» » 5 mart - Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günüdür

5 mart - Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günüdür

Bölmə: Idman
5 mart - Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günüdür
Martın 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günüdür.

Xalqinfo.az xəbər verir ki, bu tarix Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bədən tərbiyəsi və idman günü”nün təsis edilməsi haqqında 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən qeyd edilir.

Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması təsadüfi deyil. Məhz 1995-ci il martın 5-də ulu öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub.

Prezident İlham Əliyevin 1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinə rəhbər seçilməsindən sonra ölkəmizdə idmana və bədən tərbiyəsinə diqqət daha da artırılıb. Bu gün Azərbaycanın dünyanın idman mərkəzlərindən birinə çevrildiyini böyük fəxrlə söyləmək olar. Dövlətimizin başçısının idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması, yeni Olimpiya idman komplekslərinin və idman bazalarının yaradılması haqqında qərarları ölkəmizdə idmanın kütləviləşməsinə əlverişli şərait yaradıb. İndi nəinki paytaxt Bakıda, demək olar ki, ölkəmizin bütün bölgələrində müasir Olimpiya İdman kompleksləri fəaliyyət göstərir. Son illərdə Azərbaycanda 50-dək yeni olimpiya idman kompleksi, bir sıra müxtəlif idman növləri üçün möhtəşəm arenalar istifadəyə verilib. Bir-birinin ardınca istifadəyə verilən Olimpiya idman kompleksləri bölgələrdə idmanın inkişafında da mühüm rol oynayır. Hazırda bir çox rayonlarda yeni Olimpiya idman kompleksləri inşa olunmaqdadır.

Ölkəmizdə idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl və sistemli şəkildə həyata keçirilən tədbirlər, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən dövlət qayğısı tezliklə müsbət nəticəsini göstərib.

Azərbaycanda idmanın inkişafını Olimpiya Oyunlarında qazanılan medalların sayından da açıq şəkildə görmək olar. 1996-cı ildə Atlanta Olimpiadasında Azərbaycan Respublikasının yığma komandası cəmi 1 medal, Sidney Olimpiadasında 3 medal qazandığı halda, Afinada idmançılarımızın qazandıqları medalların sayı 5-ə çatıb. 2008-ci ildə Pekin Yay Olimpiya Oyunlarında idmançılarımız 7 medal qazanıblar və nəticədə Azərbaycan dünyanın 200-dən çox ölkəsi arasında 38-ci yeri tutub. İdmançılarımız 2012-ci ildə London Olimpiadasında 10 medal qazanıblar. Olimpiyaçılarımız ötən il Rio-de-Janeyroda təşkil olunan XXXI Yay Olimpiya Oyunlarında rekord sayda – 18 medala sahib olub.
Rio Paralimpiya Oyunlarında da Azərbaycan atletləri yüksək nəticələr göstəriblər. Paralimpiyaçılarımız Braziliyadan Vətənə 11 medalla qayıdıblar.

2015-cil Azərbaycanın idman tarixinə qızıl hərflərlə yazılıb. Belə ki, ölkəmiz “Bakı-2015” birinci Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi etdi. Avropa Olimpiya Komitəsinin tarixdə ilk dəfə keçirilən bu mötəbər yarışa ev sahibliyi hüququnu ölkəmizə həvalə etməsi Azərbaycanın dünyada güclü idman dövləti kimi tanınmasının parlaq göstəricisi idi. Oyunlara hazırlıq üçün cəmi 2,5 il vaxt ayrılmasına baxmayaraq, Azərbaycan dünyanı heyran qoyaraq qısa müddətdə ən müasir standartlara cavab verən, bir-birindən möhtəşəm idman arenalarını inşa etməklə, yarışa yüksək səviyyədə keçirməklə Avropa Oyunlarının standartlarını müəyyənləşdirdi. Bu mühüm uğuru Azərbaycan idmançılarının qələbələri daha da zirvəyə çatdırdı.

Atletlərimiz birinci Avropa Oyunlarında 18-i qızıl, 18-i gümüş, 20-si isə bürünc olmaqla 56 medal qazandılar. Azərbaycan komanda hesabında 50 ölkə arasında ikinci yeri tutdu.

Ötən il ölkəmiz ilk dəfə Formula-1 Avropa Qran-prisi və 42-ci Ümumdünya Şahmat Olimpiadasına yüksək səviyyədə ev sahibliyi edib.

Zəngin və güclü idman ənənələri, peşəkar təşkilatçılığı ilə dünya idman ailəsində söz və nüfuz sahibi olan Azərbaycan daha bir neçə mötəbər idman yarışına ev sahibliyi edəcək. Təkcə cari ildə Azərbaycanda dünya miqyaslı üç böyük yarış təşkil olunacaq. Hazırda ölkəmiz mayda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına, iyunda təşkil olunacaq Formula-1 Azərbaycan Qran-pri yarışına, sentyabr-oktyabrda qadın voleybolçular arasında Avropa çempionatına ciddi hazırlaşır.

Bütün bu uğurlar onu göstərir ki, hazırda Azərbaycan idmanı inkişafının ən yüksək dövrünü yaşayır. Azərbaycan idmanın bugünkü inkişaf səviyyəsi gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam yetişməsini daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi yüksək diqqət və qayğının göstəricisidir. Məhz bu diqqət və qayğı Azərbaycanın qarşıdakı illərdə idmanda daha böyük uğurlara imza atacağını deməyə əsas verir.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler