» » Müxalifətin zirvə görüşü -

Müxalifətin zirvə görüşü - dəvət alanlar iştirak edəcəkmi...

Bölmə: GÜNDƏM
Müxalifətin zirvə görüşü -






Xəbər verdiyimiz kimi, dekabrın 25-də saat 12:00-da VHJP qərargahında sabiq daxili işlər naziri İsgəndər Həmidovun təşəbbüsü ilə “Müxalifət zirvəsi” keçiriləcək. Toplantıda iştirak üçün 36 tanınmış siyasətçiyə dəvət göndərilib.

Zirvə görüşünün təyin olunduğu günlərdə AXCP sədri Əli Kərimlinin birlik təşəbbüsü ilə çıxış etməsi və bunun üçün də İ.Həmidov daxil olmaqla, Müsavat başqanı Arif Hacılı, REAL rəhbəri İlqar Məmmədov kimi siyasətçilərlə görüşü çoxsaylı müzakirələrə səbəb olub. Bu toplantının təşkilində dolayısı ilə AXCP sədrinin barmağının ola biləcəyi ehtimal edilir. Bu ehtimal gerçək olmazsa, Ə.Kərimli və onun görüşdüyü, yaxud birlik üçün müraciət etdiyi siyasətçilərin zirvə görüşünə qatılıb-qatılmayacaqları suallar doğurur. Bir növ birlik yaratmaq üçün müxalifət cəbhəsində iki tərəfin yarışa girdiyi açıq şəkildə görünür.

“Müxalifət zirvəsi”nə dəvət alanların tədbirdə iştirak edib-etməyəcəkləri ilə maraqlandıq.


AXP sədri, sabiq baş nazir Pənah Hüseyn rəsmi şəkildə dəvət gələrsə, zirvə görüşündə iştirak edəcəyini bildirdi: “İsgəndər bəy bu barədə təşəbbüs göstərib. Azərbaycanda mövcud ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri mövzusunda dəyirmi masa keçirir. Mənə hələ dəvət gəlməyib. Əgər dəvət gələrsə, mütləq iştirak edəcəm. Belə bir mövzuda dəyirmi masa keçirilməsini çox aktual və faydalı hesab edirəm. Bu baxımdan iştirak edib, orada öz mövqeyimi imkan olsa bildirəcəm. Zirvə görüşündən sonra bir birlik formatının yaranıb-yaranmayacağı müzakirələrin gedişindən daha çox asılı olacaq. Bu barədə indidən danışmaq hələ tezdir. İndi əsas olan dəyirmi masa olacaqsa, orada iştirak məsələsidir”


AĞ Partiya başqanı Tural Abbaslı təşəbbüsü müsbət dəyərləndirdi: “Mən də İsgəndər bəy tərəfindən bu toplantıya dəvət almışam. Düşünürəm ki, İsgəndər bəyin bu təşəbbüsü çox zamanında və yerində edilmiş bir təşəbbüsdür. Xalqın bu iqtidardan bu qədər narazı olduğu bir zamanda narazı elektoratı təşkilatlandırmaq üçün birlik çox önəmlidir. Hesab edirəm ki, əgər bizlər bu toplantıdan hər hansı bir formada birlik şəklində ayrıla bilsək, bu, xalqın hərəkətə gəlməsi üçün çox böyük bir stimul ola bilər. Bu tədbirdə iştirak etməyi çox önəmli hesab edirəm. Bu həm də xalq qarşısında partiyaların borcudur. Yəni indiki məqamda xalqın mənafeyini deyil, özünün cılız partiya mənafeyini düşünmək xəyanətə bərabərdir. Mən inanmıram ki, kimsə bu işə əngəl törətməyə cəhd etsin. Əgər belə bir cəhd olacaqsa onlar özlərini ifşa etmiş olacaqlar”.


VİP sədri Əli Əliyev bunları dedi: “Mən hələlik dəvət almamışam, yalnız siyahıda adımı oxumuşam. Fikrimcə, müxalifətin kommunikasiya və inteqrasiyası vacibdir. Texniki baxımdan, növbədənkənar parlament seçkiləri ilə bağlı tələb ortaya çıxarıla və vahid siyahı ətrafında razılıq əldə oluna bilər. Mən praktik yanaşmanı belə görürəm. Kimsə bu fürsətdən şəxsi, yaxud firqə maraqları üçün istifadəyə cəhd etsə, hakimiyyət bundan faydalanacaq. Mənim üçün fərdi münasibət yoxdur. Yetər ki, prinsiplər gözlənilsin. Hələlik dəvət almadığımdan, məkanla bağlı ziddiyyətli açıqlamalar gördüyümdən iştirakımı dəyərləndirməmişəm. Aydınlıq yarandıqca, mövqeyim müəyyənləşəcək. Hesab edirəm ki, yeganə yolumuz təmas imkanlarını sınamaqdır”.



Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu toplantının razılaşdırıldığını söylədi: “Bu toplantı sabiq nazir İsgəndər Həmidovun ağsaqqallığı ilə keçirilən və deyərdim mütləq əksər siyasi qüvvələrlə öncədən danışılaraq razılaşdırılmış bir toplantıdır. Hazırkı durumda Azərbaycan müxalifətinin təbii ki, sağlam birliyə ehtiyacı var. Ölkəmizdə olan çoxsaylı problemlərin həlli ölkədə iqtidara nəzarət edə bilən güclü müxalifətin varlığından keçir. Bu baxımdan müxalifətin ”zirvə toplanışı" adı verilmiş tədbiri dəstəkləyirik və qatılacağam. Xalqın maraqları naminə öz maraqlarını qırağa qoymaqla ortaq nöqtələr tapmaq məcburiyyətindəyik. Hesab edirəm ki, bu toplantıda real birlik tərəfdarlarının mütləq əksəriyyəti iştirak edəcək. İştirak etməyənlərin isə birlik imitasiyası apardığı bir daha məlum olacaqdır".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler