» » "Xəzər Lənkəran"ın baş məşqçisi azarkeşlərə səsləndi

"Xəzər Lənkəran"ın baş məşqçisi azarkeşlərə səsləndi

Bölmə: Idman, BLOK XƏBƏR
"Xəzər Lənkəran"ın baş məşqçisi azarkeşlərə səsləndi

“Xəzər Lənkəran” klubu yay təlim-məşq toplanışına yekun vurub.

Komandanın baş məşqçisi Oğuz Çətin klubun rəsmi saytına açıqlamasında Ərzurum və Sloveniyada keçən toplanışlardan, yeni transferlər, yoxlama oyunları və azarkeşlərdən danışıb:

“Təlim-məşq toplanışını üç mərhələyə bölmüşdük. Artıq Türkiyə və Sloveniya hazırlığını başa vurmuşuq. Bundan sonra Bakıda hazırlaşacağıq. Ərzurumda iki həftəlik toplanışımız oldu. Əsasən futbolçular fiziki çalışmaları yerinə yetirdilər. Sloveniya toplanışında isə daha çox yeni transferlərin komandaya uyğunlaşdırılmasına və futbolçuların oyun anlayışını inkişaf etdirməsinə çalışıdıq. Sevindirici haldır ki, futbolçular hazırlıq prosenin ilk günündən çoxistəkli oldular. Belə bir komandaya sahib olan məşqçi əldə etmək istədiyi uğura daha asan nail ola bilir. Həm Ərzurum, həm də Sloveniya toplanışının çox uğurlu keçdiyini deyə bilərəm. Bizim üçün çox önəmli olan dörd yoxlama oyunu keçirdik. Nəticələrimiz yaxşı oldu: üç oyunda qalib gəldik, birində heç-heçə etdik. Hazırlıq matçarında nəticə önəmli deyil fikri ilə razılaşmıram. İstədiyimiz oyunu nümayiş etdirməklə yanaşı nəticə də vacibdir. Biz bunu bacardıq. Keçirdiyimiz yoxlama görüşlərində futbolçularımızın oyun anlayışının olması, ancaq bir qədər də onu təkmilləşdirməyə ehtiyac olduğunu hiss etdim. Yaxşı hal odur ki, komandamız qələbə qazanmağı bacarır. Bunun psixoloji cəhətdən faydası çoxdur”.

Türkiyəli mütəxəssis hazrlıq prosesində bir çox çatışmazlıqların aradan qaldırıldığını və yeni mövsümdən daha güclü futbolçularla çıxış edəcəklərini bildirib: “Xəzər Lənkəran” olaraq yeni mövsüm üçün böyük hədəflərimiz var. Xüsusilə də ötən mövsüm komandanın düçar olduğu uğursuzluqları unutdurmalıyıq. Komandada olan çatışmazlıqları aradan qaldırmaq üçün xeyli işlər görmüşük. Azərbaycan Premyer Liqasında nəyəsə nail olmaq istəyiriksə, ilk növbədə azərbaycanlı futbolçuların sayını və onların oyun keyfiyyətini artırmalıyıq. Klub prezidenti Mais Mənsimova təşəkkür edirəm ki, Rauf Əliyev, Əfran İsmayılov, Rəşad Sadiqov və Aleksandr Şemonayev kimi Azərbaycanın bacarıqlı futbolçuları komandamıza cəlb edildi. Əfrandan başqa bütün yeni transferlərimiz komanda ilə məşqlərdə iştirak etdi və kollektivə uyğunlaşdı. Demək olar ki, yeni futbolçularımızın 80 faizi adaptasiya dövrünü keçib. İnanıram ki, hazırlıq prosesində atdığımız doğru addımlar yeni mövsümün ilk oyunlarından etibarən öz bəhrəsini verəcək. Hər kəs daha fərqli bir “Xəzər Lənkəran” görəcək.

Oğuz Çətin sonda azarkeşlərə müraciət edib: “Son illərə qədər “Xəzər Lənkəran”ın Azərbaycan Premyer Liqasında uğurlu çıxış etməsini və güclü azarkeş dəstəyinə malik olmasını çox eşitmişəm. Ancaq baş verən uğursuzluqlardan sonra azarkeşlər bir qədər komandadan narazıdır. Onu deyə bilərəm ki, komandanın uğuru bir nəfərin üzərində qurula bilməz. Bizə ən önəmli dəstəyi azarkeşlər verə bilər. “Xəzər Lənkəran”ı əvvəlki illərdə olduğundan daha yaxşı bir zirvəyə qaldırmaq istəyirik. Bunun üçün azarkeşlərin dəstəyinə ehtiyacımız var. Təbii ki, azarkeşləri coşğulandırmaq bizim əlimizdədir. İlk addımı biz atmalıyıq. Buna görə də Premyer Liqaya yaxşı başlamalıyıq. Həm yaxşı oyun göstərməli, həm də qalib gəlməliyik. İnanıram ki, yeni mövsümə yaxşı başlayacağıq. Məqsədimiz çempionluq və kuboku qazanmaq, eyni zamanda avrokuboklara vəsiqə qazanıb, Avropada layiqli çıxış etməkdir”.
(ans press)

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler