» » Son bir ildə ərzaq malları 18,1 faiz bahalaşıb - Rəsmi

Son bir ildə ərzaq malları 18,1 faiz bahalaşıb - Rəsmi

Bölmə: İqtisadiyyat, MANŞET
Son bir ildə ərzaq malları 18,1 faiz bahalaşıb - Rəsmi
2017-ci ilin yanvar-iyun aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 13,9 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 18,1 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 12,4 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,4 faiz bahalaşıb.

Bu barədə Modern.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, cari ilin iyun ayında may ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 1 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,5 faiz ucuzlaşıb, qeyri-ərzaq məhsulları və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1 faiz bahalaşıb.

İyun ayı ərzində unun, qarabaşaq və manna yarmasının, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, günəbaxan və qarğıdalı yağlarının, pasterizə olunmamış üzlü südün, çay və qəhvənin, mineral sular və bulaq suyunun, şəkər və şəkər tozunun, kartofun, şirin bibərin, pomidorun, xiyarın, çiyələyin, əriyin, alçanın, gilasın, tütün məmulatlarının qiymətlərində ucuzlaşma, kərə və zeytun yağlarının, kolbasa məmulatlarının, yumurtanın, almanın, limonun, soğanın, çuğundurun, göyərtinin qiymətlərində isə bahalaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

İyun ayında may ayı ilə müqayisədə qeyri-ərzaq mallarından parçaların, mebel və ev əşyalarının, xalça və digər döşəmə örtüklərinin, minik avtomobilləri üçün ehtiyat hissələrinin, zərgərlik məmulatlarının, fərdi və planşet tipli kompüterlərin qiymətlərində bahalaşma, kitabların, telefon aparatlarının, soyuducu və paltaryuyan maşınların, kondisionerlərin, ventilyatorların, şirəsıxanların, elektrik çaydanlarının qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

İyun ayında əvvəlki aya nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətinin, ev və məişət xidmətlərinin, məişət cihazları, zinət əşyaları və saatların təmiri, respublikadan kənara istirahət turlarının qiymətlərində bahalaşma, mebel, ev əşyaları və döşəmə örtüklərinin təmiri xidmətlərinin, kafelər tərəfindən yeməklə təmin edilmə xidmətlərinin qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2017-ci ilin yanvar-iyun aylarında 2016-cı ilin eyni dövrünə nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 10,4 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 8,6 faiz, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 12,5 faiz bahalaşıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci ilin iyun ayında may ayına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 0,1 faiz, bitkiçilik məhsullarının istehsalçı qiymətləri 0,5 faiz ucuzlaşıb, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,3 faiz bahalaşıbr.

Ay ərzində bitkiçilik məhsullarından lobyanın, bibərin, tərxunun, xiyarın, pomidorun, qarğıdalının, baş soğanın, kartofun, albalının, alçanın, gilasın istehsalçı qiymətlərində ucuzlaşma, baş kələmin, şüyüdün, süfrə çuğundurunun, baş sarımsağın, yonca və fındığın qiymətlərində isə bahalaşma müşahidə olunub. Digər bitkiçilik məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

İyun ayında heyvandarlıq məhsullarından yumurtanın istehsalçı qiyməti bahalaşıb, südün və quş ətinin istehsalçı qiymətləri isə ucuzlaşıb. Digər heyvandarlıq məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler