» » Həmsədrlərdən Azərbaycan üçün “müşahidəçi tələsi”

Həmsədrlərdən Azərbaycan üçün “müşahidəçi tələsi”

Bölmə: GÜNDƏM
Həmsədrlərdən Azərbaycan üçün “müşahidəçi tələsi”
Minsk Qrupu “üçlüyü” Ermənistandakı prezident seçkilərinin sakit şəraitdə keçirilməsinə çalışır; Elxan Şahinoğlu: “Vasitəçilər münaqişənin həllini sürətləndirmək üçün lazımdır, işğala şərait yaradan status-kvonu uzatmaq üçün yox...”

Ötən həftə daha çox Avropa Şurası Parlament Assambleyasındakı müzakirələr, həmçinin işğalçı Ermənistanın cinayətkar prezidenti Serj Sərkisyanın növbəti dəfə beynəlxalq hüququ tapdayaraq, nüfuzlu qurumun tribunasından işğala bəraət qazandırmağa cəhd göstərməsi müzakirə predmeti oldu. Bu mənada Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü ilə bağlı yayılan açıqlama nisbətən arxa plana keçdi.

Xatırladaq ki, ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov Azərbaycan və Ermənistan XİN başçılarının Krakov görüşünü şərh edərkən regiona növbəti səfərin anonsunu verib. Hətta iddia edib ki, regiona səfər zamanı prezidentlərin görüşü barədə müzakirələr aparacaqlar. Rusiyalı diplomat sözsüz ki, digər iki həmkarının və onların timsalında 3 paytaxtın mövqeyini ifadə edib. Ancaq ən azı indiki situasiyada prezidentlər səviyyəsində danışıqların heç bir əhəmiyyətinin olmadığını söyləmək üçün təkcə S.Sərkisyanın AŞ PA tribunasından səsləndirdiyi son iddialara diqqət yetirmək kifayətdir.

Xatırladaq ki, hələ Popovun nikbin bəyanatı yayılmazdan iki gün əvvəl Sərkisyan Dağlıq Qarabağın heç vaxt Azərbaycanın tərkibinə qayıtmayacağını bəyan etdi. Müşahidəçilər deyə bilər ki, bu, erməni prezidentin erməni diasporuna və Ermənistanın daxili auditoriyasına hesabladığı mövqedir. Yəni mart ayında öz namizədini prezident postuna oturtmaq, apreldə isə baş nazir kürsüsünü etirazlar olmadan qamarlamaq hazırda S.Sərkisyanın əsas hədəfidir. Bu mənada onun bəyanatılarının publikaya hesablandığını söyləmək olar. Ancaq beynəlxalq təşkilatın tribunasından digər ölkənin BMT tərəfindən tanınmış sərhədləri daxilinə kobud müdaxiləyə əslində sərt reaksiya olmalı idi.

Düzdür, rəsmi Bakı məsələyə dərhal münasibət bildirdi. Belə ki, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın Avropa Şurasına üzv qəbul olunarkən münaqişənin həllinə dair üzərinə öhdəliklər götürsə də, bunları hələ də yerinə yetirmədiyini xatırlatdı. Lakin AŞ PA rəhbərliyi işğalçı ölkənin prezidentinə etiraz etmək əvəzinə, ona səssiz etirazını bildirən Azərbaycanın hüquq müdafiəçisini zaldan çıxartdı. Əslində AŞ PA azərbaycanlı deputat Qənirə Paşayeva “Serj Sərkisyan AŞ PA üzvü olan Azərbaycanın torpaqlarını işğal etmiş və 25 ildir ki, işğalda saxlayan, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz evinə dönməsinə imkan verməyən, Xocalı soyqırımını törədən bir ölkənin prezidentidir. Onun burada nə işi var” - sualını versə də, qurum rəhbərliyi sükutlu “reaksiya verdi”.

Üstəlik, Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov erməni prezidenti susdurdu. Lakin S.Sərkisyan indiyədək dəfələrlə belə təpkilərə məruz qalıb. Elə ötən ilin payızında Azərbaycan prezidenti BMT tribunasından S.Sərkisyanın Xocali qatili olduğunu bəyan etmişdi. Lakin bütün bu həqiqətlərə hələ ki beynəlxalq aləmin adekvat reaksiyası olmadığından işğal davam edir. Bu səbəbdəndir ki, S.Sərkisyanın təcavüzkarlığa bəraət qazandırmasının ardınca həmsədrlər növbəti görüşün anonsunu veriblər. Hansı ki, S.Sərkisyan prezident kimi AŞPA-nın Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarını azad etməyi, köçkünlərin öz evlərinə dönməsinə imkan verməyi tələb edən 1416 saylı qətnaməsini, Sərsəng su anbarı ilə bağlı qətnaməni, həmçinin BMT TŞ-nin 4 qətnaməsini yerinə yetirməkdən imtina edir. Belə birisi ilə danışığın heç bir faydası yoxdur.

Ancaq Minsk Qrupunun həmsədrləri status-kvonun qorunub-saxlanması üçün yeni üsul “kəşf” ediblər. Belə ki, rusiyalı həmsədr İqor Popov deyib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Krakovda keçirilən görüşündə əsasən münaqişə zonasında ATƏT-in müşahidə missiyasının genişləndirilməsi məsələsi müzakirə olundu. Nazirlər vasitəçilər tərəfindən hazırlanan əlavə yeddi müşahidəçinin fəaliyyətini müəyyən edən sənədlərə prinsipial razılıq veriblər. “Bildiyiniz kimi, Dağliq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ötən ilin oktyabrında İsveçrədə keçirilən sammitdə danışıqlar prosesinin aktivləşdirilməsi və qoşunların təmas xəttində gərginliyin azaldılması istiqamətində əlavə tədbirlərin görülməsi barədə qərar qəbul olundu.

Həmsədrlərdən Azərbaycan üçün “müşahidəçi tələsi”

Buna müvafiq olaraq, sammitdən sonra amerikalı və fransalı həmkarlarımla, eləcə də ATƏT sədrinin nümayəndəsi səfir Kaspşiklə Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə seriya məsləhətləşmələr apardıq. Eləcə də nazirlərə onların iki görüşünün təşkil edilməsinə köməklik etdik. Belə görüşlərdən axırıncısı Krakovda keçirildi. Bu görüşdə əsasən münaqişə zonasında ATƏT müşahidə missiyasının tərkibinin genişləndirilməsi də daxil olmaqla, hərbi risklərin azaldılması ilə bağlı məsələlər müzakirə olundu. Nazirlər vasitəçilər tərəfindən hazırlanan əlavə yeddi müşahidəçinin fəaliyyətini müəyyən edən sənədlərə prinsipial razılıq verdilər. Müşahidə missiyasının genişləndirilməsi mexanizmi işə düşməzdən öncə bir sıra texniki detalların razılaşdırılması isə hələ qalır”, - deyə İqor Popov vurğulayıb (APA).

Həmsədrlərdən Azərbaycan üçün “müşahidəçi tələsi”

Rusiyalı həmsədr Krakovda keçirilən görüşdə münaqişənin nizamlanmasına dair daha mürəkkəb aspektlərin müzakirə olunduğunu da qeyd edib. Diplomat deyib ki, həmsədrlər tərəfindən söylənilən fikirlər hər iki tərəf üçün məqbul sayılan həll yolunun tapılmasına kömək etmək məqsədi daşıyır. Əlavə edib ki, tərəflər görüşə hazır olan anda, iki ölkənin liderlərinin iş qrafiki nəzərə alınaraq, sammitin keçirilmə müddəti və formatı daxil olmaqla mövcud variantlar təklif oluna bilər.

Əslində həmsədrlər Azərbaycan üçün “müşahidəçi tələsi” hazırlayıb. ATƏT müşahidəçilərinin sayının çoxluğu nə hərb-nə sülh vəziyyətinin davamına, nəticə etibarilə işğalın uzanmasına xidmət edir. “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da “Yeni Müsavat”a açıqlamasında həmsədrlərin fəaliyyətini tənqid etdi: “Minsk Qrupu həmsədrlərinin yanvarın 18-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Polşanın Krakov şəhərində görüşünün yekunlarına dair bəyanatı məndə suallar doğurmuşdu. Bəyanatda deyilirdi ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri ATƏT sədrinin bölgədəki şəxsi nümayəndəsinin ofisindəki heyətin artırılması qərarına razılaşıblar. Bu, o demək idi ki, ATƏT sədrinin şəxsi nümayəndəsi, yəni Andjey Kaspirçik artan işçiləri ilə birgə cəbhə bölgəsindəki atəşkəsi daha ciddi monitorinq altına alacaq”.

Ekspert dedi ki, Ermənistan hakimiyyəti illərdir buna çalışır: “Təsadüfi deyil ki, görüşün yekunu olaraq Ermənistan XİN də bəyanatla çıxış edərək ATƏT sədrinin ofisinin artırılması qərarını alqışladı. Doğrusu, Dağlıq Qarabağ ətrafındakı torpaqlar boşaldılmadan atəşkəsin monitorinqinin artırılması bizim nəyimizə lazım idi - bunu anlamadım. Danışıqlarda nəticə yoxdursa, biz həmişə olduğu kimi, işğalçını daima hərbi təzyiqimiz altında saxlamalı, snayperlərimiz düşmənin itkilərini artırmalıdır. Çünki məhz bu siyasət Ermənistanı daima qorxu içində yaşamağa vadar edir, iqtisadi və sosial gərginlik girdabından qurtulmağa imkan vermir”.

E.Şahinoğlu rəsmi Bakının mövqeyinə diqqət çəkdi: “Ötən il dekabrın 28-də XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 2017-ci ildə xarici siyasətin yekunlarına dair keçirilən mətbuat konfransında demişdi ki, Azərbaycan ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin şəxsi heyətinin sayının artırılması ilə bağlı təkliflərə müsbət yanaşır. Ancaq belə bir əlavəsi də var idi: ”Ancaq şəxsi heyətin sayının artırılması münaqişənin həlli istiqamətində nəzərdə tutulan substantiv və intensiv danışıqlarla paralel getməlidir". Paralel gedirmi? Əsas məsələ də elə budur. Ona görə də rusiyalı həmsədr Popovun və ya bir başqa həmsədrin nə deməsindən asılı olmayaraq ATƏT monitorinq qrupunun artırılması da Ermənistanı xilas etməyəcək. Monitorinq qrupunun ştatı nə qədər artsa da, bütün cəbhəboyu atəşkəs rejiminə nəzarət etmək iqtidarında olmayacaq. Vasitəçilər bizə münaqişənin həllini sürətləndirmək üçün lazımdırlar, işğala şərait yaradan status-kvonu uzatmaq üçün yox".

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov danışıqlardan sonra görüşdə “kreativ” məqamların olduğunu bildirmişdi. Lakin məlumdur ki, bölgəyə əlavə müşahidəçilərin yerləşdirilməsi “kreativ” sayıla bilməz. Belə ki, ermənilər və onların dəstəkçiləri 2016-cı ilin aprel döyüşlərindən sonra Azərbaycanın hərbi əməliyyatlarını əngəlləməkdən ötrü müşahidəçi sayının artırılmasına cəhd göstərirlər. Bu isə Qarabağın itirilməsi istiqamətində növbəti addım kimi dəyərləndirilə bilər.

E.Şahinoğlu xatırlatdı ki, Azərbaycan XİN rəhbəri əvvəlcə erməni həmkarı Edvard Nalbəndyanla təkbətək görüşüb, sonra onlara həmsədrlər qoşulub: “Elmar Məmmədyarov görüşdən sonra maraqlı açıqlama verdi. Nazir dedi ki, həmsədrlər tərəfindən münaqişənin həlli ilə əlaqədar bir sıra ”kreativ" fikirlər irəli sürülüb. 25 ildə hər detalın öyrənildiyi və müzakirə edildiyi danışıqlarda hansı boşluq qalıb ki, yeni və maraqlı təklif üçün də yer qalsın? Məmmədyarovdan fərqli olaraq Ermənistanın xarici işlər nazirindən həmsədrlərin “kreativ” təklifləri barədə açıqlama səsləndirilmədi. Tam əksinə, erməni diplomatlar görüşdən əvvəl və görüşdən sonra yenə Azərbaycanı ittiham etdilər. Danışıqlarda yeganə razılıq ATƏT-in bölgədəki şəxsi nümayəndəsinin missiyasındakı heyətinin artırılmasıdır. Ancaq bunun ümumilikdə danışıqlara təsiri yoxdur".

Həmsədrlərdən Azərbaycan üçün “müşahidəçi tələsi”

Politoloq prezidentlərin görüşünün baş tutacağına inanmır. İndiki halda isə heç şübhəsiz beynəlxalq qurumlar Ermənistandakı prezident seçkilərinin sakit keçməsi üçün Qarabağ cəbhəsində gərginliyin səngidilməsinə çalışırlar. Növbəti səfərlər və görüşlər də buna hesablanıb. Ancaq aprel döyüşlərindən bir az əvvəl də həmsədrlər bölgəyə gəlmişdi. Sonra baş verənlər hər kəsin yadındadır...

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler