» » İqtisadçı deputatdan həyəcan təbili

İqtisadçı deputatdan həyəcan təbili

Bölmə: İqtisadiyyat
İqtisadçı deputatdan həyəcan təbili
Əli Məsimli: “Neftin qiymətinin aşağı düşməsi dövlət büdcəsinin gəlirlərinin 88 faizə qədər hissəsinə birbaşa yox, dolayısı ilə təsir edəcək”
“Büdcə sistemi haqqında" Qanunun 23.5-ci maddəsində göstərilib ki, dövlət büdcəsinin icrası barədə rüblük hesabatlarda büdcənin gəlirləri üzrə faktiki daxilolmalar həmin dövr üçün təsdiq edilmiş göstəricilərdən 20 faiz az olduqda həmin hesabatlar Azərbaycan Respublikası Milli Məclisinin müvafiq komitələrində, yəni mənim də üzvü olduğum İqtisadi siyasət komitəsində müzakirə edilir”.

İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, deputat Əli Məsimli bunu “Yeni Müsavat”a açıqlamasında bildirdi. İqtisadçının sözlərinə görə, həmin qanunun 23.4-cü maddəsinin tələblərinə görə isə dövlət büdcəsinin icrası prosesində dövlət büdcəsinin gəlirləri və onun kəsirinin maliyyələşdirilməsi üzrə faktiki daxilolmalar cari ilin ilk 6 ayının nəticəsinə görə müəyyən olunmuş göstəricilərdən 30 faiz az olduqda, qanunvericilik təşəbbüsü qaydasında oktyabr ayının 15-dən gec olmayaraq Azərbaycan Respublikasının Milli Məclisi qarşısında dövlət büdcəsinə yenidən baxılaraq sekvestr tətbiq olunması barədə məsələ qaldırılır: “2014-cü ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 100 dollar götürülmüşdü.

Ötən il neftin qiyməti iyunun ortalarındakı 115 dollardan ilin ikinci yarısından başlayaraq enməyə meyl götürüb təqribən 60 dollara endi. Bütövlükdə 2014-cü ildə neftin orta illik qiyməti 100 dollardan yüksək olduğundan, ötən ilin may ayında dövlət büdcəsinə yenidən baxmağa ehtiyac olmadı. Amma bu il hadisələr başqa məcraya yuvarlanıb. 2015-ci ilin büdcəsində neftin qiyməti 90 dollar götürülsə də, bu ilin birinci rübündə ortalama 55 dolların ətrafında olmaqla, proqnozlaşdırılandan 35 dollar və ya 40 faizə qədər aşağıdır. İkinci rübdə də neftin qiymətində elə bir artım gözlənilmir. Yetərincə mötəbər hesab olunan beynəlxalq qurumların ekspertləri hesab edir ki, bu il neftin qiyməti aşağısı 50 dolların, ortalama 60 dolların ətrafında ”rəqs edəcək", yuxarısı isə 65 dollar ola bilər. Belə şəraitdə bu il neftin qiyməti büdcədə nəzərdə tutulandan orta hesabla 30 dollar aşağı ola bilər".

Ə.Məsimli qeyd etdi ki, belə vəziyyətdə Dövlət Neft Fondunun gəlirlərinin 2014-cü illə müqayisədə 4-5 milyard dollar az, təqribən 10-11 milyard dollar olması mümkündür: “İcmal büdcənin də kəsiri xeyli arta bilər. Amma əgər neftin qiyməti sözügedən həmin proqnozlar çərçivəsində dəyişəcəksə, onda orta illik qiymət təqribən 60 dollar təşkil edə bilər. Bu il büdcə gəlirlərinin (19,4 milyard manat) 10,4 milyard manatı və ya 53 faizindən çoxu Neft Fondundan transfertin payına düşəcək. Həmin məbləğ 2015-ci ilin büdcəsinin müdafiə olunan xərc maddələrini örtmək üçün yetərli olduğundan, neftin qiymətindən asılı olmayaraq bu il hökumət təkcə Dövlət Neft Fondundan transfertlər hesabına büdcə çərçivəsində götürdüyü sosial öhdəlikləri yerinə yetirə biləcək. 2015-ci ilin dövlət büdcəsinin gəlirlərinin 4,8 milyard manatı və ya 25 faizi Vergilər Nazirliyi xətti ilə qeyri-neft sektorundan daxilolmalardır. Büdcə gəlirlərinin 1,6 milyard manatı və ya büdcə gəlirlərinin 8 faizindən artığı Gömrük Komitəsi xətti ilə formalaşacaq. Vergilər Nazirliyi xətti ilə neft sektorundan daxilolmalar isə 2,3 milyard manat və ya büdcə gəlirlərinin 12 faizə yaxınını təşkil edəcək. Deməli, neftin qiymətinin aşağı düşməsi dövlət büdcəsinin gəlirlərinin 88 faizə qədər hissəsinə birbaşa yox, dolayısı təsir edəcək. Amma həmin 12 faizlik və ya 2,3 milyard manatlıq hissəsinə birbaşa təsir göstərəcək”.

İqtisadçı deputat hesab edir ki, bu halda əgər 2015-ci ildə neftin qiyməti orta hesabla 60 dollar ətrafında olarsa, onda manatın devalvasiyanın nəticələrini nəzərə almadan büdcəyə 800 milyon manat, yəni büdcə gəlirlərinin 4 faizi məbləğində az vəsait daxil olacaq: “Amma manatın devalvasiyası nəticəsində qiymətlərin dəyişməsinin multiplikativ effekti kimi büdcəyə bundan xeyli çox əlavə vəsait daxil ola bilər. Bir sözlə, Vergilər Nazirliyi xətti ilə daxilolmalarda elə bir ciddi problem yaranmasa, belə şəraitdə 2015-ci ilin dövlət büdcəsinin xərclərini əsaslı surətdə azaltmağa ehtiyac qalmayacaq. Qismən azaltmalara getməkdən ötrü isə büdcə qanunvericiliyinə görə, hökumət büdcəni yenidən Milli Məclisə çıxarmadan, özü müəyyən xərc maddələrinə dəyişiklik etməklə həll edə bilər. Çünki "Büdcə sistemi haqqında" Qanun hökumətə və Maliyyə Nazirliyinə qanunvericiliyi pozmadan kifayət qədər manevr etmək imkanı verir. "Büdcə sistemi haqqında" Qanunun 18.5-ci maddəsində isə deyilir ki, dövlət büdcəsinin icrası prosesində gəlirlər və kəsirin maliyyələşdirilməsi üzrə nəzərdə tutulmuş vəsaitlər təsdiq edilmiş məbləğdən az daxil olduqda, müdafiə olunan xərc maddələri, yəni maaşlar və digər sosial xarakterli ödənişlər istisna olmaqla, mütənasib şəkildə, inzibati təsnifat üzrə xərclər isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada azaldıla bilər.

Bir sıra ikinci və üçüncü dərəcəli infrastruktur layihələrinin icrasını ertələmək, lüzumsuz xərcləri azaltmaq, qənaət rejiminə əməl etmək, büdcə vəsaitindən istifadənin səmərəliliyini artırmaqla büdcə vəsaitinə milyard manatlarla qənaət etmək olar və indikindən daha çox iş görmək olar. Beləliklə, əgər neftin qiyməti yetərincə mötəbər hesab olunan proqnozların əksinə olaraq kəskin surətdə düşməyəcəksə və həmin proqnozlarda göstərildiyi kimi, bu il aşağısı 50, ortalama 60, ən çoxu isə 65 dollar ətrafında olacaqsa, bu halda ilin ortasında Azərbaycanın dövlət büdcəsinə yenidən baxılmasına ehtiyac yaranmaya bilər. Hadisələrin gedişi göstərir ki, artıq bundan sonra neftin aşağı qiymətləri şəraitində yaşamağı və inkişaf etməyi öyrənməliyik”.
musavat.com

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler