» » Rublun ucuzlaşması Azərbaycana nə vəd edir?

Rublun ucuzlaşması Azərbaycana nə vəd edir?

Bölmə: İqtisadiyyat
Rublun ucuzlaşması Azərbaycana nə vəd edir?

Samir Əliyev: "Bundan Azərbaycana pay düşəcək"
Azərbaycanın əsas ticarət tərəfdaşlarından olan Rusiyanın sanksiyalardan dolayı düşdüyü iqtisadi böhran bizim üçün də risklər yaradır. Böhran dərinləşdikcə onun neqativ təsiri daha qabarıq hiss etməyə başlayacayıq. Üstəgəl, Qərbdən də mənfi siqnallar gəlməkdədir. Dünya bazarında dövlət büdcəsinin əsas donoru olan neftin ucuzlaşması və bu ucuzlaşmanın yaxın dövrdə davam etməsi proqnozları ölkə iqtisadiyyatı üçün çətin dövrün başlanacağını vəd edir.

Ekspertlərin fikrincə, Rusiya hakimiyyəti nə qədər gizlətməyə çalışsa da, sanksiyaların ölkə iqtisadiyyatının tənəzzülə getdiyi göz qabağındadır. Qısaca olaraq onu qeyd etməliyik ki, milyardlarla dollar həcmində kapital ölkədən çıxarılır. Kreditlər bahalaşır, vergi dərəcələri artırılır və hətta yenisi tətbiq edilir, səhmlər ucuzlaşır. Xarici kapital son 10 ildə ən aşağı həddə düşüb.

İqtisadçı Samir Əliyevin sözlərinə görə, Rusiyanın beynəlxalq ehtiyatları son 2 həftədə 3,6 milyard dollar azalaraq 458,3 milyard dollardan 454,7 milyarda düşüb: “Fitch ekspertlərinin proqnozlarına görə, sanksiya davam edəcəyi təqdirdə ehtiyatlar ilin sonuna 450 milyard dollara, 2015-ci ilin sonuna isə 400 milyarda düşə bilər”,- o, qeyd edib.

Ekspertin sözlərinə görə, problemlər bununla bitmir: “Maliyyə Nazirliyniin hesablamalarına görə, neftin qiymətinin 110 dollardan 93 dollara düşməsi nəticəsində ixracın ildə 55 milyard dollara azalmasına gətirib çıxaracaq. Ölkədə inflyasiya təzyiqi artır. İnflyasiya İqtisadi İnkişaf Nazirliyinin hətta son dəfə artıraraq proqnozlaşdırdığı 7,4 faizlik səviyyəni ötərək 8 faizə çatıb. Bu, azmış kimi Rusiyanın Avropaya təsir rıçaqlarından biri, ildə 63 milyard kubmetr qaz ixrac etməyə imkan verən “Cənub axını” qaz kəmərinin dəyəri ümumilikdə təxminən 45% artaraq 28 milyard avrodan 40 milyard avroya yüksəldiyi məlum olub”.

S.Əliyev qeyd edib ki, iqtisadiyyatda müşahidə edilən neqativ tendensiyalar milli valyutanın dəyərində özünü göstərir: “Rublun ABŞ dollarına məzənnəsi təkcə 2014-cü ildə 20 faizdən çox ucuzlaşaraq 40 rubla düşüb. Təkcə sentyabrda ucuzlaşma 7,5 faiz olub. Mərkəzi Bank iyun ayından sonra bazara müdaxilə etməməyə üstünlük versə də oktyabrın əvvəli müdaxilə etmək məcburiyyətində qalıb. Mərkəzi Bank valyuta dəhlizinin sərhədlərini yenidən artıqmaq məcburiyyətində qalıb. Hazırda bu hədlər 35,85-44,85 rubl təşkil edir. Bloombergin hesablamalarına görə, Rusiya Bankı oktyabrın 2-dən sonra rublun dəstəklənməsi üçün bazarda 2 milyard dollar satmalı olub. Bu, mart ayından sonra ən böyük göstəricidir.
Bu gün dövri mətbuatı Rusiyaya münasibətdə əsasən bir məsələ düşündürür: rublun ucuzlaşması Azərbaycana mənfi təsiri varmı? Rəylər müxtəlifdir. Bunun mənfi təsir etdiyi deyənlərlə yanaşı bu təsirin olmadığını iddia edənlər də var.
Onu qeyd edim ki, ticarət tərəfdaşı olan ölkənin milli valyutasının məzənnəsində dəyişiklik mütləq öz təsirini göstərir. Xüsusən də Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan Rusiyada milli valyutanın ucuzlaşması ölkəmizə təsiri nəzərəçarpacaq dərəcədədir. Nəzərə alandakı Rusiya soydaşlarımız üçün “iş yeridir” bu halda təsirin əhatə dairəsinin nə qədər geniş olduğunu görmək olar. Ancaq qonşu olmasına rəğmən ticarət əlaqələri olmayan Ermənistanın milli valyutasının dəyişməsinin Azərbaycana təsiri olmadığı fikrini söyləyə bilərik. Qalan ölkələr isə bu və ya digər formada təsir göstərir. Ona görə də bu ölkədə baş verən iqtisadi hadisələrin bizə təsirinin olması labüddür. Bəs, bu zərər nədən ibarətdir?
Əvvəla, rus rublunun dəyərsizləşməsi Rusiyaya işləməyə getmiş 2 milyona qədər soydaşımızın gəlirlərinin azalmasında göstərir. Rublun il ərzindən 20 faizdən çox ucuzlaşması onların qazanclarının azalmasına səbəb olub. Hər il soydaşlarımız tərəfindən ölkəyə rəsmi və qeyri-rəsmi şəkildə böyük həcmdə pul göndərilir. Təkcə 2013-cü ildə banklar vasitəsilə 1,2 milyard dollar həcmində pul göndərilib. Bankdankənar pul göndərişlərini də nəzərə alsaq bu rəqəmin artdığını görə bilərik. Bu pullar təbii ki rubla qazanılır və Azərbaycana köçürüləndə ya xarici valyutaya (dollar və ya avro), ya da manata çevrilir. Bu zaman məzənnə fərqi itkiləri üzə çıxar. Əgər yanvar ayında hər 1000 rubl üçün 23 manat verilirdisə, hazırda bu rəğəm 19 manata düşüb. Deməli, ilin əvvəli ilə müqayisədə miqrantlarımız hər 1000 rubla 4 manat itirir. Sanksiyalar nəticəsində biznesin pisləşməsi də miqrantlarımızın qazancı üçün riskdir”.

Ekspertin sözlərinə görə, ikinci zərər Neft Fondunun Rusiyadakı aktivlərində yaranır: “Fond 2011-ci ildə investisiya siyasətinə edilmiş dəyişikliyə uyğun olaraq 2012-ci ildən başlayaraq rus rublunu alaraq valyuta ehtiyatına daxil edib. 2013-cü ilin sonuna olan məlumata görə, Fondun ehtiyatlarında rublun payı 1,3 faizdir. Eyni zamanda Fond Rusiyanın ikinci ən böyük bankı olan VTB bankının 500 milyon dollarlıq səhmlərini alıb. Banka tətbiq edilən sanksiya nəticəsində hər birinin nominal dəyəri 0,041 rubl olan səhmləri ucuzlaşaraq 0,038 rubla düşüb. Həm VTB bankın səhmlərinin ucuzlaşması, həmdə rublda olan aktivlərin dəyərsizləşməsi Neft Fondunun Rusiyadakı aktivlərinin “əriməsinə” gətirib çıxarıb.

Üçüncü zərər isə rublun ucuzlaşması Azərbaycanın ixrac potensialını zəiflədir. “Milli valyutamız məzənnəsi dollara hədəflənib və dolların digər valyutalara qarşı mövqeyi manatın mövqeyini şərtləndirir. Yəni dollar rubla nəzərən bahalaşdıqca manat da həmin valyutaya qarşı bahalaşır. Nəticədə Rusiya bazarlarına ixrac etdiyimiz məhsullar bahalaşır ki, bu onların rəqabət qabiliyyətliliyini aşağı salır. Rusiya ilə ticarət dövriyyəmiz ötən il 2,6 milyard dollar olub ki, bunun da 1,5 milyardı idxalın payına düşür. 2014-cü ilin 8 ayında bu ölkə ilə ticarət dövriyyəsində gerilmə müşahidə edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2014-cü ilin 8 ayında idxal 22 faiz azaldığı halda ixracın azalması 42 faizə çatıb. Hətta kənd təsərrüfatı məhsullarının Rusiyaya daşınmasına “yaşıl işıq” yandırılması ixracın kəskin azalmasına mane olmayıb. İdxaldakı azalma isə qonşularımızın ərzaq məhsullarını əsasən öz daxili təlabatına yönəltməsi ilə bağlıdır. Rubl ucuzlaşdıqca bu ölkəyə ixracımızda problem yaranacaq. İstisna deyil ki, tezliklə Rusiya bazarları Türkiyə, İran və digər Asiya ölkələrinin meyvə və tərəvəz məhsulları ilə dolacaq və fermerlərimiz üçün həmin bazarda mövqeyini saxlamaq çətin olacaq. Ümid bizim məhsulların “sadiq” alıcılarına qalacaq. Manatın möhkəmlənməsi digər qonşu ölkələrlə də (məsələn, İran) ticarət dövriyəsində mənfi saldonun həcmini artırır”,- deyə ekspert vurğulayıb.

Dördüncü zərər isə odur ki, rublun dəyərdən düşməsi Rusiyada həmçinin ərzaq inflyasiyasını gücləndirir: “Məsələn, təkcə 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 9 ayında ərzaq inflyasiyası 11,5 faiz təşkil edib. Bunun nəticəsində isə manatın möhkəmlənməsinə rəğmən Rusiyadan Azərbaycana ərzaq inflyasiyası idxal edilir. Nəzərə alaq ki, Azərbaycanın ərzaq idxalında Rusiya ciddi paya malikdir”.

S.Əliyev qeyd edib ki, dünya bazarında neft artıq 90 dollarlıq psixoloji həddi keçərək ucuzlaşıb və bu, neftdən asılı olan və sanksiyaların məngənəsində boğulan Rusiyanın federal büdcəsi üçün təhlükədir: “Müxtəlif hesablamalara görə, neftin barelinin 10 dollar ucuzlaşması büdcə gəlirlərinin 600-1500 milyard rubl azalması deməkdir. Ekspertlərin digər hesablamalarına görə, dolların 1 rubl bahalaşması büdcəyə əlavə olaraq 150-180 milyard rubl gəlir gətirir. Deməli, rublun devalvasiyası gündəmdədir və hökumət bunu istisna etmir. Təbii ki devalvasiyanın Rusiya üçün mənfi təsirləri çox olacaq. Təəssüf ki, bundan Azərbaycana pay düşəcək”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler