» » Azərbaycanda hansı futbolçular xeyriyyəçilik edirlər...

Azərbaycanda hansı futbolçular xeyriyyəçilik edirlər...

Bölmə: Idman
Azərbaycanda hansı futbolçular xeyriyyəçilik edirlər...
Ehtiyacı olanlara əl tutmaq, maddi kömək göstərmək savab qazanmaq deməkdir. İmkanlı insan ehtiyacı olana kömək etməlidir. Bu xoş məqam xeyriyyəçi üçün rahatlıq, ehtiyacı ödənilən üçün isə yaxşılıqdır. Xeyriyyə, xeyriyyəçilik özündə yaxşılıq, xeyirlik mənasını təcəssüm etdirir.

Təəssüf ki, Azərbaycanda xeyriyyəçilik ənənəsi çox zəifdir. Ümumiyyətlə, xeyriyyə, ianə və yardımlaşma mövzusu ölkəmizə sanki yaddır. Düzdür, hazırda müəyyən xeyriyyə kampaniyaları təşkil edilir, bəzi imkanlılar hansısa işlər görürlər. Amma kifayət qədər maddi imkanı olan vətəndaşlarımız xeyriyyəçilik haqda ümumiyyətlə düşünmürlər.

Xeyriyyəçilik ənənəsi futbol dünyasında da geniş yayılıb. Dünyanın məşhur futbolçuları öz gəlirlərinin bir hissəini xeyriyyə işlərinə xərcləyirlər. “Real”ın hücumçusu Kriştianu Ronaldo, “Barselona”nın futbolçusu Leonel Messi və adlarını çəkmədiyimiz neçə-neçə futbolçu mütəmadi olaraq yoxsullara yardım edirlər..

Azərbaycanlı futbolçular Ronaldo və Messi qədər qazanmasalar da, ölkə realllğına baxanda az maaş almırlar. Hətta çox yüksək məvacib alırlar, desək yanılmarıq. Qeyri-rəsmi məlumatlara görə, hazırda Azərbaycan çempionatında çıxış edən “Qarabağ”, “Neftçi”, “Qəbələ”, “İnter” kimi aparıcı klubların oyunçularının aylıq maaşı minimun 5 min manatdan az deyil. Təbii ki, ayda 10 min, 15 min bəlkə də daha çox qazanan futbolçularımız da var və klublar “kommersiya sirri”ni əsas gətirərək, bu haqda açıq danışmaq istəmirlər. Elə futbolçular da həmçinin... Nə deyirik, qazancları daha çox olsun....

Bəs bu qədər qazancın müqabilində azərbaycanlı futbolçular da xeyriyyə aksiyalarında iştirak edirlərmi? Hansısa imkansıza əl tuturlarmı?

Modern.az saytının əməkdaşı sualla əlaqədar bir neçə milli futbolçu ilə əlaqə saxlayıb.

Milli komandamızın əsas qapıçısı Kamran Ağayev deyib ki, dünyada olduğu kimi, Azərbaycanda da xeyriyyə işləri məşğul olan futbolçular var.

“Mən özüm tək böyümüşəm, əlimdən gəldiyi qədər ehtiyacı olan qohumlara kömək edirəm. Vaxtaşırı kimsəsiz uşaqlar evinə baş çəkirəm. Hətta həmin uşaqlardan biri ilə dost olmuşam. Başqa futbolçularımız da imkanları olduqca, ehtiyacı olanlara kömək edirlər. Mənim fikrimcə, normal qazancı olan, özünün bütün ehtiyaclarını qarşılayan insanlar köməyə ehtiyacı olanlara əl tutmalıdırlar. Bu insanlıq borcudur”.

“Qarabağ” klubunun yarımmüdafiəçisi Qara Qarayev bildirib ki, Azərbaycanda futbolçuların əksəriyyəti xeyriyyə işi ilə məşğuldur.

“Tanığım futbolçular var ki, onlar xeyriyyə üçün gördüyü işlərin mediada yayılmasının əleyhinədirlər. Çünki xeyriyyə işləri reklam xatirinə olmamalıdır. Bir çox futbolçu var ki, onlar ehtiyacı olanların ehtiyacını qarşılayır, imkanı zəif olan xəstələrə yardım edirlər. Elə futbolçular xeyriyyə işləri görür ki, heç kim onların belə bir iş görəcəyini ağlına belə gətirmir. Futbolçu olub-olmamağından asılı olmayaraq, yaxşı gəlir əldə edən hər kəs xeyriyyə işləri görməlidir. Düşünürəm ki, bu ənənə halını almalıdır, hamı yardımlaşmalı, imkanı zəif olan insanlara kömək etməlidir”.

Futbol karyerasını yekunlaşdıran, hazırda "Sumqayıt" klubunun meneceri işləyən Ceyhun Sultanov deyir ki, özü son bir ildə hər hansı xeyriyyə işi görməyib.

“Əlimizdən gəldiyi qədər kasıb ailələrə əl tutmağa çalışırıq. Amma son bir ildə böyük miqdarda xeyriyyə işləri görməmişik. Mənim bildiyimə görə, futbolçularımızdan bəziləri fərdi olaraq kimsəsiz uşaqlar evinə, qocalar evinə yardım edirlər. Əlində imkan olan hər bir şəxs imzanı zəif olanlara yardım etməlidir”.

Yeri gəlmişkən, “Qarabağ”ın və Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov bu günlərdə xeyirxah bir addım atıb. O, ürək xəstəliyindən əziyyət çəkən keçmiş komanda yoldaşı, Tovuzun “Turan” klubunda birgə oynadığı Vəli Hüseynovun əməliyyat xərclərini ödəyib.
Əməliyyat üçün lazım olan 10000 manatı ödəməyi öz öhdəsinə götürən Qurban Qurbanov keçmiş komanda yoldaşının əlavə xərclərinə də köməklik edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler