» » “Yaxınlarımı da toplayıb Türkiyəyə getdim” -

“Yaxınlarımı da toplayıb Türkiyəyə getdim” - Qriqorçuk

Bölmə: Idman
“Yaxınlarımı da toplayıb Türkiyəyə getdim” -
Ukraynaya qayıdan “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk xeyli müddətdən sonra mətbuata çıxıb.

Xalqinfo” onun Sport24.az-a verdiyi müsahibəni təqdim edir:

- Qeybə çəkilmisiniz, Roman İosifoviç...

- (gülür) Yorğunluğu üzərimdən atmaq üçün 10 günlük istirahətə ehtiyacım var idi. Yaxınlarımı da toplayıb Türkiyəyə getdim. Xeyli müddət idi qohumlarımı görmürdüm. Necə deyərlər, “bir gülləylə iki dovşan vurdum”. Yaxşıca dincəldim. Ancaq futbolsuz çox qala bilmirəm. İşləmək irəliyə baxmaq lazımdı.

- Qayıdaq ənənəmizə - futbol həyatına...

- Məmnuniyyətlə!

- Siz istirahətdə olduğunuz vaxt xeyli sayda aparıcı oyunçularınız komandadan ayrıldı.

- Bunu faciəyə çevirmək lazım deyil. Gedənlərin hər birinə uğurlu karyera, sağlamlıq və xoşbəxtlik arzulayıram. Düşünürəm ki, heyəti yenidən formalaşdırmalıyıq. Ancaq bu, bizə problem yaratmamalıdı. Həyat davam edir. Gedənlərin yerinə oyunçular alınmalıdı.

- Hər halda, komandanızın istirahətinə UEFA da müdaxilə etdi. “Qəbələ”nin Avropa Liqasına 2-ci təsnifat mərhələsindən başlamasını nəzərdə tuturam.

- Xeyr, planlar dəyişsə də, iş rejimimiz plana uyğun qurulub. Hətta başqa cür deyərdim. Mənə görə, birinci mərhələdən başlasaydıq, daha yaxşı olardı. Komandaya rəsmi oyun praktikası lazımdı. Heç bir yoxlama görüşü bunu əvəz edə bilməz. Ancaq təbiətim belədi ki, nəyəsə görə heyfslənmirəm. İkinci mərhələyə ən yüksək səviyyədə hazırlaşacağıq. Oyunçuların oyun tonusuna gətirilməsi üçün bilik və bacarığımızı ortaya qoyacağıq.

- Neçə oyunçu almağı planlaşdırırsınız?

- Ona yaxın futbolçu komandadan gedib. Desəm ki, 10 futbolçu alacağıq... Real görünmür. Ancaq heyətə xeyli sayda futbolçu cəlb olunmalıdı. Elə xəttlər var ki, yenidən düzəldilməlidi.

- Bəlkə kartlarınızdan bəzilərini açasınız?

- Yoxdu hələ. Hə, danışıqlar gedir. Müxtəlif variantları götür-qoy edirik. Amma desəm ki, sabah yeni oyunçuyla müqavilə imzalamağı planlaşdırırıq, bu, yalan olar.

- Olmasın sabah, olsun 2-3 gündən sonra...

- Eləsi də yoxdu. Açıq danışaq, Azərbaycan çempionatında oynamağa hər oyunçu razı olmur. Avropalı futbolçunu Qafqaza gəlməyə razı salmaq çətin işdi. Ancaq biz ruhdan düşmürük, axtarırıq, danışırıq, təklif edirik.

- Fransa və Hollandiyadan futbolçu gətirəcəyiniz barədə informasiyamız var...

- Heç vaxt oyunçunun yaşına, vətəndaşlığına, çıxış etdiyi çempionata xüsusi diqqət yetirməmişəm. Əsas odu ki, bizim oyun fəlsəfəmizə uyğun gəlsin və “qırmızı-qara” formanı geyinmək istəsin. Beləsini tapan kimi, sıralarımıza qatacağıq. Düşünürəm ki, yaxın 7-10 gündən “buzlar tərpənəcək”.

- Belə çıxır ki, Avstriyada ancaq “köhnə qvardiya” olacaq?

- Yəqin ki, elə olacaq. Bunun başqa səbəbi də var. Avropada çempionatlar yenicə başa çatıb. Futbolçunu çempionat bitən kimi növbəti mövsümün hazırlığına gətirmək real görünmür. İnsan dincəlməli, ev problemlərini həll etməlidi.

- Avstriya toplanışında 4 yoxlama oyunu keçirməyi planlaşdırırsınız. Ancaq bundan sonrakı planlarınız haqda məlumatımız yoxdu.

- Daha bir toplanış olacaq. Futbolçuları ritmdən salmaq olmaz. Yuxarıda da bunu qeyd etmişdim. Avropa Liqasının 1-ci təsnifat mərhələsindən başlasaydıq, bizə daha rahat olardı. Ancaq biz mövcud qrafikə uyğun rejimdə çalışacağıq.

- Hazırlığın ikinci hissəsini hansı ölkədə keçirməyi planlaşdırırsınız?

- İlk toplanış üçün seçdiyimiz məkanı dəyişmək fikrində deyiləm. İkinci təlim-məşq toplanışı da Avstriyada baş tutacaq.

- İki toplanış arasındakı günləri Azərbaycanda keçirəcəksiniz?

- Çox az vaxt olacaq. Bu səbəbdən də oyunçulara evlərinə getmək imkanı yaradacağıq. Azərbaycanlılar da, legionerlər də vətənlərinə, ailələrinin yanına gedəcəklər.

- Avstriyadakı ilk toplanış iyunun 22-də başa çatacaq. Bəs, ikinci toplanışın tarixləri necədi?

- Cəmi bir neçə günlük istirahət veriləcək. Ancaq son tarix kimi konkret günü göstərə bilmirəm. Bu, 2-ci təsnifat mərhələsinin püşkünün nəticəsindən asılı olacaq. İlk oyunu Azərbaycanda keçirəcəyiksə, matçdan 2-3 gün əvvəl qayıdacağıq. Yox, ilk qarşılaşma səfərdə olacaqsa, böyük ehtimalla, Avstriyadan birbaşa səfər görüşünə yollanacağıq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler