» » Banklar sadə vətəndaşların həyatı ilə necə oynayır?

Banklar sadə vətəndaşların həyatı ilə necə oynayır?

Bölmə: İqtisadiyyat
Banklar sadə vətəndaşların həyatı ilə necə oynayır?

Avtomobil kreditləri üçün çətinlik yaradılmasına baxmayaraq, Azərbaycan yenə də istehlak kreditlərinin kəskin artımı dövrünü yaşayır.

2014-cü ilin yanvar-avqust aylarında ölkə bankları verdikləri istehlak kreditlərinin həcmini keçən ilin uyğun dövrünə nisbətən 27,46 faiz artırıblar.

Bu müddət ərzində bankların verdikləri istehlak kreditlərinin ümumi kredit çantasında payı da xeyli artıb. Bu göstərici 2013-cü ilin yanvar-avqust aylarında 38,55 faiz təşkil etmişdi və verilən istehlak kreditləri 5 milyard 572,6 milyon manat təşkil etmişdi. Amma 2014-cü ilin yanvar-avqust aylarında bu göstərici 7 milyard 102,9 milyon manata qalxıb və istehlak kreditlərinin ümumi kredit çantasında payı 41 faizə yüksəlib. Yəni Azərbaycan ailələrinin istehlak məqsədi ilə aldığı kreditlərin həcmi təxminən 1,6 milyard manat artıb. Ailəbaşına götürdüykdə orta hesabla ailələrin illik kredit borcu daha 800 manat artıb.

İstehlak kreditlərinin artımı ölkə üzrə orta maaş artımından dəfələrlə çoxdur. 2013-cü ilin ortaları ilə müqayisədə Azərbaycanda orta maaş göstəricisi cəmi 7% artıb. Əgər keçən ilin iyul ayında Azərbaycanda orta maaş 412,7 olubsa, 2014-cü ilin iyul ayında bu göstərici 440 manata qalxıb. Göründüyü kimi, istehlak kreditlərinin artım sürəti (27,46%) orta maaşın artım sürətini 4 dəfə üstələyir və nəticədə istehlak kreditləri qaytarılmaz hala gəlir. Təsadüfi deyil ki, mediada krediti verə bilmədiyinə görə ailə başçılarının həyatlarına qəsd etməsi barədə xəbərlərə tez-tez rast gəlinir.

Yəni əhali bankların şirnikləndirərək verdiyi kreditləri ödəməkdə çətinlik çəkir. İndi Azərbaycanda elə ailə var ki, ildə 10 min manata yaxın istehlak krediti ödəyir. Banklar adamları istehlak kreditinə cəlb etmək üçün hər üsuldan istifadə edirlər. Bəziləri sadəcə şəxsiyyət vəsiqəsinin yığaraq ailə üzvlərinin qeyri-rəsmi gəlirlərini nəzərə almaqla 10 min manata yaxın kredit verir. Və bundan sonra ailənin yaşamaq uğrunda mübarizəsi başlayır. Çünki çoxları bankların keçirdiyi həmin müsahibələr zamanı gəlirləri barədə şişirdilmiş məlumatlar verir. Bu kreditin qaytarılması zamanı böyük çətinliklər yaradır. Nəticədə, ölkə üzrə problemli kreditlərin miqdarı 1 milyard manatı ötərək, ölkənimn ümumi kredit portfelində 6 faizə çatıb. Dünya Bankının standartlarına görə isə bu, 3 faizdən çox olmamalıdır.

Bu sahədə vəziyyət o qədər gərgindir ki, ölkə başçısı İlham Əliyev də məsələyə diqqət yetirib. 2014-cü ilin birinci yarısının yekunları barədə danışan prezident dövlət büdcəsindən kommersiya banklarına güzəştli şərtlərlə verilən 300 milyon manat barədə danışıb: "Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə banklara hər il 300 milyon manat verilir ki, pul qazansınlar. Bəs onlar nə üçün iqtisadiyyatın real sektoruna kreditlər ayırmırlar? Nə üçün daha çox istehlak kreditləri verirlər? Pul qazanmaq üçün. Mən etiraz etmirəm, ancaq dövlətin siyasəti vardır və dövlət özəl bankları dəstəkləyir. Qeyd etdiyim kimi, kreditlər verir, şərait yaradır ki, pul qazansınlar. Onlar da öz məsuliyyətini dərk etməlidirlər. Dövlət siyasətini, xüsusilə ölkəmizin inkişafı ilə bağlı olan siyasəti görərək kənarda durmaq nə dərəcədə mümkündür?! Əgər belədirsə dövlət o banklara niyə kömək göstərməlidir?! Ona görə burada çox ciddi islahatlar aparılmalıdır".

Mərkəzi Bankın məlumatlarından görünür ki, Azərbaycan banklarının kreditlərinin əslində 85 faizdən çoxu istehlak yönümlüdür. Yəni kreditlərin 41 faizi konkret istehlak krediti kimi göstərilsə də, ticarət və xidmətlərə ayrılan vəsaitlər 14,4 faiz, tikinti və əmlak üçün verilən kreditlər isə 13,7 faiz təşkil edib ki, bunların əksəriyyəti istehlak yönümlüdür. Vəsaitlərin yalnız 11,6 faizi (2 milyard 008,5 milyon manat) sənaye və istehsala yönəlib.

Bankların istehlak kreditlərinə meyl etməsinin səbəbləri çoxdan bəllidir. İstehsal kreditləri ilə müqayisədə məbləğin kiçik olması belə kreditlərin risk səviyyəsini aşağı salır. Həmçinin istehlak kreditlərinin gəlir səviyyəsi də nisbətən yüksəkdir. Təsadüfi deyil ki, Azərbaycana sərmayə yatıran bir çox xarici ölkələr verilən kreditlərin məhz istehlak istiqamətində yatırılmasını tələb edirlər. Məsələn, Azərbaycana 700 milyon manata yaxın sərmayə yatırmış Almaniyadan gələn vəsaitlərin əksəriyyəti istehlak kreditlərinə yönəlib. Almanların bu məsələdə üçünjü bir məqsədi də var - istehlak kreditləri ilə alınan məişət texnikasının əksəriyyətində müəyyən qədər Almaniyanın payı var - ya Almaniyadan gətirilmiş yığım hissələrindən düzəldilib, ya da patent almanlara məxsusdur. Bu cəhətdən bu cür xarici sərmayələrin yönümünü dəyişmək çox çətindir.

İqtisadçı ekspert, Avropa Birliyinin Vətəndaş Cəmiyyəti Forumunun həmsədri Vüqar Bayramov da bu fikirdədir. “Mərkəzi Bankın xətti ilə ayrılmış kreditlərin istehsal istiqamətinə yönəldilməsi daha asandır. Yəni Mərkəzi Bank kommersiya bankına vəsait ayırırkən şərt qoya bilər ki, pul istehlak istiqamətində xərclənməsin”,- deyə iqtisadçı ekspert ANS PRESS-ə bildirib.

Onun fikrincə, kommersiya banklarını digər mənbələrdən cəlb etdikləri sərmayələri də istehsala yönəltməyə həvəsləndirmək mümkündür: “Bunun üçün Yaponiya modelindən istifadə etmək olar. Yaponiyada əgər bir bankın kredit çantasının 25 faizi real sektora yönəldilirsə, ona qarşı vergi güzəştləri tətbiq edilir. Buna görə də banklar real sektora yatırılan kreditlərin dairəsini genişləndirməkdə maraqlı olurlar”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler