» » “Qəbələ”nin pozduğu sükut...

“Qəbələ”nin pozduğu sükut...

Bölmə: Idman, MANŞET
“Qəbələ”nin pozduğu sükut...
Matça doğru

“Qəbələ” sükutu pozdu. Uzun illər sakitlik yaranmış Azərbaycan futbolunda yeni səhifə açmağa və “Qarabağ”ın son 3 illik hakimiyyətinə son qoymağa çalışan "qırmızı-qaralar" cari mövsüm evdə qazandığı 2 qələbə ilə də bunu sübut etməyə çalışır. Dünən liderlər arasında keçirilən qarşılaşma isə iki rəqib arasında ən prinsipalı idi.

Matçdan hələ həftələr öncə hakim səhvləri ucbatından yaranan azarkeş atışmaları və “Qəbələ”nin ədalət təmsilçilərindən narazılığı ab-havanın möhtəşəm olacağına işarə vermişdi. 2013-cü ildə keçirilən “Xəzər Lənkəran” – “Neftçi” oyunundan sonra Azərbaycan çempionatlarında belə mübarizə görməmişdik. Atmosferə isə 2 ildir ki, həsrət idik.

“Qəbələ”nin pozduğu sükut...














Bəlkə də çempionatda tək-tük oyunlardan idi ki, bu matça hakim təyinatı əvvəlcədən bəlli idi. Tərəflərin narazı qalmaması üçün Hakimlər Komitəsi əyalətə təcrübəli Fariz Yusifovu göndərəcəkdi. Doğrudan da belə oldu. Yusifov idarəçliyi ilə matça damğasını vurdu. Narazılığa yer qoymadı.

PFL-in təşkilatçılığı ilə stadiondan izlədiyimiz oyuna gəlincə, komandalar gərginlik altında meydana çıxdılar. Sanki hər iki tərəf əsəbi idi. Bəlkə də bu, oyunətrafı yaranan söz-söhbətlərin nəticəsindən əmələ gəlirdi. “Qəbələ” Qurban Qurbanovun komandasına nisbətən, oyuna daha yaxşı başladı. Daha aqressiv oynayan “qırmızı-qaralar” qalibiyyəti daha çox istədiklərini göstərirdilər. “Qarabağ” isə ərazi üstünlüyünü ələ keçirməyə çalışırdı. Özünəməxsus şəkildə topla yaxşı davranan ağdamlılar vaxt keçdikcə nisbətən buna nail oldu. Lakin tərəflər ikisi də risk etməkdən qorxurdu. Hər iki komanda digərinin səhvini gözləyirdi.

“Qəbələ”nin pozduğu sükut...














“Qarabağ”ın ən böyük problemi isə mərkəz xəttində idi. Qara Qarayevin zəif oyunu fonunda Miçel də çox gözə görünmədi. Riçard Almeydanın nisbətən fəallığı isə bəhrəsini vermirdi. Hücum xəttində yer alan Dino Ndlovu isə top qəbulunda verdiyi yanlışlıqlarla birlikdə müdafiəçilərin içində itib batdı. “Qarabağ”ın cinahlarında İlqar Qurbanov- Mahir Mədətov və Ansi Aqolli – Muarem Muarem tandemləri qapı qarşısına çoxlu sayda ötürmələr etsələr də, fürsətdən yararlana bilmədilər. Nəticədə Qara Qarayevin səhvləri 30-cu dəqiqədə qolla nəticələndi. Autdan atılan top zamanı Ozobiç Qarayevdən məharətlə sıyrılıb qolun vurulmasına səbəb oldu.

Mərkəz müdafiəçilərinin zədələnməsindən sonra Rəşad Sadiqovu o mövqedə oynadan Roman Qriqorçuk daha ehtiyatlı davranırdı. İki mərkəz yarımmüdafiəçisi – Ozobiç və Nikadan biri daima Rəşada kömək etməyə çalışacaqdı. Hücum xəttində isə Zenyov, Subotiç və Araz Abdullayev ələ düşən fürsətləri maksimum dəyərləndirməli idi. Məhz “Qəbələ”də bu nöqtədə rəqibini çox üstələdi. 4 təhlükəli epizodun 2-si qolla nəticələndi.

“Qarabağ”dakı hücum xəttinin dişsizliyi fonunda meydan sahiblərinin forvardı Subotiç gələn hava ötürmələrinin əksəriyyətini rəqib müdafiəçilərdən oğurlamağı bacarırdı. Dani Kitananın yoxluğu ağdamlıların son anda dəqiq və təhlükəli ötürmələr verə bilməməsinə səbəb olurdu.

“Qəbələ”nin pozduğu sükut...














İkinci qolda isə ölkəmizdəki ən yaxşı mərkəz yarımmüdafiəçilərindən ikisi Nika və Ozobiçin ustalığını qeyd etməliyik. Birincinin əla ötürməsinə ustalıqla “açılan” xorvat toru silkəməklə rəqibin ümidlərini azaltdı.
Beləcə qış fasiləsindən sonra heç də özlərinə bənzəməyən iki komandanın duelindən “Qəbələ” qalib ayrıldı. Zirvəyə yüksələn “qırmızı-qaralar” çempionatdakı intriqanı saxlamaqla yanaşı, aprelin 9-da “Azərsun Arena”da oynanılacaq matçı daha prinsipial qarşılaşmaya çevirdi.

Azarkeşlər

Uzun illər sonra ilk dəfə Azərbaycan çempionatında bir klubun azarkeşlərindən kreativ pankartlar gördük. Meydan sahiblərinin açdığı 4 pankart rəngarəng matça öz töhfəsini verdi. Rəqib azarkeşlər isə meydan sahiblərinin kreativliyinə ancaq söyüşlə cavab verə bilirdi.

“Qəbələ”nin pozduğu sükut...














Təhqirlər qarşılıqlı xarakter alınca, meydan sahiblərinin fanatlarından biri polis bölməsinə götürüldü. Oyunun sonunda yerli azarkeşlərin qələbəni atəşfəşanlıqla qeyd etməsi və meydana atılan fakellər xüsusi qeyd edilməlidir.

Maraqlı anlar

- Matçı izləyənlər arasında Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov və oğlu, “Qəbələ”nin prezidenti Tale Heydərov da var idi.

- Birinci hissənin sonunda matçın baş hakim Fariz Yusifov onu qorumaq üçün gələn leytenanta əli ilə “gəlmə” işarəsi verdi. Polkovnik rütbəsi daşıyan Yusifov bununla özünü qoruya biləcəyini dedi.

“Qəbələ”nin pozduğu sükut...














- Daniel Subotiçlə Qara Qarayev arasında yaşanan maraqlı dialoq da nəzərlərdən qaçmadı. İsveçrəlinin əli Qarayevin üzünə dəydi. “Qarabağ”lı Subotiçə etirazını bildirərkən maraqlı cavab aldı. Forvard ona əli işarəsi ilə “boyun balacadır, əlim dəyir” deyə fikrini çatdırdı. Bu məqam gülüşə səbəb oldu.

- Oyun başa çatmamış Qurban Qurbanov Roman Qriqorçuku təbrik etdi.Onun bu hərəkəti alqışalayiq idi.


Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler