» » İpoteka kreditlərinin verilməsi başlayır

İpoteka kreditlərinin verilməsi başlayır

Bölmə: İqtisadiyyat, BLOK XƏBƏR, MANŞET
İpoteka kreditlərinin verilməsi başlayır

Ölkədə gələn həftədən dövlət xətti ilə ipoteka kreditləşməsi bərpa olunacaq. “Azərbaycan İpoteka Fondu” ASC-nin (AİF) yeni istiqraz emissiyası ilə cəlb edəcəyi 50 milyon manat vəsait gələn həftədən Fondun müvəkkil bankları arasında bölüşdürüləcək.

Xalqİnfo.az məlumat verir ki, bununla da Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi bərpa olunacaq. Maliyyə Bazarlarına Nəzarət Palatasının qeydə aldığı yeni emissiyanın prospektinə əsasən, dövriyyəyə hər birinin nominal dəyəri 1 000 manat olan 50 min ədəd sənədsiz, faizli, təmin edilmiş ipoteka istiqrazlarının buraxılması nəzərdə tutulub.

Qeyd edək ki, hazırda AİF-in cəmi 8 müvəkkil bankı var. Bu, “AGBank”, “Azər-Türk Bank”, “Bank Avrasiya”, “Bank BTB”, “Xalq Bank”, “Kapital Bank”, “NBC Bank” və “PAŞA Bank” ASC-lərdir. Yaxın vaxtlara qədər onların sayı 25 olub. Bundan başqa, Fondun müvəkkil sığorta şirkətlərinin sayı da 4-5 dəfə azaldılıb. Hazırda qurum 4 sığorta şirkəti- “Qala Həyat Sığorta”, “Qala Sığorta”, “PAŞA Həyat Sığorta” və “PAŞA Sığorta” ASC-lərlə əməkdaşlıq edir. Yalnız bu şirkətlər borcalanın həyatını və ipoteka predmeti olan daşınmaz əmlakı sığortalaya bilər. AİF-in müvəkkil qiymətləndirici şirkətlərinin sayı isə 8 dəfə azaldılaraq 2-yə endirilib. Hazırda müvəkkil banklar ipoteka kredirtləşməsi yolu ilə əldə edilən əmlakın qiymətləndirilməsini yalnız “Biləndər” firmasına və “MBA Ltd.” MMC-yə həvalə edə bilərlər. Müvəkkil təşkilatların sayının azaldılmasının səbəbi açıqlanmır.

Ekspertlər isə qeyd edirlər ki, ölkədə mənzilə ehtiyacı olan minlərlə ailə olsa da, insanların gəlirləri hazırkı qiymətlərlə mənzil almasını mümkünsüz edib. 2016-cı ilin dövlət büdcəsində ipoteka kreditləri üçün 50 milyon manat nəzərdə tutulub. Verilən ipoteka məbləğinin maksimum həddinin 50 min manat olduğunu nəzərə alsaq bu, 1000 ailəni əhatə edə bilir.

Ekspertlərin sözlərinə görə, təcrübədə daha az adam ipotekadan yararlana bilir. Bu ilin aprel ayında 93,019 manat dəyərində 2, may ayında isə 100,001 min manat həcmində 2 ipoteka krediti verilib. Bu ilin ilk yarısında 22 adi, 96 güzəştli ipoteka verilib. Fondun açıqladığı rəqəmlərə görə, ipoteka krediti mexanizminin işə düşdüyü 10 ildən bəri borcalanların çoxu aya 900-1100 manatdan yuxarı əməkhaqqı alanlardır. Beş yüz manata qədər maaş alanların yalnız 4 faizi ipoteka kreditindən yararlana bilib. Həmçinin bildirilir ki, 2006-cı ildə bəri maliyyələşdirilmiş 18 minə yaxın ipoteka kreditinin 13 mindən çoxu paytaxt Bakının payına düşür.

Ekspertlərin fikrincə, dəfələrlə Milli Məclisdə ipoteka şərtlərinin sadələşdirilməsi ilə bağlı təkliflər səsləndirilsə də, bu istiqamətdə addım atılmayıb. Ekspertlər qeyd edirlər ki, şərtlərin ağır olması səbəbindən vətəndaşlar bu proqramdan yararlana bilmirlər. Ekspert Rəşad Həsənov isə bildirir ki, ölkədə ipoteka kreditləri əhalinin mövcud gəlirlərinə uyğun deyil. O, həmçinin kreditlərin həcminin artırılmasının vacibliyini də vurğulayıb.

Qeyd edək ki, bir müddət əvvəl “Azərbaycan İpoteka Fondu” ASC-nin vəsaiti hesabına ipoteka kreditlərinin verilməsi qaydaları təsdiq edilib. Qaydalarda ipoteka kreditinin maksimal məbləği, ilkin ödəniş və kredit faizləri ilə bağlı məsələlər öz həllini tapıb.(musavat.com)


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler