» » Fazil Məmmədov struktur dəyişikliyindən danışdı - Məqalə

Fazil Məmmədov struktur dəyişikliyindən danışdı - Məqalə

Bölmə: İqtisadiyyat, BLOK XƏBƏR, MANŞET
Fazil Məmmədov struktur dəyişikliyindən danışdı - Məqalə
"Xalqinfo" Vergilər naziri Fazil Məmmədovun Avropadaxili Vergi Administrasiyaları Təşkilatının saytında (www.iota-tax.org) son aylar ölkəmizin vergi sistemində aparılmış islahatlar, vergi inzibatçılığındakı dəyişikliklərin əsas istiqamətlərini ətraflı şəkildə şərh edən məqaləsindən bir hissəni təqdim edir:

Məqalədə vergi siyasətinin tənzimləyici rolunun artırılması, əlverişli, şəffaf və cəlbedici vergi mühitinin formalaşdırılması, vergi ödəyicilərinə göstərilən xidmətlərin təkmilləşdirilməsi və müasir korporativ idarəetmə sisteminin qurulması kimi məsələlərə aydınlıq gətirilib.

Nazir qeyd edir ki, aparılan uğurlu və düşünülmüş iqtisadi siyasətin nəticəsi olaraq Azərbaycan iqtisadiyyatı son illərdə sürətli inkişaf mərhələsindən keçib, neft gəlirlərinin səmərəli istifadəsi sayəsində ölkə iqtisadiyyatının diversifikasiyasına müvəffəq olunub, qeyri-neft sektorunun inkişafında əhəmiyyətli irəliləyişlər əldə edilib:

"İnkişaf etməkdə olan ölkəmiz istər regionda, istərsə də dünya miqyasında yüksək artım templəri nümayiş etdirən dövlətlərdən biri kimi tanınır. Son bir neçə ildə dünya iqtisadiyyatı qlobal transformasiyaların, mövcud siyasi-iqtisadi problemlərin təsiri nəticəsində yenidən durğunluq və tənəzzül meyilləri ilə üzləşib. Milli iqtisadiyyatların kənar təsirlərə qarşı həssaslığının artdığı bir vaxtda inkişaf proseslərinə təsir göstərən qlobal faktorların da sayı ciddi şəkildə artıb, bütün ölkələrin bu və ya digər dərəcədə qlobal böhranın təsirlərinə və onun doğurduğu fəsadlara məruz qalması qaçılmaz hal alıb.

Zamanın iqtisadi gerçəkliklərinə hər zaman çevik münasibəti ilə fərqlənən ölkəmizdə son illər həyata keçirilən qabaqlayıcı iqtisadi-sosial siyasət nəticəsində belə qlobal böhranların fəsadları minimallaşdırılıb. Neft gəlirlərinin ölkənin qeyri-neft sektorunda alternativ gəlir mənbələrinin yaranmasına yönəldilməsi istiqamətində aparılan işlər, bu sahəyə xarici investisiyaların cəlb edilməsi, işgüzar mühitin və biznesin fəaliyyəti üçün yaradılan şərait Azərbaycanın müxtəlif böhranların uzunmüddətli təsirlərinə qarşı dayanıqlı iqtisadi bazasının formalaşmasına imkan verib. Təsadüfi deyil ki, bütün bunlar qısa müddət ərzində ölkəmizin bir çox beynəlxalq reytinqlərdə mövqeyinin yaxşılaşmasına gətirib. 2016-cı ildə Dünya İqtisadi Forumunun tərtib etdiyi Qlobal Rəqabətqabiliyyətlilik Hesabatında Azərbaycan 138 dövlət arasında 37-ci yerdədir (MDB ölkələri sırasında isə 1-ci yerdə). Dünya Bankının 190 ölkənin biznes mühitini qiymətləndirən «Doing Business 2017» hesabatında isə ölkəmiz 65-ci pillədə qərarlaşıb. Bu hesabatda Azərbaycan biznesin qeydiyyatını sadələşdirməklə «Biznesə başlama» göstəricisi üzrə dünyada ilk beşliyə daxil olub və ən yaxşı təcrübəyə malik ölkələrdən biri kimi qeyd edilib.

Yeni iqtisadi inkişaf modeli - milli iqtisadiyyatın yol xəritələri

Son bir neçə ildə dünya iqtisadiyyatının yeni siklə daxil olması, dünya enerji bazarlarında neftin kəskin ucuzlaşması bütün neft ixracatçısı ölkələrinə, o cümlədən Azərbaycana da təsirsiz ötüşməyib. Belə bir şəraitdə ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycan iqtisadiyyatının liberallaşdırılması, rəqabət qabiliyyətinin artırılmasını, idxaldan asılılığın azaldılmasını, ixracyönümlü qeyri-neft sektorunun əsaslı inkişafının təmin edilməsini, insan kapitalından səmərəli istifadə edilməsi məqsədilə iqtisadi inkişafın keyfiyyətcə yeni modelinin formalaşdırılmasını, bu istiqamətdə davamlı və ardıcıl islahatların aparılmasını hökumətin qarşısında 2016-cı il üçün mühüm vəzifə olaraq müəyyənləşdirmişdi. Beləliklə, yeni iqtisadi strategiyanın hazırlanması və müvafiq institusional və konseptual islahatların həyata keçirilməsi ciddi bir zərurət olaraq ortaya çıxıb.

Yeni inkişaf dövründə ölkəmizin qarşısında duran məsələlərin həlli və dayanıqlı inkişafa nail olmaq istiqamətində mühüm addımlardan biri də «Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri»nin təsdiq olunmasıdır. Bu xəritə, eləcə də iqtisadiyyatın 12 əsas sektoru üzrə təsdiq edilmiş strateji yol xəritələri Azərbaycanın yaxın gələcək üçün hədəflərini və prioritet inkişaf istiqamətlərini müəyyən edən fundamental sənəd toplusu olmaqla, ölkənin yeni iqtisadi modelinin əsasını təşkil edir. Strateji yol xəritələri 2016-2020-cı illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövr üzrə qarşıya qoyulmuş hədəfləri özündə əks etdirir. İqtisadiyyatın mövcud vəziyyətinin dərin təhlilinə əsaslanan bu sənədlərdə ayrı-ayrı sektorların inkişaf istiqamətləri, rəqabətqabiliyyətliliyin daha da artırılması, investisiyaların cəlbi, azad rəqabət mühiti, dünya bazarlarına çıxış, Azərbaycanın dünya iqtisadiyyatında mövqeyinin və etibarlı tərəfdaş imicinin gücləndirilməsi əsas vəzifələrdən biri kimi müəyyən edilib.

Fazil Məmmədov struktur dəyişikliyindən danışdı - Məqalə














Yeni çağırışların yarandığı dövrdə Azərbaycanın iqtisadi prioritetləri, bunların həyata keçirilməsi yolları, o cümlədən 2017-ci ildə ölkəmizin qarşısında duran əsas məsələlər ölkə Prezidenti cənab İlham Əliyevin Davos Forumunun saytında yayımlanmış məqaləsində geniş şərh edilir. Yeni erada qarşıda duran əsas məqsədlər sırasında iqtisadiyyatda qeyri-neft sektorunun diversifikasiyası prosesinin dərinləşdirilməsi, maliyyə sisteminin sağlamlaşdırılması, əhalinin gəlirlilik səviyyəsinin və məşğulluğunun artırılması da yer alır. Hazırda Azərbaycanda struktur və institusional islahatlar davam etdirilir, iqtisadi potensialın gücləndirilməsi məqsədilə ixracyönümlü məhsulların istehsalının artırılmasına, aqroparkların və iri fermer təsərrüfatlarının, sənaye parklarının və zonalarının yaradılmasına, ölkənin tranzit və logistik potensialının yüksəldilməsinə dövlət tərəfindən güclü dəstək verilir. Bunlarla paralel dövlət idarəetmə sistemi təkmilləşdirilir, bütün sahələrdə, o cümlədən vergi və gömrük sistemində şəffaflıq təmin edilməkdədir.

İntensiv islahatlar ili

İqtisadiyyatda yeni eranın başlanması 2016-cı ildə vergi sistemində də fundamental islahatları labüdləşdirib. «Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri»nə dair sənəddə, eləcə də «Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi»ndə yeni dövrdə vergi sisteminin qarşısında duran mühüm vəzifələr öz əksini tapır. Bunlar vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın yüksəldilməsi və şəffaflığın daha da artırılması, sahibkarlara əlverişli şəraitin yaradılması, habelə ölkə iqtisadiyyatının davamlı inkişaf tempinə uyğun olaraq real vergi potensialının müəyyən edilməsi üçün vergi sistemində islahatların davam etdirilməsi, verginin stimullaşdırıcı təsirinin önə çəkilməsi və vergi inzibatçılığının daha da təkmilləşdirilməsidir. Bu istiqamətdə atılan mühüm addımlardan biri də Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş «2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri»dir ki, bu da ötən il həyata keçirilən tədbirlərin əsas konturlarını müəyyən edib.

Vergi risklərinin müəyyən edilməsi və yayındırılan vergilərin aşkarlanması məqsədilə «risklərin idarə edilməsi» sistemi kimi innovativ alətlər uğurla tətbiq olunub, iri vergi ödəyicilərində elektron auditin tətbiqi dairəsi genişləndirilib, vergi yoxlamalarının bütün növlərinin həyata keçirilməsi ilə bağlı qaydalar təkmilləşdirilib, elektron xidmətlərin sayı artırılıb, ölkəmizə turist axınının artımında mühüm rol oynayan «Tax free» sisteminin tətbiqinə başlanılıb. 2016-cı ildə OECD-nin Qlobal Forumunun Qiymətləndirmə Qrupu Azərbaycan Respublikasının vergi sistemində şəffaflığın və məlumat mübadiləsi sisteminin beynəlxalq standartlara uyğunluğu ilə bağlı hesabatı qəbul edərək ölkəmizə yüksək reytinq verib. Bundan başqa, intizamlı vergi ödəyicilərinə «yaşıl dəhliz» prinsipi əsasında fərdi və sürətli innovativ texnologiyalara söykənən xidmətlərin göstərilməsi üçün hazırlıq işləri başa çatdırılıb. Bütün bunlar vergi sistemində şəffaflığın daha da artırılmasına, vergi orqanları və sahibkarlar arasında münasibətlərin yeni müstəviyə qaldırılmasına şərait yaradıb.

Liberallaşan Vergi Məcəlləsi

Vergi qanunvericiliyinin təkmilləşdirilməsi məqsədilə qısa müddət ərzində beynəlxalq təşkilatlar, maliyyə institutları, sahibkarların ictimai birlikləri, biznes nümayəndələri ilə sıx və konstruktiv dialoq əsasında Vergi Məcəlləsinə və digər qanunvericilik sənədlərinə həm həcm, həm də mahiyyət baxımından ciddi və böyük dəyişikliklər edilməsi ilə bağlı layihələr hazırlanıb və 2016-cı ilin sonunda qəbul edilib. Bu dəyişikliklərin əsas məqsədi kiçik və orta biznesin inkişafına daha əlverişli şəraitin yaradılması, vergi orqanları və sahibkarlıq subyektləri arasında qarşılıqlı etimad səviyyəsinin yüksəldilməsi, vergi yükünün optimallaşdırılması, vergi ödəyicilərinin hüquqlarının qorunması, onların vaxt itkisinə məruz qalmaması və vergi öhdəliklərinin daha rahat şəkildə yerinə yetirilməsi, bir sıra vergi ödəyiciləri üçün güzəştlərin müəyyən edilməsi yolu ilə sosial bərabərliyin təmin olunması, nağdsız əməliyyatların həcminin artırılması, vergitutma bazasının genişləndirilməsi, pul dövriyyəsinin tənzimlənməsi, bankların likvidliyinin və bilavasitə vergi mühitinin cəlbediciliyinin artırılması yolu ilə iqtisadiyyata investisiya qoyuluşlarının təşviq edilməsi, ixracın stimullaşdırılması, uçotun dürüstlüyünün və şəffaflığının təmin olunmasıdır.

Bununla yanaşı, Vergi Məcəlləsinə beynəlxalq təcrübəyə əsaslanan bir sıra mütərəqqi yeniliklərlə bağlı müddəalar da əlavə edilib. Bunların sırasına vergi öhdəliklərinin hüquqi nəticələr doğurmazdan əvvəl vergi orqanları ilə razılaşdırılması qaydası və vergi ödəyicilərinin hüquqlarının qorunmasına xidmət edən «Könüllü vergi açıqlaması» sisteminin tətbiqi, transfert qiymətlərinə və ofşor zonalarda qeydiyyatdan keçmiş müəssisələrlə aparılan əməliyyatlara nəzarət mexanizmlərinin qurulması, rəqəmsal iqtisadiyyatın, xüsusilə elektron ticarət üzərində vergi mexanizmlərinin yaradılması daxildir. E-ticarət üzərində vergi mexanizmlərinin yaradılması hazırda dünya vergi administrasiyalarının qarşısında duran həlli mürəkkəb problemlərdən biridir. Bu sahədə vergi mexanizmlərinin qurulması məqsədilə bir çox ölkələrin, xüsusilə aparıcı Avropa dövlətlərinin təcrübəsi öyrənilib və MDB məkanında problemin ən effektiv və spesifik həlli məhz Azərbaycanın vergi qanunvericiliyində öz əksini tapıb.

Göründüyü kimi, qanunvericiliyə edilmiş dəyişikliklər çoxvektorlu hədəflər müəyyən edir ki, bu da, şübhəsiz, vergi administrasiyasının yeni tələblərə uyğunlaşdırılması zərurətini yaradır. Vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsi sahəsində son illər görülən böyük həcmli işlər, həmçinin qarşıya qoyulmuş yeni hədəflər daha çevik, yeni tələblərə adaptasiya oluna bilən, öz vəzifələrini zamanın çağırışlarına dərhal və adekvat uzlaşdıra bilən, müasir korporativ idarəetmə prinsiplərinə söykənən dinamik struktura malik administrasiyanın qurulmasını tələb edir.

Vergi administrasiyasının rəhbərliyi qarşıya qoyulmuş bu hədəfin reallaşdırılması üçün praktiki addımlar atıb. Həm qanunvericilik, həm də vergi sistemində inzibatçılığın təkmilləşdirilməsi sahəsində həyata keçirilən islahatları koordinasiya etmək məqsədilə Vergilər Nazirliyində İdarəetmə Mərkəzi yaradılıb. Bu Mərkəz Vergilər Nazirliyində keçirilən kollegiya iclaslarında qəbul edilmiş tədbirlər planlarında nəzərdə tutulmuş məsələlərin çevik və sürətlə icra edilməsi məqsədilə hazırda intensiv işlər görür.

Fazil Məmmədov struktur dəyişikliyindən danışdı - Məqalə














Təşkilati strukturun transformasiyası

Beləliklə, bu mühüm prinsiplər vergi orqanlarının yeni təşkilati strukturunun formalaşdırılması üçün təməl kimi qəbul edilib və Vergilər Nazirliyinin strukturunun müasir tələblər əsasında yenidən qurulmasına gətirib.

Yeni təşkilati strukturun mühüm elementlərindən biri kimi nazirliyin mərkəzi aparatında Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamenti yaradılıb. Departamentin birbaşa funksiyalarına vergi ödəyiciləri ilə işin konstruktiv dialoq, qarşılıqlı etimad və partnyorluq əsaslarında qurulmasına, onların məlumatlandırılmasına, ödəyicilər üçün özəl təlimlərin təşkil edilməsinə, bu məqsədlə geniş təşkilati və administrativ tədbirlərin həyata keçirilməsinə, nəticə etibarilə vergi mədəniyyətinin yüksəldilməsinə nail olmaq daxildir.

Qeyd etmək lazımdır ki, 2017-ci ilin yanvar ayından başlayaraq intizamlı vergi ödəyiciləri üçün «yaşıl dəhliz» prinsipi əsasında ənənəvi və innovativ üsullara söykənən fərdi və sürətli ünvanlı xidmətlərin göstərilməsinə təşkilati və inzibati nəzarəti məhz bu yeni struktur yerinə yetirir. Bu ödəyicilər ənənəvi xidmətlərlə yanaşı, İKT-nin son nailiyyətlərinə əsaslanan innovativ xidmətlər də əldə edirlər. Belə xidmətlərə videobağlantılar, çağrı və xidmət mərkəzlərində növbəsiz və sürətli xidmətlərin göstərilməsi, partnyor ödəyicilərin müraciəti əsasında onlar üçün «dəyirmi masa», seminar və konfransların təşkili, xüsusi təlim proqramlarının hazırlanması və s. aiddir. Koordinasiya işlərinin təşkili məqsədilə hər bir partnyor ödəyici üçün aidiyyəti vergi strukturundan ayrılan kuratorlar onlara ünvanlı xidmətlər göstərirlər. Bütün bunlar intizamlı vergi ödəyicilərinin stimullaşdırılmasına və sahibkarların rahat fəaliyyət göstərməsinə xidmət edir. Bu, digər vergi ödəyiciləri üçün də nümunədir və şübhəsiz ki, intizamlı vergi ödəyicisi olmağın üstünlüklərini nümayiş etdirməklə digər ödəyiciləri də buna təşviq edəcəkdir.

Vergi ödəyicilərinin fəaliyyətinin risk modulları üzərindən təhlil olunması, vergidən yayınma hallarının müasir texnologiyalara əsaslanaraq aşkar edilməsi, vergi nəzarəti metodlarının təhlil olunmuş məlumatlar əsasında seçilməsi, vergi potensialının daha dəqiq qiymətləndirilməsi, risklərin müasir İKT vasitələrindən istifadə edilməklə idarə olunmasını həyata keçirmək, eləcə də çoxsaylı dövlət qurumlarının inteqrasiya olunmuş elektron məlumat bazalarından əldə edilmiş məlumatların emalını təmin etmək məqsədilə nazirliyin strukturunda Vergi risklərinin təhlili və nəzarəti departamenti fəaliyyət göstərir.

Nazirliyin aparatında aparılmış digər dəyişikliklərlə idarəetmə funksiyalarının təkmilləşdirilməsi, vergi orqanlarının fiskal funksiyalarına daxil olan sahələr üzrə əlaqələndirilməsi, o cümlədən vergi nəzarəti, audit, vergi borclarının alınması sahəsində fəaliyyətin effektivliyinin artırılması məqsədilə Vergi qanunvericiliyinin icrasına nəzarət və Vergi öhdəliklərinin icrasına nəzarət departamentləri yaradılıb.

Nazirliyin mərkəzi aparatında 2 yeni mərkəz də təsis edilib. Vergilər Nazirliyinin İnformasiya Texnologiyaları Mərkəzi (İTM) vergi sistemində informasiya texnologiyalarının daha geniş tətbiqi və nazirliyin İKT strategiyasının səmərəli həyata keçirilməsi ilə məşğul olur və bu sahədə vahid idarəetməni təmin edir. İTM-in əsas vəzifəsi vergi orqanlarında informasiya proseslərinin əlaqələndirilməsinə, geniş imkanlara malik proqram təminatlarının hazırlanması və onların fasiləsiz işlək vəziyyətdə saxlanılmasına, məlumat təhlükəsizliyinin təmin edilməsinə, bu sahələrdə risklərin qiymətləndirilməsinə, informasiya ehtiyatlarının və sistemlərinin mümkün təhdidlərdən qorunmasına, elektron imza vasitələrinin hazırlanması, tərtibi və idarə edilməsinə, müasir informasiya texnologiyaları infrastrukturu qurmaqla vergi inzibatçılığının təkmilləşdirilməsinə töhfə verməkdir.
Media və Kommunikasiya Mərkəzi isə vergi ödəyicilərinin və cəmiyyətin bütün təbəqələrinin məlumatlandırılması, vergi sistemində həyata keçirilən islahatların, vergi qanunvericiliyində baş vermiş dəyişikliklərin İKT-nin imkanlarından istifadə etməklə ictimaiyyətə düzgün çatdırılması, bu sahədə yeni yanaşmaların və yeni vahid kommunikasiya siyasətinin formalaşdırılması, media ilə işlərin müxtəlif platformalarda və sosial müstəvilərdə yenidən təşkili və genişləndirilməsi məqsədilə yaradılıb.

Paytaxtda, eləcə də regionlarda fəaliyyət göstərən vergi orqanlarının da strukturunda ciddi dəyişikliklər edilib. Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti və 1 saylı Departament ləğv edilərək onların bazasında Vergilər Nazirliyi yanında Milli gəlirlər departamenti, Bakı şəhəri Lokal gəlirlər departamenti və Bakı şə¬həri Kiçik sahibkarlıqla iş departamenti yaradılıb. Bu departamentlərin yaradılması «dövriyyə intervalları» prinsipinə söykənir və vergi ödəyiciləri ilə işin qurulmasında yanaşmaları diferensiallaşdırmaq, iri, orta və kiçik sahibkarlarla fərdi yanaşma əsasında işləmək məqsədi daşıyır. Artıq strukturların fəaliyyət prinsipləri, vergi ödəyiciləri ilə işin qurulması ilə bağlı normativ-hüquqi bazası da təsdiq edilib.

Həyata keçiriən struktur və kadr islahatlarının daha bir mühüm məqamı yeni yaradılmış departamentlərdə direktorlar və baş direktorlar institutunun təsis edilməsidir. Direktorluq institutu işlərin və funksiyaların icrasında cavabdehlik və məsuliyyəti artırmaqla yanaşı, həm də idarəetmə sistemində horizontal və vertikal nəzarətin effektiv şəkildə həyata keçirilməsinə imkan verəcək, yeni yaradılmış departamentlərin daha səmərəli, düzgün və rasional idarə olunmasını təmin edəcəkdir.

Sahibkarları narahat edən əsas məsələlər - vergi yoxlamaları, xüsusilə kameral yoxlamalar, operativ nəzarət tədbirləri sahələrində müşahidə olunan problemlər, o cümlədən vergi əməkdaşları tərəfindən edilən aramsız zənglər, bank hesablarına tez-tez sərəncamların qoyulması və s. kimi məsələlər aradan qaldırılıb. Mühüm məsələlərdən biri də budur ki, yeni administrativ yanaşmada vergi orqanlarının təhlil aparılmadan, onun zəruri əsaslandırılması olmadan yoxlama keçirməsinin mümkünsüzlüyü öz əksini tapıb. Vergi öhdəlikləri və vergi potensialı risk modulları üzərindən dəyərləndiriləcək. Artıq Vergilər Nazirliyində risklərin avtomatik emal edilməsinə, təhlilinə və vergi ödəyicilərinin risk meyarları üzrə qruplaşdırılmasına imkan verən risklərin qiymətləndirilməsi sistemi yaradılıb. Yerli strukturlar, ümumiyyətlə, öz qərarları əsasında vergi nəzarəti tədbirləri keçirməyəcək. Aşağı risk qrupları üçün vergi ödəyicilərinin hesablarına sərəncam qoyulması, ölkədən çıxışlarına məhdudiyyətlərin müəyyən edilməsi məhdudlaşdırılacaq, KOS subyektlərində yoxlamalar təkmilləşdiriləcək. İlk növbədə, KOS subyektlərində yoxlamaların risk dərəcəsi əsasında aparılması prinsiplərinin tətbiqi genişləndiriləcək, yoxlamaların sayı optimallaşdırılacaq. KOS subyektlərində səyyar yoxlamaların sayı məhdudlaşdırılacaq və elektron yoxlama metodu tətbiq ediləcək. Operativ vergi nəzarəti prosesi təkmilləşdirilərək yeni qaydalara uyğun, daha sivil formada aparılacaq. İKT sahəsində yeni innovativ texnologiyaların tətbiqi sayəsində ƏDV-nin qaytarılması prosesi sürətləndiriləcəkdir. 2011-ci ildən təsdiqlənmiş Avropa standartları əsasında fəaliyyət göstərən («Austrian Standards plus» tərəfindən müvafiq sertifikat verilib) və cavablandırdığı sorğuları hüquqi qüvvəyə malik olan Vergilər Nazirliyinin Çağrı Mərkəzinin fəaliyyəti daha da təkmilləşdiriləcək.

Fazil Məmmədov struktur dəyişikliyindən danışdı - Məqalə














Bütün bu dəyişikliklər iqtisadiyyatın cari strukturlaşdırılmasına uyğun olaraq yaxın gələcək üçün əsas fiskal yükün iri ödəyicilər üzərində cəmlənməsinə, kiçik və orta sahibkarlığın vergi və inzibati yükünün azaldılması yolu ilə onların fəaliyyətinin daha da genişlənməsi hədəflərinə xidmət edir. Vergi islahatlarının davamlılığı KOS subyektlərinin rəqabət qabiliyyətini daha da artıracaq, xüsusilə yeni yaranan müəssisələrin dayanıqlılığına müsbət təsir göstərəcək, ölkədə xarici şirkətlərin nümayəndəliklərinin açılmasını təşviq edəcək və iqtisadiyyatın qeyri-neft sektoruna investisiyalar cəlb edilməsi üçün daha əlverişli şərait yaradacaq.

Beləliklə, cənab Prezidentin Davos Forumunun saytında yayımlanmış məqaləsində də qeyd edildiyi kimi, vergi və gömrük sisteminin şəffaflaşması istiqamətində çox ciddi addımlar atılıb. Şübhəsiz ki, həm dövlət, həm də vergi orqanları bütün bu yeniliklərin vergi ödəyiciləri tərəfindən də adekvat qarşılanacağına, onların öz vergi öhdəliklərinin icrasına məsuliyyətlə yanaşmaqla vergiləri vaxtında və tam həcmdə yerinə yetirəcəyinə əmindirlər. Sahibkarlar da öz növbəsində fəaliyyətlərini şəffaf qurmalıdırlar. Şəffaflıq birtərəfli qurulmur, biz qarşılıqlı etimada söykənən etibarlı partnyorluq münasibətlərinin tərəfdarıyıq. Digər tərəfdən, unutmaq lazım deyil ki, vergi orqanları öz fiskal funksiyalarını həyata keçirmək üçün texnoloji imkanlarını daim genişləndirirlər. Ümid edirik ki, sahibkarlar vergi yükünün aşağı salınmasını, nəzarət tədbirlərinin azaldılmasını, hesabatlılığın sadələşdirilməsini və bu islahatların ölkənin iqtisadi inkişafına verəcəyi töhfəni düzgün qiymətləndirəcəklər".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler