» » Belçikada idmançılarımıza abidə qoyulub

Belçikada idmançılarımıza abidə qoyulub

Bölmə: Idman
Belçikada idmançılarımıza abidə qoyulub
Sentyabrın 12-də Belçikanın Lommel şəhərində Azərbaycan Respublikasının Belçika krallığındakı səfirliyi və Azərbaycan Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Avropa Xüsusi Yay Olimpiya Oyunlarında azərbaycanlı atletlərin iştirakına həsr olunmuş tədbir keçirilib.


Avropa Xüsusi Yay Olimpiya Oyunları 2014-cü ilin 14-19 sentyabr tarixlərində Belçikanın Antverpen şəhərində davam edəcək və Avropa və Avrasiyanın 58 ölkəsindən əqli imkanları məhdud olan idmançıları bir araya gətirəcək.

Tədbir zamanı Azərbaycan idmançılarının Avropa Xüsusi Yay Olimpiya Oyunlarında iştirakına həsr olunmuş, azərbaycanlı idmançıların təmsil olunduğu 6 idman növünü əks etdirən abidənin açılışı keçirilib. Abidənin məhz Lommeldə yerləşməsinin səbəbi Xüsusi Olimpiya Oyunları zamanı idmançılarımızın Lommel şəhəri tərəfindən qarşılanması və onların orada məşq etməsidir.

Lommel şəhərində azərbaycanlı idmançıların Avropa Xüsusi Yay Olimpiya Oyunlarında iştirakına hər olunmuş abidənin açılışı zamanı çıxış edən Gənclər və İdman naziri Azad Rəhimov Lommel şəhəri və Azərbaycan arasındakı dostluqdan məmnunluğunu bildirib. "İnanıram ki, bu anlar idmançılarımıza əlavə həvəs verəcək və üzümüzə gələn günlərdə onlar uğurlu nəticələr qazanacaqlar", - nazir əlavə edib. "İdman sülh və insanları birləşdirmək üçün çox yaxşı alətdir", - o əlavə edib. Azad Rəhimov Azərbaycan hökumətinin Xüsusi Oyunlarda iştirak edən idmançıları daim diqqət mərkəzində saxladığını qeyd edib.

Sonda nazir hər kəsi gələn il Bakıda keçiriləcək ilk Avropa Oyunlarına dəvət edib.

Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfiri, Azərbaycanın Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov abidənin qoyulması təşəbbüsünün tarixçəsi ilə bağlı qısa arayış verdi. "Lommel və Bakı bir-birindən nə qədər uzaq olsa da, biz bu iki məkan arasında dostluq və əməkdaşlığın bərqərar olmasına nail olduq. Bu, yalnız humanitar, mədəni əməkdaşlıq deyil, həm də işgüzar münasibətlərin qurulması və inkişafıdır. Biz sizin dostunuzuq və həmişə burada, sizin yanınızdayıq", - səfir deyib.

Lommel şəhər administrasiyasının rəhbəri Peter Vanvelthoven öz çıxışında bildirib ki, hər bir böyük çıxış böyük diqqətə layiqdir. "Azərbaycan nümayəndə heyətinə ev sahibliyi etməkdən qürur duyuruq. Azərbaycan və Lommel şəhərləri arasında əməkdaşlıq ən yüksək səviyyədədir. Atletlərin də əsas prinsiplərindən biri digərləri ilə deyil, özü ilə yarışmaq, özünün ən yaxşısı olmaqdır", - cənab Vanvelthoven deyib.

Tədbirin mədəni hissəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestri çıxış edib. Konsert zamanı Azərbaycan və dünya klassikasından nümunələr ifa edilib. Daha sonra qonaqlar Azərbaycan mətbəxinin nümunələrini dadıblar.

Azərbaycanın Belçika Krallığındakı səfiri Fuad İsgəndərov "eunews.az"a bildirib ki, keçirilən mərasim Belçika və Azərbaycan arasında yeni növ münasibətlərin əsasını qoyur. Belçikada idmana həsr olunmuş ilk abidənin açılışı iki ölkə arasında idman sahəsində münasibətlərin yaranmasına, beləliklə, çoxşaxəli əməkdaşlığın qurulmasına gətirəcək.

eunews.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler