» » “İdeal”ın “ideal” kələyi: Köhnə məhsulları bizə necə sırıyır?

“İdeal”ın “ideal” kələyi: Köhnə məhsulları bizə necə sırıyır?

Bölmə: İqtisadiyyat
“İdeal”ın “ideal” kələyi: Köhnə məhsulları bizə necə sırıyır?
Bir zamanlar ətir çimməyi sevməyən avropalılardan gələn pis qoxunu ört-basdır etmək üçün əsas vasitə idi. Hətta deyilənə görə, krallar ətir istehsalçılarını onun qalıcı olmasını təmin etmək məqsədilə bərk-bərk tənbeh edirlərmiş. Ətirdən istifadə bir lüks deyil, məcburiyyət imiş. Avropanı deyə bilmərik, lakin Azərbaycanda bu gün belə bir zərurət yaranarsa, bütün ölkə “tibbi spirt” qoxar. Fransız, italyan, ispan ətirləri adı altında aldığımız mayelərin yaxından- uzaqdan nə bu ölkələrlə, nə də ətrin hazırlanmasında istifadə edilən komponentlərlə əlaqəsi yoxdur. Hələ, digər kosmetik vasitələri demirik.

Kosmetika sənayesi böyük biznes sahəsidir. Əbəs deyil ki, bu sektorda fəaliyyət göstərən iş adamları dünyanın ən varlı şəxslərinin siyasında iyirmiliyə daxildirlər. Onların sərvətləri hər il sürətlə artır. Bu gün dünya ətriyyat və kosmetika məhsulları bazarının həcmi 200 milyard dollarla ölcülür. Bunun təxminən 16 milyard dollarlıq hissəsini kişilərin xərcləri təşkil edir. Qadınların isə təkcə üz kremlərinə il ərzində 25 milyard dollardan çox vəsait xərclədiyini nəzərə alsaq, sektorun əsas istehlakçısının kim olduğu ortaya çıxır. Azərbaycanda idxalın strukuturu ölkə əhalisinin kosmetik vasitələrə heç də az meyl göstərmədiyini deməyə əsas verir. Sadəcə, məsələ odur ki, Azərbaycan istehlakçısına keyfiyyətli və vicdanlı xidmət göstərilmir. Bazarın əsas oyunçuları əhalini aldadırlar. Ən başda da “İdeal” şirkəti.

Saxta endirimlər

Başlayaq, şirkətin endirimlərindən. Digər ticarət subyektləri kimi “İdeal” da bayram günləri və mövsümün dəyişməsi ilə əlaqədar malların qiymətlərində endirimlər tətbiq edir. Şirkətin endirim kampaniyaları bir başqa aləmdir. “İdeal” rəsmən Azərbaycan alıcısı ilə zarafat edir. Endirimə planlı şəkildə hazırlaşan şirkət əvvəlcə qaimədə məhsulu bahalaşdırır. Sonra onu 70 faiz endirimə qoyur. Nəticədə məhsul ilkin dəyərindən cəmi 10 faiz ucuz olur. Məsələn, “İdeal” 8 Mart Beyənlxalq Qadınlar günü münasibətiylə “Tous” ətirinə endirim edib. Özünün “İnstagram” səhifəsində göstərir ki, 80 manatlıq bu ətir endirimlə 29 manata düşüb. Endirimsiz vaxtlarda “Tous”un 30 ml 29 manat, 50 ml 39 manat təşkil edir. Görəsən endirim nədədir? Başqa misal, şirkət o kosmetik vasitələrə endirim tətbiq edir ki, onların satışı aşağı olur. “İdeal”da “Bright Crystal Edt 90 ml VERSACE”nin (191 AZN), yaxud da “Crystal Noir Edt 90 ml VERSACE”nin (191,00 AZN) endirimdə olmasına heç rast gəlmisiniz? Amma “Anna” (30 ml), PRADA Candy Kiss (30ML), Armand Basi Blooming Bouquet (50ml) ətirləri illərdir endirim kampaniyalarının “yaraşığdır”.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti mağazalarda tətbiq edilən endirim kampaniyalarının doğruluğunu araşdırdığını iddia edir. Lakin bu günə qədər “İdeal”ın saxta endirimləri xidmət tərəfindən gündəmə gətirilməyib.

Vaxtı keçmiş məhsullar

Etiraf edək ki, son iki ildə “İdeal”ın alıcılara təqdim etdiyi kosmetik vasitələrin qiymətləri fantastik dərəcədə yüksəlib. Maraqlısı odur ki, qiymətlərlə təklif olunan xidmətin keyfiyyəti təsr mütənasibdir. Belə ki, çox vaxt mağazalardan alınan kosmetik vasitələr istifadəyə yararsız halda olur. Səbəb də yararlılıq müddətinin keçməsidir. “Müştəri məmnuniyyətini təmin etdim” adı altında “İdeal” məhsulun geri qaytarılmasını təmin etsə də, vaxtı keçmiş kosmetik vasitə bütün hallarda bu dükanlardan çıxır. Özünə hörmət edən biznes subyekti yararlılıq müddəti keçmiş məhsul satmır. Mağazasında nəyin necə olduğunu bilir.

“İdeal” bizə nə satır?

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bildirir ki, istehlakçı olaraq hər kəs bu vasitələri alarkən onların qablaşdırılmasına, markalanmasına, saxlanma şəraitinə və temperaturuna diqqətlə yanaşmalıdır. Bu vasitələr allergiya və qıcıqlandırıcı reaksiya yaradan əsas məhsullardan hesab edilir. Xüsusilə tərkibinə alümin, butan, dietanolamin, propan, mineral və ya texniki yağ daxil olan kosmetik vasitələri alarkən istehlakçılar diqqətli olmalıdır. Kosmetik vasitənin üzərində onun hipoallergen olduğu barədə qeyd varsa, bu, məhsulun tərkibində dərini güclü qıcıqlandıran komponentlərin olmadığını göstərir.

Kosmetik vasitələrlə bağlı istehlakçıların diqqət etməsi zəruri olan digər mühüm məqam məhsulların saxlama müddəti və saxlama şəraitidir. Xüsusilə allergiyaya meylli şəxslərə uzun saxlama müddətinə malik vasitələrdən istifadə etməmələri tövsiyyə olunur. Belə ki, məhsulların uzun saxlama müddətini təmin edən konservantlar kosmetik vasitənin tərkibində nə qədər çox olarsa, allergik reaksiyanın əmələ gəlməsi riski bir o qədər çoxdur.

Kosmetik vasitələrin saxlama müddəti məhsulların istehsalçıları tərəfindən müəyyən edilir və bu müddət ərzində malların keyfiyyətinə təminat verilir. Məsələn, göz üçün tuş orta hesabla 3-6 ay, tonal krem, sürmə 6-12 ay, göz kölgələri, göz və qaş qələmi, dodaq boyası, ənlik və kirşan 12-18 ay saxlama müddətinə malikdirlər. Hörmətli Azərbaycan istehlakçısı, “İdeal”ın bu tələblərə əməl etdiyinə əminsinizmi?

Digər tərəfdən, kosmetik vasitələr 0-25°С temperaturda, qaranlıq, yaxşı havalandırılan, nisbi rütubətin 70%-i aşmadığı yerlərdə saxlanmalıdır. Tərkibində səthi aktiv maddələr və spirt olan kosmetik vasitələr isə 20°С-dək temperaturda saxlanmalıdır.”İdeal”ın dükanlarına işıqlandırma o qədər güclüdür, insan dərisinin altındakı ən kiçik damarları belə saya bilər. O cümlədən, temepratur hər tərəfdə eyni şəkildə tənzimlənir.

Ətirlərin qalıcı olmaması

“İdeal”la bağlı əsas iddialardan biri də budur. Bir ətək pul xərcləyib ətir alan vətəndaşlar ətirin qoxusunun qalıcı olmamasından şikayətlənir. Şirkət bunu təkzib edərək, “100% Zəmanət" adlı kampaniyaya start versə də, müştərilərin narazılıqları bitmir ki, bitmir. Səbəb də odur ki, xarici ölkələrdə ətir mağazalarının 10 metrliyindən gələn xoş və kəskin, hətta başgicəlləndirici qoxu bizim ətir şüşələrinin içində yoxdur. Görünür, sektorun maqnatlarından sayılan “İdeal” hələ də Patrik Züskindin “Ətriyyat” romanının qəhrəmanı Jean-Baptista Grenouille kimi 13-cü formulanı “tapa bilməyib”. Testerlərdən çıxan mayenin qoxusu isə tibbi spirti xatırladır. Düzdür, ətir müxtəlif qoxulu maddələrin spirtdə həll edilmiş qarışığıdır. Lakin spirt dozadan yuxarıdırsa, artıq qarışıqdan alınan məhsul ətir sayıla bilməz. Beynəlxalq təcrübəyə əsasən, ətir ona qarışdırılan spirtin miqdarına uyğun dəyərləndirilir. Spirt nə qədər az olarsa, ətir o qədər keyfiyyətli hesab olunar. Ətriyyat mayelərinin əsas keyfiyyət göstəricilərindən biri də onların iyinin uzun müddət qorunub saxlanmasıdır. Ətir iyi dərhal deyil, ondan istifadə edən insanın dərisi arasında təxminən 30-40 dəqiqə reaksiya verdikdən sonra hiss olunur. “İdeal”ın məşhur ətirlərinin qoxusu 40 dəqiqədən sonra ümumiyyətlə yox olur.

Saxta ətiri necə seçməli?

Ətriyyat və kosmetika sektoru saxtalaşdırmaya açıq bazardır. Xüsusilə şəbəkələr müvafiq qanunun istehlakçıların mal (iş, xidmət) haqqında məlumat almaq hüququ barədə tələbini (Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır) yerinə yetirməməklə məqsədlərini daha sərbəst reallaşdırırlar. Bəs saxta ətiri necə seçmək olar? Əvvəla, ətirlərin qutusunun altında birka olur. Orada seriya nömrəsi göstərilir. Bu nömrə qutunun özü ilə eyniyyət təşkil etməlidir. Bundan əlavə, ştrix koddakı ilk rəqəm istehsalçı ölkəni göstərməli, qutunun üzərindəki sellofan zədəsiz, nazik və səliqəli olmalıdır. Digər tərəfdən, maye bulanlıq olmamalıdır. Türkiyə və ya Çin istehsalı olan ətirlərdə şüşə bulanıq olur, şəffaf olmur, yazılar bir-birinə qarışır.

Bir məsələ də var ki, ştrix kodlarının olmasına aldanmaq olmaz. Ştrix kodları saxta yolla elə çap edirlər ki, ayırmaq olmur. Bir məsələyə də diqqət etmək lazımdır ki, saxta ətirlərin demək olar ki, 30 ml qramlıq qablaşdırılması olmur. Bu onlara sərf etmir. Əsasən 50 ml və 100 ml qablaşdırmada satılırlar.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler