» » İran Azərbaycan ilə iqtisadi əlaqələrin genişləndirilməsində maraqlıdır

İran Azərbaycan ilə iqtisadi əlaqələrin genişləndirilməsində maraqlıdır

Bölmə: İqtisadiyyat
İran Azərbaycan ilə iqtisadi əlaqələrin genişləndirilməsində maraqlıdır
İran Azərbaycan ilə əməkdaşlığın inkişaf etdirilməsində və iqtisadi əlaqələrin daha da genişləndirilməsində maraqlıdır. Azərbaycan-İran biznes forumu hər iki ölkə arasında iqtisadi əlaqələrin dərinləşməsinə, iş adamları arasında yeni əməkdaşlıq imkanlarının yaranmasına öz töhfəsini verəcək.

Xalqİnfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayin sentyabrın 20-də Bakıda keçirilən Azərbaycan-İran biznes forumunda deyib.

"Azərbaycan nümayəndə heyəti gələn həftə İrana səfər edəcək. Məqsəd Azərbaycanda tikiləcək dərman zavodu ilə bağlı ətraflı razılaşma əldə etməkdir. Eyni zamanda, "Mətanət A" şirkəti İranda gips istehsalı zavodunun tikintisini planlaşdırır", - deyə səfir bildirib.

Səfir qeyd edib ki, avtomobil istehsalı üzrə Azərbaycan-İran birgə zavodunun tikintisini 2017-ci ilin mayında başa çatdırılması planlaşdırılır.

İran İslam Respublikasının sənaye, mədən və ticarət nazirinin müavini Cəfər Sərqeyni deyib ki, ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı üçün Azərbaycan və İran özəl sektorda fəaliyyət göstərən şirkətlərə güzəştlər tətbiq edir. İş adamlarını yaradılan bu imkanlardan istifadə edərək iki ölkə arasında ticarət əlaqələrini inkişaf etdirmək üçün müvafiq addımlar atmağa dəvət edirəm. İran indi Azərbaycan ilə daha çox investisiya əlaqələrinin qurulmasına önəm verir.

Nazir müavini vurğulayıb ki, biz yerli şirkətlərin qarşılıqlı əlaqələrini daha da inkişaf etdirmələrində maraqlıyıq. Bu əlaqələrin inkişafı iki ölkə arasında iqtisadi əməkdaşlığın genişlənməsinə öz töhfəsini verəcək.

Qeyd edilib ki, sentyabrın 19-dan 21-dək "Bakı Ekspo" mərkəzində "İran Project 2016" ixtisaslaşmış sərgi keçirilir. Sərgi azərbaycanlı iş adamlarına iranlı həmkarları ilə yaxından tanış olmaq və əlaqələrini genişləndirmək üçün yaxşı fürsətdir.

Son zamanlar hər iki ölkə arasında ticarət dövriyyəsinin artdığını deyən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov diqqətə çatdırıb ki, hazırda Azərbaycanda 400-ə yaxın İran şirkəti fəaliyyət göstərir.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov ölkəmizdə yaradılan əlverişli biznes mühitindən danışıb, iranlı iş adamlarını Azərbaycana sərmayə qoymağa dəvət edib.

İranın "Poroplin Jam Co." şirkətinin rəhbəri Kambiz Mirkarimi təmsil etdiyi qurumun fəaliyyətinə dair təqdimatla çıxış edib.

Biznes forum Azərbaycan və İran iş adamlarının əməkdaşlıq imkanlarının müzakirə olunduğu ikitərəfli görüşlərlə davam edib. Görüşlərdə neft-qaz, tikinti-inşaat avadanlığı və materiallar, kənd təsərrüfatı və suvarma avadanlığı, səhiyyə avadanlığı, ümumi ticarət sferaları, neftayırma avadanlığı və s. sahələr üzrə müzakirələr aparılıb.

Tədbir Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və İranın "Pars Pegah Tejarat" beynəlxalq ticarət şirkətinin birgə təşkilatçılığı ilə baş tutub. Biznes forumda hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, neft-qaz, kimya sənayesi, kənd təsərrüfatı, qida sənayesi, tikinti, mühəndislik və digər sahələrdə fəaliyyət göstərən iş adamları iştirak edib.
İran Azərbaycan ilə iqtisadi əlaqələrin genişləndirilməsində maraqlıdır
İran Azərbaycan ilə iqtisadi əlaqələrin genişləndirilməsində maraqlıdır
İran Azərbaycan ilə iqtisadi əlaqələrin genişləndirilməsində maraqlıdır

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler