» » Mərkəzi bankların faiz oyunu, neftin gələcək qiyməti - Bu həftə kimlər varlandı?

Mərkəzi bankların faiz oyunu, neftin gələcək qiyməti - Bu həftə kimlər varlandı?

Bölmə: İqtisadiyyat, MARAQLI, BLOK XƏBƏR, MANŞET
Mərkəzi bankların faiz oyunu, neftin gələcək qiyməti - Bu həftə kimlər varlandı?

Yola saldığımız həftə iqtisadi güclərin mərkəzi banklarının qərarları ilə yadda qaldı. FES ilin ilk toplantısını keçirdi və faizləri dəyişdirmədi. Rusiya Mərkəzi Bankı sərt pul-kredit siyasətinə keçdi. Türkiyə Mərkəzi Bankı isə bu istiqamətdə mesajlar verdi. "Citigroup" maliyyə holdinqinin analitikləri 2022-ci ilə qədər neftin qiymətinin 40-65 dollar/barel diapazonunda hərəkət edəcəyini açıqladı.

Neftdən başlayaq. Ekspertlər bu proqnozu OPEC-in hasilatı azaltması səbəbindən neft qiymətlərinə dəstək olması və 40 dollar/bareldən aşağı düşməməsi, ABŞ şist neft istehsalçılarının 65 dollar/barel səviyyəsində hasilatı maksimal həddə çatdırması ilə izah edirlər. Analitiklərin fikrincə, ABŞ şist neft hasilatçıları hətta 50 dollar/barel qiymət səviyyəsində effektiv nəticə göstərə bilirlər.

Dünyanın ikinci böyük iqtisadiyyatı Çin isə 2016-cı ildə xalis kapital axınının tarixi rekord həddə çatdığını deyir. Çinin bəyanatına görə, kapital axını 725 mlrd. ABŞ dolları təşkil edib. Vaşinqtonda yerləşən nüfuzlu Beynəlxalq Maliyyə İnstitutunun (IIF) hesabatına görə, siyasi təzyiqlər nəticəsində ABŞ şirkətlərinin mənfəətlərini repatriasiya etməsi kapital axınını daha da sürətləndirə bilər. Hesabatda Çindən 2016-cı ildə xalis kapital axınının illik müqayisədə 50 mlrd. ABŞ dolları və ya 7,4% çox olduğu bildirilir. Bu göstərici həmçinin inkişaf etməkdə olan ölkələrə məcmu kapital axınından çoxdur.

İİF ekspertlərinin fikrincə, Çindən inkişaf etməkdə olan ölkələrə kapital axını 192 mlrd. dollar təşkil edib. Bu da illik müqayisədə 69 mlrd. dollar və ya 56% çoxdur.
İİF-in proqnozlarına görə, bu il inkişaf etməkdə olan ölkələrdən 206 mlrd. dollar çıxacaq. Bu vəsaitin əsas hissəsi Çindən kapital axınının payına düşəcək.

O ki qaldı Mərkəzi Bankların faizlərlə bağlı qərarlarına, ABŞ-ın Federal Ehtiyat Sisteminin (FES) İdarəçilər Şurası faiz dərəcəsini 0,5– 0,75 faiz səviyyəsində saxladı. Qeyd edək ki, FES faiz dərəcəsini sonuncu dəfə 14 dekabr 2016-cı ildə qaldırıb.

Rusiya Bankının (Mərkəzi Bank) Direktorlar Şurası da keçirdiyi növbəti iclasda uçot dərəcəsinin sabit saxlanmasına dair qərar qəbul etdi.
Bununla da Rusiya Bankı uçot dərəcəsini 10% səviyyəsində saxladı.

Bank bildirir ki, inflyasiyanın cari dinamikası proqnozlara uyğun olsa da, 2017-ci ildə 4% hədəfindən yayınma ehtimalı mövcuddur. Həmçinin, Mərkəzi Bankın açıqlamasında qeyd olunur ki, ilin ilk yarısında uçot dərəcəsinin endirilməsi ehtimalı azalıb.

Nəzərə çatdıraq ki, yanvarda Rusiyada illik inflyasiyanın səviyyəsi 5,1%-ə kimi geriləyib. Bir ay öncə isə bu göstərici 5,4% olub. Növbəti iclasın martın 24-də keçirilməsi planlaşdırılır.

Bu arada Rusiyada dar mənada pul kütləsinin (nağd pul, M0 aqreqatı) həcmi 21-27 yanvar həftəsində 8,71 trln. rubl (145 mlrd. ABŞ dolları) təşkil edib. Hesabat həftəsində M0 aqreqatı 1,4% və ya 125,5 mlrd. rubl (2,1 mlrd. dollar) azalıb. M0 aqreqatı və ya dar mənada pul kütləsi (nağd pul) kredit təşkilatlarının kassalarında olan qalıq vəsait və məcburi ehtiyatlar istisna olmaqla Rusiya Bankı tərəfindən dövriyyəyə buraxılan nağd pulları əks etdirir. Xatırladaq ki, bir qədər əvvəl Türkiyə Mərkəzi Bankı da sərt pul siyasəti yürüdücəyinə dair bəyanatlar vermişdi. TCMB 2016-cı ildə inflyasiyanın proqnozlaşdırılan 5%-dən 8,53%-ə yüksəlməsi səbəbindən hökumətə "Açıq məktub" göndərmişdi. Baş nazirin müavini Mehmet Şimşəkə göndərilən məktubda TCMB-nin əsas məqsədinin qiymətlərin sabitliyi olduğu bildirilərək bunun üçün bankın əlində olan bütün alətlərdən istifadə ediləcəyi bildirilib. TCMB inflyasiyanın tənzimlənməsi üçün lazım gələrsə əlavə monetar sərtləşdirmə həyata keçirəcəyini qeyd edib. Bunun üçün bank valyuta bazarında kəskin hərəkətlərin baş verməsinə qarşı likvidlik tədbirlərə əl atacağını vurğulayıb.

İngiltərə Mərkəzi Bankı (BoE) da monetar siyasətin əsas parametrlərini dəyişməmək qərarına gəlib. BoE uçot dərəcəsini 0,25% səviyyəsində sabit saxladı. Bununla yanaşı, bank maliyyə bazarlarından aktivlərin alınması üsulu ilə monetar genişlənmənin illik həcmini də dəyişdirməyərək 435 mlrd. funt sterlinqdə (550 mlrd. ABŞ dolları) saxlayıb.

Qeyd edək ki, BoE-nin qərarı bazar iştirakçılarının proqnozları ilə eyni olub.

İş dünyası

"Fitch" beynəlxalq reytinq agentliyi Türkiyənin 18 kommersiya bankının kredit reytinqini aşağı saldı. Kredit reytinqinin azaldılmasına səbəbin bu banklara Türkiyə hökuməti tərəfindən dəstəyin azalması ilə bağlı olduğu ehtimal edilir. Agentliyin məlumatına görə, "Ziraat Bankası", "Halk Bank", "Vakıf Bank", "Türkiye Sinai Kalkınma Bankası", "Türkiyə Kalkınma Bankası" və "Türk Eximbank"ın kredit reytinqləri "BBB"-dən "BB+"a, "Akbank" və "İş Bankası"nın kredit reytinqləri isə "BB-"dan "B+"a endirilib.

Həmçinin, xarici sərmayəli banklardan "Türkiye Garanti Bankası", "YapıKredi Bank", "ING Bank", "Türk Ekonomi Bankası", "Finansbank", "ICBC Turkey Bank", "Burgan Bank", "Alternatifbank", "Küveyttürk Bank" və "Türkiyə Finans Katılım Bankası"nın kredit reytinqi isə "BBB"-dən "BBB-"a salınıb.

İlin günün bu vaxtında “Facebook”yenə qaz vurub, qazan doldurub. 2016-cı ilin yekunları üzrə "Facebook"un xalis mənfəəti təqribən 18 faiz artaraq 10,2 milyard dollara çatıb. Şirkətin mədaxili 54 faiz artaraq 27,6 mlrd. dollara çatıb, o cümlədən reklam gəlirləri 57 faiz artaraq 26,9 mlrd. dollar təşkil edib.

Ötən ilin IV rübündə "Facebook"un xalis mənfəəti təqribən 13 faiz artaraq 3,6 mlrd. dollar, mədaxili 51 faiz artaraq 8,8 mlrd. dollar, o cümlədən reklam gəlirləri 53 faiz artaraq 8,6 mlrd. dollar təşkil edib.

"2016-cı il bizim biznesimiz üçün yaxşı oldu, lakin biz insanları bir-birinə daha da yaxınlaşdırmaq üçün hələ çox iş görməliyik", - deyə şirkətin təsisçisi və rəhbəri Mark Zukerberq bildirib.

Dünyanın ən böyük neft şirkətlərindən sayılan “ExxonMobil”in isə 2016-cı ilin IV rübündə xalis mənfəəti 40% azalıb. Ötən ilin oktyabr-dekabr ayları ərzində “ExxonMobil”in xalis mənfəəti 1,68 mlrd. dollar olub. Bu göstərici əvvəlki ilin müvafiq dövründə 2,8 mlrd. dollar təşkil edib.

Ötən ilin IV rübündə şirkətin gəliri isə 2% artaraq 61,1 mlrd. dollar olub.

“ExxonMobil” şirkətinin 2016-cı il ərzində isə xalis mənfəəti 7,84 mlrd. dollar təşkil edib ki, bu da əvvəlki ildən 51% azdır. Şirkətin əsaslı xərcləri ötən il 38% azalaraq 19,3 mlrd. dollar olub.

Azərbaycan

Gəldik çıxdıq öz ölkəmizə…

Azərbaycan ötən il Türkiyəyə 645,633 mln. kVt/saat həcmində elektrik enerjisi satıb. Bunun qarşılığında “Azərenerji” ASC 34,09 mln. ABŞ dolları gəlir əldə edib. Azərbaycan Türkiyəyə elektrik enerjisi satan ölkələr sırasında Bolqarıstan və Yunanısandan sonra üçüncü yer tutub.

Bu arada Türkiyə elektrik enerjisini ən çox 2016-cı ilin sentyabrında idxal edib. Həmin tarixdə rəsmi Ankaranın Yunanıstan, Bolqarıstan, Gürcüstan və Azərbaycandan aldığı elektrik enerjisinin ümumi həcmi 477,289 mln. kVt/saat olub ki, buna görə də 24,662 mln. dollar ödəmə həyata keçirilib.

Xatırladaq ki, Türkiyənin adıçəkilən ölkələrdən ötən il aldığı elektrik enerjisinin həcmi 2015-ci ilə nisbətən 17,8% azalıb.

Ölkədə pul bazası 2017-ci il fevralın 1-nə 7 331,7 mln. manat təşkil edib.

Bu da yanvarın 1-i ilə müqayisədə 528,8 mln. manat və yaxud 6,73% azdır.

Son bir ildə isə ölkədə nağd pul kütləsi 1 544,3 mln. manat və yaxud 26,68% artıb.

Ölkədəki kommersiya banklarının faiz gəlirləri 2016-cı ildə 1 994 mln. manat, o cümlədən kreditlər üzrə faiz gəlirləri 1 702,1 mln. manat təşkil edib. Ötən il bank sektorunun faiz xərcləri 1 079,7 mln. manat, o cümlədən depozitlər üzrə faiz xərcləri 461,8 mln. manat olub. Son nəticədə, banklar 914,4 mln. manat xalis faiz gəliri əldə edib.

Hesabat dövründə kredit təşkilatları qeyri-faiz əməliyyatlarından 338,3 mln. manat zərər edib, üstəlik bu növ əməliyyatlara 998,7 mln. manat xərc çəkib. Başqa sözlə, bankların xalis qeyri-faiz zərəri 1 337 mln. manat təşkil edib. Bununla da, maliyyə qurumlarının xalis əməliyyat zərəri 422,6 mln. manat olub.

Banklar aktivlər üzrə mümkün zərərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 1 212 mln. manat yönəldib, digər mənbələrdən isə 9,4 mln. manat gəlir əldə edib, cəmi 42,5 mln. manat isə mənfəət vergisi ödəyib. Beləliklə, Azərbaycanın bank sektoru ötən ili 1 667,6 mln. manat xalis zərərlə başa vurub.(publika.az)


BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler