» » Azərbaycan neftinin qiyməti ilk dəfə büdcədəki qiymətdən aşağı düşdü

Azərbaycan neftinin qiyməti ilk dəfə büdcədəki qiymətdən aşağı düşdü

Bölmə: İqtisadiyyat
Azərbaycan neftinin qiyməti ilk dəfə büdcədəki qiymətdən aşağı düşdü
London birjasında “Azeri Light” markalı neftin qiyməti ilk dəfə Azərbaycanın dövlət büdcəsində nəzərdə tutulmuş həddən - 100 dollardan aşağı düşüb.

Virtualaz.org saytı xəbər verir ki, bu gün keçirilən hərraclarda Azərbaycan nefti bir qədər də ucuzlaşaraq bir barrel üçün 98,42 dollar təşkil edib.

Neftin neçə vaxtdır davam edən ucuzlaşma tendensiyası Nyu-York birjasında da davam edib. Nyu-York birjasında keçirilən hərraclarda “US Light” markalı neftin bir barreli 1,08 dollar ucuzlaşaraq 91,67 dollara enib. London birjasında isə neftin bir barrelinin qiyməti daha 1,12 dollar enərək 98,04 dollar təşkil edib.

Beləliklə, son bir neçə il ərzində dünya birjalarında neftin qiyməti ilk dəfə Azərbaycanın dövlət büdcəsində nəzərdə tutulmuş proqnoz qiymətinin altına enib. Bu da nəzəri olaraq büdcə gəlirlərinin azalması və kəsir ehtimalının yaranması deməkdir.

Eyni zamanda ölkənin ixracdan əldə etdiyi gəlirlərdə də azalma baş verir. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yeddi ayı ərzində Azərbaycanın dünya bazarlarında ixracında əsas yeri 92,52 faizlə neft və neft məhsulları tutub. Bunun 85,61 faizi xam neftin, 5,28 faizi neft məhsullarının, 1,633 faizi isə təbii qazın payına düşür.



Əgər neftin ucuzlaşması bundan sonra kəskin xarakter almazsa, o zaman Azərbaycanın dövlət büdcəsinin gəlirlər hissəsində ciddi azalma da baş verməyəcək. Büdcə ilinin başa çatmaqda olduğu nəzərə alınarsa, hökumətin neftin ucuzlaşması ilə bağlı büdcəyə yenidən baxması da gözlənilmir.

Lakin ucuzlaşma tendensiyası davamlı xarakter alsa, o zaman hökumət gələn il üçün büdcə proqnozlarında daha ehtiyatlı davranmalı olacaq və çox güman ki, neftin bir barrelinin qiymətini 80 dollar göstərəcək.

Analitiklərin qənaətinə görə, gələn il neftin qiyməti dünya bazarlarında 100 dollardan aşağı olacaq ki, bu da bir neçə amillə bağlıdır. Bura Qərblə Rusiya arasında qarşıdurma səbəbindən ABŞ-ın öz ərazisində neft hasilatını artırması və beləliklə də neftin ucuzlaşmasına səbəb olaraq Rusiya iqtisadiyyatını sınağa çəkmək səyləri, Avropa İttifaqı ölkələrində iqtisadi artım tempinin get-gedə aşağı düşməsi, İrana qarşı beynəlxalq sanksiyaların yumşaldılması və bu ölkədən neft ixracının həcminin artması daxildir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler