» » Həmin gündən 2 il keçdi - Azərbaycan üçün nələr dəyişdi?

Həmin gündən 2 il keçdi - Azərbaycan üçün nələr dəyişdi?

Bölmə: İqtisadiyyat, MANŞET
Həmin gündən 2 il keçdi - Azərbaycan üçün nələr dəyişdi?
Bu gün manatın birinci devalvasiyasından 2 il ötür.

Xalqinfo.az xəbər verir ki, “Qafqazinfo” bu illər ərzində ölkə iqtisadiyyatında, xüsusilə də, məzənnədə nə kimi dəyişiklərin baş verdiyini öyrənmək üçün iqtisadçı ekspert Samir Əliyevdən münasibət öyrənib.

Ekspert devalvasiyalar nəticəsində ölkədə yaranan mənfi və müsbət dəyişikliklərdən, manatın hazırkı və gələcək vəziyyətindən danışıb. O bildirib ki, dövlət rəsmiləri inkar etsə də, hər iki devalvasiya gözlənilən idi:

“Manatın məzənnəsi uzun müddət 78 qəpik olub. 2014-cü ilin təxminən payızına kimi dünya bazarında neftin qiyməti düşməyə başladı və bu da devalvasiya gözləntilərini yaratdı. Həmin ərəfədə qonşu Rusiyada, Qazaxıstanda və digər neft ölkələrində devalvasiyalar baş verdi. Ekspertlər olaraq devalvasiyanın gözlənilən olduğunu desək də, dövlət rəsmiləri ən yüksək səviyyədə manatın güclü olduğunu və belə bir halın baş verməyəcəyini əhaliyə əminliklə bildirirdi. Ancaq son nəticədə gözləntilər doğruldu və 2015-ci ilin fevralın 21-də manat dollara qarşı 78 qəpikdən 1,05 manatadək ucuzlaşdı. Təbii ki, bu, ölkədə şok effekti yaşatdı. Xüsusilə də, kreditini dollarla alan vətəndaşlar üçün bu hal böyük narahatlıq idi. Dollarla alınan kreditlərin aylıq ödənişi birdən birə 35% artdığı üçün devalvasiya həmin kateqoriyadakı insanlara böyük zərbə vurdu”.

Manat öz dəyərini neçə faiz itirib?

Həmin gündən 2 il keçdi - Azərbaycan üçün nələr dəyişdi?

Birinci devalvasiyadan sonra məzənnənin bir müddət sabit qaldığını deyən ekspert il sonuna yaxın yenidən dəyişikliyin olacağı ilə bağlı proqnozlar verildiyini bildirib:

“Ancaq yenə də dövlət qurumları, rəsmi şəxslər dealivasiya üçün zəmin olmadığını bildirdi. Əfsuslar olsun ki, bu dəfə də müstəqil ekspertlərin fikirləri özünü doğrultdu və dekabrın 21-də manat kəskin devalvasiyaya uğradı. Bu dəfə devalvasiya manatın üzən məzənnəyə keçməsi ilə əlaqələndirildi. Həmin dövrdə də üzən məzənnə barədə danışmaq mümkün deyildi, çünki Mərkəzi Bank özü məzənnəni müəyyənləşdirirdi. İkinci devalvasiyada manat 48% öz dəyərini itirdi. İl ərzindəki bu devalvasiyalar dollar əmanətçiləri üçün əlavə qazanc olsa da, sadə vətəndaşların, xüsusilə də, dollar krediti olan şəxslərin vəziyyətini bir az da ağırlaşdırdı”.

Devalvasiyalar bank sektorundan da yan keçə bilməzdi:

“ Ən böyük zərbə bank sektoruna vuruldu. Nəticə olaraq Azərbaycanda 13 bank- bankların 1\3-i bağlandı. 2016-cı ilin ortalarında manat müəyyən qədər möhkəmlənsə də, rəsmi məzənnə 1,55-dən hətta 1,49-a qədər bahalaşdı. Bu da müvəqqəti bir hal oldu. İlin yay aylarından sonra valyuta bazarında yenidən gərginlik yaşanmağa başladı və manat ucuzlaşmağa başladı və ilin sonunda 1,77 səviyyəsinə ucuzlaşdı. Ümumilikdə, 2016-cı ildə manat 13-14% öz dəyərini itirib”.

Manatın devalvasiyalarının müsbət və mənfi tərəfləri nə oldu?

Devalvasiyanın mənfi tərəfləri ilə daha çox sadə əhalinin qarşılaşdığını vurğulayan ekspert kreditlərin ödənməsi ilə bağlı yaranan problemlərin hələ də qaldığını qeyd edib:

Həmin gündən 2 il keçdi - Azərbaycan üçün nələr dəyişdi?

“Banklar və bir neçə müəssisə bağlandığı üçün xeyli insan işsiz qaldı, ərzaq və digər sektorlarda qiymətlər bahalaşdı, bəzi yerlərdə insanların maaşları aşağı salındı, ölkə iqtisadiyyatı dollarlaşdı. Bu müddət ərzində insanlarda manata inam xeyli aşağı düşdü.

Müsbət təsir isə əhali üçün yox, daha çox hökumət üçün oldu. Bu yolla valyuta ehtiyatlarının əriməsinin qarşısı alındı. Son illərdə valyuta ehtiyatları sürətlə əriyirdi. Məsələn, Mərkəzi Bankın valyuta ehtiyatı 11 milyard azalaraq 4 milyarda düşüb. Bu yolla valyuta ehtiyatı qorumaya alındı. Digər tərəfdən büdcənin icrası ilə bağlı problemlər yaşanmışdı və bu devalvasiyalar sayəsində büdcənin icrasını həll etmək oldu. Hər bir halda devalvasiya ağrılı bir prosesdir. Xüsusilə də Azərbaycan kimi neft gəlirlərindən asılı olan bir ölkə üçün. Bu, öldürücü təsir göstərir”.

S. Əliyev hazırkı vəziyyəti şərh edən zaman cari il başlayandan ortamın manatın xeyrinə bir qədər dəyişdiyini bildirib:

“İl başlayandan 2% bahalaşma müşahidə olunub. Manat 1,77-dən 1,73-ə qalxaraq öz mövqeyini qüvvətləndirə bilib. Hazırda hökumət yanvardan tam üzən məzənnəyə keçid edib. Ancaq bunun hələ ki, tam baş verdiyini demək olmaz. Çünki Azərbaycanda bunun üçün zəmin yoxdur və çox böyük problemlər yarada bilər. Məncə, əsas məsələ məzənnənin kəskin dəyişməsi yox, sabitlik və məzənnənin tədricən azaldılmasına nail olunmalıdır”.

Yaxın gələcəkdə manatın vəziyyəti necə ola bilər?

Ekspert bildirib ki, hazırda manatın bahalaşması üçün zəmin yoxdur:


Həmin gündən 2 il keçdi - Azərbaycan üçün nələr dəyişdi?

“Bu gün manatın bahalaşmağının səbəbi məzənnənin sərbəst buraxılması ilə bağlıdır. Əvvəl Mərkəzi Bank digər banklara 4%-lik marja tətbiq edirdi. Banklar dolları rəsmi məzənnədən 4% baha sata bilərdi. Banklar da daha çox gəlir əldə etmək üçün dolları qara bazara yönləndirib süni qıtlıq yaradırdı. Mərkəzi Bankın bu addımını mən tez atılmış qəbul edirəm. Heç olmasa, marja artırıla bilərdi. Təxminən 6-8%-ə qədər. Marja olmayanda spekulyasiya yaranır. Hazırda hətta 15% gəlir götürənlər də var.

Neft Fondundan dövlət büdcəsinə əlavə 7,5 milyard manat ayrılır. Bu da ona şərait yaradacaq ki, Mərkəzi Bank bu il manatın sabitliyini qoruyub saxlaya bilsin. Ancaq bu vəsait bir il üçündür. Əgər iqtisadiyyatda əhəmiyyətli dəyişiklik- ölkəyə yüksək səviyyədə valyuta axını baş verməzsə, 2018-ci ildə Fond yenidən bu qədər vəsait ayırmalıdır. Ya da ki, manatın ucuzlaşmasına göz yumula bilər. Bu il hökumətin qarşısında iki seçim var idi: ya manatı ucuzlaşdırmaq, ya da Neft Fondunun vəsaitlərindən istifadə etmək. Onlar ikinci yolu seçdilər. Bu yol vacibdir, ancaq dayanıqlı deyil. 2018 və 2019-cu illərdə necə olacağını düşünmək lazımdır. Ancaq neftin qiyməti 60 dollar həddini keçsə, manata müəyyən dəstək verə bilər. Ancaq neftin qiymətində artım olmazsa, ən pis halda ucuzlaşarsa, həm hökumət, həm də manat üçün çətin bir vəziyyət yaranacaq”.


Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler