bərabər olub, sonralar ondan çox tapıldığından dəyəri də düşüb. Yenə bölmələrin birində qırmızı qızıl dəstlərlə maraqlandım, qiymətləri 2500-4000 manat arasında idi. Satıcı 88 qramlıq 3700 manata olan dəstin İtaliya mənşəli olduğunu dedi. "Kleopatra" boyunbağı dəsti 3650 manat idi. Nisbətən ucuz məmulatlar da vardı. 1800 manatlığın çəkisi 39 qram, 46 manatdan baha düşürdü. Çox qabaritli görünür, amma onun da içi boş idi. Xanımdan qızılın qiymətini nə qədər endirdikləri ilə maraqlandım. Dedi əksinə, qiymət qalxıb. Bəlli oldu ki, "yerində bahalanıb": "Dünən maldan gəlmişik, baha qiymətə almışıq". Artımın qramla ölçülmədiyini, onun məmulatın ümumi dəyərinə təsir etdiyini dedi. Bir də məsləhət gördü ki, Türkiyə qızılı almayım.

12 min manatlıq üzüyü 6 min manata necə endirdim?

Əslində, mən indiyə qədər də başa düşə bilmirəm ki, qızıl dükanlarında niyə "birka"da fantastik qiymətlər yazılır, amma alıcı maraqlananda onun qiymətini iki dəfə endirirlər. Bölmələrdən birində 12 min manata təkdaş üzük vardı. Satıcı qadın dedi ki, ən sonu 6 min manata verər. Soruşdum, niyə birdən-birə 6 min manat endirim edirsiz və ya nəyə görə qiyməti iki dəfə baha yazmısız ki, onu ucuz satmaq məcburiyyətində qalasız? Sualım xoşuna gəlmədi. Səbəbi özüm təxmin edə bilirəm. Baha qiymət əşyanın keyfiyyəti haqqında yüksək fikir formalaşdırır. Eyni zamanda alıcı hər vaxt endirim istəyir və satıcı da bu psixologiyanı düşünərək ilk növbədə öz maraqlarını təmin edən qiymət qoyur ki, onunla manipulyasiya edə bilsin. Süni "endirim" istehlakçıya "sevgi"dən deyil.

Desəm ki, boş yerə çıxmışdım, doğru olmaz. Özüm də son zamanlar yaqut (rubin) daşlı üzük və sırğaların sorağındaydım. Amma yaqut daşlı qızıl əşyası o boyda univermaqda qarşıma çıxmadı. Olanlar da brilliant daşlarla işlənmişdi ki, mən də yerli bazarda satılan daşların həqiqiliyindən əmin olmadığım üçün maraqlanmadım. Bir də insanlar daha praktik olublar, alacaqları zinət əşyasını o ümidlə əldə edirlər ki, sabah pula ehtiyac yarandığı zaman onu optimal qiymətlə sata bilsinlər. Adətən qiymətli daşları layiq olduqları dəyərə satmaq mümkün olmur, satdığınız zaman onun qızıl kütləsi əsas götürülür. Odur ki, qızıla meyl başa düşüləndir.

Həmin gün mən bahalı zinət əşyaları satılan butikləri də gəzdim. "Royal Brilliant"da 20-50 min manat arasında üzüklər vardı. Dəst sırğa üzüklər isə iki-üç dəfə bahadır. 300-400 min manata boyunbağılar var. Satıcı xanımdan son dəfə 300-400 min manata nə zaman boyunbağı satdığını soruşdum, xatırlamadı. "İem" butuki də eynən olduqca baha qiymətlər təklif edirdi. Bir xeyli müşahidə etdik, hər iki dükanda bizdən başqa heç alıcı da yox idi. Sadəcə bir nəfər gəldi, o da hər halda potensial alıcı deyildi, mənim kimi maraqlanandı.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler